post-title

Quzu dərisi

Ötən həftənin cümə günü saat 14.43-də yaşlı bir qohumum girdi evə çox bəşəri bir sual səsləndirdi: “Görəsən Allah bizim hansı üzümüzə çörək verir?” Onun belə bir bəşəri sual səsləndirməsinin səbəbini öyrəndim. Demə 45 yaşlı bu xanım avtobusa minib və heç kəs ona yer verməyib.

 

Demə avtobusda bir neçə gənc oğlan, qız varmış. Heç kim yerindən tərpənməyib. Əbədi və əzəli söhbətdir. Əslində, mən bu gün Hanekenin “Ağ lent” filmi haqqında yazmaq istəyirdim. Möhtəşəm filmdir. Baxmağa dəyər. “Ağ lent” filmi haqda yazmağa imkan vermədilər. Ofisə gələndə, yolda, 224 nömrəli marşrutda orta yaşlı qadın durduğum yerdə qanımı qaraltdı. Girdi avtobusa dayandı başımın üstündə. Başladı dodağının altında danışmağa. Nə bilim daha böyük-kiçik sayan yoxdur, namus əldən gedib, vaxt vardı kişilər baş kəsib, qan tökürdülər, Nəbi, Həcər, Tomris, Nigar, Nüşabə, Koroğlu... hərçənd avtobusda boş yer vardı. Yox, olmaz, kimsə qalxıb ona yer verməli imiş. Xahişlə, minnətlə...

Bir hadisəni də yazım keçək mətləbə. Mən avtobusda ayaq üstə dayanıram. Oturdumsa yerimdən tərpənmirəm. Evə gedirdim. Təxminən əlli yaşlı kişi gəlib dayandı başımın üstdə. Nədənsə özümü narahat hiss etdim. Düşündüm, bəlkə adam yorğundur. Hər halda mən ondan 20 yaş balacayam. Məzlum bir görünüşü vardı. Yerimdən tərpənmək istəyəndə kişinin telefonuna zəng gəldi. Kişi cibindən bahalı telefon çıxarıb, ucadan danışmağa başladı. Sifət dəyişdi. Baxdım onun telefonuna və fikirləşdim, bu adam kimdir ki, belə bahalı telefondan istifadə edir. O vaxt mən 40 dollarlıq telefondan istifadə edirdim. Onu da dostum bağışlamışdı. Düymələri sıradan çıxmışdı.

Bu avtobus söhbətlərini yazı mövzusuna çevirməyimin səbəbi var. Axı niyə bu adamlar həyatın başqa sahələrində öz haqlarını tələb etmirlər? Avtobusda yer tələb etmək əvəzinə avtobusun yaxşı işləməsini, təmiz olmasını, sürücünün avtobusu normal idarə etməsini, salonda siqaret çəkməməsini tələb etmək lazımdır. Öz haqlarını tələb etməyən adamların avtobusda yaşının çoxluğundan istifadə edib, saxta mentalitetə sığınaraq yer tələb etməsi nə dərəcədə doğrudur? Bu saxtakarlıq adamın iyrəndirir. Bizim polis avtobusda, metroda qalxıb yer verdiyi qadının mitinqdə, piketdə saçından tutub sürüyür. Görəsən bizim polis hansı hərəkətində səmimidir? Qadına avtobusda qalxıb yer verəndə, yoxsa qadını söyüb, təhqir edib, saçından tutub sürüyəndə...

Svetoforda qırmızı işıq sönən kimi iyirmi maşın birdən siqnal verir. Nə olub? Guya hamısı dəhşət məşğuldur. Bir saniyə gözləməyə səbirləri çatmır, amma dövlət idarələrində adi bir arayış almaq üçün saatlarla qəşəngcə oturub quzu balası kimi gözləməyi özlərinə ar bilmirlər. Nəyisə. Uzun söhbətdir.

XXX

Yaşın çoxluğundan doğan fəlsəfədən zəhləm gedir. Azərbaycan ağsaqqalının, ağbirçəyinin ümdə vəzifəsi gənclərin həyatını zəhərləməkdən ibarətdir. Üç tükü ağaran kimi dönüb olurlar budda. Guya ağ tük ağlın çoxluğuna dəlalət edir. Ömründə bir kitab oxumamış Azərbaycan ağsaqqalı, ağbirçəyi hər kəsə yol göstərməyi özünə borc bilir. Başqalarının işinə müdaxilə etmək, onların həyatını zəhərləmək, adamları öz ovqatlarına görə qiymətləndirmək bizim ağsaqqalların, ağbirçəklərin sevimli məşğuliyyətidir. Hər şey onların ovqatlarından asılı olmalıdır. Onlar hətta öz övladlarının intim həyatına belə girməyi bacarırlar. Onlar bəzən öz övladlarının xoşbəxtliyini, ailə səadətini həzm edə bilmirlər. Azərbaycanda o qədər ana var ki, öz oğlunun halal arvadıyla xoş anlar keçirməsinə dözə bilmir. Bütün mümkün vasitələrdən istifadə edərək öz zəhərini evin hər bir tərəfinə yayır.

Həmid Herişçi bizim ağsaqqalların, xanəndələrin, mollaların, din xadimlərinin quzu dərisindən papaq qoymaları haqqında yazmışdı. Yerinə düşüb, onun fikrini tirajlamaq istəyirəm. Bildiyiniz kimi o papaqlar doğulmamış quzunun, ya da yeni təzə doğulmuş quzunun dərisindən hazırlanır. Qoyunun qarnını cırıb, quzunu ana bətnindən bayıra çıxarırlar. Detallarını bilmirəm. Və həmin quzu dərisindən hazırlanan papağı bizim ağsaqqallar, mollalar, din xadimləri, xanəndələr, söz xiridarları, qəzəlxanlar böyük həvəslə, şövqlə, vüqarla, ədayla başlarında gəzdirirlər. Bu, əslində onların həyat fəlsəfəsidir. Onlar gəncliyi də beləcə doğulmadan, yaxud doğulandan az sonra məhv etməklə öz ovqatlarına, öz xasiyyətlərinə, öz qanunlarına tabe etmək istəyirlər...

Seymur Baycan

Kultura.az

Yuxarı