post-title

Cəfər Cabbarlı Mirzə Fətəli Axundov haqqında

Mirzə Fətəli Axundov əski sxolastik ədəbiyyatdan, şərqin yekrəng, qəzəl, qəsidə və rubai ədəbiyyatından birinci olaraq ayrılıb yeni bir ədəbiyyat şəklinə ayaq basan və Azərbaycan teatr ədəbiyatının ilk təməl daşını qoyan ədibdir.

 

Bəlli olduğu üzrə Azərbaycan ədəbiyyatı Füzulidən sonra öz originallığını itirmiş bir halda idi.

Füzuli Azərbaycan ədəbiyyatını fars və ərəb girdabından dartıb çıxarmış və dörd yanını sarmış boşluq içərisində yeni doğurmuş ədəbiyyatını çiyinlərinə almış və yenilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sentimentalizm ədəbiyyatı olmaq üzrə vaxtında təqdim etmişdir. Füzulinin dord əsr bundan əvvəl yazdığı sentimentalist əsərlər bu gün belə bütün sentimentalizm ədəbiyyatının ilk sıralarında gedə bilər. O öz mövzülarında bəzən böyük ədəbi keçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə etmiş, lakin bu yarışda onlardan geri qalmamış və hər halda “Leyli və Məcnun” kimi dahiyanə əsərlərində öz qoca rəqiblərini geri buraxmış və hamısından yüksəyə qalxmışdır.

Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat verdi. Lakin eyni zamanda onun dühası ağır bir yük kimi Azərbaycan ədəbiyyatının inkişafı üzərinə düşüb, onu öz ağırlığı altında əzməyə başladı. El ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik deyildi. Azərbaycan ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərrəqi addımlarla yüksəklərə doğru irəlilməsi üçün həyatı bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gedişi ilə irəliləmək deyil, bəlkə yüksəldiyi yerdə belə dayanmadı və sürətli hərəkətlə enişə doğru yuvarlanmağa başladı. Bu eniş qoca rəhbərin ardınca gedən sıra ədəbiyyatı bir seylab kimi yaxalayır və öz ağırlığı altında əzib öz eniş yolu ilə axıdırdı.

Şairlər, ədiblər Füzulini ötməyə deyil, bəlkə ona yetişməyə və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və beləliklə ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa və orada bərkitməyə çalışırdılar. Beləliklə, Azərbaycan ədəbiyyatı öz original mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə keçmiş, söylənmiş sözləri, daha doğrusu Füzulinin dahiyanə şeirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar edirdi.

Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şeirlərini ona bənzətməyə çalışırdılar. ”Füzuliyanə” qəzəllər yazmaq şairlərin idealı olmuşdu. Bənzətmələr, təxmislər yol alıb gedirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gedişlə Füzulinin başına hərlənir, haraya getdiyini özü də bilmirdi. Füzuli elə bir tilsim idi ki, ədəbiyyatımız ondan  bir addım belə olsun bayıra çıxmır və uzun illər yeni bir şəklə keçmirdi.

Beləliklə, ədəbiyyat getdikcə həyatdan uzaqlaşır, ayağı həyat torpağından üzülür, bayağılaşır, düşkünləşir və çıxılmaz bir tilsim içərisində çırpınırdı. Birinci olaraq bu cadulanmış gedişə qarşı çıxan bu saxlanmaz axını toxdadan, bu çıxılmaz yoldan çıxan və bu qırılmaz qəzəl və qəsidə tilsimini qıran Mirzə Fətəli Axundov olmuşdur.

Heç şübhəsizdir ki, Azərbaycan ədəbiyyatındakı bu ölgünlük Azərbaycandakı siyası və ictimai ölgünlük və düşkünlük nəticəsi idi. Azərbaycanın ictimai və siyasi həyatı ölgünləşdikcə, ədəbiyyat da ölgünləşir və bütün mühiti bir şərq ətaləti sarıyırdı. Bu etibarla Azərbaycanın Füzulidən sonrakı ölgün ədəbiyyatı nə qədər biçimsiz, maraqsız, məzmunsuz və bir təqlid ədəbiyyatı olsa da , hər  halda yenə də öz ölgün və düşkün mühitinin güzgüsü ola bilər. Mühitin boşluğunu, çürüklüyünü, öz məzmunsuzluğu  və boşluğu ilə də olsa , aldıra bilər.

Çarizm Qafqazı aldıqdan sonra həyat da öz cığırından çıxmağa başladı. Birinci Pyotrdan və Yekatirinadan bəri Rusiyaya sirayət etmiş qərb axını Rusiyanı özünə cəlb etmiş və rusların Qafqaza gəlməsi ilə istər-istəməz Qafqaza da keçməyə başlamışdı. Getdikcə ictimai həyat boyasını dəyişirdi. Həyat başqalaşır, mühit təbəqələşir, üsüllar, qaydalar, məhkəmələr, ənənələr, bir sözlə bütün keçmiş həyat normaları öz cığırından çıxırdı. Xanlar yoxsullaşıb əhəmiyyətdən düşür, yeniyetmə bəylər törəyir, İranın əsrlərdən bəri hökm sürən nüfüzü sarsılır, onların yerinə tam başqa bir nüfüz, başqa bir şərait qurulurdu.

Bu sarsıntılıq, bu qatışıqlıq, el ədəbiyyatında gözəl parçalar yaratmış olsa da, yazı ədəbiyyatında o qədər bir boşluq vücüda gətirmişdi. Bu vaxtadək ədəbiyyat təqlidlə yaşasa da, heç olmasa həyat dəyişməmiş olduğundan təqlid mənbəyi də həyata az-çox uyur və təqlid edilmiş əsərlər bir növ ötüşüb gedirdi. Həyat əsaslı bir dəyişikliyə uğrayınca, ədəbiyyat büsbütün başını itirdi. Şairlər əski inersiyaları ilə gedir, yeni gedişə uymayır, yazdıqları da yeni gedişlə bir dissonans vücuda gətirirdi.

Yeni mühit, yeni təsir cəmiyyəti başqa əsaslar üzrə təbəqələşdirir, cəmiyyətdə yeni vəziyyətə yarayacaq təbəqələr, xırda burjuaziya təbəqələri, yeni bəylər təbəqəsi, yeni maarifçilər, islahatçılar, yeni məktəblər, yeni intelligensiya qrupları, dilmanclar, müəllimlər törənir və bunların nəticəsində yeni həyatı faciələr, yeni simalar, yeni şəxsiyyətlər, yeni tiplər meydana çıxırdı.

Ədəbiyyat isə köhnə sxolastik yolu ilə gedir və həyatdan büsbütün ayrılıb, özü üçün tam başqa dar və  xüsusi bir aləm təşkil edirdi. Bu aralıq həyatda bir ikilik törəmişdi. Cəmiyyətin bir qismi köhnə təsir altında qalmış, bir qismi isə yeni təsirə qapılmış və həyatı da o yolla aparmaq, bütün cəmiyyəti yeni təsir yolları ilə aparmaq, əlifbadan başlamış ictimai və siyasi quruluşa kimi hər şeydə bir islahat etmək istəyirdi. Mirzə Fətəli də bu ikinci qrupun nümayəndəsi idi. Zatən, cəmiyyət kimi ədəbiyyat da iki cığıra parçalanmışdı. Bunların birində köhnə qəzəllər, qəsidələr, mərsiyələr və bu kimi sxolastik ədəbiyyat son günlərini yaşayaraq, gedirdi. İkinci qrup isə bu köhnə cığırdan çıxmış idi. O bu köhnə ədəbiyyatdan artıq zövq almazdı. Bu ədəbiyyat onun ehtiyaclarını ödəmir, onun istəklərini, arzularını anlatmır, onun psixologiyasına uymurdu. O özü üçün tam başqa və öz ruhunun, diləklərinin, öz əmək və ideallarının tərcümanı olacaq  bir ədəbiyyat, yeni və həyati bir ədəbiyyat yaratmalı idi. Bu ədəbiyyatı da Mirzə Fətəli yaratdı, ya da hər halda bu yeni ədəbiyyatın ilk təməl daşlarını qoymuş oldu.

Mirzə Fətəli bir ədib və bir şair olmaqdan daha artıq bir cəmiyyətçi, bir əməlpərvərdi. Onu yazıçılığa təhrik edən də bədii zövqündən daha artıq ictimai məfkurələri idi. O, yazılarını bir sənət adına deyil, bəlkə ictimai məfkürəsi adına yazır və öz əsərlərindən sadə bədii bir zövq deyil, həyat və cəmiyyət üçün bir nəticə gözləyirdi. O, ədəbiyyatı öz duyğularının, öz məfkurələrinin bir tərcümanı kimi tanıyır və beləliklə köhnədən qalmış ”sənət sənət üçündür”, “onu bir neçə ariflər və bilicilər anlarlar” gedişindən ayrılıb, “sənət həyat üçündür” prinsipini irəli sürürdü.

O, ədəbiyyatı öz məfkurələrini həyata keçirmək və yaymaq üçün bir vasitə bilirdi. Buna görədir ki, onun əsərləri müntəzəm bir gedişlə həyatın bu və ya başqa nöqsanlarını göstərir, bu nöqsanların aradan qaldırılmasına çalışdığı yolları göstərdiyi kimi, ömründə tək-tək yazdığı şeirləri də, yenə onun əlifba və bu kimi fikirlərini həyata keçirmək üçün idi. Lakin bunların hamısına baxmayaraq, biz Mirzə Fətəlini hər şeydən artıq yenə də bir ədib kimi tanımaq istərdik. Nə qədər ədəbiyyat onun fikirlərini yayacaq bir vasitə olmaq üzrə götürülmüş isə də hər halda burada Mirzə Fətəli o qədər böyük bir məharət, bir istedad göstərmişdir ki, hər şeyi geridə buraxıb, ədəbi bir sima kimi ortada qalmışdır. O, yazdığı pyeslərdə zamanının  komediya yazanlarından, tanınmış rus və avropa ədiblərindən geri qalmadığı kimi, şeirlərində də Firdovsiyanə bir məharət göstərmişdir. Bəlli olduğu üzrə Mirzə Fətəlinin mühiti köhnə feodalizmin dağıldığı, yeni ticarət burjuaziyasının törətdiyi əski şərq ənənatının pozulduğu, yeni qərb mədəniyyətinin araya soxulduğu bir dövrün mücəssəməsidir. Həyatın bir tərəfi sökülür, dağılır, o biri tərəfi başqa, tam başqa bir biçimdə tikilirdi. Burada Mirzə Fətəli bir mühəndis kimi bu sökülən və tikilən binanın başı yanında durmuş, amansız qələmi ilə bura sökülməlidir, bura isə belə tikilməlidir deyir. Həm də bunları kefi bir əmrlə demir: Köhnə yaşayışın bütün nöqsanlarını, yaramazlığını, yeni gedişin isə bütün faydalarını irəli sürür, anladır, qandırırdı.

Hər şeydən əvvəl Mirzə Fətəlini köhnə şərq dövlət idarəsi üsulnun  tənqidcisi, monarxizmin, iran istibdab və dərəbək üsulunun amansız bir düşməni kimi görürük.

O, “Vəziri – Xani – Sərabi” ("Lənkəran xanının vəziri" pyesinin digər adı - Kultura.Az) və “Aldanmış Kəvakib” adlı əsərlərində İran və onun sifətində bütün şərqin əski feodalizm və ayrılıqda monarxizm üsuluna elə bir zərbə yendirir ki, bu mənəvi zərbə Səd ibn Vəqqasın qılıncından heç də gücsüz deyildir. O, bütün şahların və onların vəzirlərinin nə qədər bir sərsəm, şüursuz, yaramaz adamlar olduğunu, xüsusilə vəzirlərin ancaq öz ciblərini doldurmaq üçün yaşadıqlarını, öz şüursuzluqlarını bir məharət sanıb fəxr etdiklərini heyrət ediləcək bir açıqlıqla ortaya çıxarır.

Bunu şah Abbasın hərbiyə vəziri  öz nitqi ilə  İranın bütün yollarını dağıtdırıb, “əmniyyət ” adına İranı yolsuz buraxmasına fəxr etməsi ilə ortaya çıxarır. Eynilə “Vəziri-xani-Sərabi”də xanın divan və məhkəməsi göstərilir. Verilən qərarların nə qədər kefi və nə qədər çürük olduğu bütün üsulun nə qədər yaramaz olduğunu açıq-açığına araya çıxarır. O: “Kəndli sənin atının ayağını şikəst etmişdir. Sən də get onun atının ayağını sındır”. “Həkim pulları alıb, altı aydan sonra ölə biləcək xəstəni bu gün öldürən və güya” əzabdan qurtaran” həkimə bir də ölü yiyəsi mükafat verməlidir. Budur xanın bütün mühakiməsi!

Bu sərsəm və ağılsız, şüursuz adamlar, gülünc bir məxluq kimi ortaya çıxarılan vəzirlər,  xanlar, şahlar həqiqətdə isə milyonlarla xalqın həyat və müqəddəratını əllərində saxlamışlardı. Budur, Mirzə Fətəlinin ortaya çıxardığı acınacaq həqiqət bundan ibarətdir. Buradaca Mirzə Fətəli Yusif şahın müvəqqəti hökmranlığında hakimin boynunda nə kimi vəzifələr olduğunu, xalqın nələrə ehtiyacı olduğunu göstərir.

Mirzə Fətəli ruhanilərin və onların həyata soxduqları cadu və tilsim əsaslarının amansız düşmənidir.  Burası hər şeydən artıq yenə də “Aldanmış Kəvakib” və xüsusilə onun “Molla İbrahim Xəlil kimyagər”, “Müsyo Jordan və Dərviş Məstəlişah” adlı əsərlərində görünə bilər.

“Molla İbrahim Xəlil kimyagərdə” bütün ruhanilərin nə qədər satqın adamlar olduğunu və xalqı aldadan bir fırıldaqçıya pul ilə qulluq edib, onun xalqı aldatmasına yardım göstərmələrini və “Dərviş Məstəlişah”da İrandan keçmiş bir çayçı şagirdinin Azərbaycanda bir alim və bir həyat hakimi kəsildiyini və biliksiz xalqı aldadıb, ciblərini dolduraraq, qaçdığını açıq göstərir. Burada “Molla İbrahim Xəlil kimyagərin” Mirzə Cəlil Məmmədquluzadəyə təsirsiz qalmadığı və “Ölülər” pyesi “Kimyagər”dən təsirsiz olmadığı qeyd edilməlidir.

Mirzə Fətətli qadın azadlığı mübarizidir.

O, qadınların qəlbinin satılması əleyhinə, onların eşqi, məhəbbəti, mənliyinin satılmasına, zorla varlı ərlərə verilməsinə qarşı üsyan edir. Burası hər şeydən artıq “Xırs quldurbasan” adlı əsərində qeyd edilmişdir.

Mirzə Fətəli foedalizmin böyük düşmənidir.

”Pristav mənə deyir əkin ək, bəy oğlu da əkin əkər, ya əməklə məşğul olurmu? Güya mən sadə bir kəndliyəm ki, əkin əkim, ya da cütə gedim “

Xüsusilə ”Hacı Qara”da Mirzə Fətəli feodalimzin dağıldığını və yeni ticarət burjuaziyasının nə qədər bir hərisliklə həyata can atdığını təsvir edir.

Mirzə Fətəli öz şerində yeni əlifbadan bəhs ilə onun həyata keçirilməsi üçün hakim şəxsiyyətlərə təsir etməyə çalışır.

Mirzə Fətəli bir rəssamdır. O öz əsərlərində bütün həyat və mühiti doğruluqla tutur, ən mahir bir rəssamın məharəti ilə təsvir edir.

Təxminən 1928-ci ildə yazılmış, ilk dəfə “Rеvolyusiya və kultura” jurnalının 1938-ci il 6-7-ci nömrələrində çap olunmuşdur.

Hazırladı Nurlan Hüseyn
Yuxarı