AzTV - Bizi birləşdirən dəyər

Сеймур БАЙДЖАН

 

Elmir Mirzoyev həmişə deyir ki, bizim müəllimlərimiz Xəzər dənizinin o tayındadı. Doğrudan da elədi. Çünki oralarda imitasiya-filan yoxdu. Hər şey orijinaldı. Məsələn, Saparmurad Niyazov tam səmimi olaraq demişdi ki, mən operanı, baleti başa düşmürəm və adam Opera Balet Teatrını bağlamışdı. Bu səmimiyyəti yalnız alqışlamaq olar.

Daha bir misal. Türkmənistanda rəsmi sənədlərə-filana "vətəndaş" sözü yazmırlar. Rəiyyət yazırlar. Məsələn, Türkmənistan rəiyyəti. Özbəkistanda isə rəsmi sənədlərə fuqara yazırlar. Məsələn, Özbəkistan Respublikasının fuqarası. Adamlar çox səmimidirlər. Gerçəkdən də "vətəndaş" yazıb, sonra da bazara çıxarıb qul kimi satanda düz gəlmir. Fuqara - daha səmimi və daha real səslənir.
İslam Kərimovun qızı adamların qulağından tutub onlara pambıq yığdırır. Yığmalısan, vəssalam! Yığmasan, tayfanı sürgün edərlər. Bu mənada özbəklər və türkmənlər bizdən daha səmimidirlər. Biz, sadəcə, deyəsən, coğrafi məkana görə bir az utanırıq, divarın uçuq yerlərini xəritəynən örtən adamlar kimi yalandan pasportumuza vətəndaş-filan yazıblar. Vətəndaş dediyin məxluqatın qəfildən evini başına uçurmurlar. Səsini oğurlamırlar. Vətəndaş dediyin məxluqatın sərbəst toplaşmaq azadlığı olur.

M.F.Axundov yazırdı ki, İngiltərədə artıq öküzlərin hüquqlarını qorumağa başlayıblar, bizdə isə tutub adamların qulağını kəsirlər.
Qərəz, AzTV-nin qülləsinə elə mükəmməl ad verməyi, o cür bənzətmə aparmağı yalnız bir özbək bacara bilərdi. Doğrudan da gecələr AzTV-nin qülləsinə baxanda adama elə gəlir ki, böyük bir hərbi düşərgədəsən və AzTV də dayanmadan bu düşərgənin hər tərəfinə işıq salmaqla məşğuldu. Ki, ora-bura qaçıb eləyən olmasın. Hər şey nəzarət altında olsun. Heç kim heç harda gizlincə pis-pis işlərlə muşğul ola bilməsin.

AzTV əbədidi. AzTV adama fanilik aşılayır. O, şahmat verilişini aparan kişini lap balaca uşaq olanda görmüşəm. O vaxt necə görmüşəmsə, elə də qalıb. Nə danışığı dəyişib, nə də siması. O kişini AzTV-də görəndə mənə elə gəlir ki, zaman dəyişməyib. Bir də futbol şərhçisi Adıgözəlovun səsin eşidəndə. Düşünürsən ki, zaman durub. Hər şey AzTV-nin fonunda necə də mənasız və boşluq kimi görünür.

Boşluq demişkən, V.Pelevinin "Çapayev i Pustota"sında maraqlı bir məqam var. Şvartsneqer gəlir Rusiyaya. Bir qızla tanış olur. Qız çox sevinir. Gəzirlər, dolaşırlar. Sonra Şvastneqer qızı oturdur təyyarəsinə və onu özüylə aparmaq istəyir Amerikaya. Qız özünü çox xoşbəxt hiss edir. Lakin təyyarə yuxarı qalxanda düşür dumana və "Ostankino" telekanalının qülləsinə dəyib yerə düşür. Rus qızı təyyarə yerə düşəndə deyir ki, yenə də bu "Ostankino"nun qülləsi bizə xoşbəxt olmağa imkan vermir.... Ağır söhbətdi.

Qarşısında aciz qaldığım mövzulardan biri də AzTV mövzusudu. Neçə dəfə yazmışam AzTV haqqında. Adamlar başa düşməyib nə demək istədiyimi. Bir-ikisi deyib ki, yaxşı dolamısan AzTV-ni. Söhbətlərdən nə qədər uzaq adamlar var. Heç cür başa düşə bilmirlər ki, heç kim AzTV-ni dolaya bilməz. Qısası, mən AzTV haqqında nə düşündüyümü çox az adama çatdıra bilirəm. Mən həmişə AzTV-yə baxıram. Çünki sözün həqiqi mənasında AzTV ölkədə baş verənlərin güzgüsüdü. Heç bir əsər, heç bir televiziya kanalı, heç bir qəzət AzTV qədər dəqiqliklə və peşəkarlıqla ölkədə baş verənləri göstərə bilməz. AzTV Azərbaycan həqiqətlərinin özüdü. AzTV həqiqətdi. Bir balaca düşünmək qabiliyyəti olan adam AzTV-yə bir balaca diqqətlə baxsa, ölkədə nə baş verdiyini anlaya bilər. Bu mənada AzTV çox əvəzsiz kanaldı. Bir yazar kimi mən AzTV-dən ilham alıram. AzTV-yə baxmasam, yaza bilmirəm. AzTV məni daima yazmağa və yaradıcılığa səsləyir. Çünki AzTV başqa kanallardan fərqli olaraq həqiqətən də yaradıcı kanaldı. Orda həyat təcrübəsi aşıb-daşan canlı buddalar işləyir. Vururlar, gəzirlər, heç nə də veclərinə deyil. Hər şey onlar üçün çox fanidi. Harda işlədiklərini də çox gözəl başa düşürlər. Həmin canlı buddalardan biri demişdi ki, AzTV-də saatdan başqa hər şey yalandı.

Ölkədə fəaliyyət göstərən televiziya kanallarında xeyli dindar adam işləyir. Namaz qılırlar, oruc tuturlar. Amma din AzTV-yə yaxın gələ bilmir. Çünki həqiqətən də orda işləyənlərin dinlə araları yoxdu. Onlar elə bir məktəb keçiblər ki, din onlara çox maraqsız görünür. Çünki AzTV-nin özü ayrıca bir dindi. Sadəcə, bir az kodlarla, işarələrlə danışırlar. AzTV tarixi şəxsiyyət, tarif tanımır. Şairləri dolayır. AzTV-nin ədəbi verilişlərində şairi aparıcılar çəmənliyə buraxıb qoyun-quzu kimi otarırlar. Yarpaq yedizdirirlər. Guya bununla şairi romantik, təbiət vurğunu kimi tamaşaçılara göstərirlər. Əslində isə şairləri dolayırlar. Mən öz gözlərimlə görmüşəm hansısa ədəbi verilişdə bir şairi çıxarmışdılar ağaca və şair ağacın başında şeir deyirdi. Bunu heç kim bacarmaz. Hətta bu cür adam dolamağın ustası olan Vaqif Mustafayev belə. AzTV kimi istəyir dolayır. Kimi istəyir şişirdir. Kimi istəyir qaldırıb yerə çırpır. Hansı mövzunu desən fırlada bilir. Zaman və məkan anlayışı AzTV üçün çox dəyərsiz bir anlayışdı. AzTV Cəbhə və Müsavat hakimiyyəti illərini necə ədəbi cümlələrlə, peşəkarlıqla qaralayıbsa, mən harda tonqal görürəmsə, istər-istəməz (özümdən aslı deyil) avtomatik olaraq 92-93-cü illəri xatırlayıram.

AzTV həm də dəqiq kanaldı. Ölkədə nələr baş verdiyini yalnız AzTV-dən öyrənmək olar. Bir şərtlə ki, gərək AzTV-nin kodlarından bir balaca xəbərdar olasan. Uşaq-muşaq heç vaxt AzTV-ni başa düşə bilməz. Çünki AzTV qlamur deyil. Tam tərsinə, AzTV azlığın başa düşə biləcəyi bir kanaldı. Çoxları "AzTV" dedikdə gülür. Özünü ağıllı hesab edən belə adamlar heç vaxt AzTV-nin həqiqi çəkisini başa düşə bilməzlər. Heç vaxt. Lap tutaq ki, hansısa rayonda adamları hansısa tədbirə zorla yığıblar. Axı bunun özü də ölkə reallığıdı. Ölkədə baş verənləri AzTV dəqiqliklə göstərir. Məhz olduğu kimi. Bu mənada AzTV həqiqətin özüdü.

Böyük rus tənqidçisi Belinski deyirdi: "Elə iyrənc və çirkin şeylər var ki, onlara qarşı nifrət hissi oyatmaq üçün onları əslində necə varsa, olduqları kimi də göstərmək və ya onları öz adları ilə adlandırmaq kifayətdir". Bu qədər.

xxx

Bu həftə bazar gününün oxucuları üçün Nərmin Kamalın məşhur "Allahı bağışlama" şeirini təqdim edirəm. Buyurun oxuyun.

Bir gün
Allah bizdən üzr istəyəcək
Bir gün
həyatın gətirdiyi oyunlar,
hər gün yeni düyünü açmaq çabası
keçidlər

yeni sevgilər
üsyanlar
göz yaşları
çörək savaşları
batmayıb ayaqda qalmaq,
yaşamaq və yaşatmaq qovğası
intiqam almaq ehtirası
ala bilməməyin yası
artıq dözülməz olanda
tək və gücsüz uzananda qəsəbə səkilərində
Allah üzr istəyəcək bizdən
Bağışla
- deyəcək, qızım
bağışla ki,
sənə yaxşı tale vermədim
təəssüflər içində keçir ömrün
bağışla, mənim balam
- deyib hönkürəcək
Mən onu başa düşəcəyəm,
qolumu qaldırıb sarılacağam boynuna
üç dəfə yüngülcə
kürəyinə vuracağam əlimlə
eybi yox, deyəcəyəm,
Eybi yoxdur
Əlini saçlarımın arasına salıb dolacaq,
bunu belə sarışın etmədim,
bunu belə qıymadım sənə - deyəcək,
Yaxşı, belə də sevənlər oldu məni
qara saç da pis deyil - deyəcəyəm
- Peşman olmuşam,
sevdiyin pişik balalarını belə yaşatmadım
üçünü bir gecədə öldürdüm,
- Bəsdir, deyəcəyəm, üzmə özünü
başqalarının da pişikləri ölür,
hətta uşaqları ölür
Allahın boğazı qəhərlə dolacaq
daha möhkəm hönkürməyə başlayacaq
acizəm, bağışla
- təkrar-təkrar bunu hıçqıracaq
mən də ona qoşulacağam
- yaraşmaz sənə kiçilmək
bəsdir, onu sakitləşdirməyə çalışacağam,
bundan daha pis həyatlar var
narahat olma, yaxşıdır hər şey - deyib
gözlərini siləcəyəm
Allahı əfv edəcəyəm

Seymur Baycan

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade