Məntiq məsələsi

Литература

 

Hər şey elə yaxşı başlamışdı ki, it rus oğludu...

... Bir çox universitet professorları kimi onun da boyu gödək idi, tribunanın arxasından ancaq yekə, daz başı görsənirdi. Hindistan kəndlərində fermerlərin keramik qapaqlar altında yetişdirdikləri yastı-yapalaq qurbağalara bənzəyirdi. Sifətindəki çopuru ən arxa sıradan aydın görmək olardı.

Ön sırada otudrum, qızların arasında. Adətən ön sıralar məni cəlb eləmir, bütün özünə hörmət edən oğlanlar kimi mən də arxa sıralarda gizlənib arada mışıl-mışıl yatmağı sevirdim. Ancaq məntiq dərsi nə isə məndə özəl bir maraq oyatmışdı və bu predmeti yaxşıca öyrənməyi qərara almışdım. 

Düz tribunanın qarşısında, həm də qızların arasında oturduğumdan professorun domba gözləri məni tez gördü. İlk seminardaca diqqətlə qulaq asmağım və tez-tez dəftərimdə qeydlər aparmağım onun nəzərini cəlb etdi. Və bundan sonra sanki auditoriyada başqa adam yoxmuş kimi üzünü ancaq mənə tutub danışırdı. Arada mühazirəsinə fasilə verib məni ayağa qaldırdı:

  • Oğlum, sənin adın nədir?
  • Ərhun.
  • Görürəm mühazirəyə çox diqqətlə qulaq asırsan, dəftərində qeydlər aparırsan, deməli oxumağa, öyrənməyə həvəsin var.
  • Elədir, Cümşüd müəllim.
  • Əhsən oğlum, çox gözəl, əyləş. Məntiq bir elm kimi fəlsəfənin özündən də irəlidir, çünki məntiq olmasa fəlsəfə bir elm kimi heç nəyə yaramaz...

Mühazirədən sonra digər tələbələr dəhlizdə mənə qibtəylə baxırdılar: bəs necə, qəddarlığı ilə bütün universitetdə məşhur olan, adı gələndə tələbələrin dizi titrəyən professor Cümşüd müəllim ilk dərsdəcə məni diqqətə almışdı, bütün auditoriyaya tərifləmişdi. Sonrakı mühazirələrdə professorun aşırı rəğbəti mənim özümü də təəccübləndirməyə başlamışdı, “əcaba, xeyir ola”? Yeri gəldi-gəlmədi auditoriyada məni ayağa qaldırıb tərifləyir, hamıya örnək göstərirdi. Düşünürdüm ki, bəlkə o, məni kiminləsə səhv salıb, hansısa bir yekədaşşağın qohumu-filan hesab eləyir... Qaranlıq məsələ idi, ancaq mənə sərf edirdi. Başqa tələbələr təlaş içərisində yaxınlaşan sessiyanın dərdini çəkən zaman mən artıq mənim üçün bir qorxu qalmadığını düşünərək kef edirdim. İnsafən, professorun gözündən düşməmək üçün dərslərimi də yaxşı hazırlayırdım, o, hər dəfə auditoriyada məni qaldıranda suallarına bülbül kimi cavab verirdim, hətta öz fikirlərimi də qorxusuz-hürküsüz səsləndirirdim. Bir yandan sevinsəm də, digər yandan başqa tələbələrə qarşı bir ədalətsizlik edildiyini düşünərək azca xəcalət də çəkirdim, arxamca gedən pıçıldaşmalar sonradan açıq ittihamlara çevrilməyə başlamışdı. Mən sessiyanı qazandığım reputasıya sonucunda ucuz atlatacaqdım, digər tələbələr süründürməçiliyə uğrayacaq və sanki buna mən baiskarmışam kimi mənə nifrət edəcəkdilər. İndinin özündə tələbə yoldaşlarım “sənə nə var e, Ərhun, Cümşüd müəllimin lyubimçikisən, zaçotun artıq yazılıb, vay bizim halımıza, hamımızı yıxıb-sürüyəcək” deyərək məni cırnadırdılar.

Sessiya yaxınlaşırdı. Hamı təlaş içərisində zaçota hazırlaşırdı. Cümşüd müəllim elə bir abu-hava yaratmışdı ki, artıq mənim zaçota gəlib-gəlməməyim tələbələr arasında söz konusuna çevrilmişdi: “Nəyə gəlirsən e, boş yerə, zaçot kitabçanı göndər, yetər”...

Dekabr ötüşdü, köhnələn ilin yanbızına bir təpik ilişdirib yenisin qəbul etdik, sessiya başlandı. Elə bil ki, Şaxta baba öz çomağını qaldırıb nə isə bir bəd dua oxudu – Cümşüd müəllimin üzü döndü. Bütün tələbələrə çox rahatca “məqbul” yazıb məni süründürməyə başladı. Tək mən yox, hamı məəttəl qalmışdı. Nə oldu axı birdən-birə? Kəsdirə bimirdim. “Cümşüd müəllim, axı məni niyə süründürürsünüz, mən ki predmeti bilirəm”. “Sən heç nə bilmirsən!”

Düşündüm ki, yaxşı, bunu bir dalbayob arı-filan sancıb, sifəti dönüb, mən də hamı kimi 10 dollarımı verib canımı qurtarım. Tarix kafedrasının dosenti Səməd müəllimi çağırıb məsələni ona danışdım, zaçot kitabçasının arasına hər ehtimala qarşı 20 dollar qoyub ona verdim ki, hörmətli professora çatdırsın. Səməd müəllim otağa girib beş saniyədən sonra çıxdı, dedi: “Ərhun, bilmirəm buna neyləmisən, yaxın durmadı. Deyir iti görüm, qurdu görüm, o tələbəni görməyim”. Ağzım açıq qaldı. Əlacım kəsilən anda idman müəllimi yadıma düşdü. Ramin müəllim cavan olmasına baxmayaraq universitetdə xod gedən adamlardan idi, mənimlə də arası yaxşı idi, çünki bir il onun dərsini idman zalında mən yola vermişdim (mən o zaman şotokanla məşğul olurdum). 

Məsələni Ramin müəllimə anlatdım. “Nə, o göt sənə zaçot yazmır? Sikərəm onun var-yoxunu! Növbəti sınaq nə zamandır?” “Sabah yox, birisi gün, fəlsəfə kafedrasında”. “Pulun var?” “Var”. “Cibinə 10 dollar qoyub gələrsən kafedraya”.

Gəldim. İçəridə oturmuşduq, Cümşüd müəllim, Ramin müəllim, mən və fəlsəfə kafedrasının müdiri Ələskər müəllim. Cümşüd müəllim bir qəliz sual verdi. Dedim “Cümşüd müəllim, siz məni niyə dağa-dərəyə çəkirsiniz, bu soruşduğunuzu axı mühazirələrdə söyləməmisiniz”. Dedi “get, hazırlaş, sonra gələrsən”. Ramin müəllim əlini mənə uzatdı: “Ver görüm onu”. Verdim. Onluğu atdı professorun qabağına, dedi “Yaz bu uşağın zaçotunu”. “Yazmayacağam!” “Yazacaqsan!”... “Ələskər müəllim, mən ölsəm də bu tələbəyə zaçot yazmayacağam”. “Yaz, Cümşüd müəllim, Ərhun yaxşı tələbədir”. “Ələskər müəllim, bu tələbə predmeti bilmir, mən buna necə zaçot yazım?” “Yaz, Cümşüd, beynimi sikmə!” Kafedra müdirinin səsinin tonu professoru aldı. Duruxdu, pörtdü, götünün rəngi üzünə çıxdı. “Ələskər müəllim, bunu mən yazmadım, siz yazdınız” deyib zaçot kitabçasına “məqbul” yazdı, onluğu döş cibinə dürtüb hirslə kafedranı tərk etdi. “Ay sənin nəslini sikim!”, Ramin müəllimin bu söyüşünü koridorun o başında şüşələri yuyan Məsmə xala da eşidincə əski əlindən döşəməyə düşdü. Hörmətli professor söyüşü peysərinə atdı, heç bir şey olmayıbmış kimi tələsik pilləkən aşağı dazıdı.

İdman müəllimi “Ələskər müəllim, Ərhun bizi cız-bızla gürcü çaxırına qonaq etmək istəyir” deyib mənə göz vurdu, “necə bilirsiz?” “Oğlum, bu götvərən səni daha incitməyəcək, nə isə artıq-əskik bir şey söyləsə düz yanıma gələrsən”, deyə Ələskər müəllim bığaltı qımışdı.

Yaxınlıqdakı kafedə 3 pors cız-bız sifariş etdim, dükandan dörd litr “Saperavi” çaxırı alıb universitetə qayıtdım. Mənim zaçotumu Ramin müəllimin idman zalının yuxarı başındakı balaca kabinetində xəlvətcə yuduq.

İndiyəcən bu məntiq məsələsinin niyə belə qəlizə düşməsi mənə çatmır, it rus oğludu... 

Fərhad Yalquzaq

31 İyul 2012

Kultura.az | Developed by Samir Yahyazade