Səmavi sevgi

Сеймур БАЙДЖАН

 

 
Zarafat deyil, adamlar ömrü boyu bir ev tikib başa çatdıra bilmirlər, biz isə o çətin və qara illərdə həyata bir neçə dəfə sıfırdan başlamağa məcbur olmuşduq. Hətta bir dəfə vəziyyət o dərəcədə ağırlaşdı ki, balaca qardaşımı internata yerləşdirməyə məcbur olduq.
 
Hərbi məktəbi bitirməyə az qalmış məktəbi tərk etmişdim. Ümidlərini mənə bağlamış bir neçə adamın inamını öldürdüm. Bütün etimadı itirdim.
 
Sonradan Qafqaz Universitetini də yarımçıq tərk edəndə, yaxınlarımın mənə qarşı bütün ümidləri məhv oldu.
 
Gələcəkdən heç nə gözləmədən, lazımsız bir adam kimi, vahimə içində yaşayırdım.
 
Üstəlik, rəğbət bəslədiyim siyasi düşərgənin davamlı məğlubiyyəti məni tez-tez gülüş və ironiya obyektinə çevirirdi.
 
Bir mağazada axşamlar satıcı, gecə isə gözətçi işləyirdim. Mağazanın sahibi əlimdə kitab görəndə dəli olurdu. O adamın kitaba patoloji nifrəti vardı. Bacısı oxuyan adama ərə getmişdi. Hər şeyin alt-üst olduğu bir vaxtda onun bacısının əri ailəsini dolandırmaqda çətinlik çəkirdi. Çətinlik çəkirdi deyəndə, deyəsən, heç dolandıra bilmirdi. Əlsiz-ayaqsız, lazımsız bir adama çevrilmişdi. İşlədiyim mağazanin sahibi bacısının ailəsinə də köməklik edirdi, ona görə onun kitaba nifrəti daha da artmışdı. Kitab oxuyanları lağa qoyurdu. Deyirdi ki, əgər mən iki kilo kartof, iki çörək almasam, bacımgil acından ölər. Bu adam əlimdə kitab görəndə əsəbiləşər, kitabın lazımsız olduğunu sübut etmək üçün müxtəlif əhvalatlar danışardı.
 
Bir gün o mağazaya uzun, arıq bir adam gətirdi. Onun əynində yekə pencək, rəngi itmiş qısa şalvar, ayağında dabanları əyilmiş ayaqqabı vardı. Bir az Don Kixota oxşayırdı. Mağazanın sahibi qonşu mağazalarda işləyənləri də bizim mağazanın qarşısına yığdı. Sonra üzünü mənə tutub dedi ki, qulaq as, kitab oxumaqdan başı xarab olub. Həmin o arıq, uzun kişi mağaza sahibinin işarəsi ilə oxumağa başladı. Sonra əcaib səslər çıxardıb adamları əyləndirdi, güldürdü. Mağazanın sahibi onu bacardığı qədər alçatmağa çalışdı. Əslində isə xəbəri yox idi, o özü-özünü alçaldırdı.
 
Bəli, mədəni, elmli adamın gülməli vəziyyətdə olduğunu görmək pullu savadsızların xoşuna gəlir.
 
Onlar kitab oxuyan, kitaba bağlı adamların aciz vəziyyətə düşməsindən həzz alırlar. Göstərmək istəyirlər ki, kitab oxumaq heç də vacib əməl deyil, kitab oxumadan da bu həyatda hər cür mövqe tutmaq, bir çox şeyləri əldə etmək olar.
 
Orduda olanlar yəqin ki, dəfələrlə müşahidə ediblər, savadsız, kobud zabitlər mədəni və savadlı əsgərlərə qarşı aqressiv olurlar. O vaxtlar filosofluq etməyə imkan yox idi, sakitcə ürəyə dəyən zərbələri qəbul edirdim. Mən bir çox şeyləri anlamırdım, lakin onlar mənim qəlbimə dərin izlər salırdı. Ətrafımda baş verən hadisələr, yaxınlarımın mənə qarşı münasibəti kitaba daha çox bağlanmağımı şərtləndirdi.
 
O vaxtlar mən yalnız kitab oxumaqdan həzz ala bilirdim. Bircə əyləncəm, bircə qoruyucum vardı. Ətrafdakıların kinayəsindən məni yalnız kitab qoruya bilirdi. Həriflər, cümlələr əriyib bir-birinə qarışana qədər, başım dumanlanana qədər oxuyurdum. Həyatdan qaçıb kitabların arxasında gizlənmişdim. Ümid edirdim ki, indi ala bilmədiyim şeyləri, geyimləri gələcəkdə alacam. 
 
Ovqatım tez-tez dəyişirdi. Həftədə bir neçə vəziyyətə düşürdüm. Canım ölümcül dərəcəli kədərli bir halda, hara getdiyimi bilmədən şəhərdə gəzişirdim. Məqsədsiz, filansız.
 
“Azərbaycan” kinoteatrının qarşısında Vaqif Bayatlı Odərlə qarşılaşdım. Vaqif Bayatlı Odərlə bir neçə dəfə müxtəlif məkanlarda ayaqüstü söhbətimiz olmuşdu. Ədəbiyyat adamları asanlıqla yaxınlaşdırır. Aramızda böyük yaş fərqi olmasına baxmayaraq, Vaqif müəllimlə söhbət etməyə mövzu tapmışdım... “Azərbaycan” kinoteatrının qarşısında qarşılaşanda Vaqif Bayatlı Odər halımın pərişan olduğunu öz şair ürəyi ilə həmən hiss etdi. Başladı mənə təsəlli verməyə.
 
Əlbəttə, o vaxtlar Vaqif Bayatlı Odərin sözlərini daha mənalı və ciddi qəbul edirdim. Şeirlərini, tərcümələrini, müsahibələrini oxumuşdum. Bir neçə şeirini isə əzbər bilirdim. Vaqif Bayatlı Odər quşlardan, ağaclardan, mələklərdən, İsa peyğəmbərdən, iztirablardan, ruhdan, buludlardan, yağışdan və bir çox məsələlərdən danışdı. Vaqif müəllimi yaxından tanıyanlar onun mövzularının nə olduğunu gözəl bilirlər. Vaqif müəllim mənə xeyli təsəlli verdi.
 
Gerçəkdən ovqatım tamam dəyişdi. Rahatlandım. Dincəldim. Çiyinlərimdən elə bil yük götürdülər. Vaqif müəllim danışdı, danışdı, danışdı və sonra şairliyi tutdu. Mənə dedi: “Hardan bilirsən, bəlkə səni bir adam elə sevdi ki, onun sevgisi bütün dünyanın sevgisindən çox oldu”. Dedi və getdi.
 
Biz həyatımızda bizə lazım olan sözlərin hamısını eşidirik.
 
Müxtəlif vasitələrlə, müxtəlif məkanlarda və müxtəlif zamanlarda. Kitab deyir, yol yoldaşımız deyir, mahnı deyir, gözləmə zalında sənlə yanaşı oturub qatar gözləyən və bir daha həyatda üzünü görməyəcəyin adam deyir...
 
Sadəcə, bizə lazım olan sözlərin həqiqi mənasını sonradan həyatımızda baş verən hadisələr bizə dəqiqliklə başa salır. Biz həmin sözlərin həqiqi mənasını, əsl ağırlığını həyatımızda baş verən bəzi hadisələri analiz etdikdə anlayırıq.
 
Sonralar Vaqif Bayatlı Odərin “Azərbaycan” kinoteatrının qarşısında mənə dediyi sözü çox, lap çox xatırladım. Xatırlamağa məcbur idim. Baş verənlər Vaqif müəllimlə “Azərbaycan” kinoteatrı qarşısındakı görüşümüzü, onun mənə dediyi -hardan bilirsən, bəlkə səni bir adam elə sevdi ki, onun sevgisi bütün dünyanın sevgisindən çox oldu - sözlərini tez-tez xatırladırdı.
 
Elə adamlar var ki, onlar kamil insandırlar, amma onlar kamil olduqlarından xəbərsizdirlər. Tolstoyun “Sergi ata” əsərində olduğu kimi. Minlərlə insan şəfa, rahatlıq tapmaq üçün Sergi atanın ziyarətinə gəlirdilər. Onlar Sergi atanı kamil hesab edirdilər. Sergi ata onlara xeyir-dua verir, ruhi müvazinətləri itməsin deyə əhvalatlar danışdırırdı. Sergi atanı minlərlə insan ziyarət etsə də, minlərlə insan ondan şəfa diləsə də, Sergi ata özü bilirdi ki, kamil insan deyil. İnsanların kamil hesab etdikləri Sergi ata özünün kamil olmadığını yaxşı bilirdi. O dözə bilmədi. Və günlərin bir günü hər şeyi atıb getdi adi bir insanın hüzuruna. Minlərlə insanın ziyarət etdiyi, minlərlə insana rahatlıq bəxş edən Sergi ata dayısı qızının hüzuruna getdi və dedi, necə yaşayırsan, mənə də yaşamağı öyrət.
 
Bu Tolstoyun həqiqət mərhələsində yazdığı bir əsərdi. Adamlar Sergi atanı kamil hesab edirdi, o isə özü natamam olduğunu bilirdi. Sergi ata getdi dayısı qızının hüzuruna. Çünki onun dayısı qızı kamil insan idi, amma kamil olduğunu özü də bilmirdi. Beləliklə, hər kəsin kamil insan kimi tanıdığı Sergi ata adi bir insandan yaşamağı öyrənməyə məcbur oldu.
 
Həyatımda çox şey dəyişməmişdi, sadəcə, bir az tanınmışdım, özümü ifadə edirdim, camaata ağıl verməyə, danlamağa başlamışdım. Oxuduğum kitablara münasibət dəyişmişdi. Nəhayət, ölümlə həyat arasındakı uçurum gözə çarpmağa başlamışdı.
 
O məni elə bir vaxtda sevdi ki, qizlar, adətən o yaşda müğənni, avtoş, meyxana deyən, aparıcı sevirlər. Mən onun yanında çox ruhsuz, yerə bağlı, gündəlik tələbatlarla yaşayan adam kimi görünürdüm. Ruh və mənəviyyat baxımından onun nə qədər zəngin olduğunu hər an hiss edirdim. O məndə özümə inam hissi aşıladı. Onun sevgisi o qədər idi ki, başqalarının sevməsi, ya nifrət etməsi vecimə də deyildi.
 
Ona görə mən bu illər ərzində haqqımda yazılan təhqir və şəbədələri vecimə də almamışam. Yazılarımda inamlı olmuşam. Bu inamın mənbəyi onun sevgisi idi.
 
Onun sevgisi başqalarının haqqımda dediklərini, yazdıqlarını yandırıb külə çevirirdi. Heç bir söz mənə toxunmurdu.
 
O, məni böyük hesab edirdi. Geyimindən bir az utanırdı. Mən isə onun yanında necə cılız olduğumu hiss edirdim. Ondan yaşamağı öyrənirdim.
 
Balaca bir qız mənə başa saldı və göstərdi ki, möcüzə var. Əgər sənin qarşına möcüzə çıxmayıbsa, bu, o demək deyil ki, möcüzə yoxdur.
 
Mən sevgi dastanlarındakı bütün söhbətlərə inandım. İnandım ki, əgər aşiq saz çalsa tufan yatar, dağlar çəkilib ona yol verər. Mən sevgi naminə donuz otaran Şeyx Sənanı anladım. O hər şeyi sevgi üçün etmişdi.
 
Sevgi isə həqiqətin özüdür. Aşağıda olanlara haram buyurulanlar həqiqətdə olanlar üçün halaldır. S.Sveyqin bir vaxtlar maraqla oxuduğum “Yad qadının məktubu” hekayəsinin bəzi yerləri mənə inandırıcı gəlməmişdi. Baş verənlərdən sonra hekayədə yazılanların həqiqət olmasına inandım. Sveyqin “Yad qadının məktubu” hekayəsi sevgi mövzusunda yazılmış ən gözəl nəsr nümunələrindən biridir. Bununla belə, o hekayəni mənim üçün doğma edən səbəblərdən biri də hekayədə yazılanların həyatımda baş verənlərlə oxşarlığıdır. Bu yaxınlarda “Yad qadının məktubu” hekayəsini paylaşmışdım. Bir gənc yazdı ki, axı bu real söhbətlər deyil. Mən ona yazdım, əgər sənin qarşına möcüzə çıxmayıbsa, bu, o demək deyil ki, möcüzə yoxdur. Realdır. Mən inanıram.
 
Mən “Başqasının qanı” filmini də başa düşdüm. Başa düşdüm ki, qarşılıqlı sevgi yer söhbətidir. Səmavi sevgidə qarşılıqlı söhbət qəbul edilmir. Səmavi sevgidə qarşılıqlı anlayışı yoxdur.
 
Sevirsən, heç bir qarşılıq gözləmədən. Fədakarlıq edirsən, heç bir qarşılıq və cavab gözləmədən. Onun hər bir hərəkəti, hər bir halı sənin üçün müqəddəs və maraqlıdır. Hətta sənin rəğbət bəslədiyin siyasi düşərgəyə belə rəğbət yaranır. “Başqasının qanı” filmində olduğu kimi.
 
Bir insan başqa bir insana ev, maşın hədiyyə edə bilər. Hər cür yaxşılıq edər. Amma bir insanın başqa bir insan üçün dua etməsi başqa söhbətdir. Çətin və ağır söhbətdir. Bir yoxlayın, görün, heç sevmədiyin adam üçün dua edə bilərsənmi?
 
Əlbəttə, bu yazını oxuyan bir çox adamlar yəqin ki, istər-istəməz kimisə, haranısa xatırlayacaqlar. Lütfən, bir az ehtiyatlı olun! Yer söhbətlərini səma söhbətlərinə qarışdırmayın.
 
İsa Peyğəmbər məbədin qarşısında dayanır. Bir qoca qarı çox kiçik miqdarda nəzir verir. İsa Peyğəmbər deyir: “Sizə doğrusunu deyirəm, o qadın hamıdan çox verdi. O olanını verdi, başqaları isə artıq qalandan verdilər... Onun bir taleyi vardı, onu da verdi. Başqa heç nəyi yox idi”. Mənim isə yazmaqdan savayı əlimdən heç nə gəlmir. Detallara varmadığım bu yazıyla, sadəcə, bildirmək istədim ki, başa düşürəm.
 
Bu mənim sevgi mövzusunda yazdığım ilk və sonuncu yazımdı.
 
Seymur Baycan
"Gündəlik Teleqraf"

 

Kultura.az | Developed by Samir Yahyazade