Gündə bir roman

Литература

 

“Çal təbili və qorxma”

(“Schlage die Trommel und fürchte ditch nicht”)

Heine

Hələ 1990-cı ildə Orxan Pamukun ssenarisinə çəkilmiş “Gizli üz” filmində bu məsələyə toxunulmuşdu. O filmdə saatsaz deyirdi: “Gələcəkdə hər kəs öz öyküsünü yaza biləcək.” Hər birimizin gizli üzü var. Bu ehtimal bir qədər ehtiyatla deyilmiş gələcəkdə hamının yazıçı olacağı ideyası idi.

Elə də olmaqdadır. İndi hər kəs özünün, qonşusunun, tanışının, bilişinin həyat tarixçəsini və ya öz alter-eqosunu yaza bilir, yaya bilir. Bu proses sürətlə genişlənməkdədir. 

Bir vaxt adi məktubu yazdırmaq üçün mirzə yanına gedən adamların nəvələri öz məktublarını özləri yazdıqları kimi, bir vaxt kəndə gəlmiş yazıçıya ürkək-ürkək “həyatımı sənə danışım, roman yaz” deyən əyalət qızı indi bu romanı özü yazıb nəşriyyata göndərir. Daha əsgərlər ordudan ayrılandan sonra əsgərlikdə başlarına gələnləri illər uzunu arvadlarına danışıb gözləri yaşarana qədər gülmür, indi o hadisələri yazıb daha çox adama oxudur, tələbə-yazıçı, fəhlə-yazıçı (Meksikada çıxan şaxtaçının romanı), stüardessa-yazıçı (Avropada hava yolları şirkətlərinin bir çox stüardessalarının yaşlandıqca işdən çıxıb yazıçı olması), fahişə-yazıçı (“ilk dəfə fahişəlik edəndən sonra müştərim əlimə pul basdı və mən pulu əlimdə sıxan kimi ilk dəfə azadlığın dadını duydum”)... Bu insanlar öz yaşadıqlarını ya özününkü kimi, ya da özgələşdirib yazır, tədricən gizli üzlər aşkar olur. Təsadüfən bir adamla tanış oluram, ona “mənə özündən danış, həyat hekayələrinə qulaq asmağı sevirəm” deyirəm, cavabında “özümü filan romanda yazmışam” deyir, “filan kitab dükanında satılır”. Beləcə, bu gün bütün yaşananlar çox yubanmadan mətn olur, otuz il keçməz, dükanlarda yeddi milyard insanın yeddi milyard romanı satılar. Yaranmış, yaxud yaranmaqda olan bu yeni vəziyyət olduqca həyəcanvericidir.

Tədbirlərin birində gənc bir oğlan mənə yaxınlaşır, gülümsəyərək qoltuğundan çıxarıb öz romanını mənə verir. Onu alıb evimə aparıram, oxuya-oxuya gəncin bu ilk romanını dünyanın böyük romanları, püxtə romançılarıyla müqayisə edib başımı bulasam, necə də çirkin, ədəbiyyatsız, fəlsəfəsiz hərəkət etmiş olaram! Zira, o gənc oğlan bizə “salam, mən sizin başınızın üstündə yeni Folkner olmağa gəlmişəm” - demir. O, sadəcə olaraq, ÖZ fərdiyyətini ifadə edib, ÖZ romanını yazıb, bizi öz dünyasına dəvət edir. Gəlin turist olmağı bacaraq, gəzək bu kitabın içində və sonra çıxıb gedək başqa kitabları gəzməyə. Böyük, püxtə, tanınmış romançıların romanları Avvropanın böyük şəhərləri kimidir, orada olmuşuq, orada milyonlarla turist olub, onları oxumuşuq. Amma parlaq Qərb dünyasını gəzib qurtarmış turistin gəzmək ehtirası ölməyib, yeni-yeni yerlər gəzmək, kəşf etmək istəyir. Yeni yerlər Roma kimi, London kimi olmayacaq, amma onların da nə isə bir özünəməxsusluğu olacaq. Belə bir turist modelli oxucu tanınmış romanları oxuyub qurtarıb və indi dükana girib gənclərin kiçik romanlarını alır. 

Dünyanın məşhur, peşəkar yazıçıları bizim oxucu sürətimizə ayaq çatdırmırlar; kitab dükanına girəndə gördüyümüz böyük yazıçıların bütün romanlarını oxuduğumuzu görüb vahiməyə düşərik, əgər orada kiçik yazıçıların yeni romanları olmasa. 

Ümumiyyətlə, təklif etməkdən yorulmuram, dilimizdəki bütün sözlərin sonuna cəm şəkilçisi əlavə edək. Romandan çox, romanlar sözünü işlətməyi sevək. Biz eynicürlük və müxtəlifcürlüyün savaşı içindəyik, ehtiyacımız düşüncəyə deyil, düşüncələrə, mədəniyyətə deyil, çoxlu mədəniyyətlərə, romana deyil, romanlaradır. 

Bu gün dünyada heç olmayan şey varsa, o da Birdir. Hər bir sahədə hər bir Birin arxasına sıfırlar düzüldükcə düzülür və bizi Birin üstünlüyündən, hakimiyyətindən xilas edir. Həmişə olduğu kimi, liberalizm harada qələbə çalırsa, məntiqi surətdə individualizmə gətirir. “Lər”i təşkil edən hər bir təkcə, hər bir insan, hər bir baxış öz fərdiyyətini ifadə etməyə çalışır. ÖZünü dövlətə, axına, başqa fərdlərə qarşı qoymağa çalışan hər insan öz fikirlərinin, hislərinin daha vacib olduğuna, onun fikrində olan hekayəti başqalarının mütləq bilməli olduğuna güclü şəkildə inanır. Hər bir romançı belə düşünüb yazır. Hər bir romançı özünü başqalarına qarşı qoyur, özünün daha çox oxunmalı bir söz dediyni düşünür, bu sözü deyib seçilmək istəyir.

Fərdiyyətçilik kapitalizm fəlsəfəsi olduğu kimi, roman da kapitalizmin və demokratik cəmiyyətin ədəbi janrıdır. Diktatura rejimlərində roman sıxışdırılır, daha çox şeirlərə - ideoloji şeirlərə qol-qanad verilir. Bu gün dünyada bir neçə diktatura və xeyli sərt avtoritar rejimlər var. Onlarda romanlar da ilə biri ya çıxa, ya çıxmaya. Belə rejimlərdə tək-tük dissidentlər olur və onlar da məhz axına qarşı getdikləri üçün, güclü fərdiyyətçilik hiss etdikləri üçün roman yazırlar. Bu romanlar fərqli həyatları, həyat tərzlərini göstərir, çox vaxt insanın, ölkənin, cəmiyyətin, dəyərlərin hazırkı vəziyyətindən narazılıq ifadə edir, müasir insan haqda acı həqiqətləri açır, köhnə məsələlərə yeni yanaşmalar, yeni mövzular qaldırır. Fərdin səsinin eşidilməz olduğu müasir böyük şəhərlərdə roman – dövlətlə, başqa insanlarla, ailəylə, siyasi, sosial ierarxiyalarla danışmağın əvəzsiz yoludur.

Belə romanlarının yazılmasına sırf “ədəbiyyatın zibillənməməsi”, “az olsun, saz olsun” nöqteyi-nəzərindən qarşı çıxanların mövqeyində bir evsahibliyi psixologiyası var. Onlar sanki ədəbiyyatın bir müqəddəs sahəsi olduğuna, ora hər gələnin buraxılmamalı olduğuna inanırlar. Buraxılırsa, bunu “ədəbiyyat əldən getdi”, “biabırçılıq” – apokaliptik əhval-ruhiyyəsilə qarşılayrlar. Ümumiyyətlə, bizdə iki ədəbiyyatçı tipi yerini bərkidib: onlar ya korrekturdurlar (səhv tutan), ya da patetik (alqışlayan). 

Gəlin gənclərin romanlarına yuxarıdakıların dililə şərti olaraq, praktikant romanları deyək. Evlərinə icazəsiz girən çoxlu yad adamın verdiyi narahatlıq sayaq narahat olurlar hər yeni “praktikant romanın” çıxması xəbərindən. Çünki instinktiv olaraq, ədəbiyyatı öz evləri kimi qavrayırlar, öz evlərinin yanından axan çaya hərənin eyvandan bir şey çxarıb tullamasını istəmirlər. Sözün hərfi mənasında mühafizəkardırlar; bu evin ilkin halını mühafizə etməyə çalışırlar. Onları başa düşürəm. Amma o biri yandan, ədəbiyyat kiminsə təmiz evidirmi, evinin yanından axan çaydırmı? Ona “sahib çıxmaq”, onun bəkarətini qorumaq, ona daxil olan “yaxşı”, “pis” əsərləri nəzarətdə saxlamağa çalışmaq olası işdirmi?

Azərbaycanlı yaşlı insan öz həyətyanı sahəsini çəpərə, ailəsini qanadlarının altına aldığı kimi, pəncərəsinin altında, blokunun qarşısında duran başqa adama acıqlanıb “burda dayanma” dediyi kimi, ədəbiyyatın da qeyrətini çəkir, ədəbi prosesi yüyənləyib idarə etməyə çalışır, onu gözyaşardan bir sadəlövhlüklə özününkü sayır:

“Niyə son vaxtlar romanlar bu qədər çoxalıb, kimə baxırsan roman yazır”, “Azərbaycanda axır vaxtlar hər yerindən duran roman yazır”, “Gündə bir roman çıxır, heç birini də oxumuram, məlumdu necə yazırlar”, “Yağışdan sonra göbələk kimidirlər”, “Bizdə bu romançılıq xəstəliyinin səbəbi nədir?”, “Roman epidemiyasıdır”...

Bu romanları yazdıran Fərdiyyətçilik fəlsəfəsi isə yuxarıdakının tam əksinə, Fərdin (yazanın) mənsub olduğu toplum qarşısında məsuliyyətini rədd edir. Bu gənc üçün “ədəbiyyatın ümumi mənzərəsi, ümumi qeyrəti” yoxdur, onun üçün öz demək istədiyi sözlər, fiikirlər var və sadəcə olaraq, onları romanında yazıb. O, sizin onu ittiham etməyinizi prinsipcə sevmir. O, öz romanını toplumun qarşısında məsuliyyət hiss edib onun layiqli ədəbiyyatını yaratmaq missiyası ilə yazmır. Qətiyyən. O, gəncdir, topluma qarşı üsyankar köklənib, yaşadığı uğursuzluqlar var, müəyyən həyat fəlsəfəsi formalaşıb, onlara söykənib yazır. Sizin hansısa “Azərbaycan ədəbiyyatı” məqsədləriniz, xalis roman, ciddi roman axtarışlarınız onun vecinə deyil, o, özünü TƏK hiss edir, FƏRD hiss edir, heç də Azərbaycan ədəbiyyatına töhfə vermək üçün yazmır, heç də “roman kimi roman” yazmaq üçün yazmır, belə məsuliyyətlər, sizin bu kimi qayğılarınız onun üçün anlaşılmazdır, o, sadəcə dövrünün ən populyar ədəbi janrında özünü geniş-geniş ifadə edir. 

Dünyaya quş baxışıyla baxsaq, görərik ki, “gündə bir roman” təkcə Azərbaycan hadisəsi deyil. Son üç ildə qonşu ölkələrdə də, Qərb ölkələrində də romançılıq sahəsində kəskin yüksəliş qeydə alınır. Məsələn, Fransada.

Bizdə yeni dərs ilinin başlanması, yazın gəlişi kimi Fransada da “roman mövsümü” böyük hadisə kimi qeyd olunur. Artıq avqustun ortalarından yeni roman mövsümü başlanır, sentyabrın sonlarına qədər. Bu bir ay ərzində kitab bazarına o qədər yeni roman çıxır ki, rəqəmlərdən baş gicəllənir. 2007-ci ildə düz 727 yeni roman, 2008-ci ildə 676 yeni roman, 2009-cu ildə 659 yeni roman, maraqlıdır ki, bu iki ili “roman böhranı illəri” adlandırırlar və 2010-cu ildə 734 yeni roman! Bu 734 romandan düz 497-si yeni müəlliflərin birinci romanlarıdır, qalanları tanınmış yazıçıların. Özü də 734 – Fransada 2010-cu ildə çıxmış bütün yeni romanların sayı deyil, yalnız bu mövsümdə sərgilənmək üçün xüsusi seçilmişlərdir. Kənarda isə dəfələrlə çox sayda yeni romanlar qalır, kitab mağazalarının arxa vitrinlərində alıcılarını gözləyir.

Fransada 2010-cu il yeni roman mövsümündəki yazıçıların yaşları da maraqlıdır. Ən yaşlısı 92 yaşlı Jak Lekontdur ki, ilk romanını yazıb, ən gənci 15 yaşlı Karmen Branlidir ki, yeniyetmələrin sevgisi haqda ilk romanını qələmə alıb. Əksəriyyəti isə 20 ilə 30 yaş arasındaı müəlliflərin romanlarıdır.

Cəmi üç əsr əvvəl Fransada vəziyyət bunun dəhşətli dərəcədə əksinə olub. “Harada bacarmışam, orada da nəşr etdirmişəm” – bu cümlə fransız romançısı Crebillonun “Atalzaide” (1745) kitabının titul vərəqində yazılıb. “Zevotiyada, Yatmışla Xoruldayanın yanında nəşr etdirmişəm” bu cümlə isə Jak Kazotun “Min bir dəlilik” romanının titul vərəqindəndir. 18-ci əsrin ortalarında nəşr olunmuş bütün fransız romanlarının girişində harada nəşr olunması haqda belə qeydlər var. Ona görə ki, 1737-ci il 20 fevralda Fransa ərazisində yeni romanların çapı kralın “Roman yasağı” adlı fərmanı ilə qadağan edilmişdi. Roman qadağası yalnız xüsusi kral razılığı ilə nadir hallarda aradan qaldırıla bilərdi, amma faktiki olaraq qaldırılmırdı. 

Yazıçılar məcburən romanlarını Hollandiyada nəşr etdirirdilər. Russonun yazdığına görə, roman qadağasına kanslerin sərt nəzarəti o dərəcəyə çatmışdı ki, daha əlyazmaları ona göstərmirdilər, bu, cinayət olsa da, romanları Fransanın özündə, lakin gizli nəşr etdirirdilər. Naşirlər sadəcə olaraq, kitabın titul vərəqində Fransadan başqa hər yerin adını yazırdılar.

Amma o roman qadağası dövründən bu günə çoxlu roman qalıb.

İk baxışdan üç əsr əvvəlki vəziyyətlə romanın Fransadakı bugünkü vəziyyəti fərqlidir. Onda onu sıxışdırırdılar. İndi isə onu sıxışdıran yoxdur. Lakin nə qədər fərqli görünsə də, əslində hər iki vəziyyətin ümumi bir kökü var, hər iki halda romanlar – azadlıq, fərdiyyətçilik ifadəsidir. 
Beləcə, son üç ildə dünya romançılığı öz tarixi boyu ən intensiv dövrünü yaşayır.

Hər il ABŞ-ın müxtəlif qəzetlərinin dekabrda çıxan “Book review”larında “İlin 100 yadda qalan romanı” siyahısı çıxırdısa, son illərdə “Book review”larda ilin 200 yadda qalan romanı kimi siyahılar dərc olunur. Bunlar üç min, beş min yadda qalmayan romanlar arasından yadda qalanların siyahısıdır. 

Hələ “Amazon.com” kitab marketi son iki ildə satılan kitablar qədər də “Kindle e-reader” satıldığını bildirir. Deməli, kitab şəklində nəşr olunan romanların sayı reallığın yalnız yarısını ifadə edir. İnsanlar romanları bu elektron vasitədən də oxuyurlar və bu günlərdə kitabları elektron şəkildə alıb oxuyanlar “Kindle”-ın sahibinə belə bir sual ünvanlayıblar: Tutalım, mən romanı kitabdan yox, “Kindle” və ya “I-pad”-dən oxuyuram, amma romanını oxuduğum yazıçıdan avtoqraf götürmək istəyirəm. Yazıçılar bu romanı necə imzalasınlar, bir halda ki, mətn elektrondur? “Kindle” onların təklifini nəzərə alıb. Fevralın 10-da “avtoqraflı e-reader” buraxdıqlarını bəyan ediblər. Üzərində hazır üç ədəbiyyat bloggerinin və gənc romançının avtoqrafları da var. (http://www.mediabistro.com/galleycat/authors-signing-ereaders-instead-of-books_b23148?c=rss)

Qonşu Türkiyədə 2000-ci illərin ikinci yarısında 30 min yeni kitab nəşr olunub. 2010-cu il Türkiyə tarixinin ən çox roman yazılan ili olub. Əgər 2004-cü ilin sonunda “Radikal” qəzeti ölkədə 274 yeni roman yayımlandığını yazmışdısa, sonrakı il bu rəqəm 284-ə, 2006-cı ildə 349-a, 2010-cu ildə 445-ə çıxdı. Bu kitabların içində “ilk dəfə roman yazan”ların sayı 2006-cı ildə 349 romanın 174-ü idisə, 2010-cu ildə “gəncin ilk romanı” üzrə say 349 olub. Gənc yazarların bir motivasiyası özünü ifadə etmək, başqalarına xitab etməkdirsə, digəri məşhur və çox satılan yazar olmaqdır. “Bizdə bu iki motivasiya birləşib roman partlayışını doğurub.” (Yazar Ömer Türkeş)

Başqa ölkələrdəki roman rəqəmlərilə müqayisədə Azərbaycanda son illərdə çıxmış gənclərin romanlarının sayı nədr ki? Heç nə! Möhkəm, qoz ağacından olan bir masanın ütünə yığıb saysaq, üç ildə çıxan romanların ümumi sayı heç 100 etməz. Amma bizdə “bu qədər roman olar?” deyib o qədər şikayətlənirlər ki, adam həqiqətən də burda roman epidemiyası olduğunu sanır. Roman sözü də, epidemiya sözü də Qərb mənşəlidir. Bu gün Qərb ölkələrində həmişəkindən dəfələrlə çox romanlar çıxır. Lakin bu, heç bir halda “roman epidemiyası” kimi təşbehlərlə təsvir olunmur. 

Azərbaycanda yeni nəslin yazmaq sevdasına qarşı çıxan elə fəal qocalar da var ki, ədəbiyyatda bir parlaq işıq deyillər, ola bilməyiblər, bir yandan da bu yeni çıxan colma-cocuq onların onsuz da zəif olan işığının qarşısını tutur, sıxlıq yaradır, onları lap görünməz edir, belələri özlərinə halal, başqalarına isə haram hesab etdikləri ədəbiyyatdan “bizim qapının ağzında durma” tonuyla gəncləri qovmaq, aşağılamaq müsahibələri, məqalələri sərf edirlər. “Başqaları keyfiyyətsizdir, hap-gopdur, pisdir” deyə-deyə özünün keyfiyyətli, doğruçu, yaxşı imajını yaratmaq siyasəti yürüdənlərin arasında elələri də var ki, özünün və övladlarının xarici səfərlərindən söz açır tez-tez. Yaxşı, elə isə özünüzün və övladlarınızın Qərb səfərlərində yalnız adı dillərdə əzbər olan klassik romançıları deyil, o ölkənin gənc yazarlarının romanlarını da alın, o ölkələrin yeni ədəbi proseslərilə maraqlanın; belədə Azərbaycanda yaşayan yeni nəsl romançıların debüt romanlarından topdan danışanda, topdan hökm verəndə onları klassiklərlə deyil, yaşıdları olan əcnəbi yeni nəsl romançılarla müqayisə etmək imkanınız olar. Hərçənd, uğursuz bir keçmişin uğursuz indinin qarşısına keçib danışmağa haqqı yoxdur.

***

Sirr deyil ki, roman xam istedad hadisəsi deyil. Bir çox insanlarda yazıb-yaratmaq təməl instinkti var – bu xam istedad insanı şeir, hekayə, mahnı yazmağa sövq edə bilər, lakin heç kimin istedadı onu “film çək”, “roman yaz” deyib dümsükləməz. Yəqin ki, bu fikirlə dünya romançılığının bugünədək topladığı təcrübə, nəzəri biliklər, “etməli, etməməli” bankı saytlarda roman yazmaq istəyənlərə təqdim olunur; onlarla internet səhifəsi “How to Write a Novel?” sualına (Azərbaycan ədəbiyyat nəzəriyyəçilərinin müvafiq mövzudakı kitablarından dəfələrlə keyfiyyətli və daha ətraflı) cavablar verir. Roman yazarkən buraxılmaması gərək olan boşluqlar, səhvlər bənd-bənd aydın yazılır. Romanları oxuduqca insanların bədii duyumu yüksəlir. Hər gün yeni-yeni nəşriyyatlar açılır, bunları tələb doğurur və nəşriyyatlar açıldıqca yeni-yeni kitablara təkan verir, nəşriyyat pulla deyil, hansısa cəhətini bəyəndiyinə görə romanları nəşrə qəbul edir.

Azərbaycanda hesab edənlər var ki, son vaxtlar bizdə yazılan romanlar çox keyfiyyətli olardı, əgər bu gənclər: “Əvvəl hekayə kitabları buraxaydılar, sonra romana keçəydilər, ayıbdır”. Bu, ədəbiyyatın keçmişinə aid həqiqətdir. Hekayə kiçik roman idi, povest ortancıl roman, roman isə böyüdülmüş, inkişaf etdirilmiş hekayə. Artıq çoxdandır ki, belə deyil. Roman çox böyük proseslərdən, dəyişikliklərdən keçib, günümüzün romanı böyük hekayə olan ənənəvi romanlardan çox fərqlidir. Hekayə yaza-yaza yaxşı hekayə ustası olmaq olar, hekayəçinin təcrübəsi artar, püxtələşər, amma romançı olmaz. Bugünkü dünya ədəbiyyatı təcrübəsi göstərir ki, roman çoxlu hekayə yazandan sonra keçilən keyfiyyət mərhələsi deyil. Bugünkü roman ilə hekayə janrı arasında dərin fərqlər var. Böyük, möhtəşəm romanlar yazmağın yolu “praktikant” romanları yazaraq özünü inkişaf etdirməkdən keçir. “Roman - yeganə janrdır ki, hələ yaranma mərhələsindədir, hazır janr deyil. Digər janrları biz janr kimi, daha doğrusu, bədii təcrübənin möhkəm formaları kimi artıq hazır şəkildə bilirik... Roman – sadəcə janrlar arasında janr deyil. Bu, çoxdan hazır olan və qismən ölmüş janrlar arasında yeganə təşəkkül tapmaqda olan janrdır. Bu yeganə janrdır ki, dünya tarixnin yeni dövründə doğulub, ...digər janrları isə yeni dövr miras kimi hazır alıb, onlar sadəcə – biri pis, o biri yaxşı – yeni həyat şərtlərinə uyğunlaşırlar. Onlarla müqayisədə, roman tamamilə başqa təbiətə malikdir. O, başqa janrlarla pis dil tapır, çətin yola gedir. O, ədəbiyyatda öz hakimiyyəti uğrunda çarpışır və qalib gəldiyi yerdə başqa, köhnə janrlar çürüyüb gedir. Təsadüfi deyil ki, antik roman tarixi haqda ən yaxşı kitab olan Ervin Rodun kitabı antik romanın tarixini danışmaqdan çox antik dövrdə romanın yanında bütün ali janrlarının dağılıb getməsindən danışır...” (M.Baxtin “Epos və roman. Romanın tədqiqi metodologiyası”)

Beləliklə, bu roman qələbəliyi həm müəlliflər üçün, həm cəmiyyətdə fərdiyyətçilik əhval-ruhiyyəsinin yayılması baxımından, həm də romanın üfüqlərinin genişləndirilməsindən ötrü son dərəcə gözəl, xeyirli bir prosesdir. Ədəbiyyatdakı bu cür tendensiyaların arxasında öz qanunauyğunluqları durur. Bu qanunauyğunluqlar bir mərkəzdən – ədəbiyyatı nə qədər təmiz ürəklə də olsa, öz evi sayıb keşiyində durmaq istəyən ataların, böyük qardaşların fikirlərilə idarə oluna bilməz.

Çünki ədəbiyyat həmişə küçədir, sənin olduğu qədər mənimdir.

Nərmin Kamal

Kultura.az | Developed by Samir Yahyazade