post-title

Şəkli̇ni̇ i̇llərdi̇r saxladiğim zənci̇ qiz haqqinda

Bazar günü vərəqlədiyim kitabın arasından bir şəkil çıxdı. Nə vaxtsa jurnaldan kəsilib. Mənim köhnə vərdişimdir, bəzən kimlərinsə şəkillərini kəsib saxlayardım. Bu arada kitabların arasından Mirzə Cəlilin də bir şəklini tapmışdım. Ona təzədən baxanda Mirzəni yenidən duydum. O şəkil hansısa pis çap olunmuş kitabdan kəsilmişdi, çox keyfiyyətsizdir, amma görünür bütün o kitaba dəyirmiş ki, əlim gəlib kəsmişəm. Hətta bəlkə də o mənasız kitabı atmışam ki, bu şəkil ondan qurtulsun. Çox mənalı şəkildir! Mirzə Cəlil əlində əsa əyləşib, elə bil dünyanın dərdini çəkib qurtara bilmir.

 

Məndə Landaunun da bir fərqli şəkli var. Haçansa “Kvant” jurnalından kəsmişəm. Bakıdan gedəndən sonra çəkilib, baxan kimi bilinir ki, bu şəkil qəribə bir ovqatı ifadə edir. Sonradan öyrəndim ki, bu şəkil gənc dahinin xəstələndiyi və tamam yaddaşını itirdiyi dövrdə çəkilib. Amma sonra o yaddaş qayıtmışdı...   

Bu şəkildəki Canet adlı qız isə qaradərili bir amerikalıdır. Gəncliyində, yəni onu mən ilk dəfə tanıdığım illərdə, açığı, çox gözəl idi. Onu universitet illərində kəsib saxlamışam, mənbəyini xatırlamıram. Amma bir vaxtlar bütün Amerikanın ağzına söz olmuş bu qız haqqında yazılan saysız-hesabsız məqalələrin hamısında onun gözəl olması xüsusi ilə vurğulanırdı.

Amerika (ABŞ) qəribə ölkədir, həm söyüb biabır edirlər, lənətləyir və qınayırlar, həm də gözəl olduğunu xatırlayırlar. O doğrudan da gözəldi. Amma o, bir model, ya müğənni deyildi, heç televiziya aparıcısı da deyildi. Əksinə, cəmiyyətin sərt qınağına tuş gəlmiş birisi idi.

Mən onun şəklini niyə saxlayıram? Desəm ki, gözəlliyinə görə, özüm də inanmazdım. Məndə şəkillərə məhz belə münasibət yoxdur. Bu şəklin dahilərin və çox sevdiyim mənalı şəkillərin cərgəsində olması da səbəbsiz deyil. Bu qız həyatımın 20 ilini verdiyim bir peşənin - jurnalistikanın bəlkə də ən qalmaqallı adamıdır.  O, bir jurnalistdir. Onun hekayəsi tarixə, xüsusən da jurnalistika tarixinə elə möhkəm yazılıb ki, çətin ki, bir də kimsə bu “şöhrəti” təkrarlaya bilə. Eyni əməli etsələr belə, həmin qalmaqal alınası deyil...

Canet “Washington post” qəzetinin müxbiri idi.  Redaksiyanın ən uğurlu əməkdaşlarından sayılırdı. O zaman bu qəzet üçün asan dövr deyildi. Çətin də deyildi, amma Uoterqeyt olayından sonra qəzetin şöhrətin zirvəsindən düşməməsi üçün naşirlər və redaktorlar iynə üstündə oturmuşdular. Canet Kukun maraqlı yazıları hər zaman bu işdə onların köməyinə çatırdı. 29 sentyabr 1980-ci ildə isə Canet bütün Amerikanı silkələyən bir yazı ilə çıxış etdi. Senatorlar, avaralar, qocalar, cavanlar, qayğılı professorlar və danqabaş kollec gəncləri də bu məqalədən danışırdı. Məqalə “Cimminin dünyası” adlanırdı. Vaşinqtonun kasıb məhəlləsində yaşayan 11 yaşlı Cimmi anasının oynaşı tərəfindən heroinə öyrədilmişdi və onun əsirinə çevrilmişdi. Məqalə çox qıcıqlandırıcı idi, gözəl yazılmışdı. Qəzet əlavə tirajı çap etdirib qurtara bilmirdi. Sonradan bütün dünya üzrə yüzlərlə nəşr bu yazının  təkrar dərcinə icazə aldı. Şəhər rəhbərliyi özünü itirdi və dedilər ki, onlar Cimmi haqda bilirlər. Çünki Amerikada belə bir hadisədən xəbərsiz qalmış rəhbərliyi fitə basarlar.

Canet dünyaca məşhur oldu. Bir il sonra ABŞ-ın olduqca nüfuzlu Pulitzer mükafatını aldı. Amma işlərin bu cür yaxşı getməsi uzun  çəkmədi. Qəzet Canetin həyatını əks etdirən məqalə dərc etməyə hazırlaşdı. Ulduz məzunla bağlı təəssüratı bölüşmək üçün müxbirlər onun oxuduğu Sarbona Universitetinə zəng etdilər. Amma məlum oldu ki, orada belə birisi oxumayıb. Redaksiya rəhbərliyi şübhələrin izi ilə getdi və bəlli oldu ki, Canetin iş yerinə təqdim etdiyi tərcümeyi-hal tamam saxtadır. Qısası, iş uzandı, rəhbərlik öyrəndi ki, Cimmi adlı oğlan yoxdur. “Cimminin dünyası” Canetin uydurmasıdır.

Canet Kuk ifşa olundu. Qəzet bu haqda məqalə dərc etdi, üzr istədi və dünya bir-birinə dəydi. Pulitzer geri alındı. Canet isə harasa yoxa çıxdı. İllərlə hamı ondan danışdı. Yenə də illərlə hamı onu jurnalistikanın üz qarası adlandırır. Ondan da böyük yalançılar olub, amma heç kim onun qədər dillərə düşməyib.

İllərdən sonra “Caneti bağışlamaq olarmı?” deyənlər də oldu. Bağışlamadılar. Amma redaksiya təzədən Canet Kukun yazılarını təftiş etdi. Xeyli sayda gözəl yazı arasında heç biri də... yalan çıxmadı. Hamısı yüzə-yüz həqiqətdir. Yalnız birindən başqa. Canet belə bir qızdır və heç bilmirəm nədən onun şəklini hələ də kitablarımın arasında saxlayıram. Heç indi də atmadım.

Şahvələd Çobanoğlu

Kultura.Az

Yuxarı