Boris Akunin - Doğu ilə Batı

Литература

 

Yük maşınlarına doluşub, hamar asfalt yolla getməyə başladılar. Yol boyu, sıx-sıx düzülmüş postlarla üzləşirdilər, ancaq Allahın böyüklüyünə alqış, nə yaxşı, bu rusları “bəxşişlə” yola gətirmək olurdu, Muradovun da gümüşü çox idi. O, artıq düşünməyə başlamışdı, gəlsənə bu gavurların  geniş düzənlikdə yerləşən baş kəndinəcən gedib çıxsın, televiziorda göstərilənlər düzdürsə, ora, alabəzək işıqların içində par-par alışıb yanan, savaşdan uzaq, adamların qulağıdinc yaşadığı bir yerdir. Ancaq sonrakı gün, dan üzü açılanda, adını öyrənməyə belə macal tapmadığı böyük bir qəsəbənin girəcəyində, uğursuzluqla üzləşdilər. Buradakı postun böyüyü olan zabit, bilmək olmur, düz adam olduğundanmı, yoxsa qanmazlığındanmı, nə isə, pul götürməkdən boyun qaçırıb, onları gülləyə tutdu.

İmamın nökərləri, bu zabitlə onun döyüşçülərini öldürdülər, artıq baş verən bu qanlı olaydan sonra, buradan o yana getmək olmazdı. Döyüşçülər  yuxulu küçələrə səpələndilər, adamların ürəyini üzmək üçün, evlərin pəncərələrini gülləyə tutdular, hay-küy düşdü, kəndin harayına, dörd bir yandan əsgərlərlə kazaklar axışıb gəlməyə başladı.

“Qoy  elə, Allah yolunda ölümüm burada olsun, buranın başqa yerlərdən nəyi pisdir?”–deyə Hacı düşündü. Ancaq Allahın qulluğuna köçəcəyi bu kəndin adını bilməməyi, onu bir az karıxdırırdı.

Qəsəbənin ortasında böyük, qalın ağ boyalı divarları olan, hündür daş çəpərli bir ev vardı. Hə, bax burada daldalanıb vuruşmaq, çox da duruş gətirmək olardı.

Muradovun adamları qaçıb evin birinci qatına doluşdular, avtomatlarını pəncərədən çölə tuşlayıb atmağa başladılar. Ancaq bir azdan, nəyə görəsə, gavurlar atışmanı kəsdilər, küçəyə çoxlu zirehli döyüş maşınları toplaşmışdı, döyüş vertolyotları evin başı üstündə,  gurultu qopararaq, oyan-buyana uçuşurdular.

Bir  az sonra, Qurban naibin yanına gəlib dedi:

– İşlər çox pisdir, Hacı. Bura xəstəxana olduğu üçün, onlar bizə güllə atmırlar.

2.

Çeçen qaçaqlarının yüzlərlə dinc adamın olduğu xəstəxananı ələ keçirdiyini eşidən baş nazir, Viktor Stepanoviç Loris-Melikov divardakı ikionaya sarı dönüb xaç çəkdi. Onun bu qulluğa girdiyi gündən, baş verəcəyini gözlədiyi o qorxunc gün gəlib çıxmışdı. O, gec-tez belə bir uğursuz günün gələcəyini, özü-özlüyündə başqa seçimə yol qoymayacaq belə bir seçimlə üzləşəcəyini bilirdi. Viktor Stepanoviç eyzən deyərdi, ömrünü xalqa qulluğa bağlayan adamın özəl yaşamı olmur. İndi, dediyi bu sözü öz işi ilə doğrultmalı olduğu çağlar gəlib çatmışdı.

–Mənim uçağımı hazırlayın,–o, köməkçisinə üz tutdu.–Mən ora uçuram.

Köməkçi dilləndi:

–Ariadna Arkadiyevna zəng vurmuşdu, Sizinlə danışmaq istəyirdi.

–Yaxşı-yaxşı, sonra,–Loris-Melikov əllərini yellədi, ürəyində, bu işi qurtarana kimi bərk dayanacağına, xanımını düşünməyəcəyinə söz verdi.

3.

Müridlər, sayqı ilə durub, “Əməkçilərin sağamlığı keşiyində” adlanan divar qəzetinin asıldığı divarın yanında diz çöküb, Allaha dua eləyən Hacıya baxmaqda idilər.

–Məni anlat, başa sal,–Muradov alnını soyuq döşəməyə söykəyib, pıçıldayırdı.–Nə eləyim, necə eləyim, burada suçu olmayan adamlar qırılmasınlar?

Qoşun xəstəxanının dördbir yanını tutmuşdu. Müridlər arxa qapıdan, boyunda uşaq olan qadınları buraxmaq istədilər, ancaq qapını açan kimi, bayırdan, çıxmaq istəyənlərin kim olduğunun ağına-bozuna baxmadan, iri çaplı pulemyotla necə atdılarsa, qadınlardan biri öldü, ikisi yaralandı.

Yaxşı, bu xəstələrlə həkimləri buradan necə çıxaraq, əlimizə-ayağımıza dolaşmasınlar. Elə Peyğəmbər də deyib: “Özünüzdən kiçiklərlə, gücsüzlərlə vuruşmayın”.

Allahdan səs çıxmadı. Görünür, O özü də bu durumdan necə çıxmağın yolunu bilmirdi.

4.

“Minvod” aeroportundan çıxdılar. Baş nazirin maşın karvanı, ağlasığmaz bir tovluluqla, toz qoparıb, kəndlərin yanından şütüyüb keçməkdəydi.

Loris-Melikov büsbütün sarsılmışdı, o, özündən bir də soruşdu: doğrudanmı burada ayrı bir çıxış yolu yoxdur?

Yox, ayrı çıxış yolu yox idi.

Bu quldurlarla danışığa girmək olmazdı. Bircə yol qabaqlarından qaçdınsa, elə bir ucdan adamları girov götürəcəklər, oğurlayacaqlar. İndi ölümdən qurtulan hər bir insanın yerinə, gələcəkdə yüzlərlə başqaları ölməli olacaqlar. Yox-yox, görünür, bu israillilər elə düz eləyirlər, terrorçularla nə bir alverə, nə bir anlaşmaya getmirlər. Bunları dayandırmağın tək yolu, gördükləri işin qarşılığını, bəri başdan qanla ödəməkdir, yoxsa, həftə səkkiz, mən doqquz, işin-gücün bunlarla ödəşmək olacaq. Loris-Melikov, Allahla Çarın ona verdiyi  hakimiyyətə arxalanıb, bu işin bütün sorumunu öz üzərinə götürdü. Adyutantının mürgülədiyini görən baş nazir, girəvəyə salıb, gizlincə, köynəyinin altındakı medalyonu çıxarıb, orada gizlətdiyi qadın şəklini öpdü.

–Bağışla, ömrüm-günüm, məni, tutduğum bu işə görə, qınamayasan.

–Polkovnik!–Viktor Stepanoviç yavaşca adyutantın çiyninə toxundu.–Aloiziy Xristoforoviç, oyanın. Canım-gözüm, tez olun, məni bu Muradovnan calaşdırın.

5.

Baş həkimin kabinetindəki, lap çoxdan ölüm səssizliyinə dalmış telefon gözlənilmədən, qulaqbatırıcı bir səslə gurladı. Qurban, imama yaxınlaşıb,  çeçenlərin qanlısı, gavurların ən böyük başçısı, Loris-Melikovun onunla danışmaq istədiyini bildirdi.

Hacı telefonun dəstəyini ürək ağrısı ilə qaldırdı. İndi ona nə deyiləcəyini qabaqcadan bilirdi. Baş nazir deyəcəkdi: Muradov, yaraq-yasağını tök yerə, onda mən də kimin suçu yoxsa, buradan sağ çıxıb getməyinə yol qoyaram. Yoxsa bax ha, yüzillər boyunca, üzüqara olaraq tanınacaqsan, ad-sanını da batırıb, ayaqlar altına salacaqsan.

–Mənəm,–Hacı mikrofona, qısaca, bu sözləri deyib, gözlərini yumdu, indi ondan soruşulan sözün qabağında nə deyəcəyini kəsdirə bilmirdi. Ah, nə yazıq, ulu Allah, inanclılara özünü öldürməyi yasaqlamışdı, yoxsa, bu durumdan qurtulmağa nə vardı?

–Hacı Muradov, siz məni eşidirsinizmi?–Muradov, televizordan çox yaxşı tanıdığı səsə qulaq asdı.

–Hə.

–Hacı Muradov, bu sizsinizmi?–Viktor Stepanoviç soruşdu, elə bil onunla danışanın rus dilini yaxşı bildiyinə arxayın deyildi.–Siz, bütün xəstələri, tibb işçilərini buraxmayana kimi, mən sizinlə danışığa girməyəcəyəm. Məni başa düşdünüzmü?

Səsizlik.    

–Bütün bu adamların yerinə, mən özümü girov qoymaq istəyirəm,–Loris-Melikov dediklərini söz-söz, bütün  aydınlığı ilə səsləndirirək, danışırdı.

Bu andaca, bu yaxınlarda bir siyasətçinin öz seçkiqabağı çıxışında, qafqazda girov saxlanan bütün rusların yerinə özünün girov olmaq istədiyini, bar-bar bağıraraq söylədiyini  anıb,  tələm-tələsik dedi:

–Mən sözümü boşuna demirəm ha, Muradov. Mən indi gəlirəm sizin yanınıza, siz isə qapını açıb, hamını buraxırsınız. Doqquz yüz nəfər dinc adamın yerinə, siz Pusiyanın baş nazirini girov götürürsünüz. Bundan yaxşı nə istəyirsiniz? Sözüm ürəyinizdəndirsə, onda gəlin başlayaq, nə istəyirsiniz, onu da deyin.

Ağzıbağlı konvertdə, uçaqda gələndə yazılıb qollanmış buyuruq vardı: sonuncu girov xəstəxanadan çıxandan on dəqiqə sonra, xəstəxana binası bombalanmalı, sonra yaraqlıların üzərinə basqın olmalı idi. Binanın uçqunları altında bütün yaramazlar ölməliydi, o sıradan Viktor Stepanoviç Loris-Melikov da, ancaq bundan sonra, bir də heç bir terrorçu  rusiya vətəndaşını girov götürməyə ürək eləməyəcəkdi. Bir də heç vaxt.

Hacı isə düşünürdü, bax budur ha, gözəgörünməz Allahın görkəzməsi! Nə bu gavurlara basıldıq, nə də ad-sanımıızı batırdıq. Burdan qurtulub, yenə də bu gavurlarla döyüşə biləcəyik. Sonra, birdən düşündü: Bu Ağ Çarın bütün nazirləri belə olsaydı, ola bilsin özgürlük uğurunda savaşmağa da gərək olmayacaqdı. Bunları ürəyindən keçirib səsləndi:

–İslamın döyüşçüləri, qadınlarla, xəstələrin arxasında gizlənməzlər. Çaqqallarının ipini yığ, deynən güllə atmasınlar, qoy buradakılar çıxsın. Özün də buraya gəlmə. Sən mənim nəyimə gərəksən?

Saat 18.07-də, sonuncu olaraq qapıdan xəstəxananın baş həkimi çıxdı. O bir anlıq dayandı, dönüb xəstəxananın binasına baxdı, elə bil onunla sağollaşmaq istəyirdi, sonra qaçaraq, buradan uzaqlaşdı.

18.30-da xəstəxananı öncə güllə yağışına tutdular, sonra isə bombaladılar. Atışma bir neçə saat çəkdi, öncə binanın birinci, sonra ikinci, üçüncü, dördüncü qatında savaşdılar, lap sonda damda da atışdılar.

Gecəyarısından çox keçmiş, gimnaziyanın akt zalında yerləşən Müvəqqəti qərargaha, bu vilayətin hərbi rəisi gəldi, Loriss-Melikova baş endirib, onun qarşısındakı stolun üstünə, Hacı Muradovun kəsilmiş başını qoydu.

–Başımızın ağası, ey ulu öndərimiz! Kimsəni diri tutmadıq,–deyərək, general əllərini yana açdı.

Qaçağın başı ülgüclə qırxılmışdı, üzü sıx qara saqqalla örtülmüşdü. Açıq gözləri gömgöy idi. Bu gözlər, elə bil acıqla, baş nazirin başı üzərindən harasa baxırdı, ancaq ölünün üzü çox dinc, toxdaq görünürdü.

Hara çevirsən, Doğu elə Doğudur, Batı da Batı, deyə ölümdən qurtulub, ikinci doğuluşunu yaşamağa başlayan Viktor Stepanoviç, düşdüyü bu duruma poetik çalar vermək istədi. Belə çıxır, bu, dağların vəhşi cocuqlarını, başlı-başına buraxmaq gərəkdir. Qoy öz yerlərində necə istəyirlər, elə də yaşasınlar. Özünü kimsəyə güclə sevdirə bilməzsən.

Rus dilindən Araz Gündüz çevirib.

Qaynaq: Boris Akunin. “Skazki dlya idiotov” (rus dilində).

Neva, Olma-Press  Moskva 2002 q.

 

Kultura.az | Developed by Samir Yahyazade