Şərqin yeni tarixi

Сеймур БАЙДЖАН

 

Axundova qədər Şərq ədəbiyyatı gül-bülbül, aşiq-məşuq mövzularının bataqlığına çevrilmişdi. Şərq şairləri adil şah axtarışında idilər. Hər kəs nəsihət verməklə gününü keçirirdi. Sözün həqiqi mənasında ağızlarına gələni yazırdılar. Adil şah axtaran şairlərin bir çoxu despotların, başkəsənlərin, qaniçənlərin saray şairləri idilər. Adil şah axtaranlar qaniçənləri, cəlladları məclislərdə əyləndirirdilər. 

Bəli, cənnət sevdası, cəhənnəm qorxusu hələ heç bir xalqı ağ günə çıxartmayıb. Elə bizim dövrümüzdə saray şairləri ədalət, kişilik, vicdan mövzusunda şeirlər yazmaqdadırlar. Axundov gül-bülbül aşiqlərinə, adil şah axtaranlara böyük bir zərbə vurdu.

Axundova qədər yazıb-yaradanların bizə dəxli yoxdur. Onlardan bizə xeyir gəlməz. Təsadüfi deyil ki, Əhməd Ağaoğlu "Şərq ədəbiyyatına sərf etdiyim vaxtı itirilmiş vaxt hesab edirəm",- deyirdi. Axundov Avropa dəyərləri, Avropa mədəniyyəti ilə bizim aramızda yazılı körpü yaratdı. Yaradıcılıqda öncəgörmə, uzaqgörənlik çox mühüm amillərdən biridir. Zatən tarixin gedişatı, dünyanın bugünkü halı Axundovun necə uzaqgörən bir şəxsiyyət olduğunu, bizə necə doğru yol göstərdiyini sübut etdi. 

Tarix göstərdi ki, mədəniyyət çox dəhşətli bir silahdır. Vay bu silahın gücünü anlamayanların halına!

Monqollar bir vaxtlar bütün dünyanı işğal etmişdilər, amma bu gün monqollar Çingiz xan haqqında film çəkə bilmirlərsə, Çingiz xan haqqında filmi ruslar, amerikalılar çəkirlərsə, kimə lazımdır bu tarix?

Əgər bir xalqın teatrı, kinosu, operası, baleti yoxdursa, həmin xalqın tutaq ki, hər hansı bir heyvan sürüsündən fərqi varmı? Zatən teatr, kino, opera, balet olmayan bir çox ölkələrdə insanı insan yerinə qoyan yoxdur, insanla heyvan kimi davranırlar. Avropanın bir çox ölkələrində heyvanların hüququ, Şərqin bir çox ölkələrindəki insanların hüququndan daha çox qorunur. Yəni, Avropanın heyvanı hüquq baxımından Şərq insanından daha qiymətli sayılır. Bəli, nə etməli, vəziyyət belədir. Axundov da belə deyirdi. O deyirdi ki, İngiltərədə artıq heyvanların hüququnu qorumağa başlayıblar, bizim məmləkətdə isə tutub adamların qulaqlarını kəsirlər.

Təəssüf ki, bu böyük şəxsiyyətin yazdıqları hələ də aktual olaraq qalır. Bu, bizim faciəmizdir. Aydın Talıbzadənin təbirincə desəm, Azərbaycan xalqı o zaman xoşbəxt olacaq ki, Sabir bir şair kimi öz aktuallığını itirəcək. Sabir haqqında deyilmiş bu fikir bizim hər bir maarifçi yazarımıza aid ola bilər... 

Zaman Axundovun necə böyük şəxsiyyət olduğunu göstərdi. Zaman göstərdi ki, inkişafın bir yolu var: Elm, təhsil, məktəb, kitab, mədəniyyət. Yəhudiləri söyməklə iş bitmir. İsrail təhsilə ən çox pul ayıran, təhsilə ən çox pul xərcləyən ölkələrdən biridir. Reallıq budur və reallıq hər zaman öz sözünü deyir. Viktor Hüqonun Volter haqqında səsləndirdiyi fikirlərin bir çoxunu Axundov haqqında da deyə bilərik. Axundov Şərqin Volteridir. 

Bəli, əsl dahini keçmiş əsrlər lənətləyir, gələcək əsrlər isə alqışlayır. Axundovu bəyənməyənlər zamana uduzublar. Onların nicatı yoxdur. Axundovu bəyənməmək, onun göstərdiyi yola inanmamaq, orta əsrlərin dili ilə danışmaq deməkdir. Axundov məğlubedilməzdir, çünki Axundov belini elm, mədəniyyət, təhsil adlı həqiqətə söykəyib. Hər bir maarifpərvər, tərəqqipərvər, bəşəri dəyərləri özünə dəyər seçmiş azərbaycanlı sağ əlini ürəyinin üstünə qoyaraq arxayınca Axundov şəxsiyyəti ilə fəxr edə bilər. Etməlidir. 

XXX 

İndi guya Axundovun 200 illiyi keçirilir. Səmimi deyillər. Ona görə "guya" sözünü işlətdim. Axundov kimi böyük bir şəxsiyyətin 200 illiyi belə sönük keçirilməməlidir. Elə bil zorla tədbirlər keçirirlər.

Əslində isə bütün ölkədə Axundovla bağlı tədbirlər keçirilməli idi. Başdan-başa rüşvətə, korrupsiyaya bulaşmış bir sistem üçün yəqin ki, Axundovun 200 illiyi də pul mənbəyidir. Yoxsa Axundovla bağlı tədbirlər belə sönük alınmazdı. Mənasız bir mahnı yarışmasının, mənasız bir idman yarışmasının Axundovun 200 illiyindən daha gur keçirilməsi faciədir. Faciənin buynuzu olmur.

Sanki Axundov hər il dünyaya gələn adi bir insandır. Cənablar, sonra deməyin Avropa bizi inkişaf etməyə qoymur. Sonra deməyin "mason"lar bizi inkişaf etməyə qoymur. Qoy, Azərbaycan hakimiyyəti mənasız mahnı yarışmasına, mənasız idman yarışmasına Axundovun 200 illiyindən daha çox pul xərcləsin. Qoy, Azərbaycan hakimiyyəti mənasız mahnı və idman yarışmalarını Axundovun 200 illiyindən daha təm-taraqla qeyd etsin. Onsuz da bu xalqı həmişə fərdlər xilas etməyə çalışıb.

Əgər biz tam olaraq Türkmənistana, Əfqanıstana, Yəmənə, Banqladeşə çevrilməmişiksə, bunun üçün Axundova, Zərdabiyə, Mirzə Cəlilə, Haqverdiyevə, Üzeyir bəyə və canları, qanları bahasına bizi bəşəri dəyərlərə, insanlığa, mədəniyyətə tərəf yönəldən digər şəxsiyyətlərə borcluyuq. Onların necə böyük fədakarlıq, bizə necə böyük yaxşılıqlar etdiyini anlamaq üçün ötən əsrin əvvəllərində baş verən hadisələrin bir neçəsini xatırlamaq kifayətdir. Məsələn, Həmidə xanım öz xatirələrində yazır ki, Təbrizdə "Ölülər" tamaşası göstəriləndə artistlər qorxularından səhnəyə tapançayla çıxmışdılar... 

Qoy, Azərbaycan hakimiyyəti mənasız idman və mahnı yarışmalarını Axundovun 200 illiyindən daha təm-təraqla qeyd etsin. Bu o demək deyil ki, bizlər ağzımıza su alıb susmalı, əlimizi, ayağımızı uzadıb sakitcə yatmalıyıq. Hər bir tərəqqipərvər, maarifpərvər valideyn öz övladına Axundovdan danışsın. Övladına Axundovun əsərindən bir parça oxusun.

Qoy, bir maarifpərvər, tərəqqipərvər iş adamı yüz ədəd ağ köynəyin üstünə Axundovun şəklini, adını yazdırıb ətrafındakı insanlara paylasın. Qoy, bir maarifpərvər, tərəqqipərvər iş adamı yüz ədəd fincanın üstünə Axundovun adını yazıb öz işçilərinə hədiyyə etsin. Qorxmayın, çox xərcə düşməzsiniz. Uzağı bir toya xərclədiyiniz pul qədər xərciniz çıxar. 

"Qəm pəncərəsi" filminin sonunu xatırlayın. Ziyarətə gedənlərlə təhsil almağa, oxumağa gedən Mirzə Cəlilin baxışları toqquşur. Sonra onların yolları ayrılır. Gözəl səhnədir. 

Axundovun məzarı Tiflis şəhərindədir. Qoy, kim hara istəyir, ziyarətə getsin. Hərənin öz yolu var. Tərəqqipərvər, maarifpərvər, bəşəri dəyərlərə önəm verən insanların Tiflis şəhərində Axundovun məzarını ziyarət etməsi Axundov şəxsiyyətinə bizim necə qiymət verdiyimizin göstəricilərindən biri olsun.

Bizim gələcək taleyimiz həm də Axundov şəxsiyyətinə hansı dərəcədə qiymət verməyimizdən, Axundov şəxsiyyətinə hansı dərəcədə həssaslıqla yanaşmağımızdan asılıdır. Əgər bu böyük şəxsiyyətin məzarı belə bir önəmli tarixdə ziyarətin üzünə həsrət qalacaqsa, o zaman bizim zəmanədən şikayətlənməyə haqqımız yoxdur. Söz fərdlərindir. Fərdlər hərəkətə keçməli, özləri özlərinə "mən Axundovun 200 illiyində nə edə bilərəm",- sualını verməlidirlər.

Yüzlərlə, minlərlə insanın İran, Ərəbistan çöllərinə ziyarətə getdiyi bir vaxtda, Axundovun Tiflis şəhərində yerləşən məzarını ziyarət etməmək böyük haqsızlıq olardı. Biz o məzarı heç olmasa, belə bir önəmli tarixdə ziyarət etməyə özümüzdə güc və təpər tapmalıyıq. Və nəzərə almaq lazımdır ki, Axundovun məzarı bizə məsafə baxımından ən yaxın və ən doğma məzarlardan biridir.

Seymur Baycan

"Reytinq"

Kultura.az | Developed by Samir Yahyazade