M.Qorki - Gözəl kitab

Литература

 

 
 
Bu, sadə və amansız həqiqətlə dolu kitabda – müxtəlif millətli, lakin eyni şüura malik insanların bir-birlərini necə qırdıqlarından, öz əzablı və gözəl əməklərinin nəticəsi olan qədim abidələrini necə uçurub dağıtdıqlarından, mədəbləri, sarayları, evləri bir yığın zir-zibilə döndərdiklərindən, şəhərləri, kəndləri, üzüm bağlarını yerlə-yeksan etdiklərindən, əcdadlarının əkib-becərdiyi və indi dəmir qəlpələri ilə zibillənmiş, günahsız öldürülən adamların meyit qoxusu ilə zəhərlənmiş yüz min desyatinlərlə necə korladıqlarından danışılır.
 
Öz-özlərini qırmaq və mədəniyyəti məhv etmək kimi ağılsız bir işlə məşğul olan, dərilərini və əsəblərini, ürəklərini və düşüncələrini qıcıqlandıran hər şey haqqında düşünməyi bacaran bu adamlar allaha dua edirlər, səmimiyyətlə dua edirlər və kitabdakı qəhrəmanlardan birinin təsvirinə görə “eyni bir səfehliklə” dua edirlər, sonra yenə “eyni bir səfehliklə” öz canlarına vəhşicəsinə qəsd etməyə başlayırlar. Oxucu kitabın 437-438-ci səhifələrində almanların və fransızların allaha bu cür dua etmələrinin təsvirlərini tapa bilər, onlar eyni bir səmimiyyətlə inanırlar ki, müharibənin qanlı və iyrənc döyüşlərində “allah bizimlədir”.
 
Lakin sonra özləri belə deyirlər: “Allah bizim üzümüzə tüpürmək belə istəmir”. Onlar – bu qəhrəmanlar, böyük cəfakeşlər, qrdaş qatilləri bir-birlərindən soruşurlar:
 
Bəs necə olur ki, o, yəni allah, bütün adamlara icazə verir ki, onlar allahın başqalarına deyil, məhz onlara yaxın olduğu haqda düşünsünlər?”
 
Uşaq kimi təsirli – ümumiyyətlə isə “eyni bir səfehliklə” fikirləşən bu adamlar bir-birlərinin qanlarını tökərək deyirlər: 
 
“Əgər allah olsaydı, xeyirxah və şəfqətli allah olsaydı, - soyuq da olmazdı!”
 
Lakin bu böyük din fədailəri belə aydın düşündüklərinə baxmayaraq, yenidən bir-birlərini öldürməyə gedirlər.
 
Nə üçün? 
 
Nədən ötrü? 
 
Onlar özləri də bunu bilirlər, - onlar öz-özlərinə deyirlər:
 
“Ah, biz heç də pis adamlar deyilik,  ancaq yazıq və bədbəxtik, həm də biz axmağıq, çox axmağıq!”
 
Onlar bunu etiraf edərək, öz rüsvayçı, cinayətkar işlərini davam etdirirlər.
 
Kapral Bertran başqalarından çox bilir, o mütəfəkkir dili ilə danışır.
 
“Gələcək! – deyə o, birdən peyğəmbər kimi səsləndi. – Bizdən sonra yaşayacaq, qəzavü –qədər kimi labüd olan proqres ilə qəlbləri düzələcək olanlar bizə nə gözlə baxacaqlar? Bu cinayətlərə, bizim bu şücaətlərimizə onlar nə gözlə baxacaqlar? Hətta o cinayətləri işləmiş olan biz özümüz də onları, Plutarxın və Kornelin qəhrəmanlarının işləriləmi, yoxsa apaşların qoçaqlıqlarılamı müqayisə etmək lazım gəldiyini bilmirik. Amma bir bax! Hər halda müharibə üzərində yüksəlib, mərdlik və gözəlliklə əbədi parlayacaq bir sima, bir surət vardır!”
 
Mən ağaca söykənib, Bertrana tərəf əyilmişdim, çox seyrək danışan bu adamın ağzından çıxan sözləri gecənin sükutu içərisində bütünlüklə qavrayaraq dinləyirdim. O, aydın bir səslə çığırdı:
 
Libknext! 
 
O çarpazladığı qollarını açmadan ayağa qalxdı. Onun heykəl ciddiliyini mühafizə edən gözəl üzü döşünə tərəf əyildi. Lakin bir az sonra, o başını yenidən qaldırıb təkrar etdi:
 
Gələcək! Gələcək! Gələcəyin vəzifəsi – bizim zəmanəmizi haramlayıb, onu iyrənc bir şey və rüsvayçılıq kimi insanların hafizəsindən silməkdir. Bununla bərabər bizim zamənamiz də labüddür, labüd! Döyüş şöhrətinə nifrət, ordulara nifrət, insanların gah beyinsiz bir qurbana, gah da alçaq bir cəllada döndərən saldat sənətinə nifrətlər olsun! Bəli, nifrətlər olsun! Bu həqiqətdir, ancaq hüdudunu keçən bir həqiqət, bu ədəbiyyat üçün həqiqətdir, lakin hələ bizim üçün deyildir.  Onun adını başqa həqiqətlər sırasına saldıqları zaman doğru olacaq və biz onları anlamağa yalnız sonra, ruhlarımız təmizləndikdən sonra müvəffəq ola bilərik. Biz bundan hələ uzağıq. İndi, hazırda bu həqiqət bir yalnışlıqdır, bu müqəddəs söz yalnız bir küfrdür!
O bir növ xüsusi qəhqəhə ilə güldü və fikrə getmiş bir vəziyyətdə davam etdi:
 
Bir dəfə onlara, peyğəmbərliyə inandığımı söyləmişdim. Bu da yalnız onları ruhlandırıb, irəliyə getməyə məcbur etmək üçün idi.
 
Öz taqımının bütün saldatları tərəfindən sevilən bu sakit, mərd adam, belə danışdığı halda saldatları mənasiz vuruşmalara aparır və özü palçıqlı çöldə çürüyən meyitlərin arasında ölür.
 
Bütün bu təsvirlərlə öldürücü bir ziddiyət parlaq və istehzalı bir alovla yanır, həmin ziddiyət insanı lal alətə, iblis məqsədlərinə xidmət üçün kinli və qara qüvvənin icad etdiyi iyrənc bir maşına çevirir.
 
Bu bədbəxt qəhrəmanlar oxucunun ruhuna yaxın və əzizdirlər, lakin onlar ağıl və iradə arasındakı barışmaq ziddiyəti öz daxillərində gəzdirən cüzamlı adamlar kimidirlər. bu qəhrəmanların ağlı o qədər möhkəm və qüvvətlidir ki, elə bil onlar, bu iyrənc qırğını dayandıracaq, bütün dünyaya yayılan cinayətə son qoyacaqlar. Lakin...  onların iradəsi yoxdur, onlar, qatilliyin bütün murdarlığını başa düşdükləri, bunu öz ürəklərində inkar etdikləri halda yenə də öldürməyə, dağıtmağa qan və palçıq içində ölməyə gedirlər.
 
Vuruşmalar bizim əlimizlə icra olunur, - onlar belə deyirlər.  – Biz müharibə üçün material vəzifəsini görürük. Müharibə bütünlüklə yalnız adi saldatların bədənindən və canından ibarətdir. Səhralarda meyit yığınları təşkil edən və çayları qanla donduran bizik, çünki bizim sayımız həddən artıq çoxdur. Boşalmış şəhərlər, dağılmış qəsəbələr və kəndlər – bunlar bizdən məhrum olmuş, ya da bizim xaraba qoyduğumuz səhralardır. Bəli, bunların hamısını edən bizik və yalnız bizik!
Bəli, bu doğrudur. Müharibə, xalqlar deməkdir. Bunlar olmasaydı, uzaqdan söyüşməkdən başqa bir şey olmazdı. Lakin müharibə məsələsini həll edənlər xalqlar deyil, onları idarə edənlərdir.
 
Xalqlar indi bu idarə edənlərdən xilas olmaq üçün mübarizə aparırlar. Bu müharibə, davam etməkdə olan Fransa inqilabından başqa bir şey deyildir.
 
Belə olduqda, deməli, biz prussiyalılar üçün də işləyirik?
 
Onlar üçün də işlədiyimizə ümidvar olaq, - deyə, əzab çəkənlərdən biri cavab verdi.
 
Xalqlar – heç bir şeydir, halbuki onlar hər şey olmalıdırlar, - deyə, bu əsnada sual dolu nəzərlə üzümə baxan şəxs əlavə etdi, o, özünün bilmədiyi bir əsrdən artıq ömrü olan bu tarixi bir cümləni təkrar etdi və ona, nəhayət, böyük cahanşümul mənanı vermiş oldu.
 
Bu bədbəxt, palçıq içərisində dizləri üstündə əyləşərək cüzamlı çöhrəsini qaldırdı və acgözlüklə irəliyə, intəhasızlığa baxdı.”
O, orada nə görəcək?
 
Biz inanırıq ki, o, öz nəsillərini azad, ağılllı və böyük iradəyə malik bir halda görəcəkdir.
 
* * *
 
Bu qorxunc və sevindirici kitabı Anri Barbüs – müharibənin bütün dəhşətlərini, ağırlıqlarını şəxsən yaşamış bir adam yazmışdır. Bu, müharibəni uzaq keçmişlərdən alıb təsvir edən dahi Lev Tolstoyun təntənəli kitabı deyildir; bu, Berta Zutnerin (“Müharibə əleyhinə konqresin nümayəndələrinə” məqaləsində Qorki bu kitaba, “Rədd olsun silah” adını vermişdir.) şikayətlərlə dolu, xeyirxah niyyətlə yazılan, heç kəsi inandırmaq və inamından döndərmək iqtidarına malik olmayan “Rədd olsun müharibə” kitabı deyildir.
 

Barbüsün kitabı , peyğəmbər qəzəbi ilə dolu Tövrat kimi sadədir, bu, müharibə haqqında sadə, sərt, sakit bir dildə və həqiqətin məğlubedilməz qüdrətilə danışan bir kitabdır. Onda müharibəni romantikləşdirən, müharibənin çirkli-qanlı dəhşətini qövs-qüzehin bütün rəngləri ilə boyayan təsvirlər yoxdur.
 
Barbüs, müharibə günlərini yazmışdır, o, müharibəni ağır və murdar bir şey kimi – axmaqlıqdan başqa heç bir günahı olmayan adamların qarşılıqlı qırğını kimi təsvir etmişdir. Onun kitabında, döyüşlərin şairanəliklə və cəngavərlik təsvirləri ilə rənglənmiş lövhələri yoxdur, ayrı-ayrı saldatların mərdliyini göstərən səhnələr yoxdur – Barbüsün kitabı poeziyanın sərt həqiqəti ilə doludur. O, xalqın mərdliyini, ölümə məhkum edilən yüz minlər və milyonlarla adamların mərdlini təsvir edi, xalqların böyük provakatoru kapital tərəfindən bu adamların hecə məhv edildiyini göstərir. Aramızda tamamilə real surətdə və yorulmadan öz işini görən bu İblis, Barbüsün kitabının əsas qəhrəmanıdır. O, iradələri öldürən ideya və elmlərin yalançı parıltısı ilə milyonlarla sadəlövh adamları kor edərək, onları acgözlülük, paxıllıq, xudpəsəndliklə zəhərləyərək, bu milyonları Fransanın məhsuldar çöllərinə qovmuşdur və onlar orada, dörd il ərzində, əsrlərdən bəri zəhmətin yaratdığı hər şeyi dağıdıb havaya sovururlar. Beləliklə, öz-özlərinə bir daha sübut edirlər ki, insanın ən kinli düşməni – onun ağılsızlığı və iradəsizliyidir. 
Barbüs, ondan əvvəlki yazıçılardan fərqli olaraq, müharibənin mahiyyətinə dərindən nəzər yetirmiş və insanlara, necə dərindən yanıldıqlarını göstərmişdir.
 
Onun kitabının hər səhifəsi, ümumiyyətlə müharibə adlanan yalnaçılığı, ikiüzlülüyə, amansızlığa, çirkə və qana həqiqət çəkicinin ağır zərbəsidir. Onun kədərli kitabı öz amansız həqiqəti ilə dəhşətlidir, lakin sənətkarın təsvir etdiyi zülmətin hər yerində yeni idrak qığılcımları parlayır, - biz inanırıq ki, bu qığılcımlar tezliklə ümumdünya alovuna çevrilib, İblis kapitalın yaratdığı çirkdən, qandan, yalançılıqdan, ikiüzlülükdən yer üzünü təmizləyəcəkdir. Barbüsün haqqında danışdığı adamlar, allahın insan üzərindəki hökmranlığını artıq cürətlə inkar etməyə başlayırlar, bu onu göstərir ki, tezliklə onlar, insanın insan üzərindəki ağırlığının necə böyük bir cinayət və iyrənclik olduğunu utana-utana və qəzəblə hiss edəcəklər.
 
Biz, faciəli bir zamanda yaşayırıq, həyatımız dedikcə ağırdır. Lakin biz azad yaradıcılıqla və əməklə məşğul olmaq üçün insandakı xeyirxah qüvvələrin oyanmağa başladığı bir zamanda yaşayırıq. Bu həqiqətdir və o, bizə təskinlik verməli, qüvvələrimizi artırmalı, bizi gümrahlaşdırmalıdır.
 
1 sentyabr 1935-ci il
Kultura.az | Developed by Samir Yahyazade