Yüngülvari müqayisə

Сеймур БАЙДЖАН

 

 

Təəssüf ki, bizim ölkədə kino tam olaraq dövlətdən, dövlətin daxili və xarici siyasətindən asılıdı. Bu gün hakimiyyətin daxili və xarici siyasətini gərək iki əllə, iki ayaqla dəstəkləyəsən ki, sənə kino çəkməyə imkan versinlər. Bu cür münasibətdən sonra çəkilən kino, kino olmur, nəsə başqa şey olur. Qısası, bu cür istedadlı bir insan heç nə çəkə bilmir. Qalıb ortada. 

Mövzuya gələk. Söhbət türk filmlərindən düşdü. Əli İsa dedi ki, mən türk filmlərinə baxmıram, onlara, türk rejissorlarına inanmıram, mənə su içmək lazım olsa, gedib bulağın gözündən su içərəm. Mən zövqünə inandığım adamlardan həmişə türk kinosu haqda belə söhbətlər eşitmişəm. 
 
Doğrusu, mən də türk filmlərinə baxmıram. Çünki mən də türklərə inanmıram. Söhbət sənətdən, yazıdan, kinodan, ədəbiyyatdan gedir. Bu haqda yaxınlarda yazmaq fikrim var. Bu yazıda isə türk mətbuatı, türk köşə yazarları haqda danışacayıq. Bəribaşdan deyim ki, bir vaxtlar oxumuşam. İndi oxumuram və türk köşə yazarlarını oxuyanları başa düşmürəm. Türklər nəyi bacarmasalar da, özlərindən büt düzəltməyi bacarırlar. İçiboş bir adam özünü intellektual adam kimi tanıtdıra bilər. Türk köşə yazarları artistliyi gözəl bacarırlar. Bu artistliyə aldanan xeyli insan var. Mən artistlərin yazısını oxumuram. Oxuyanları və valeh olanları da başa düşmürəm. 
 
Yaxınlarda "Anadolu" restoranında bir dostumu gözləyərkən türk qəzetlərini vərəqlədim. Ağıllı görünmək istəyən bir arvadın Dostoyevski haqqında yazısını oxudum. Adam günəşi küləş başa düşüb. Ümumiyyətlə, türklər rus ədəbiyyatından, Dostoyevskidən yazanda, danışanda çox gülməli görsənirlər. Bu barədə yaxınlarda Türkiyə haqda yazacağım yazıda geniş söz açacam. Bəli, bizim orta səviyyəli bir oxucumuz türklərin ən ağıllı sayılan köşə yazarından daha səlis və aydın rus ədəbiyyatı haqqında danışa bilər. 
 
Ondan başlayaq ki, hansı cəbhəyə mənsub olmasına baxmayaraq, Türkiyədə bir balaca tanınan qələm adamının yaşayışı var. Dəxli yoxdu dindardı, solçudu, millətçidi, yoxsa yalançı kosmopolitdi. Bir balaca tanındısa pulu var. Azərbaycanda isə bir balaca sərbəst olmaq istəyən qələm adamı çörək sınağına çəkilir. Təxminən iyirmi ildi Azərbaycan mətbuatı bu hakimiyyətlə döyüşür. Çörək imtahanına çəkilir. Jurnalistlər döyülür, hədələnir, oğurlanır. Ən ağır dəqiqələrdə jurnalistlər ön cəbhədə olublar. Hətta siyasi düşərgə məğlubiyyətə düçar olanda, jurnalistlər və publisistlər özlərini itirməyiblər. Mübarizənin davam etdirilməsinin vacibliyini adamlara başa sala biliblər. Ən depressiv zamanlarda jurnalistlər və köşə yazarları optimizmin vacib olduğunu aşılayıblar. Bu illər ərzində bir neçə dəfə qələm adamları, jurnalistlər tam ölgün vəziyyətin aradan qalxmasına, mübarizənin güclənməsinə nail ola biliblər. 
 
2003-cü il prezident seçkisindən sonra ölkədə müxalifətçilərə qarşı aparılan repressiyalara etiraz olaraq bir neçə jurnalist bəyanat vərərək, Müsavat Partiyasına üzv oldular. Sonralar müxalifət düşərgəsinin dirçəlməsi üçün yenə də jurnalistlər böyük rol oynadılar. Bir neçə dəfə bu hal təkrarlanıb. Azərbaycan jurnalistləri bu illər ərzində bir neçə cəbhədə vuruşmağa məcbur olub. Maddi çətinlik, iş şəraitinin olmaması, daimi hədə-qorxu... 
 
Azərbaycan mətbuatı öz qurbanını verdi. Elmar Hüseynov öldürüldü. Ölkədə az qala bütün nöqtələr susdurulanda, siyasilərin özləri belə ümidsizliyə qapılanda, jurnalistlər mübarizəni dayandırmayıb. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyətinin ən bahalı layihələri çox vaxt jurnalistlərlə, mətbuatla bağlı olub. Bu illər ərzində təxminən iyirmi adamı susdurmaq üçün, iyirmi adam yazmasın deyə min hoqqadan çıxıblar. İyirmi adamı susdurmaq üçün milyonlarla pul xərcləyiblər. Hələ də xərcləməkdədirlər. 
 
Türkiyədə isə Ərdoğan bir balaca gözün ağardan kimi ədəbaz, artist, solçu, nə bilim sekulyar, dünyəvi, atatürkçü köşə yazarları darmadağın oldular. Çaşdılar. Qaldılar bir Ərdoğanın əlində. Bir molla ilə bacarmadılar. Türk köşə yazarları Azərbaycan köşə yazarlarının yaşadıqlarına, çətinliklərinə heç bir ay da dözə bilməzdilər. Çünki səmimi deyillər. Əlbəttə, istisnalar var. Kimlərsə nümunə olaraq kiminsə adını çəkəcək. Amma 80 milyonluq bir ölkə üçün iki-üç adamın adının çəkilməsi çox azdı. Xüsusən o ölkədə ki, köşə yazarlarının sayı az qala futbolçuların sayına çatıb. Bəli, özünə sekulyar, dünyəvi, atatürkçü deyən ağıllı köşə yazarları Molla Ərdoğanın qarşısında duruş gətirə bilmədilər. Qorxdular. Sındılar. Başladılar nala-mıxa vurmağa. İndi siz təsəvvür edin ki, Mehdiyev türk köşə yazarlarından nələr düzəldə bilərdi. Azərbaycanda isə bu illər ərzində bir dəstə yazar hələ də mübarizə aparır, çörək imtahanına çəkilir, hədələnir, döyülür. Amma onları tam olaraq susdurmaq mümkün olmayıb. Onlar hər bir tribunadan istifadə edərək mübarizə aparırlar. Hətta hakimiyyətə yaxın saytlar belə, siyasi mənada olmasa da, başqa mövzularda yazarlara azadlıq verməyə məcburdu. Başqa cür mümkün deyil. Çünki həmin saytların rəhbərliyindən oxucu tələb olunur. Belə halda sayt rəhbərliyi bir-iki mövzuda yazarlara sərbəstlik verməyə məcburdur. Bu da təxminən iyirmi adamın mübarizəsinin nəticəsidi. Onların mübarizəsinin məhsuludu. Yoxsa hakimiyyətə yaxın saytlar öz yazarlarına mentalitet, Ziya Məmmədovun avtobusları, Anar Rzayev haqqında yazmağa icazə verə bilməzdilər. 
 
Hansısa türk köşə yazarının yazısının nə qədər oxunması məni marqalandırmır. Nə qədər pul alması da həmçinin. Tiraj və populyarlıq, titul qarşısında qorxu keçirmirəm. Ona görə də rahatlıqla deyirəm, Türkiyədə Zamin Hacı, Şahvələd Çobanoğlu səviyyəsində köşə yazarı yoxdu. Bəli, artist çoxdu. Bununla razılaşmamaq çətindi. Söhbət qələm adamından gedirsə, bir daha təkrar edirəm və dediyim sözün məsuliyyətini də anlayıram, Türkiyədə Zamin Hacı, Şahvələd Çobanoğlu səviyyəsində köşə yazarı yoxdu. 
 
Bir nüansı da qeyd edək. Türk köşə yazarlarının bir çoxunun köməkçisi var, onlar ixtisaslaşıblar. Bizim ölkədə isə vəziyyət həddindən artıq gərgindi. Müəllim susub, həkim susub, iqtisadçı susub. Ən yaxşı halda nala-mıxa vururlar. Ona görə Şahvələd Çobanoğlu həkimin, müəllimin, iqtisadçının da əvəzindən danışmağa məcburdu. Məcburdu bu gün səhiyyədən, sabah təhsildən, o biri gün isə idmandan yazsın. 
 
xxx 
 
Bazar gününün oxucuları üçün Günel Mövludun Aqşin Yeniseyə ünvanlanmış məktub-şeirini paylaşıram. Bu şeir həqiqi ağrıdan və iztirabdan doğulmuş bir şeirdi. Artistlik yoxdu. 
 
Sənə məktub yazıram 
həzin, qədim şəhərdən, 
nə olar, oxu, kövrəl, 
gözlərini sil hərdən. 
 
*** 
 
yaz gəlmir, hava sınmır 
hava yox, mən sınmışam 
bir sobanın böyrünə 
ölü tək uzanmışam. 
 
*** 
 
Çoxdan ölmüşəm bilir 
qaşıma qonan milçək, 
canımı heydən salıb 
qızıl yel, göy öskürək 
 
*** 
 
İçimdə yorğun ləçər 
mənə söyür, tüpürür 
uzanıb ağlayıram; 
saçlarım yer süpürür. 
 
*** 
 
O qədər ölüyəm ki, 
siçanlar saya salmır, 
Səda boşqab düzəndə 
məni həsaba almır. 
 
*** 
 
Gecə qarabasmalar, 
səhər qan azlığı var. 
Hələ dost laqeydliyi, 
kişi qansızlığı var. 
 
*** 
 
Bəlkə də ovudardı 
sevgilimin gəlişi; 
bir qucaq isti bədən, 
bir qucaq doğma kişi. 
 
*** 
 
Amma boş ver, qalxacam 
uzandığım bu yerdən. 
Qaldıracam saçımı 
bu tozlu döşəmədən 
 
*** 
 
Kədərlə doğrayacam 
şair damarlarımı, 
otaqdakı ac pişik 
yalayacaq qanımı 
 
***
 
sənə məktub yazıram 
bir hüzünlü şəhərdən 
dost, barı sən unutma, 
yada salıb, iç hərdən.
 
Seymur Baycan
"Reytinq"
 
Kultura.az | Developed by Samir Yahyazade