post-title

İbrahimbəyovun qorxulu kinosu

Əbdülrəhman Vəzirov ölkəyə rəhbərlik elədiyi dönəm müsahibələrinin birində özündən əvvəl uzun illər Azərbaycan kommunistlərinin lideri olmuş siyasi rəqibini cürbəcür intriqalarla Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və s. kimi dünya çaplı sənətkarların arasını vurmaqda ittiham eləmişdi. O vaxtdan təkzib edilməyən bu ittiham düzdürsə, güman etmək olar ki, mədəniyyətimizin başqa sahələrində də bu cür siyasət aparılıb.

 

Avtokratik idarəetmə metoduna xas bu cür siyasətlərin məqsədi aydındı: ayrı-ayrı nüfuz sahiblərinin birləşib güc mərkəzinə çevrilməsinə imkan verilməməlidi. Rüstəm İbrahimbəyovun başçılıq elədiyi təşkilatla eyni adda ikinci Kinematoqrafçılar İttifaqının yaradılması xəbərini oxuyanda yadıma Ə.Vəzirovun həmin sözləri düşdü. Heç nə dəyişməyib! Demək, yenə sənətkarlar üz-üzə qoyulur!?

Sənət adamları arasında rəqabət, daxili çəkişmə hər dövrdə, hər cəmiyyətdə olub, indi də belədi, sözümün canı bu deyil. Söhbət dövlət adından danışan adamların şəxsi hakimiyyət maraqlarına xidmət edən idarəetmə sistemi formalaşdırması və bundan qaynaqlanan siyasi təfəkkür, əxlaq və davranış qaydaları diqtə etməsindən gedir. Dövlət adına yürüdüləsi siyasət daxili ictimai resursları dağıtmağa xidmət eləməməlidi, axı, bunun tamam əksinə olmalıdı. Xüsusilə dörd bir yanı dost olmayan ölkələrlə əhatələnmiş Azərbaycan kimi balaca dövlətin daxili həmrəyliyə yönəlik siyasət və idarəetmə mexanizminə ehtiyacı olduğu dövrdə. 

Ölkəni idarə edənlərin, demək olar, əksəriyyəti müxtəlif elm sahələri üzrə fəlsəfə doktoru dərəcəsi alıblar. Ölkəni sanki filosoflar idarə edir. Bəlkə antik çağın filosofu Sallustun dediyi “Barışıq şəraitində balaca dövlətlər də inkişaf edir, ədavət mühitində böyüklər də dağılır” sözləri həmin filosoflar üçün başqa məna verir? Bilmirəm! Hər halda Rüstəm İbrahimbəyovu yenmək üçün ikinci bir Kinematoqrafçılar İttifaqının yaradılması fəlsəfəyə söykənən müdrik dövlət siyasətinin nəticəsi deyil, olsa-olsa dünənin saqqallı mujikini bu günün hakimiyyət səlahiyyətlisinə çevirən 20-30-cu illərin bolşevik idarəçilik metoduna oxşayan siyasətin dar dünyagörüşünün məhsuludu. 

Tutalım, İbrahimbəyovu Azərbaycanda yendiniz, Rusiyada, Fransada, ABŞ-da da yenəcəksiniz? Bu işi tutanlar elə bilirlər ki, Rüstəm İbrahimbəyovla yanaşı Şəfiqə Məmmədovanı, Ayaz Salayevi də yenirlər. Sənət adamına dava açmaq, yumşaq desək, savadsızlıqdı. Çox demirəm, on beş-iyirmi il qabağı görməyi bacarmaq yetər ki, biləsən, xalqın yaddaşında və tarixində bugünün hakimiyyət səlahiyyətli məmuru yox, yenilməsinə can atılan sənətkarı qalacaq. 

İkinci Kinematoqrafçılar İttifaqında toplanan sənətkarları qınamaqdan tamam uzağam. Orada sənətinə, şəxsiyyətinə hörmət etdiyim Ayaz Salayev kimi adam var. Onların belə qərar qəbul etmə səbəblərini bilmədiyimdən bu haqda danışmaq mənə düşməz. Amma bütün hallarda bu işdə hakimiyyət izi aydın görünür. Sənət adamlarının zəif damarını hakimiyyətlər qədər görən və tutmağı bacaransa, yoxdu...

Salvador Dali bu sözləri gündəliyinə ötən əsrin 50-ci illərində qeyd eləmişdi: “Qır-qızıla görə kompromisdən qaçmağın ən sadə yolu ona malik olmaqdır. Pul olanda istənilən “xidmət” mənasını itirir. Qəhrəman heç yanda xidmət eləmir! O, nökərçiliyin tam əksidir”. Dahi rəssamın bu sözləri hansı ovqatda yazdığını duymaq olar, hər halda həmin illərdə onun sərvəti milyonlarla ölçülürdü. Sağlığında maddi sıxıntı çəkməmək hər rəssama, sənətkara nəsib olmayan taledi. Tale öz yerində, sənətkarın istedadını üzə çıxaran, ona təmənnasız qiymət verən mühitin mövcudluğu da əsas şərtdi. Diktaturalarda vicdanı əksinə gedə bilməyən sənətkarlar cəmiyyətin künc-bucağına çəkilməyə məcbur olurlar, sovet dövründə əsərləri nəşr olunmayan yazıçı-şairlərin bədii tərcüməyə sığındığı kimi.

Bu gün başından sərvət aşıb-daşdığı vaxtında belə Azərbaycanın əsl sənət adamları bir parça çörəklə imtahana çəkilirsə, kino-teatr xadimi gözünü “prezident təqaüdü”nə dikirsə, beş yazıçısı bir ev üstündə abırdan gedirsə, rəssamı, heykəltaraşı yalnız siyasi liderin şəkil və heykəli üçün sifarişə ümidlidisə hansı mədəni çiçəklənmədən danışılır? Bilmirəm! Vicdanı əksinə gedə bilməyənlərin işi daha zülmdü. 

Sənətkarları asılı eləmək, üz-üzə qoymaq siyasi qorxudan xəbər verir! Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov və bu çəkili sənətkarların bir yerdə olması böyük güc, qarşısıalınmaz ictimai rəy demək idi. Bu gücün qarşısında hər siyası qüvvə tab gətirməzdi. Odur ki, onları ayırmaq, üz-üzə qoymaq, zəiflətmək və beləcə tabe eləmək lazım idi. Həmin siyasət indi də davam edir. Bu dəfə imtahanda kino xadimlərimizdi.

Sənəti, sənətkarı savad və qabiliyyəti tutduğu vəzifədən qat-qat aşağı olan dar qafalı məmura tabe elətdirilən siyasət xalqa faciə yaşadar. Parisdə “Anna Karenina” filmi nümayiş olunarkən qraf Tolstoyun qızı Tatyana Tolstoy-Suxotina, pulsuzluq ucbatından həmin filmə baxa bilməmişdi. Bu, tək onun, atası Lev Tolstoyun faciəsi deyildi. Bu, bütöv rus xalqının faciəsi idi!

Allah bizi kitabımızı oxuya, kinomuza baxa bilməmək faciəsində qorusun! Sözümün canı budu, yoxsa, kinodan qorxanlar İbrahimbəyova neyləyəcəklər ki, dövlət adına sığınsalar belə?!

Vahid Qazi

http://vahidqazi.wordpress.com

Yuxarı