post-title

Gənclər Tiflisdə M.F.Axundzadənin məzarını ziyarət etdi

İyulun 14-də bir qrup gənc sənət və ictimaiyyət nümayəndəsi böyük mütəfəkkir Mirzə Fətəli Axundzadənin məzarını ziyarət edib.

 

Xatırladaq ki, iyulun 12-də M.F.Axundzadənin doğulmasının 200 ili tamam oldu.

İştirakçılardan aldığımız məlumata görə səfərin əsas məqsədi böyük fikir adamının yubileyini qeyd etməklə yanaşı bu mühüm hadisəyə ictimaiyyətin diqqətini çəkməkdir.

Tədbirin ideya müəllifi və təşkilatçısı yazıçı Seymur Baycan olub. Tədbirdə yazar Günel Mövlud, aktyor, əməkdar artist İlqar Cahangir, gənc publisist Dilqəm Əhməd, gənc hüquqşünas Zaur Qurbanlı, Azad Fotoqraflar Birliyinin üzvü, dizayner Hacı Hacıyev, gənc bəstəkar Firudin Allahverdi, ANN.Az portalının redaktoru Cavid Ramazanov, Azad Gənclik Təşkilatının sədri Ülvi Həsənli və dəxi N!DAçı və AGT-çilər iştirak edib.

Tədbir təşkilatçılarının Kultura.Az portalına verdiyi məlumata görə görkəmli şəxslərin məzarını ziyarətə Gürcüstanda yaşayan azərbaycanlıların da nümayəndələri qoşulub.

Gənclər Gürcüstanın paytaxtı Tiflisin Botanika bağındakı məzarlıqda uyuyan digər görkəmli şəxslərin - XIX əsr Azərbaycan poeziyasının məşhur nümayəndəsi Mirzə Şəfi Vazehin, 1918-20-ci il Respublikasının baş naziri Fətəli xan Xoyskinin, parlament sədrinin müavini Həsən bəy Ağayevin və başqalarının da məzarlarını ziyarət etmiş, qəbirləri üstünə gül dəstələri qoymuşlar.

Cavid Ramazanov

Fotolar: Hacı Hacıyev

Kultura.Az

Yuxarı