Anormal düşünməyi bacarın!

Литература

 

 
 
Dövlət qurmaq da at yarışı kimidir, millət olmaq da (millət gərək yaxşı otlasın, yarışa qatılmağa gücü olsun).
 
Eyni zamanda yazarlıq, hətta qəzet buraxmaq da buna bənzər. Əsas məsələ irəliyə doğru qaçmaq ikən öz şəxsi problemlərinin içərisində oynaqlamaq ölümə bərabərdir. Yaradıcılıq bir yarış meydanıdır. Tənqid silahı hər zaman ayaqda olmalıdır. Ədəbi-tənqid xüsusi məsələdir, bunun üzərində ayrıca dayanmaq lazımdır. Təəssüf ki, bizim tənqidçilər döyüş silahından yalnız ov məqsədilə yararlanırlar. Ən obyektiv sayılan və nisbətən gənc tənqidçiləri – Əsəd Cahangiri, Tehran Əlişanoğlunu və ya Cavanşir Yusiflini belə hər zaman “güc mərkəzlərinin” yanında görmək olar, onlar üçün ədəbiyyat döyüş meydanı deyil, sadəcə bir doylaq yeridir demək olar. Xalq şairlərindən, partiyalı ədiblərdən gələn bu ziyanlı sovet ənənəsinin Azərbaycan Yazıçılar Birliyi adında qalası hələ də ayaq üstədir. Tənqid edə bilməyəcəyin adam haqqında yalnız tərifli sözlər söyləmənin adının “yaltaqlıq” olduğunu bu təşkilatın giriş qapısından asmağın zamanı çoxdan çatıb məncə. Nədənsə, artıq bizim hörmətli “tərifşünaslıq namizədləri”, şair Qabil demişkən, istər qart tənqidçilər, istər sütüllər Hüseynbala Mirələmovu yaddan çıxarıblar, onun əsərləri haqqında bəh-bəhlər səngiyib, deyilənə görə Mirələmovu tutduğu vəzifədən uzaqlaşdırıblar. İndi Kamal Abdulla dəbdədir. Bir söz demirəm, Etmad Başkeçid, Salam Sarvan onun haqqında yüksək sözlər söyləsinlər, nə olar, hər ikisi Slavyan Universitetində çalışır, ancaq bir nöqtəni unutmasınlar; buyurun tərifləyin, həmin adam haqqında eyni dərəcədə tənqidi fikirləri səsləndirə bilirsinizsə, sizə heç bir sözüm yok!
 
Hələ Kamal Abdullaya mat qalmışam, nə qədər olmasa böyük bir universitetin rektorudur, Fransada kitabı çıxıb, öz  tabeçiliyi altında olan insanlardan tərifli sözləri necə qəbul edir? Fransızların yaxşı bir məsəli var: “Tərif də rüşvətin bir ayrı formasıdır”.
 
Odur ki, mən deyirəm, ənənəvi düşüncədən qopmalıyıq, bizi məğlubiyyətə gətirmiş bütün dəyərləri qırıb atmalıyıq.
 
Bütün pisliklərə qarşı indi yalnız “Alatoran” var!
 
Türkiyə vətəndaşı Midhat Gücbilməz adlı həmin adamın inşaatçılara dediyi sözlərdir: “Normal düşüncədən çıxın, anormal düşünün, abuk-sabuk düşünün, yoxsa bu işin içindən çıxa bilmərik, manyak kimi çalışmalıyıq”. İnşaatın disiplinə oturmamış zamanında baş verdiyi üçün kiçik bir xətanı bağışlamaq istəmirdi həmin mühəndis, “əgər inşaatın 5-ci ayında baş versəydi, heç əhəmiyyət verməyəcəkdik bu nöqsana” deyirdi. Bir haşiyə çıxaraq qeyd edim ki, Türkiyə bu cür prinsipial vətəndaşları sayəsində bu gün güclü dövlətdir.
 
Bu gün mətbuatda Azad Yazarlar Ocağı və ya “Alatoran” qrupu haqqında yazılan, söylənən fikirlərə nəzər salarkən türkiyəli mühəndisin həmin sözləri yadıma düşür; biz anormal düşünməliyik, manyaklar kimi çarpışmalıyıq. Bizim üçün normal mövzuların zamanı gələcək, ancaq indi, ölkəmizin disiplinə oturmadığı dövr anormal mövzular zamanıdır.
 
“Alatoran” bu sayaq anormal düşüncənin məhsuludur. Bu gün “normal” düçüncəylə bütün əlaqələrini kəsmiş gənc yazarlar “Alatoran” dərgisi ətrafında birləşiblər. Onlar manyakcasına yazıb yaradırlar. Etimad Başkeçid, Salam Sarvan, Elçin Hüseynli, Cavanşir Yusifli, Orxan Fikrətoğlu kimi “normal” insanlar onları həzm edə bilməz, hələ uzun müddət həzm edə bilməyəcəklər, “Alatoran” erası zəfər çalıncaya qədər.
 
(“Böyük xaos” özü-özülüyündə resursdur, dərinliyində böyük enerji vardır və öz-özünü tənzimləmək xassəsinə malikdir. “Alatoran”ın silahı entropiyadır, xaosdur, düzənsizlkdir. “Alatoran” qaranlığın övladıdır, arasıkəsilməz xaos situasiyası yaratmaqla rəqiblərini çaş-baş salır, normal düşüncəyə söykənib onu dərk etmək mümkün olmadığı kimi, bu sayaq düşüncə ilə ona qarşı çıxmaq da sadəcə axmaqlıqdır. Hər hansı mübarizədə xaosu artıran tərəf qalib gələcək, “Alatoran” xaosu artıran tərəfdir, xaos rəqib üçün anlaşılmaz haldır, professional olmaq burada, uduzmağa bərabərdir.)
 
Etimad Başkeçidin “Proloq”un ötən sayındakı müsahibəsində xoşuma gələn çox maraqlı bir cümlə var idi: “Mənə görə xalq, kütlə yoğrulmuş xəmirdirsə, yazıçı bu xəmiri acıxdırmaq üçün ona qatılan maya olmalıdır” – əsl aqrar təfəkkür məhsuludur. Yazıçılıq sənəti haqqında belə dərin ümumiləşdirmələr sahibi “Divlərin yürüşü” adlı roman üzərində “işləyir”, Sartrdan danışır, Avropanın necə olduğuna dair fikir yürüdür, maraqlı burasındadır ki, Salam Sarvan da özünün “Proloq”dakı müsahibəsində “Etimad Başkeçidlə ədəbiyyat söhbətlərinin bir ayrı ləzzəti var” deyir. Modern düşüncəni mənimsəyə bilməyən qoşma ustası bu iki şairin biri-birləri üçün təsəlli mənbəyi olduğunu anlayıram, ancaq onların Azərbaycan gənc ədəbiyyatının avanqardı olan bir təşkilat – Azad Yazarlar Ocağı haqqında nə üçün neqativ fikirlər səsləndirdiklərini, bu təşkilatın sıralarında birləşənləri “başıpozuq dəstə” adlandırdıqlarını başa düşməkdə çətinlik çəkirəm. “Proloq” qəzetinə minnətdarlığımı bildirirəm, kimin kim olduğunu açıb göstərir.
 
Bu tələsik və qatmaqarışıq qeydləri bir məsələyə münasibətimi bildirməklə tamamlamaq istəyirəm: yazan, yaradan, əli qələm tutan hər kəs ədəbi proeses haqqında hökmlər verir, “filankəsin ədəbiyyata dəxli yoxdur” deməkdən tutmuş (misal üçün, Salam Murad Köhnəqala haqqında “həyatda istedadlı olmaqla ədəbiyyatda istedadlı olmaq ayrı-ayrı şeylərdir” dediyi kimi), “yazıçı olmaq nə deməkdir” hökmünü verməyə qədər (E.Başkeçidin “yazıçını xəmir mayası”na bənzətdiyi kimi), bu cür mülahizələrə tez-tez rast gəlmək olur mətbuat səhifələrində və ya dost məclislərində. Kimlərsə kimlərisə ən birinci sayır, təsnif edir, yuxarı başa keçirir və s. Bunu hər kəs edir, Ə.Əylislinin Ramiz Rövşən və ya Fikrət Qoca haqqında, Rafiqin Əkrəm və ya Anar haqqında və ya Anarın, Elçinin gənc ədiblər haqqında (“denşik”, “lümpen”) söylədiklərini yada salaq, Yafəs Məftunun ədəbiyyata dəxli olan və olmayanlara aid siyahısını xatırlayaq. Lap elə mənim burada kimlərsə haqqında nələrisə yazmağımı buna misal göstərmək olar. Bunlar təbiidir, ictimai rəyin formalaşmasına hər kəs öz töhfəsini verir, bəlkə də bunlar ədəbi prosesin tərkib hissəsidir, olmasa olmaz. “Oğuznamə”də deyildiyi kimi, iddianı dəvə kimi sürmək lazım. Yazıçılıq bir mənada haqq davasıdır, “kim daha haqlıdır” sənətidir. Nə üçün bu gün birmənalı şəkildə hakimiyyətə sığınmış Əkrəm Əylislinin sözü kəsərli deyil, Elçin Əfə ütülənmiş təsiri bağışlayır, Anar Rza hakəza. Bəxtiyar Vahabzadə təcrübəsi uzaq keçmişdə qalmayıb. Nə üçün bu adamlar ədəbiyyata “ustanovka” verə bilməzlər, o cümlədən Etimad, Salam, Əsəd, Səlim, İlqar, Elçin Hüsü, Rəşad, Cavanşir, Qəşəm “ədəbiyyat filan şeydir” və ya “filankəsin ədəbiyyata dəxli yoxdur” deyə bilməzlər? Haqq necə qazanılır? Bu suallar haqqında düşünməyə dəyər. Joze Saramaqonun “həqiqəti söyləmək lazımdır, əgər o təhlükəli olsa belə” sözləri bunları düşünərkən sizə bələdçi ola bilrər. Yazıçının kişiliyi, həyatda tutduğu mövqe, həqiqətə tərəfdaşlığı onun əsərlərinə dəyər qazandırır, və ya əksinə, yaxşı yazıçı hər zaman həqiqətin tərəfində olur. Nazim Hikmətin, Əli Kərimlinin zəif əsərləri də mənalıdır, insanı təsirləndirir.
 
Oğru qanunlarına görə, hər kim çörəyi azadlıqdan üstün tutarsa, həm çörəyi, həm də azadlığı itirər.
 
Rasim Qaraca
2008
Kultura.az | Developed by Samir Yahyazade