Məhkəmənin stenoqramını istəyirik

Публицистика

 

 
Ancaq belə məsələlərdə yalançı urapatriotluq və saxta kosmopolitlik eləmək lazım deyil. Söhbət insan ölümündən gedir. Özü də təkcə Budapeştdə bir nəfərin ölümündən yox, son 22 ildə Qafqazda iki xalqın bir-birini öldürməsindən gedir. Ədalətsiz işğal faktından gedir.
 
Ona görə də hay-haray salmadan, qaraqışqırıq qoparmadan soyuq başla analiz eləməliyik. Münaqişəni qızışdıracaq hərəkətləri dövlət başçıları edəndə onlar bundan zərər çəkmirlər. Yenə cəbhə xəttində sadə insanların, necə deyərlər, yetim-yesirlərin uşaqları ölür. 
 
Müzakirələri izləyirəm və iki mövqenin kəskin qarşıdurmasını görürəm. Bir mövqenin tərəfdarları deyir ki, Səfərov əcəb eləmişdi, bayrağımızı, millətimizi təhqir edən ölməliydi, o cümlədən onu azad edən prezidentə minnətdarıq. İkinci mövqenin tərəfdarları deyir ki, Səfərov qatildir, ermənini yatdığı yerdə vurub və sairə. 
 
Hətta bu yaxınlarda mən indiyə qədər eşitmədiyim bir versiya da eşitdim: guya Səfərov Qurgen Markaryanı milli məsələyə görə yox, hansısa macar qızına görə öldürüb! İkisi də o qızla gəzmək istəyirmiş və sairə. Yəni bayraq söhbəti olmayıbmış. 
 
Bütün bu tipli mübahisələri aradan qaldırmağın normal yolu var: Ramil Səfərovun Macarıstandakı məhkəməsinin stenoqramını dərc eləmək! Xalqın şübhələrinə yalnız bu son verə bilər. Qoy bu stenoqram olduğu kimi doğma dilimizdə, kitab şəklində buraxılsın, biz də oxuyaq. Yoxsa adam şübhələnir ki, Səfərovdan özünün ucuz təbliğatı üçün yararlanan yapokratlar məhkəmədən keçən 7 ilə yaxın müddətdə bunu niyə eləməyiblər. 
 
Yeri gəlmişkən, hazırda Macarıstanda yaşayan və işləyən bir şəxsin - Budapeştdəki səfirimiz, keçmiş xarici işlər naziri Vilayət Quliyevin bu sahədə təcrübəsi var. O, erməni terrorçularının İstanbulda qətlə yetirdiyi, ADR hökumətində daxili işlər naziri olmuş Behbud xan Cavanşirlə bağlı bir maraqlı kitab hazırlayıb. Bu, Cavanşirin qatili Misak Torlakyan üzərində Britaniya hərbi tribunalında qurulan məhkəmənin stenoqramıdır. 
 
Əlbəttə, Torlakyanla Səfərovu, o cümlədən Cavanşirlə Markaryanı müqayisə etmirəm. Sadəcə, həqiqətin ortaya çıxmasını istəyirəm və bu yöndə məhkəmənin stenoqramları çox maraqlı sənəd olardı. Buyurun, cənab yapokratlar, dərc edin, xalq da oxusun. Yoxsa cürbəcür konspiroloji teoriyalar, gülünc iddialar baş alıb gedəcək. 
 
Məsələn, kimsə də götürüb yazacaq ki, Səfərova 8 il yarımlıq maaşının verilməsi cəmiyyətə mesajdır. Çünki maaş 45 min eləyibmiş. (İqtisadçı Zöhrab İsmayıl bu haqda yaxşı yazmışdı ki, görün bizim zabitlər nə az maaş alır, 8 il yeyib-içmədən maaşlarını toplasalar buna Bakıda normal mənzil ala bilməzlər). 45 rəqəmi isə cəmiyyətdə qələbə simvoludur, faşizm üzərində 1945-ci il qələbəsinə görə. Deməli, ermənilərə başa salırıq ki, sizin üzərinizdə qələbəmizə az qalıb. 
 
Yaxud Səfərova məhz 3 otaqlı evin verilməsini, “atalar üçdən deyib” məsəli ilə yozmaq, nə bilim, 3 rəqəminin bizdə müqəddəs sayıldığı ilə izah etmək mümkündür. 
 
Bir də unutmayın ki, Rusiya yuxarıda oturub, bütün bu prosesi izləyib bic-bic qımışır. Baltaların sapı hələ ki bu murdar imperiyanın əlindədir. 
 
Stenoqram söhbətini unutmayın. Bu, çox vacibdir.
 
Zamin Hacı
"Yeni Müsavat"
Kultura.az | Developed by Samir Yahyazade