“Gülmək, yoxsa ağlamaq” dilemması qarşısında

Сеймур БАЙДЖАН

 

Çaplinin filmlərinə yenidən baxmağa başladım. Bu dəfə onun filmlərində əvvəl görə bilmədiyim xeyli səhnələr gördüm, əvvəl tuta bilmədiyim xeyli məqamlar tutdum.

Çaplinin filmlərində hər şey var: sevgi, səfalət, istismar, burjuaziya sinfinin ikiüzlülüyü, müharibə, gülüş, göz yaşları... Çaplin  cəmiyyətin hər bir təbəqəsindən olan  insanlara öz mesajını ötürə bilən bir yaradıcı şəxsiyyətdi. Hər bir insan, savadlı, savadsız, uşaq, böyük, varlı, kasıb, hərbiçi, alim, biznesmen onun yaratdığı filmlərdən nəsə əxz edir. Bu, ikiqat dahilikdi. Yeri gəlmişkən, bu mənada bizim mədəniyyət tariximizdə Üzeyir Hacıbəyov müstəsna bir simadı. Üzeyir bəyin musiqisindən imtina etmək, Üzeyir bəyin musiqisini “iqnor”a qoymaq mümkün deyil. Cəmiyyətin hər bir təbəqəsindən olan insan ürəyinin pəncərəsinin hər iki tayını Üzeyir bəyin musiqisi qarşısında açır. Üzeyir bəy hər bir təbəqədən olan azərbaycanlının ürəyini fəth etmiş bir bəstəkardı. Əgər başqa yaradıcı insanlar öz mesajların müəyyən bir qrupa ötürüblərsə, Üzeyir bəy öz mesajların hər bir təbəqədən olan insana ötürməyi bacarıb. Elm adamı, bazarda alver edən, qoca, cavan, azdilli, rusdili, hər bir kəs Üzeyir bəyin musiqisini yorulmadan dinləyir. Biz bu musiqini müxtəlif məkanlarda, müxtəlif istiqamətli tədbirlərdə eşidə bilərik. Toyda, yolda, evdə, teatr da, mitinqdə... Hər bir məkanda Üzeyir bəyin musiqisi yerindədi. “Sənət sənət üçündür” deyənlər həyatda insanların çox az hallarda dadına, harayına çata bilirlər. Qəsdən öz yaradıcılığını qəlizləşdirənlər, sadə olmaqdan qorxanlar, mesajını yalnız bir təbəqənin adamlarına yönləndirənlər həyatın müxtəlif anlarında insanların yanında ola bilmirlər.
Sənət insan üçündü. Əsl dahi odur ki sözünü səviyyəsindən, savadindan asılı olmayaraq hər bir kəsə deyir. Əsl yaradıcı adam üçün keçilməz divar yoxdu. Onların yaratdıqları ilə hər yerdə qarşılaşmaq olar. Belə yaradıcı insanlar hər bir evə, hər bir məkana girməyi bacarbılar. Ç.Çaplin dünyanın ən məşhur simalarından biridi. Onun yaratdığı obrazı hər kəs tanıyır. Çaplinin yaratdığı obraza hər bir yerdə rast gəlmək mümkündü. Hətta Ç.Çaplinin kim  olduğunu bilməyənlər, onu yaratdığı obrazdan tanıyırlar.  Dünyanın müxtəlif yerlərində Çaplinin yaradıcılığı, yaratdığı obrazla bağlı, əlaqəli yüzlərlə, minlərlə məkanlar var. Xüsusən kafelər, kino klubları, restoranlar...

Çaplin həm də çox aktualdır. Köhnəlmir, tam tərsinə, zaman keçdikcə zamanı necə qabaqladığını  sübut edir. Texnikanın inkişaf etmədiyi bir zamanda çəkdiyi kadrları bu gün gördükdə adam sadəcə, heyrət edir. O, həm güldürür, həm də ağladır. Düşündürür. Onun filmlərinə baxanda  həyatında, ətrafında baş verən hadisələrlə mütləq paralellər aparırsan. Çaplin mütləq kimisə, hansısa hadisənisə istər- istəməz yada salır. Çaplinin yaratdığı obrazı hər bir kəs tanıyır. Demə, o bu obrazla bir insanın həyatını, onun uşaqlığını, gəncliyini, qocalığını, istismar olunmasını, səfalətin məngənəsində çabalamasını canlandırıb. Çaplinin yaradıcılığı bütöv yaradıcılıqdı. Onun filmləri ayrı-ayrılıqda məzmunca fərqlənsə də, ümumilikdə bu filmlər bir insanın həyatından bəhs edir. Məzmunca fərqli görünsələr də, bu filmlər əslində zərgər dəqiqliyi və səliqəsi ilə bir ipə düzülmüş muncuqlardır. Çaplinin yaradıcılığı bu mənada təxminən Balzakın yaradıcılığına bənzəyir. O, öz dünyasını yaradıb. Bu dünyada minlərlə obrazlar qaynaşır. Bütün bu obrazları yaşatmaq, idarə etmək, bu obrazları bir-birləri ilə real olaraq əlaqələndirmək heç də asan deyil. Dəhşətli dərəcədə çətindi.

Çaplin həm də bir salnaməçi kimi, öz dövrünün tarixini yaradib. Dövründə baş verən hadisələr Çaplinin yaradıcılığında mütləq öz yerini tutub. Çaplin az qala hər bir hadisəyə öz münasibətini göstərib. Biz onun yaratdığı obrazı müharibədə görürük. Onun yaratdığı obraz Alyaskada qızıl axtarır. Onun yaratdığı obraz istismar olunur. Səfalətin məngənəsində inləyir. Döyülür, qovulur, hər addımda çətinliklərlə üzləşir. Küçə təmizləyir, rinqə çıxır, qorxur, bəzənsə ədalət naminə cəngavərə çevrilir. Onu hətta qəmginsifət cəngavər də adlandırmaq olar. Bu, əsl yaradıcılığdı. Bu, təxminən allahlıq iddiasında olmaq kimi bir şeydi. Yaradırsan və hər kəs qəbul edir... hər kəs qəbul etməyə məcburdu. Sadəcə, hər kəs qəbul edə biləcəyi qədər qəbul edə bilir.

Çaplin Enşteynə ünvanladığı məktubunda yazırdı: “İnsanlar məni anlayıb, səni isə anlamayıb alqışlayırlar”. Bəli, Çaplini anlayanların sayı  Enşteyni anlayanların sayından müqaisə edilməyəcək dərəcədə çoxdu. Çaplin həm də Enşteyndən min dəfə məşhur sima idi. Bununla belə hər kəs onun ötürdüyü mesajları tutmaq gücündə deyil. Çaplinin mesajlarını hər kəs tuta bildiyi qədər tuta bilər. Onun mesajlarının sayı-hesabı yoxdu. Hər bir səhnədə Çaplin nəsə deyir. Hər dəfə onun filmlərinə baxanda başa düşürük ki, ötən dəfə nəsə ötürmüşük. “Bax, bu səhnəni keçən dəfə görə bilməmişdim” - deyirik. Çünki yaş, həyat təcrübəsi, savad artdıqca Çaplini daha çox başa düşmək olur. Əslində görürsən ki, nə qədər banal səslənsə də, onun yaratdıqları heç də gülməli deyil, dəhşətli dərəcədə ağlamalıdı. Bununla belə yenə də gülməyə məcbur olursan. Bəzi şeylər var ki  gərək, öz gözünlə görəsən. O zaman mütləq hansısa filmdən, hansısa nəsr əsərindən bir məqam yada düşür. Həyatda gördüklərinlə oxuduqların, baxdıqların arasında paralellər aparırsan. Ümumiyyətlə, əlin qapı arasında qalanda əsl sənətin və əsl yaradanın nə demək istədiyini iliyinə qədər başa düşürsən...

“Böyük şəhərin işıqları” filmindən bir səhnəni yada salaq: heykəlin açılışına çox adam yığışıb. Ziyalılar, burjua sinfinin nümayəndələri, polislər... Lakin ONUN yatmağa yeri yoxdu. Ağ mələfə endirilir və biz görürük ki O, heykəlin qucağında yatıb. Bəli, adamlar heykəlin açılışına yığışıb, Ç.Çaplin isə yatmağa yeri olmadığına gorə heykəlin qucağında yatib. Təbii, bu, ora yığışanların xoşuna gəlmir. Hamı onun üstünə qışqırır. Çünki Çaplin ikiüzlülük edənlərin, yalan danışanların, öz yalanlarına başqalarının da inanmasını tələb edənlərin sifətinə sərt sillə vurur. Onların ovqatını korlayır. Çaplin açılış mərasiminə yığışanların qəzəbinə tuş gəlir. Onlar aşağıdan qışqırırlar, ”sən, niyə bu inkişafı görmək istəmirsən, çörək yoxdu, piroq ye”. Çaplin aşağı düşmək istəyir, bu zaman kəməri heykəlin qılıncına keçir. Üstəlik, himn çalınır və o, həm də qılınca keçmiş bir vəziyyətdə düz dayanmağa məcburdu.  Buyurun, kiçik bir səhnədə ötürülən mesaj nə qədər aktualdı. O qədər aktualdır ki, bilmirsən güləsən, yoxsa ağlayasan. Çaplin hər bir səhnədə öz tamaşaçısını “gülmək, yoxsa ağlamaq” dilemması qarşısında qoyur.

Yaxud, “Sirk” filmini götürək. Klounlar,  kəndirbazlar, hoqqabazlar kinoda, ədəbiyyatda çox işlənmiş bir mövzudu. Bu mövzuda xeyli filmlər çəkilib, xeyli əsərlər yazılıb. Yadıma bir lətifə düşür: bir nəfər gedir həkimin yanına. Deyir ki, yaşaya bilmirəm, mənə çətindi. Həkim deyir, yaşa, həyatdan zövq al, həyat gözəldi. Məsələn, mən dünən getdim sirkə, kloun məni xeyli güldürdü. Stress atdım, yüngülləşdim. Həmin adam deyir ki, doktor, kloun mən özüm  idim... Doğrudan da bizi güldürən adamların böhranından çox vaxt xəbərsiz oluruq. Onların həyat faciələrindən, çətinliklərindən xəbərimiz olmur. Sirkdə çalışanların həyatı haqqında xeyli filmlər çəkilsə də, Çaplinin bu mövzuda dediyi söz hələ də öz möhürünü saxlamaqdadı. Bu möhürün saxtasını çıxarmaq mümkün deyil. Doğrudan da bizi güldürən adamların özləri yaşaya bilmirlərsə, onda nə etməli. Amma biz bunu başa düşmək istəmirik. Sənin həyat faciələrinin mənə dəxli yoxdu, pul verib bilet almışam, məni güldürməlisən. Vəssalam. Mən sənin hansı dərdlərlə baş-başa qaldığını eşitmək istəmirəm. Səhnə arxasında tökdüyün göz yaşlarını görmək, təsəvvür etmək istəmirəm. Səhnə arxasında necə alçaldıldığını, istismar olduğunu, döyüldüyünü görmək istəmirəm. Sənin işin məni güldürməkdi. Bəli, “Sirk” filmində səyyar sirk şəhəri tərk edir. Çaplin isə abstrakt arenada tək qalır. Bu, Kafkanın saxta, qurama təkliyi, tənhalığı deyil. Bu, həqiqi, real təklikdi, real tənhalıqdı. Əsərin sonunda ötürülən mesaj çox önəmlidi. Hətta ən istedadlı insanlar belə sonluq verməkdə çox vaxt əziyyət çəkiblər. Çünki sonluqda ötürülən mesaj əvvəldə baş verənlərə mütləq əlavə məna verir. Həm də əsərin sonuna yaxın həm yaradan, həm də tamaşaçı, dinləyici, oxucu yorulur. Üstəlik oxucu, tamaşaçı, dinləyici əsərin sonunda istər-istəməz qəribəlik gözləntisindədi. Çaplinin “Sirk” filmi mükəmməl sonluq verilmiş filmlərdən biridi. Sirk şəhəri tərk edir və Çaplin abstrakt arenada tək qalır. Bu qədər sadə.

Çaplinin mesajları çox rəngarəngdir. Məsələn, “Malış” filminin elə lap əvvəlində Çaplin yaradıcı adamlara, rəssamlara, bəstəkarlara, yazıçılara öz sözünü deyir. Qadın öz körpəsiylə küçədə qalıb. Onu bir körpəylə küçəyə buraxan rəssam isə öz əsəri qarşısında dayanıb bəşəri dəyərlərdən, təbiətdən, insan hisslərindən danışır. Yaradıcı adamlar qadınları bədbəxt etmək işində çox peşəkardırlar. Nə özləri yaşaya bilirlər, nə də imkan vermirlər ki, başqaları yaşasınlar. Varlıqla yoxluq arasında bir şeydilər. Qadının fədakarlığından, özünü qurbanvermə instinktindən sui-istifadə etmək sanki onların yaradıcılığının tərkib hissəsidir. Üstəlik, öz ibtidai təlabatlarını təmin etmək, öz şəhvətlərini söndürmək üçün bəşəri dəyərlərdən, insan təbiətindən, sənətdən silah kimi istifadə edirlər. Düzdü, bu işdə qadınların şöhrətpərəstliyi də onların əlinə oynayır.  Nədən ki, bir çox qadınlar öz həmcinslərindən  nə ağılda, nə görünüşdə fərqlənmədikləri halda, məhz qələmin, firçanın, notların ağuşuna atılmaqla öz adlarını tarixə yaza biliblər. Fərqi yoxdu, bu böyük tarixdi, ya da ki, balaca, lokal tarix. Məhz qadınların şöhrətpərəstliyi onları qələmə, firçaya, notlara tərəf aparır. Onlar öz qadın bicliyi ilə duyurlar ki, öz qabiliyyətlərinə qalsa, heç nə edə bilməyəcəklər. Onlar yalnız hansısa kişinin vasitəsilə tarixdə az da olsa, qala bilərlər. Öz həmcinslərindən çox da fərqlənməyən bir çox qadınlar məhz bu yolla tarixə düşə biliblər. Ya sənətə, sənətkara pul veriblər, ya da ki öz bədənlərini pulsuz veriblər... Bəziləri isə sadəcə, qələmə, firçaya aşpazlıq etməklə öz adını tarixə yaza bilib... Onlarla qadını dünya hansısa sənətkarın yanında olduğuna görə tanıyır. Nəsə, qəliz söhbətdir...

Çaplində bu qədər istedad hardan idi? Təbiətmi ona bu istedadı vermişdi, yoxsa, o da Flober kimi zəhmət çəkərək özü özünü dahi etmişdi? Yoxsa biz hər bir yəhudinin anadan istedadlı doğulduğu mifinə həqiqətən də inanmalıyıq? Öz yəhudiliyini dərk etmiş yəhudilərin prinsipinə görə hər bir yəhudi uşağı anadan istedadlı doğulur. Sadəcə, yəhudi valideyn öz övladının istedadının istiqamətini müəyyən etməli və övladını həmin istiqamətə yönləndirməlidir. Bəlkə də yəhudilərin arasından bu qədər yazıçının, siyasətçinin, rəssamın, rejissorun, çıxmasının səbəbini bunda axtarmaq lazımdır. Məsələn, S.Sveyq “Dünənin dünyası” əsərində yazır ki, Vyana yəhudiləri bankir, ticarətçi möhüründən bir az qaçmaq üçün aralarından çıxan yaradıcı insanlara hər cür dəstək göstərirdilər.
Bir rəssam, aktyor, rejissor bütöv bir yəhudi nəslinin vizit kartı idi. Üstəlik, az qala hər bir nəslin öz vizit kartı var idi.

Belə bir söz var, təkcə yəhudilərin etdikləri kəşfləri, yaratdıqları əsərləri həyatımızdan götürsələr, bəşəriyyət bir anda neçə əsr geriyə, ibtidailiyə qayıtmağa məcbur olar. Konkret olaraq, Çaplinə gəldikdə isə konkret bir söz demək olmur. Onun həyatı, bioqrafiyası bizi çaşdırır. Onun istedadının, dahiliyinin mənbəyini dəqiq müəyyən etmək olmur. Zəruri haşiyə, bizdə isə tərsinədi. Düşünməyə, düşüncəyə meylli uşağı zorla karate zalına aparıb burnunu, qulağını sındırırlar. Kitaba can atan uşağı zorla alverçi, güləşçi, adam döyən edirlər. Kitaba, fikrə, sənətə bağlı adama dəstək vermək əvəzinə, nəslin ən zırrama adamını ona örnək göstərirlər. Nədi-nədi, bu zırrama necə olubsa, beş-üç manat pul qazanıb...

Zaman o zaman idi ki, Ayaz Salayev hər həftənin şənbə günü “Retro” kinozalında bir film təqdim edirdi. Əlbəttə, indi hər cür filmə baxmaq, hər cür əsər oxumaq şansı qazananlar o dövrün adamlarını çətin başa düşərlər. A.Salayev xalqımızın zövqünü formalaşdırmaq üçün əlinə düşən bir tribunadan maksimum istifadə etdi. Fədakarlıq göstərdi. Bir dostumun dediyi sözləri burda təkrarlamaq istəyirəm. Deyir ki, o vaxt Ayaz Salayev “Retro” kino zalında tez -tez “Yeddi Samuray” filmini verirdi. Hər dəfə yuxu məni tuturdu, filmə axıra qədər baxa bilmirdim. Əgər mən o vaxt “Yeddi Samuray” filminə axıra qədər baxa bilsəydim, bəlkə də həyatımı tamam başqa cür qura bilərdim.

Bəli, zaman o zaman idi ki, Ayaz Salayev hər həftənin şənbə günü “Retro” kino zalında bir film təqdim edirdi. Mən birinci günün dərslərin şənbə günü dərsdən sonra hazırlayırdım. Belə olduqda bazar günü mənə daha uzun görünürdü. Rahat bir vəziyyətdə bütün günü veyillənirdim. Şənbə gecələrinin birində “Krım-218” markali televizorun qarşısında əyləşmişdim. Gözləyirdim ki, A.Salayev təqdim edəcəyi film haqqında söhbətini bitirsin və mən də filmə baxım. Əyləncəli bir film gözləyirdim. Fellinini tanımağa hələ çox vardı. Yuxu məni tutdu. Ayılanda film artıq başlamışdı. Ç.Çaplinin hansısa filmi idi. Mən yuxulu bir vəziyyətdə, bir yuxulu uşaq kimi, Ç.Çaplini görəndə onu bir Tanrı kimi qəbul etdim. Onun Tanrı olduğunu düşündüm. Bu, mənim uşaq təsəvvürümdə Tanrının ilk təzahürü idi. Mən doğrudan da elə bildim ki, Tanrı Ç.Çaplin kimidi. Tanrı fiziki olaraq mənim yaddaşımda, təsəvvürümdə Ç.Çaplin kimi qaldı. Bu günə qədər də bu təsəvvür dağılmayıb və bu, başqa təsəvvürlərdən daha əlçatan, daha üzdədi. Məhz Tanrının ilk dəfə təsəvvürümdə Ç.Çaplin kimi təzahür etməsi sayəsində mən heç vaxt tanrıdan qorxmadım... Zaman keçdikcə, yaş artdıqca görəsən, “Tanrı bizi gülmək, yoxsa ağlamaq üçün yaradıb” sualına cavab tapmaq istəyirəm.

Eynən Ç.Çaplinin filmlərində olduğu kimi. O Çaplin ki, hər bir səhnədə bizi “gülmək, yoxsa  ağlamaq” dilleması qarşısında qoyur. Biz onun filmlərinə baxanda gülməliyik, yoxsa ağlamalıyıq? Bax, bu suala cavab tapmaq çətindi. Bu suala yek cavab vermək olmur.

x   x  x

Yazının mövzusuna, həm də ruhuna uyğun olduğunu nəzərə alaraq sonda Aleksandr Blokun məşhur şeirini Ferican Yarenin tərcüməsində təqdim edirəm. Əlbəttə, bu şeirin yazının sonunda verilməsində bir hikmət var, anlayanlar bilər. Blokun bu şeirini hədsiz dərəcədə sevirəm. Blok bu kiçik şeirində həyatın düsturunu yazıb:


Gecə, küçə, fənər, aptek,
Mənasız və tutqun işıq.
Yenə yüz il yaşasaq da,
Sonu yoxdur. Alışmışıq.

Öləcəyik, yenə başdan
Yaşanacaq əvvəlkilər:
Gecə, arxın buzlu suyu,
Aptek, küçə, bir də fənər...

Seymur Baycan

Publika.az

Kultura.az | Developed by Samir Yahyazade