post-title

Mesenat (Hekayə)

Bu hadisəni dostum Vaqram Martirosyana danışanda o mənə diqqətlə qulaq asdı, ancaq görünür ki, işin əslinin həqiqətən də belə olduğuna inanmadı. Vaqram bu barədə yazmağımı xahiş etdi, mən də onun xahişini yerinə yetirdim.

 

 

Ancaq əvvəlcə kiçik bir haşiyə çıxım. Mən tez-tez maraqlı, əcaib, məntiqsiz hadisələrin şahidi oluram. Hətta bir neçə dəfə gördüklərimi qələmə də almışam, ancaq mənə inanmırlar, elə bilirlər ki, uydururam. Lakin elə hallar da olub ki, baş verməməli olan bu cür hadisələr elə dostlarımın yanında baş verib və onlar hər şeyi öz gözləri ilə gördükləri üçün heç nəyi uydurmadığıma inanmağa başlayıblar. 

Bir dəfə dostlarla "Nizami" kinoteatrının birinci mərtəbəsində yerləşən çayxanada oturmuşduq. Çayxanada qaraçılar da var idi. İki uşaq, iki gözəl qız və yəqin ki, ailənin başçısı olan yaşlı kişi. Birdən bu kişi ayağa qalxdı, bizim masaya yaxınlaşdı və mənə çox mədəni şəkildə müraciət edərək dedi: 

- Siz mənə optikadan eynək ala bilərsiniz? Mənfi iki. 

Sonra isə əli ilə qarşı tərəfdə yerləşən optikaya işarə etdi. Çaşıb yerimizdə qalmışdıq. Oturub mədəniyyətdən, incəsənətdən danışırıq və təsəvvür edin, yaşlı qaraçı bizə yaxınlaşıb deyir: Siz mənə optikadan eynək ala bilərsiniz? 

Birincisi, o, "Siz" deyə müraciət etdi. İkincisi, masamızda əyləşənlərin hamısı məndən gənc idi, ancaq o məhz mənə müraciət etmişdi. Dostlarıma dedim: "Budur, görürsünüz, heç nəyi uydurmuram. Əgər indi yanımda olmasaydınız, mən də bu əhvalatı yazsaydım, belə bir şeyin həqiqətən baş verdiyinə şübhəsiz ki, inanmayacaqdınız". Uzun-uzadı fikrə daldım. Nə üçün belə hadisələr ancaq mənim iştirakımla baş verir, nə üçün mən şəhərin bu səs-küylü bütün absurd söz-söhbətlərinin şahidinə çevrilirəm? Sualın cavabını isə serb yazıçısı Milorad Paviçin müsahibəsində tapdım. O, söhbətində belə deyir: "ŞAHİD, NƏQL ETMƏYİ BACARAN KƏSDİR". Başqa sözlə, maraqlı hadisələr, maraqlı hadisələri başqalarına danışmağı bacaran şəxslərin başına gəlir. 

Mesenatımla bağlı söhbətə qayıdaq. Mənə bir nəfər zəng etdi. Mobil telefonla aram-aram, təmkinlə danışırdı. O dedi: "Sizin məqalələri çoxdan oxuyuram. Yazdıqlarınızda elə bil öz fikirlərimin təsdiqini tapıram..." 

Məqalələrimi, yazı üslubumu və fikirlərimi xeyli təriflədi. Sonra mənimlə görüşmək istədiyini bildirdi. Adətən mən oxucularımla görüşməyi xoşlamıram. Xüsusilə də, mobil telefonla sakit və aramla danışan şəxslərlə. Təcrübəm var. Onlar görüşə gəlib, səni tərifləyirlər, sonra da belə çıxır ki, sən demə, yazdıqlarımı oxuduqları üçün hətta mənə yaxşılıq eləyiblər. Başlayırlar adama minnət qoymağa. Sonra necə ağıllı olduqlarını, hər şeyi bildiklərini göstərməyə çalışırlar. Bir qədər də keçir, deyirlər ki, özləri də yaza bilirlər, sadəcə olaraq, buna həvəsləri yoxdur. Demək olar ki, bu görüşlərin hamısı eyni sonluqla başa çatır. Belə söhbətlərdən sonra yoruluram. Enerjimin çox hissəsini alırlar və kiçik depressiya başlayır. Buna görə də, imtina elədim. Ancaq o, uzun-uzadı təkid etdi. Dedi ki, çoxdandır mənimlə görüşmək istəyir. Ümumilikdə, başqa variant yox idi - biz sabaha görüş təyin etdik. 

O, görüşə böyük qara "Jeep"də gəldi. Maşından düşdü, salamlaşdıq. Sonra maşına əyləşib yola düşdük. Sükanın arxasına keçən kimi "sən"lə danışmağa başladı. Yenə məni təriflədi. Məqalələrimi, yazı üslubumu, dünya görüşümü... Maşını sürə-sürə danışırdı. Sonra da dedi ki, adamlarımız çox az oxuyurlar. O isə hər gün qəzet alır. Hərdən elə olur ki, mənim fikirlərimlə razılaşmır, ancaq tolerant bir insan kimi hər kəsin fikrinə hörmətlə yanaşır. Birdən maşını yolda kimisə saxlayan DYP-nin yanında əylədi. Qadın maşını idi, markasını deyə bilmərəm, onlardan elə də yaxşı başım çıxmır. Ancaq bilirəm ki, belə maşınları daha çox qadınlar sürür. Həqiqətən də sükanın arxasında qadın idi, bayaq işıqforda dayananda onu görmüşdük. İndi onu DYP saxlamışdı. Qadın maşından düşdü. Qısa yubkada idi. Yaxşı görünürdü. Ayaqları da qəşəng idi. Biznes qadınına qətiyyən bənzəmirdi. Başqa stildə idi. Dərhal bilinirdi ki, maşını ona hansısa kişi alıb. Özü qazanmayıb. Oxucum da "Jeep"i saxlayıb maşından düşdü. Mən də düşdüm, maraqlı idi. Qadın kiməsə zəng edirdi, ancaq görünür, düşə bilmirdi. Onda oxucum portmanatını çıxarıb 100 dolları DYP maşınının kapotuna qoydu və qadını buraxmalarını xahiş etdi. DYP əməkdaşı qadını sərbəst buraxdı. Oxucum qadına yaxınlaşdı, onlar nə barədəsə danışdılar, telefon nömrəsini aldı, biz maşına qayıtdıq və heç bir şey olmamış kimi söhbətimizə davam etdik. 

Restoranlardan birinə gəldik, kabinetə daxil olduq. Orada artıq iki nəfərlik masa hazır idi. O, isti yeməklər və rus arağı sifariş etdi. İçməyə başladıq. Yenə də mənim yazılarımı çoxdan oxuduğunu dedi. Çoxdan görüşmək istədiyini də. Yaradıcı insanlarla görüşməyin ona maraqlı olduğunu bildirdi. Dedi ki, onu əhatə edənlər maraqsız adamlardır. Onlar ancaq maşın və pul barəsində düşünürlər. O, özü isə elə deyil. 

Dedi ki, adamlarımız çox az oxuyurlar. Pop ulduzları hamını bezdirib. Televiziya proqramlarımız olduqca primitivdir. Bütün şou-proqramları bağlamaq lazımdır. Gənclərimiz çox korlanıb. Varlılarımız yaradıcı insanlara kömək etməlidirlər. Bizim varlılarımız pulları ancaq pop ulduzlarına xərcləyirlər... 

Bax, aramızda belə bir söhbət oldu. Sonra da dedi ki, çoxlu kitab oxuyub. Hər şeyi bilir. Hələ yeniyetmə olanda şeir və hekayə də yazıb. Yaza bilər, ancaq buna həvəsi yoxdur. Ona görə də, yazıçılara hörmət edir. Onları başa düşür. Ќecə deyərlər, bu dəfə də qənaətimdə yanılmamışdım. Sadəcə olaraq, bütün bunların nə vaxt başa çatacağını gözləyirdim. Kaş tez bitəydi. Birdən-birə qalxıb durub-getmək də asan iş deyil. Belə çıxır ki, yedin və vəssalam, getmək lazımdır. 

Bir şüşəni boşaltdıq. İkincisini sifariş vermək istəyirdi. Mən qəti şəkildə imtina etdim. Ona görə də, ənənəyə uyğun olaraq, çay içdik. O, danışmağa davam edirdi, deyirdi ki, varlı insanlar gərək yaradıcı insanlara kömək etsinlər. O, doğrudan da hər şeyi bilirdi. Bilirdi ki, başqa adamlar əslində necə yaşayırlar, pul qazanmağı necə bacarırlar. Yaradıcı insanlara isə pul qazanmaq və yaşamaq çox çətindir. Etiraf etmək lazımdır ki, bunu hər kəs bilmir. O deyirdi ki, hər gün qəzet almaqla vətəndaş borcunu yerinə yetirir. Varlı biznesmenlərimiz jurnalistlərə, şairlərə, yazıçılara kömək etməlidirlər. O, bu barədə uzun-uzadı danışdı. Başa düşdüm ki, məni nəyə hazırlayır. Həmin gün pulum heç yox idi. İstəyirdim ki, ən azı 10 gün şəhərdən uzaqda qalım və kitabı yazıb bitirim. Sakit yerdə, təmiz havada. Budur, özü öz ayağıyla gəlib. Düşündüm ki, ən çətin məqamda belə hər zaman kimsə tapılır və sənə əl tutur. Budur, özü gəlib çıxıb. Nə olsun ki, çox danışır. Nə olsun ki, o da gözəl yazılar yaza bilər, sadəcə həvəsi yoxdur. Nə etmək olar, dözmək lazımdır. O isə elə hey danışırdı. Onda mənim pula ehtiyacım var idi və onun mənə edəcəyi yardımdan imtina etməzdim. Digər tərəfdən isə şübhələrim də var idi. Hər şey ola bilər. O kimdir? Nə istəyir? Bəlkə hər şey bu qədər sadə deyil? Bəlkə məni təxribata çəkir? Beynimdə yüz cür belə sual fırlanırdı, ancaq ehtiyac məni hər şeyə müsbət yanaşmağa vadar edirdi. Bax, pulu alan kimi kəndə gedəcəyəm, kitabı yazıb bitirəcəyəm. Onun nə qədər verə biləcəyini beynimdə hesablamağa başladım. Onun "Jeep"i var. Əgər tanımadığı qadına görə DYP-yə düşünmədən yüz dollar veribsə, bəlkə mənə lap beş yüz də verə bilər. O, ömründə ilk dəfə gördüyü qadını buraxdırmaq üçün DYP-yə yüz dollar verdi. O bilir ki, jurnalistlərə kömək etmək lazımdır. O, pullarını pop ulduzlarına xərcləyən biznesmenləri pisləyir. O, hər şeyi bilir. Necə yaşadığımızı, hansı problemlərimizin olduğunu da. Onda belə çıxır ki, beş yüz yox, bəlkə də çox verər. Yeddi yüz, ya da səkkiz yüz, lap... 

O, danışırdı, mən isə beynimdə riyazi hesablama aparırdım. Axır ki, uzun sürən monoloq başa çatdı. Ofisiantı çağırdı, hesabı ödədi. Dedi ki, müntəzəm olaraq çoxlarına kömək edir. Ancaq adlarını açıqlamır - əsl kişi bu barədə danışmamalıdır, sağ əlin verdiyini, sol əl bilməməlidi. Sonra portmanatını çıxarıb mənə yüz dollar uzatdı. Söhbətinə davam etdi, pulu götürməyimi xahiş etdi, dedi ki, nə vaxt problemim olsa, çəkinib-eləmədən ona müraciət edim. Götürmədim. O, pulu cibimə dürtdü. Düşündüm: o, DYP-yə pul verib ilk dəfə gördüyü qadını çıxılmaz vəziyyətdən qurtardı. Qadının qısa yubkası var idi. Belə çıxır ki, ikimiz də onun gözündə eyniyik, elə qiymətlərimiz də eynidir. İkimiz də yüz dollarayıq. Düzünü desəm, qadın yəqin ki, daha qiymətlidir. O, qadının telefon nömrəsini aldı, nə bilim bundan sonra qadına çəkdiyi xərclər nə qədər olacaq? Əgər qadını yol polisindən xilas etmək üçün yüz dollarlıq əskinası necə tulladığını görməsəydim, bəlkə də pulu alardım. Ancaq QADININ DYP-NİN CƏNGİNDƏN 100 DOLLARA NECƏ XİLAS ETDİYİNİ GÖRƏNDƏN SONRA heç cür qəbul edə bilməzdim. Dollar nə az idi, nə də çox. Və bu adam deyirdi ki, adamlarımız az oxuyurlar. Biznesmenlərimiz pullarını müğənnilərə xərcləyirlər. O, hələ onların arasında ən yaxşısıdır. Verdiyi isə yüz dollardır. Özümü təhqir olunmuş hiss elədim. Başa düşdüm ki, vəziyyətimiz həqiqətən də çox ağırdır. Bu bizim mesenatımızdır. Əsl mesenat. Bu adam belə hesab edir ki, mən ona üç saat qulaq asmalıyam və sonra da bu yüz dolları götürüb üstəlik ona hələ təşəkkür də etməliyəm. Hələ Tanrıya da şükür etməliyəm ki, dünyanın sonu deyil, yaxşı ki, hələ belə ağıllı, dürüst insanlarımız var. Cibimdən yüz dolları çıxardım. Geri qaytardım. Götürmədi. Mənə müntəzəm olaraq kömək edəcəyini bir daha təkrar elədi. Dedi ki, nə vaxt problemim olsa, ona müraciət edə bilərəm. Pulu götürmək istəmirdi. Mən təkid edirdim ki, götürsün. Almırdı. Mən də pulu onun cibinə dürtdüm. O, yenə əskinası çıxarıb cibimə qoydu. Bu lənətəgəlmiş yüz dolları cıra da bilərdim, ancaq bu çox bayağı görsənərdi. Bircə banal görünməməyin xətrinə əskinası cırmadım. Güləşçilər kimi əlbəyaxa olduq. Təkcə referimiz çatmırdı ki, bizə qazandığımız xalları versin. O, nəhayət ki, pulu götürməyəcəyimi başa düşdü. Əsəbiləşdim, üstəlik qışqırdım ki, həyatda bu pulu götürmərəm! Kabinetdən çıxdıq. Maşına əyləşdik. O, yorğun və çox pərt görünürdü. Sanki o məni yox, mən yüz dolları qəbul etməməklə onu pərt etmişdim. Yolboyu susduq. Maşından düşəndə mənə dedi: "Pulu nahaq yerə götürmədin. Mən yaradıcı insanlara hörmət edirəm və onlara əl tuturam". Sonralar o, bir neçə dəfə də zəng vurdu, ancaq görüşməkdən hər dəfə imtina etdim. Və yəqin ki bu adam hələ indiyə qədər pulu nə üçün götürmədiyimi başa düşməyib...

Seymur Baycan

Yuxarı