post-title

Uruqvayda marixuana leqallaşacaq

Bu günlərdə Uruqvay hökuməti ölkədə marixuananın istehsalı və satışının dövlət nəzarətinə alınaraq leqallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Uruqvay rəsmiləri bildirmişlər ki, ölkə şəhərlərinin küçələrində narkotika cinayətkarlığına qarşı təsirli mübarizə məqsədi ilə 15 bənddən ibarət "Tədbirlər planı" tərtib edilərək dövlət başçısı Xose Alberto Muxiko Kordanoya təqdim edilmişdir.

 

Qeyd edək ki, Uruqvayda son illər yeniyetmələr arasında narkotik maddələrin insan səhhəti üçün ən zərərlisi hesab olunan kokainin istifadəsi kəskin artmışdır. Müşahidələrə görə, yeniyetmələrin məhz kokaindən geniş istifadə etmələri onları ağır, dəhşətli cinayətlərə sürükləyir. Bunu nəzərə alaraq hökumət yeniyetmələr arasında yüksək təsirli narkotiklərin istifadəsinin qarşısının alınması üçün nisbətən az zərərli narkotik maddələrin, konkret olaraq, marixuananın ölkədə leqallaşdırılmasını zəruri hesab edir. Bununla da, Uruqvayda hökumət tərəfindən yeniyetmə və gənclərə alternativ seçim təklif edilir. 

BMT mütəxəssislərinin hesablamalarına görə, hazırda Uruqvayda hər dörd cinayətdən biri alkoqol qəbul etmiş və ya narkotiklərdən istifadə etmiş yeniyetmələr tərəfindən törədilir. Mövcud qanunlara görə, ölkədə marixuananın istehsalı və saxlanılması qadağandır. Dövlət başçısı hökumətin yeni təklifini təsdiq edərsə, marixuananın istehsalı və saxlanılması leqallaşdırılacaq. Hesablanmışdır ki, marixuananın qeyri-leqal dövriyyəsi ildə 75 milyon dollar vəsaitin dövlət büdcəsindən yayınmasına səbəb olur.

Sonda bildirək ki, Uruqvayda marixuana istehsalı və istehlakı leqallaşarsa, bu ölkə Latın Amerikası dövlətləri arasında həmin addımı atmış birinci dövlət olacaq. Yeri gəlmişkən, əksər təhlilçilər Uruqvay Prezidenti Xose Alberto Muxiko Kordanonun ölkədə marixuananı leqallaşdırmasını nəzərdə tutan sənədə imza atacağını ehtimal edirlər.

Xalq Qəzeti

Yuxarı