post-title

Meydan sənindi, Tbilisi...

(Bu yazı 2015-ci ildə superkubok matçının Tbilisiyə həvalə olunmasına həsr olunur)

 

Azərbaycanın "Qafqaz futbolu" deyiminə özünü şərik qoşması haqsızlıqdı. Bu ifadə gürcülərin zəhmətinin bəhrəsidi. Bunu ortaya qoyan və isbat edən onlardı, biz deyilik. Tbilisi "Dinamo"su "Qafqazın Braziliyası" adlandırılırdı, SSRİ yığmasında da həmişə əsasən ukraynalılar və gürcülər oynayıb.

Bizimkilərsə öz uğursuzluqlarını, yararsız futbolunu, "bizə qarşı həmişə ayrıseçkilik olub" bəhanəsiylə ört-basdır ediblər. O sizə elə gəlir.. Əgər belə despot resjim olsaydı, onda SSRİ yığmasında rus futbolçular dominantlıq edərdi, gürcü və ukraynalılar yox... İnsanları aldatmısız, onlar da elə bilib ki, həqiqətən bizi qoymayıblar qabağa gedək və s.

Elə aldananlardan biri də mən olmuşam. Lakin bu işlərin içini biləndən, öyrənəndən sonra adam bilir ki, belə deyil, üstü pas bağlamış, toz basmış həqiqətləri üzə çıxartmaq lazımdı, Azərbaycan futbolunun öyünəsi bir şeyi yoxdu. Var, ancaq taciklər, türkmənlər, qırğızlar, qazaxlar qarşısında. Qalan SSRİ ölkələri içində futbol adına bizimkilərin ləpirinə rast gələ bilmirik.

Banişevski başda olmaqla 60-cı illərdən bu yana 7-8 layiqli futbolçumuz olub, onların da yarısı rus, osetin əsilli. Layiqlilərin də qiymətini, qədrini bilməmisiz. Banişevski fenomenini elə təhqir etdiz, sonuncu mogikan, Zaur Tağızadənin də dəyərini heçə endirdiz... Sizinki futbol deyil, başqa şeydi, sözlə bildirsək, camaat lap iyrənər.

Sizin 66-cı il "bürünc"ünüz "metalloma" verilməlidi, bezdirmisiz bu nağılınızla. Kütləni nağıllarla ovsunlamayın, Azərbaycan futbolu keçmişiylə öyünə bilməz.

Gürcüstan futbolu Şengelia, Qabelia, Çivadze, Sulakvelidze, Kaladze, Arveladze və s. dünya səviyyəli adlar ərsəyə gətirib. İndi üzünüzü çevirin Azərbaycana və mənə bu adlarla yanaşı dura biləcək adlar sayın. Siz fikirləşənə qədər mən bir-iki fikrimi də bildirim.

Kimdi futbolumuzun keçmişini bu günə daşıyan? Varmı belələri? Gürcüstanda futbolu bitirən ünlülər futbol məktəbi açır, öz zəhmətiylə, şəxsi təşəbbüsü bə bacarığıyla iş qurur, futbolçu yetişdirir. Qonşu ölkədə yüzə yaxın uşaq futbol məktəbi var! Azərbaycanda isə futbolu o vaxt bitirənlər indi bir yığın veteran kütləsi əmələ gətirib və AFFA-dan, dövlətdən müftə dolanışıq istəyir, dilənir... Bir problemə "dərman" deyillər, özbaşınalıq, pul yeyintisi və əndirabadi "mütəxəssis"lərin meydana doluşması onları narahat etmir. Onlarınkı ancaq ucuz kafelərdə oturub qeybət qırmaq, istefaya göndəriləcək hansısa məşqçinin yerinə soxulmaq və başqa iyrənc vərdişlərdi.

İndi futbolçu karyerasını bitirənlərsə dərhal məşqçi olmaq istəyir, çox halda da baş məşqçi. Onların çoxu da futbolçu oynayan vaxt pula pul deməyənlər olur, karyerası bitəndə isə səfil günə düşür. Bunun sirri nədədi? Bu, insan psixologiyasıdı - adamın intellekti, tərbiyəsi yerində, lazmi qədər olmayanda o, əlinə düşən heç nəyin qədrini bilməz, dəyərini anlamaz.

Hərdənbir rastalaışırıq ki, hansısa Azərbaycan klubunu "Qafqazın Çelsisi", "Qafqazın Barslonası" və s. adlandırırlar. Xahiş edirəm, Qafqaz futbolunu aşağılamayın, o adlar məhz Gürcüstan klublarına layiqdi, onların 1-2 milyon büdcəsi olan klubu Avropa liqalarında qrup mərhələsinin biraddımlığına gedəndə bizim 25 milyonluq büdcəsi (guya) olan klublarımız hələ mərhələ adlamağın nə olduğunu bilmir. Gürcüstan yığmasıdı Qafqaz futbolunun üzünü ağ edən, Ermənistan yığmasıdı Avropa Çempionatına vəsiqəni son qrup oyununda əldən verən, baş məşqçisinin müqaviləsi 4 milyon olan mahiyəti isə 4 qara qəpiyə dəyməyən Azərbaycan yığması yox...

Ən nəhayət, Gürcüstan ona görə futbolda bizdən min dəfə öndədi ki, artıq Tbilisi Avropanın ən böyük matçlarından birini qəbul etməyə layiq görülüb. Xəbəriniz var yəqin, Çempionlar Liqası və Avropa Liqası yarışının qalibi arasında superkubok matçı 2013-cü ildə Praqa (Çexiya), 2014-cü ildə Kardiff (Uels), 2015-ci ildə isə Tiflisdə baş tutacaq.

Güzgüyə baxıb eybinizi görəndə güzgünü sındırmayın, eybinizi düzəldin...

Elçin CƏLİLOV

FutbolPress.Az

Yuxarı