Bernard Werber - Matryoşkalar

Литература

 

Elektronda şüur olsaydı,  atomdan daha böyük bir bütünün içinə daxil edildiyini anlayardımı?

Molekuladan daha böyük bir şeyin hissəsi olduğunu atom anlaya bilərdimi? Daha böyük olanın içində, məsələn, dişdə olduğunu molekula anlaya bilərdimi? Bəs diş insan ağzının bir parçası olduğunu zənn edə bilərmi? Xüsusən də elektron — insan bədəninin olduqca kiçik parşası olduğunu dərk edə bilərmi?

Biri deyəndə ki, Allaha inanır, sanki “mən — balaca bir elektron — iddia edirəm ki, molekul haqda bilgim var” deyir. Biri deyəndə ki, ateistdir, bu, “mən, balaca elektron, əminəm ki, mənim bildiyimdən artıq və yüksək heçnə yoxdur” bəyanatına bərabərdir.

Amma  hər şeyin  onların təxəyyülündən,  təsəvvüründən nə qədər daha böyük, nə qədər daha mürəkkəb olduğunu dindarlar da, ateistlər də bilsəydi, görəsən, nə deyərdilər?

Nəinki atomun, molekulların, dişin, insanların, hətta insanların özlərinin də planetin, Günəş sisteminin, kosmosun və hələki bizlərdə adı belə olmayan daha nəhəng şeyin hissəsi olduğunu bilən elektron gör nə qədər sarsılardı.

Miqyası bizim anlayış qabiliyyətimizi üstələyən bir matryoşkanın hissəsiyik.

Bu səbəbdən də özümü haqlı sayıram: insanların icad etdiyi Allah konsepsiyası qəbul edilməsi çətin olandan, bizim fövqümüzdə ola biləcək sonsuz mürəkkəb şeydən aralayan bir örtüdür, pərdədir.

Nisbilik

Hər şey nisbidir. Deməli, hətta nisbilik də nisbidir. Yəni, nisbi olmayan nəsə mövcuddur. Bu nəsə nisbi deyilsə, şübhəsiz  mütləqdir. Deməli... mütləq var.

Dəri soyulması

Dərisini dəyişdirəndə ilan kor olur. Biz də dəyişikliklər zamanı ətrafda baş verənləri dəqiq anlamırıq.

 

Ruscadan çevirdi: Ilahə Ucaruh

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade