post-title

İrena və 12 sentyabr

1998-ci ilin 12 sentyabrında müxalif fəalların Bakı küçələrində “Azadlıq!” hayqırtısı polisin vahiməli uğultusunu batıranda mən ona azadlıq ruhumuzun hələ qırılmadığını inamla söyləyirdim.

 

Əsas hadisələrin orada cərəyan edəcəyini bildiyimdən maşını Milli Bankın köhnə binasıyla üzbəüz saxlamışdım.
 
İzdiham dəniz dalğası kimiydi; qabarır, çəkilirdi. Polis dalğası hücuma keçəndə maşına girir, əksinə, etirazçıların dalğası şahə qalxanda maşının üstünə çıxıb fotolar çəkirdik. Təəssüf, indi yanımda o fotoların biri də yoxdu, yoxsa dərc edərdim, yerinə düşərdi.
 
Kim nə deyir, desin: küçə çarpışmalarında ən təsirli səhnə mitinqçilərin hücumu qarşısında polisin qaçmasıdı. Bu səhnə gördüyüm hər yerdə oxşar eyforiya yaradıb – Kiyevdə, Minskdə, Bişkekdə, Bakıda... Qəribə duyğudu küçədə qalibiyyət duyğusu, küçəni Qavroşsayağı sevməkdi bu, yaşamayan bilməz...
 
İlk belə duyğunu 1988-ci ildə tələbələrin Lenin meydanına yürüşü vaxtı yaşamışdım. Milis sıralarını yarıb meydanın genişliyinə sahib olmaq səmalara yiyələnmək kimiydi. Sovet dönəmində Lenin meydanı azad idi. O meydan azadlığını adı Azadlıq olandan itirdi. Tarixin ironiyası buna deyirlər.
 
İş elə gətirib ki, son 15-20 ilin icazəsiz yürüşlərinin bir çoxunda görkəmiylə küçənin o başından əcnəbi olduğu gözə girən xarici demokratiya fəalları, jurnalistlərlə birlikdə olmuşam. Bu, hadisələrin episentrinə düşməyə, baş verənləri daha yaxından izləməyə imkan verirdi. Polyak əsilli amerikalı anti-kommunist və anti-keçmiş kommunist (təzə termindi, özüm düzəltmişəm, keçmişdə kommunist, indi guya demokrat olanlar nəzərdə tutulur) dostum İrena Lasota hər belə hadisədə özünü 60-cı illər Varşava tələbələrinin küçə yürüşlərindəki kimi aparırdı. “Azadlıq” şüarı onun dilində xüsusi intonasiya ilə səslənirdi.
 
Ayaq altda qalar, dubinka dəyər deyə ehtiyyat edirdim. Amma hər dəfə üstümüzə qaldırılan dubinka başımız üzərində havadaca donub qalırdı. Gözü qızmış polislər: “Siz burda neyləyirsiniz?” deyib son anda bizi vurmurdular, o vaxt xariciyə əl qaldırmazdılar.
 
İrenanı saxlamaq olmurdu, o, qorxmurdu, 100 ilin barrikada döyüşçüsüydü sanki. Çəkindirmək istəyəndə belə deyirdi: “Məni qoruyursan? Eh... Sən doğulan gün Varşava həbsxanasında tələbə dostlarla çıxandan sonra çap edəcəyimiz vərəqələrin mətnlərini düşünürdük”. Düz deyirdi, mən doğulan gün həbsxanadaymış. Corc Soros Mikael Kaufmanın onun həyatından bəhs edən “Messian milyarderin həyat və zamanı” kitabında İrenanın tələbəlik illərində apardığı antikommunist mübarizəsindən ətraflı bəhs edib.
 
Monqolustandan Kubaya kimi azadlıq mücahidlərinin yanında olan İrena Lasota kommunizmə və hər cür istibdada qarşı mübarizə tarixinin canlı qəhrəmanıdı. Demokratiyanın qalib gəldiyi ölkələrdə hökumət və parlamentlərdən aldığı ödüllər buna şahidlik edir.
 
Mən inanıram ki, istər onun Azərbaycanda demokratiya, istərsə də dünyada Azərbaycan üçün gördüyü işlər də bəhrə verəcək. Vaxt gələcək onun fəaliyyəti araşdırılacaq. Haqqında monoqrafiyalar, kitablar yazılacaq.
 
İrena Lasotanı 12 sentyabr ərəfəsində xatırlamağımın bir səbəbi də onun bu yaşda belə demokratiya uğrunda mübarizədən usanmamasıdı. Sorağı gah Belarus, gah da Kubadan gəlir. Bu gün onu həm krım-tatar, həm də çeçen azadlıqsevərlə birgə görmək olar.
 
Hətta gürcü demokratları da tək qoymur. Bizə çox görünən gürcü demokratiyasını yarımçıq sayan gürcü demokratları deyirəm...
 
11 sentyabr 2012
 
Vahid Qazi
vahidqazi.wordpress.com
Yuxarı