post-title

Ümidsizlərə xitab!

Tez-tez eşidirəm ətrafımızdakılardan vəziyyətin çıxılmaz olduğunu, insanlarımızın təfəkkürünü dəyişməyincə heç nəyə nail ola bilməyəcəyimizi.

 

Əlbəttə, bugünkindən tamam fərqli, çağdaş, mədəni, məsuliyyətli bir toplumun üzvü olmağı hamımız istəyirik. İstəyirik ki, modern bir toplumda yaşayaq, insanlar mental girovluqdan azad olsunlar, yeni dəyərlərə yiyələnsinlər, həyat və düşüncə tərzini dəyişsinlər, çağdaşlaşsınlar, uyğarlaşsınlar.

Amma heç düşünürükmü ki, biz buna nə ilə nail olmalıyıq? Əlimizdə hansı resurslar var?

Guya bu gün bizim cəmiyyətə xitab etmək imkanlarımız XIX əsr maarifçilərimizdən o qədərmi çoxdur? Bəli, bu gün televiziya var, amma bəs telekanallar kimindir? Bizimdirmi?

Bəlkə universitet audioriyaları bizimdir?

Bu gün qəzetlər var, amma əyalətlərdə bir yana, heç Bakıda sata bilirikmi onu? Doğrudur, günümüzdə internet var, amma onun qiymətindən və keyfiyyətindən də xəbəriniz varmı? Kəndləri bir tərəfə qoyuram, rayon mərkəzlərində durumun necə olduğunu bilirsinizmi?

Yaxşı, bu şərtlər altında toplumun qafasını necə dəyişə bilərik? Onu öz ibtidailiyindən necə qopara, fərqli, özgür, yenilikçi, modern bir dünyaya necə apara bilərik?

Biz müdafiə etdiyimiz dəyərləri topluma aşılamaq üçün nəhəng tribunaların hamısından məhrumuqsa, məhrum edilmişiksə, cəmiyyəti dəyişmək imkanlarının hamısı əlimizdən alınıbsa, kütləni niyə qınayaq? O bizi harda dinlədi, o bizi harda eşitdi ki, biz onun seçimini guya köhnəlikdən, mentallıqdan yana etdiyindən gileylənirik?

Yaxın tariximizə baxın. Nə vaxt ki, topluma xitab imkanları bu günkündən daha çox, daha geniş idi, seçkilər irticanın ağır məğlubiyyətləri ilə bitirdi, onminlər meydanda idi. Bir neçə televiziya çıxışı ilə 2003-də, 2005-də kütlənin beynində necə dönüş yaradıldığını xatırlayın.

Bu günlərdə hüquqşünas Erkin Qədirli qeyri-rəsmi atmosferdəki bir söhbətimizdə 2010 seçkisində beş dəqiqəlik teleçıxışı ilə namizəd olduğu dairədə vəziyyəti öz xeyrinə necə dəyişdiyindən danışdı. Reallıqdır bu. Cəmiyyətdən şikayətlənək şikayətlənməsinə də, amma bunu da unutmayaq: bizim topluma çıxış fürsətimiz yarananda Azərbaycan cəmiyyətinin buna əks-reaksiyası kifayət qədər ümidverici olur. O dəyişikliyə, taleyində yeni səhifənin açılmasına müsbət reaksiya verməyi bacarır.

Hakimiyyət başbilənlərinin son çıxışlarının məzmununa diqqət yetirin. Onların verdikləri mesaj, toplumun zehninə yerləşdirmək istədikləri fikir nədir? Avropa acından ölür, batıb gedir, çünki onlar indiyədək düz yolu tutmayıblar, indi də bunun altına çəkirlər, biz isə öz yolumuzla getdiyimiz üçün çox xoşbəxtik, böhran-möhran hərləmirik, inkişaf edirik, bu saat Qərb bizə baxıb ağzının suyunu axıdır, paxıllığımızı çəkir və s. və i.a.

Bu bilirsinizmi nə deməkdir? O deməkdir ki, "ey azərbaycanlılar, siz bugünki mental girovluğunuzda, ibtidailiyinizdə, aqrar təfəkkürünüzdə qalın, "Can-Cana"nızdan möhkəm yapışın, sizin xoşbəxtliyiniz məhz bu arxaikliyinizdə, milli-mənəvi dəyərlərə bağlılığınızda, ictimai köləliyinizdə, cahilliyinizdədir. Neynirsiniz, oxuyub, düşünüb başınızı ağrıdırsınız, baxın, avropalılar elm, bilgi, mədəniyyət, demokratiya, hüquq, ədalət arxasınca düşünüb axırda nə günə qaldılar?"

Hakimiyyət başbilənləri səhərdən axşama bu təbliğatla məşğul ikən, o təbliğatın önünə isə bizim öz arqumentlərimizi, öz həqiqətimizi qoymaq imkanı yoxkən biz cəmiyyətdən nə umuruq, umub da niyə küsürük? Cəmiyyət birtərəfli təbliğatın nəticəsində indikindən fərqli olmayıb, başqa necə olmalıdır?

Baxın, bunlar telekanallara hər ağılda adamı çıxarırlar: tamadanı, mollanı, manısı, meyxanadeyəni, dolmabükəni, amma azad düşüncəli, modern fikirli kimin üzünə açırlar telekanalların qapısını? Nə vaxt bu telekanallarda kitab təbliğ edildiyini gördünüz? Təzəyin necə düzəldiyi haqqında veriliş hazırlayırlar, amma polemika proqramları yasaqdır. Fikir dartışmaları, çəkişmələri qadağandır. Bunlarsız siz toplumdan hansı dəyişiklik gözləyə bilərsiniz və gözləyirsiniz?

Axı bizim topluma həzm etdirilən arxaik dəyərlərə alternativ təqdim etmək üçün hansı tribunalarımız var? 90-cı illərdə çayxanalarımız vardı, indi heç o da yoxdur. Vəziyyət elə keçən əsrin əvvəllərində olduğu kimi ağırdır.

Cəmiyyətlə dialoq mümkünsüzə çevrilib. Hər şey sadəcə bir adamın monoloqu ilə müəyyənləşir. Elə isə dəyişikliyə toplumdan başlamaq qədər axmaq fikir ola bilərmi?

Biz əvvəlcə bu rejimi dəyişməliyik ki, cəmiyyətə birbaşa çıxış imkanları qazanaq, təsir imkanları əldə edək. Əks halda Azərbaycan toplumunun qafasında ciddi dönüşə ümid etmək ya dəhşətli dərəcədə optimizmin, ya da dəhşətli dərəcə sadəlöhvlüyün əlaməti sayıla bilər.

Dəfələrlə yazdım, təkrar yazmaqda da fayda var: xalq plastilindir, əziz dostlar, ondan hər şey düzəltmək olar. İndikilər qul, kölə, sürü düzəldir, biz də elə bir imkan əldə etməliyik ki, ondan arzu etdiyimiz modern, çağdaşçı, bilgiyə dayanan cəmiyyət formalaşdıraq. Bunun yolu da hazırki sistemin məhvidir, bu rejimin ləğvidir.

Yenə yaxın dövrün təcrübəsinə baxaq. Məsələn, Azad Yazarlar Ocağının (AYO) Azərbaycanda gəncliyin önəmli hissəsinin beynində necə fırtına yaratdığını, onların baxışlarını nə qədər dəyişdiyini elə həmin gənclərin öz dilindən eşidirik. Özləri etiraf edirlər ki, AYO ən minimal imkanları ilə onlarda necə zehni inqilab yaradıb. Bir də əlimizdə daha geniş imkanlar, tribunalar olduğunu düşünün. Təsəvvür edə bilirsinizmi, çeşidli partiya və təşkilatların çətiri altında birləşən, ya da heç bir siyasi və ictimai mənsubiyyəti olmayan, amma kifayət qədər uyğar, duyarlı nə qədər nəhəng bir gənclik ordusu yaranardı?

Sizə heçmi qərib gəlirmi ki, niyə hətta Bakının mərkəzində hansısa kitab yaxud qəzet oxuma aksiyasını belə, "istefa", "azadlıq" şürlarının səsləndiyi piketlər qədər amansızlıqla dağıdılır?

Niyə az qala hər küçəyə, tinə bir olimpiya idman kompleksi tikdikləri halda qəzet köşklərini ucdantutma yığışdırırlar? Niyə kitabxanaları kababxanalara çevirirlər? Niyə şadlıq evləri altında şitlik evləri tikirlər, amma kinoteatrlar da özəlləşdirmə adı altında havaya buxarlanır?

Yaxşı, bütün bunların qarşılığında siz toplumdan hansı dəyişimi gözləyirsiniz? Məktəbsiz, kitabsız, qəzetsiz bir toplumda necə düşüncə inqilabı etmək, onu necə modern, mədəni dünya xalqlarının sırasına qoşmaq mümkündür?

Ona görə də bir neçə yazı ilə, bir neçə mitinqlə ümidsizliyə qapılmaq, «yox əşşi, bu xalq düzələn deyil, boş yerə özümüzü öldürürük, o halından məmnundur, bizim əziyyətimiz özümüzə qalacaq» qənaətinə varmaq və kənara çəkilmək yersizdir.

Uzağa getməyək, qulağımızın dibində Saakaşvili və Gürcüstan nümunəsi var. Qafqazın hələ Sovet dövründən ən kriminallaşmış və korrupsiyalaşmış ölkəsində sistem dəyişikliyi ilə hansı nəticələrin əldə olunduğu örnəyi var. Dərs alaq, hədəflərimizi, məqsədlərimizi də ona görə müəyyənləşdirək.

Sistemi dəyişək, xalqı doğru yönə istiqamətləndirmək imkanları əldə edək, xalqı çağdaş, modern, demokratik dəyərlərlə tanış etmək fürsəti qazanaq, ondan sonra baxıb görərik ki, bu xalq uğrunda savaşmağa dəyərmişmi, dəyməzmişmi?

Elnur Astanbəyli

"Reytinq"

Yuxarı