post-title

İtilənən emosiyalar

Gələn dəfə həyəcanlananda bir az düşünün Bəlkə də yazacaqlarım insan şüurunun əlifbasıdır – amma kütlənin bu “əlifba” ilə yaxından tanış olmadığını da nəzərə almalıyam. Fikrimi daha aydın çatdırmaq üçün insan psixologiyasına qısa və sadə bir nəzər salmağı təklif eləyirəm.

 

İnsan şüuru emosiya və məntiqlə idarə olunur. Bu mexanizmləri bir çubuğun iki əks tərəfi də hesab etmək olar. Təfəkkür prosesində emosiyalar (ağlamaq, gülmək, inanc, qürur, qorxu, həyəcan, sevgi və s.) üstünlük təşkil etdikdə, məntiqi komponent (analiz, sintez) zəifləyir. Məntiqi komponentin üstünlüyü isə, əksinə, emosional prosesi zəiflədir.
 
Ümumiyyətlə, təfəkkür tipinə görə insanlar emosional, ya da məntiqi (riyazi) təmayüllü olurlar. Yəni insanlar - emosionallara və məntiqlə düşünənlərə bölünürlər.
 
Emosional təmayüllü insanlar (xüsusilə qadınlar) təlqinə daha meylli olurlar. Psixiatrlara da məlum olduğu kimi, belə insanları hipnotik vəziyyətə gətirmək, onlara istənilən fikri və ya əmri təlqin etmək asandır. Bu halın bir adı da “yüksək hipnogenlik”dir.
 
Məntiqi (riyazi) təmayüllü insana isə nəyisə kortəbii təlqin etmək çox çətindir. Belə insanların “eqo”su (burada “eqo” şüur, özünütənqid mənasında işlənir) daha güclü olduğundan, informasiya bu səddi asanlıqla aşaraq,  təhtəlşüura nüfuz edə, yəni təlqinə çevrilə bilmir. 
 
Buna görə də, riyazi təfəkkürlü insanlara münasibətdə psixoanaliz üsulu daha effektivdir. Psixoanaliz, mahiyyətcə “eqo”yla (şüurla, Mən-lə) söhbətdir. Bu zaman psixiatrın məqsədi “eqo”nu məntiqi yolla inandıraraq, təhtəlşüura yol tapmaqdır. Bu - fərdi olmaqla yanaşı, həkimdən yüksək ustalıq, dərin bilik tələb edən prosedurdur.
 
 
Avtoritar və totalitar idarəetmədə, adətən, avtoritetin (şah, diktator, prezident və s.) hərəkətlərinin əsl mahiyyəti əhalinin istəklərinə zidd olduğundan, bu hərəkətləri emosional yükün içində gizlətmək zərurəti yaranır. Nəticədə belə mətnlər yaranır:
 
“Möhtərəm “N” yoldaşın layiqli davamçısı, “M” yoldaşın məqsədyönlü daxili və xarici siyasəti nəticəsində şəhərimiz günü-gündən abadlaşır”.
 
Cümlənin birinci hissəsi ilə ikinci hissə arasında birbaşa məntiqi əlaqə olmasa da, bu informasiya bədii təmayüllü təfəkkür tərəfindən qəbul olunur. Çünki, cümlənin birinci hissəsi emosional yüklüdür. Bu hissə dəfələrlə müxtəlif musiqi, intonasiya, pafos və s.-lə təkrarlanaraq, emosional assosiasiyalarla yüklənib. Bunu qəbul edən beyin artıq yolların abadlaşdırılmasının əsas məqsədinin külli miqdarda çirkli pulların yuyulması olduğunu düşünmür. Çünki, bunu düşünmək məntiqi prosesdir. Məntiqi proses isə süurda baş verir.
 
 
Təlqinə çevrilmiş informasiya isə artıq təhtəlşüura yerləşib, yəni şüur mərhələsini keçib.
 
Buna görə də, avtoritar və totalitar idarəetmə sistemlərində insanları daim emosional vəziyyətdə saxlamaq zəruridir. Bunun üçün müxtəlif alətlərdən, vətənpərvərlik, din, parlaq gələcək illyuziyaları və s.-dən istifadə etmək olar. Burada əsas tərkib, bu anlayışların doqmatik-irrosional mahiyyətidir. Yəni bu anlayışların kökündə mütləq həqiqətin (müzakirə üçün qapalı doqma) durması. Məsələn, “siz vətəni sevməlisiniz, çünki o ana vətəndir”, “siz filan əməli etməməlisiniz çünki müqəddəs kitabda belə yazılıb”, “siz parlaq gələcəyə inanmalısınız, çünki yoldaş “N” belə deyib” və s.
 
Odur ki, növbəti dəfə həyəcanlananda bir az da bu barədə düşünün.
 
Hacı Hacıyev
Kultura.Az

 

Yuxarı