post-title

Tualet mədəniyyətsizliyi

Tualet mövzusunda müxtəlif vaxtlarda müxtəlif qəzetlərdə bir neçə yazı yazmışam. Hər dəfə tualetlə bağlı ürəkbulandırıcı mənzərənin şahidi, utancverici hadisənin məcburi iştirakçısı oluram və heç olmasa, ürəyimi boşaltmaq üçün bu mövzuda yenə yazı yazmaq məcburiyyətində qalıram. Bəli, xanımlar və cənablar, tualet mədəniyyəti, yaxud tualet mədəniyyətsizliyi bizim ölkənin ən ciddi problemlərindən biridir. Ola bilsin ki, kimlər üçünsə bu problem mövcud deyil, amma mən tualet problemini tez-tez hiss edirəm.

 

Hazırda N. rayonundayam. İstirahətə gəlməmişəm, yazmağa gəlmişəm. Rayonun adını yazıb məsələni konkretləşdirmək istəmirəm. Aşağı-yuxarı vəziyyət təxminən bütün rayonlarda eynidir. İnsafən hazırda olduğum rayonda bir küçəni yaxşıca düzəldiblər. Evlərin qapıları, damları əvəzlənib. Yerə qara daş döşənib. Yeni təmir olunmuş parkda bir təzə tualet də tikmişdilər. Qərəz, pis deyil, maraqlı bir iş qoyulub ortaya.

Mən bir dostumla həmin parkda çay içirdim. Əcnəbilər parkda gəzirdilər, ora-bura baxırdılar. Biri getdi tualetə və mən onun ordan qayıdanda sifətindəki ifadədən hər şeyi başa düşdüm.

O qınayıcı ifadədən hər birimizin payına nəsə düşür. Elə adam var bunu özünə götürür. Elə adam var heç nə vecinə deyil. Kim bu vəziyyətin yaranmasında nə qədər günahkardır, bunun məsələyə heç dəxli yoxdur.

Sonra parka bir dəstə adam gəldi. Onlar paytaxtdan gəlmişdilər. Gəzdilər, dolaşdılar, fotolar çəkdirdilər. Uşaqlardan biri tualet istədi. Qadın uşağı tualetə apardı. Tualetdən qayıdanda qadının siması tamam dəyişmişdi. O da qınayıcı, narazı nəzərlərlə bizə baxdı. Sanki oradakı biabırçılığın yaranmasının səbəbkarı biz idik. Hiss etdim ki, qadının parkdakı səliqə-sahmandan, sakitlikdən aldığı zövq büsbütün məhv olub. 

Bir layihədə iştirak edirdim. Bir vətəndaşımız bir alman mütəxəssisə sübut etmək istəyirdi ki, qərbdə mədəniyyət yoxdur. Hər şey şərqdədir. Qərb hər şeyi şərqdən oğurlayıb. Boş-boş danışırdı. Pivə içirdik. Mən öz təbii ehtiyacımı ödəmək üçün tualetə baş çəkdim. Qayıdıb vətəndaşımıza dedim ki, get o tualetə bax sonra mübahisəni davam etdirərsən.

Bir Norveç təşkilatının üzvləri Cənubi Qafqaz ölkələrini gəzib tualetlərin fotolarını çəkirdilər.

Bəli, sən böyük mədəniyyətdən danışa bilərsən, qərbin hər şeyi şərqdən oğurladığını dayanmadan təkrarlaya bilərsən, reallıq isə tamam başqa söz deyir. Yəni elə mübahisə etdiyin məkanın tualeti sənin nağıl danışdığını göstərəcək. Çünki bizim kafe və restoranların tualetləri it günündədir.

Restoranlara şit-şit ceyran, şir, qartal heykəlləri qoyurlar. Zövqsüz süni şəlalələr quraşdırırlar. Tualet isə it günündədir. Bu restoran sahibini indi kim başa salsın ki, ceyran heykəlinin əvəzinə tualetin bir kabinəsini artıq tikdirsəydı, tualeti təmiz saxlasaydı daha yaxşı olardı.

Rayonlarda elə kafelər var tualeti yoxdur. Guya elə təbiət qoynudur deyə hər cür şəraitsizlik olmalıdır. Təbiət o demək deyil ki, insan birbaşa ibtidailiyə qayıtmalıdır.

Neçə dəfə başıma gəlib. Meşədə, çay qırağında yerləşən kafedə (əgər kafe demək mümkünsə) ofisiantdan (əgər ofisiant demək mümkünsə) tualetin yerini soruşmuşam. Cavab verib ki, tualet yoxdur. Hətta biri demişdi ki, tualeti neynirsən, get ağaclığın arasına. Ağaclıq demişkən, bu mənada zənən xeylaqlarının işi lap ağırdır. Kişilər yenə özlərini ora-bura verə bilirlər. Onsuz da Azərbaycan kişi cəmiyyətidir. Sanki hər şey kişilər üçün hesablanıb. Tualet isə məsələni lap qəlizləşdirir.

Ölkənin hansı tərəfindən Bakıya doğru gəlirsən gəl, zənən xeylağının gedəcəyi normal bir tualet yoxdur. Bu mənada müxtəlif təşkilatların layihələrində iştirak etdiyim zaman rayonlarda səfərlərdə xarici vətəndaşların yanında dəfələrlə çətin vəziyyətə düşmüşəm. Adam deyir, tualet istəyirəm indi mən ona necə başa salım ki, tualet yoxdur.

Kəndlərdə vəziyyət lap ağırdır. Tualetə getmək üçün uzun və incə bir məsafəni qət etməli olursan. Neçə vəhşi heyvanın yanından keçirsən. Sağında canavar dişlərini şaqqıldadır, solunda ayı donquldanır. Qarşıda isə əjdaha ağzını açıb sənin yolunu gözləyir. Bayquş ulayır. Bəzi yerlərdə tualetə heç qapı qoymurlar. Üzü dərəyə, təpəyə, dağa tərəf tikirlər. Özü də ən ağlasığmaz materiallardan. Maşın kapotundan, kisədən, şiferdən... Evi tikib qurtarandan sonra yadlarına düşür ki, tualet də lazım imiş. Artıq gec olur, ətraf əməllicə yaman günə düşür.

Azərbaycanlılar ən sonda tualet tikirlər.

Şəhərlərdə də tualetlərin vəziyyəti heç ürəkaçan deyil. Uzağa getməyək, müxtəlif təşkilatların, qəzetlərin, firmaların, şirkətlərin tualetlərinə girirsən və görürsən ki, divarlar tualetdən necə istifadə etmək haqqında təlimatlarla doludur. Suyu bağlayın, kağızı zibil qabına atın, şifonu çəkin, unitazın üstünə çıxmayın... Bir o qalıb ki, yazsınlar tualetdən çıxmazdan əvvəl şalvarınızı yuxarı çəkib, kəmərinizi bağlayın. Bu xalqın jurnalisti, bankiri, mühasibi, ictimai xadimi tualetdən istifadə edə bilmirsə kəndlisini, fəhləsini necə qinayasan?  

Seymur Baycan

Publka.Az

Yuxarı