Охuуaq, dəyişək, inkişaf edək!

Сеймур БАЙДЖАН

 

Yazılarımız dərc olunan qəzetləri müəyyən adamlar oxuyub. Zatən "Alatoran" jurnalının, "Alma" qəzetinin təsir etdiyi adamların çoxu artıq ətrafımızdadı. Xüsusən gənclər. 5-6 il əvvəl yazılan yazılardan təsirlənən, fikrini dəyişən iinsanlarla indi təmas qurmaqdayıq. İlk dəfə olaraq bizim indi kütləyə xitab etmək şansımız yaranıb. Sosial şəbəkələr kütləyə xitab etmək üçün bizə verilən çox gözəl şansdı. Lakin biz bu şansı dəyərləndirə bilmirik. Ya da tarixi anın məsuliyyətini başa düşmürük.
 
Əlbəttə, vəziyyət ağırdı, amma çıxılmaz deyil. Ən pisi odur ki, biz, əlimizdə olan resursların gücünə inanmaq istəmirik. Təsəvvür edin ki, biz çox əlverişli bir məkanda mövqe tutmuşuq. Silahlarımız döyüşə hazır vəziyyətdədi. Hər bir kəsin silahı var. Kütlə üstümüzə gəlməkdədi. Bircə qalır atəş açmaq. Lakin biz üstümüzə gələn kütləyə atəş açmaq əvəzinə sosial şəbəkələrdə yağışdan, yağmurdan, göz yaşlarından, pivədən, seksdən statuslar yazmaqdayıq. Günel Mövludun "Yaxşı oğlanın bacısı" adlı yazısı kultura.az saytında yerləşdiriləndə bir qızın yazıya reaksiyasi belə olmuşdu: "Bu mövzular çürüyüb".
 
Həmin qızı tanıyıram. Bir il əvvəl qaşları mənim saqqalımdan qalın idi. İndi guya bu xanım bütün söhbətləri başa düşüb və artıq belə mövzular onu yorub. Deməli, 10 il bu mövzuda yazan Günel Mövlud yorulmadı, amma bu qız yoruldu. Əslində, o cür mövzularda yazıları yeni nəsil yazmalıdır ki, Günel də gedib rahatca öz tərcümələri ilə məşğul ola bilsin. Yazan yoxdu deyə, Günel məcburdu yazmağa. Lap tutaq ki, həmin xanım söhbətləri başa düşüb. Təfəkküründə xeyli dəyişiklik baş verib. Lap yaxşı! Dəyişdin, indi də zəhmət çək, başqalarını dəyiş. Axı, ölkədə minlərlə, on minlərlə insan öz təfəkküründə dəyişiklik etməlidi.
 
Kütlə sosial şəbəkələrə indi axışmaqdadı. Biz onları atəşlə, yeni yazılarla, fikirlərlə, Nobel nitqləri ilə qarşılamalıyıq. Hər yazı 3-4 adamı xilas edə bilsə, böyük uğurdu. İnsanlara təfəkkürdə dəyişiklik etmək üçün şans yaratmaq lazımdı. 7-8 il bundan əvvəl yazılmış yazıların əsl oxucuları indi qarşımıza çıxıb. Yazılar təzədən paylaşılmalı, əsl oxuculara çatdırılmalıdı. Biz isə bunun necə bir şans olduğunu anlamırıq. 
 
xxx
 
Tiflisdə gürcü şairi Şota İotaşvili ilə görüşdüm. Soruşdu, necəsiniz? Dedim ki, biz əvvəlki illərlə müqayisədə xeyli populyar olmuşuq, amma sayımız da xeyli azalıb. Bu söz Şotani bərk tutdu. Hətta sifətinin ifadəsindən necə kədərləndiyi hiss olundu. 
 
Mən, həqiqətən də öz vəziyyətimizi ifadə etmişdim. Şota sözə necə məna verdi bilmirəm. Bəli, vəziyyət ağırdı. Bizimlə bir yerdə olan adamların çoxu yoruldu. Ümidsizlik bataqlığında boğuldular. Bir başqaları pula qarşı müqavimət göstərə bilmədi. İndi onlar müxtəlif saytlarda pustota yazmaqla məşğuldular. Sifariş belədi. Onlar yazan kimi görünürlər, əslində, heç nə yazmırlar. 
 
Bir vaxtlar bizim sıralarımızda olan adamları 500-700 manata əsir götürüblər. İnsanlara bir tikə çörəyi min minnətlə verirlər. Eyni problemləri yaşayan, eyni istəkdə bulunan adamlar hakimiyyətin məkrli siyasəti nəticəsində bir-birilərinə düşmən kəsiliblər. Bir-birilərini didməklə məşğuldular. Bir-birilərinin qarşısında gözükölgəli olublar. Təsadüfi deyil ki, bu günə qədər hakimiyyətin ən pullu layihələri media və yazarlarla bağlı olub. Bu qədər pulu 15-20 qələm adamını susdurmaq üçün xərcləyirlər. İnsanları 500-700 manata əsir götürüb, onların ürəklərindəki həqiqət odunu söndürürlər. Qələmini əlindən alıb murdarlayırlar. 
 
Jan Jak Russonun dediyi kimi, satılmış qələm öz gücünü itirir. Fikir verin, mövqeyini dəyişmiş insanların yazıları çox qısa vaxtdan sonra öz təsir gücünü itirir. Mən, həmin insanların yazılarını oxuyanda onların necə əzab çəkdiklərini hiss edirəm. Çünki onlar vicdansız adamlar deyillər. Onlar da biz istədiyimizi istəyirlər. Bizim problemlərimiz onları da məngənə kimi sıxır. Nə yazıq ki, onlar yolun müqəddəs olduğuna inanmadılar. Yol müqəddəsdi. Yola xəyanət etmək olmaz. Yol ona xəyanət edənləri qaldırıb yerə çırpır. Nə qədər ki, sən həqiqət yolundasan, ən ağlagəlməz təbiət hadisələrindən, ən adi görüntülərdən güc alacaqsan. Bəşəriyyətin rifahı uğrunda vuruşmuş, fədakarlıq etmiş bütün şəxsiyyətlər sənin dostuna, qardşına, yol yoldaşına çevriləcək. 
 
Sən zor, işgəncə, diktatura əleyhinə yazılmış yüzlərlə əsərdən güc ala bilərsən. Elə ki, yola xəyanət etdin, bir anda bütün güc mənbələri sənin üçün quruyacaq. Bəzi insanlar elə bilirlər ki, bu qədər çətinliyə tab gətirmək onların daxili gücünün, iradəsinin məhsuludu. Xeyr. Bu yolun mistik gücüdü. Nə qədər ki, Flora Kərimova düz yolda idi, ona heç kim yaxın dura bilmirdi. Heç yaxınlaşa da bilməzdilər. Mümkün deyildi. Elə ki, Flora Kərimova yola xəyanət etdi, yol Flora Kərimovanı cəzalandırdı. Milyonlarla insanın sevgisini qazanmış Flora Kərimova qaldı Faiq Ağayevin əlində. Halbuki Flora xanım öz yoluna sadiq olduğu bir zamanda Faiq Ağayev heç vaxt ona yaxınlaşa bilməzdi. 
 
Bu haqda çox yazmaq, çox adamın adını çəkmək olar. Fazil Qəzənfəroğludan tutmuş Akif İslamzadəyə qədər çox adamın adını sadalamaq mümkündür. Xüsusən, 500-700 manata əsir götürülmüş yazarların vəziyyəti ağırdı. Çünki onlar hər gün öz mövqelərini göstərməli, hər gün öz istəklərinin əleyhinə olan yazılar yazmalıdırlar. Yaxud Ramiz Rövşənin təbirincə desəm, vicdanlarını abort etdirməlidirlər. Həqiqəti kəsib atmalıdırlar. Bu isə açığı, fikir fahişəliyidi. Pul müqabilində iyrənc bir kişiylə yatağa girən qadınla, öz mövqeyini bazara çıxarmış bir qələm adamı arasında heç bir fərq yoxdu. Birincini hardasa başa düşmək, anlamaq, haqq qazandırmaq olar, amma satılmış qələmi müdafiə etmək mümkün deyil. Yolun müqəddəsliyini, gücünü, mistikasını başa düşməyən adamların vay halına. Kim ki, bu davanın mənasını başa düşmədisə, çox şey itirdi. Davanın mənasını anlayanlara eşq olsun! 
 
x x x
 
Bazar günüdü. Bunu təsadüfən yazmadım. Ola bilsin ki, bir çoxları bu yazını bazar günü yox, həftənin başqa günləri oxusunlar. Dəfələrlə müsahibələrimdə demişəm, bir daha təkrarlamaqda qəbahət görmürəm. Yazılarımı qəzetdən oxuyan oxucular mənim üçün daha əzizdi. O adamlar ki, yazını bazar günü qəzetdən oxuyurlar... Müşahidələrim göstərir ki, onlar daha həssas və diqqətli oxuculardı. Sizləri çox yormaq, yükləmək istəmirəm. Bazar günüdü, bir az da şeirə yer verək. Rasim Qaracanın çox sevdiyim, pozitiv şierini sizlər üçün, məhz bazar gününün oxucuları üçün paylaşıram. 
 
Nar 
 
Uçuq divar kölgəsində 
İki könül bir olacaq. 
Yarı sınıq bu ürəkdə 
Yarı açıq sirr olacaq. 
 
Zaman çəksə pərdəsiniə 
Öl qəbirə gir olacaq. 
O dünyaya yarı könül 
Səfər etmək zor olacaq. 
 
Ağlasan da uzaq başı 
Gözün altı mor olacaq, 
Nəmli həyat mənzərəsi 
Gündüz çağı tor olacaq. 
 
Sevgi dolu bu ürəyəə 
Yerin altı dar olacaq. 
Mərmər üstə qara şeir 
Buz tutacaq, qar olacaq. 
 
Biz getsək də bu daş, divar 
Hələ bir az var olacaq. 
Yola daşan budaqlarda 
Qıp-qırmızı nar olacaq.
 
Seymur Baycan
"Reytinq" qəzeti
Kultura.az | Developed by Samir Yahyazade