Bir kiloqram ət

Сеймур БАЙДЖАН

 

Başqasının zəhməti ilə yaşayanlara isə din bu dünyada xeyriyyəçi olmağı öyrədərək, onların bütün istismarçı varlığına bəraət qazandırmaq üçün onlara ucuz qiymətə bilet satır.

Din-xalq üçün tiryəkdir. Din-öz insanlıq surətlərini, insana az-çox layiq olan həyat tələblərini kapital kölələrinə unutduran bir növ mənəvi tiryəkdir. Lakin öz köləliyini başa düşmüş və öz azadlığı uğrunda mübarizəyə qalxmış kölə, artıq yarıbayarı köləlikdən xilas olur".

Çox sərrast fikirlərdir. Bəli, dini istismar, istismarın ən ağır növüdür. İl boyu işçisini təhqir edənlər, maaşını kəsənlər, işçisini iki saat işlətməyi qənimət hesab edənlər, daim işçisini işdən qovmaq hədəsiylə təzyiq altında saxlayanlar işçilərinə bir kiloqram qurban əti verməklə öz istismarçı varlıqlarına bəraət qazandıracaqlar. Üstəlik, "çörəkverən kişi", "əltutan adam", "halal adam" imici qazanacaqlar. İşçisinə maaşı minnətlə verən istismarçı varlıqlar bir kiloqram ətlə Leninin dediyi kimi, axirətə ucuz bilet əldə edəcəklər.

Acınacaqlı vəziyyətdir. Mən, bu bayram günlərində heç kimin qanını qaraltmaq istəmirəm. Sadəcə, bir kiloqram ətlə axirətə bilet əldə etmək istəyən və istismarçı varlıqlarına bəraət qazandıran tipləri sizlərə xatırlatmaqdır məqsədim. O tiplər ki, yetim-yesirin malını yeyib, Həcc ziyarətinə gedərək, hacı titulu qazanırlar. O tiplər ki, göstərdikləri bir yardımı yüz dəfə üzə vurmağı həyat fəlsəfəsinə çeviriblər. Bir kiloqram ətin müqabilində yüz dəfə təşəkkür gözləyirlər. Halbuki tam tərsinə olmalıdır, sağ əlin verdiyini sol əl, sol əlin verdiyini sağ əl bilməməlidir. Çünki gizlində ediləni Tanrı aşkarda qaytarır. Belə adamlar var. Onlar mənim yazılarımdan heç vaxt cırnamırlar. Cırnayanlar özünü bu yazıda görənlərdir. O adamlar ki, guya sahibi olduğu restoranda, kafedə, şadlıq evində spirtli içki vermir, amma müştəri həmin obyektə kənardan içki gətirə bilər. O adamlar ki, həm pul qazanmaq istəyirlər, həm də yollarına sadiq olduqlarını ətrafdakılara göstərmək istəyirlər. Ölü heyvan ətindən kabab çəkib satmaqla qazandığı pullarla savab qazanmaq istəyirlər.

Azərbaycanda ağ almanı bir adamın, qırmızı almanı başqa adamın, yaşıl almanı tamam başqa adamın gətirmək səlahiyyəti olduğu halda, guya bunlar halal yolla pul qazanırlar. Ölkəyə gətirilən bütün mallar nəzarət altındadır. Harınlaşma pik nöqtəyə çatsa da, heç kim rəsmi olaraq milyonçu olduğunu demir. Ölkədə bir nəfər də olsun milyonçu yoxdur. Bir nəfər demir ki, mən milyonçuyam. Deyə bilməz. Mümkün deyil. Çətin məsələdir. Ölkədə rəsmi olaraq bir milyonçu yoxdur, amma qeyri-rəsmi olaraq yüzlərlə milyonçu var. Onlar biznesin azad olmadığı ölkədə milyonçu olublar.

Hər şey nəzarət altındadır. Rəqabət yoxdur. Rəqabət olmadığı üçün bir çox insanlar müəyyən vasitələrlə milyonçu olublar. Və onlar öz işçilərini istismar etməklə məşğuldurlar. Yəqin ki, azad biznesin olmadığı ölkənin milyonçuları işçilərinə qurban əti paylamaqla onların könüllərini fəth etməyə çalışacaqlar.

XXX

Azərbaycanlıların dava-dalaş, mübahisə zamanı sevərək, tez-tez işlətdikləri bir söz var: "Mən Allahdan başqa heç kimdən qorxmuram". Əslində isə tam tərsinədir. Onlar Allahdan başqa hər kəsdən qorxurlar. Rəisdən, müdirdən, direktordan, polisdən...

Alahdan qorxan adam xəstəyə qəsdən səhv diaqnoz qoymaz. Allahdan qorxan adam xəstəyə artıq dərman yazmaz. Nədi-nədi, dərman firmasından öz faizini götürəcək.

Allahdan qorxan adam zirzəmidə Allah bəndəsinə işgəncə verməz. Haram yolla pul qazanıb Həcc ziyarətinə getməz. Ölkədə yüzlərlə ailənin ən zəruri ərzaq mallarına ehtiyacı olduğu halda aparıb yağ-bal içində yaşayan ərəblərə pul xərcləməz. Onlar pulu ərəblərə, ərəblər isə Hollivud ulduzlarının bir gecəsinə milyonlar xərcləyirlər. Yəni doğrudanmı bu ölkədə əl tutmağa, yardım etməyə, köməklik göstərməyə bir ailə, bir adam tapmadılar? Aparıb ərəblərə xərclədikləri pulla burda on kasıb tələbəyə təqaüd versələr, bir şəhid ailəsinin hansısa problemini həll etsələr, daha yaxşı olmazmı?

Cənnət bizim hər addımımızdadır. Savab qazanmaq üçün harasa ziyarətə getmək vacib şərt deyil. Bu haqda Tolstoyun "İki qoca" adlı mükəmməl bir hekayəsi var. Ziyarətə gedənlər və getmək istəyənlər Tolstoyun "İki qoca" hekayəsini oxusalar, nə demək istədiyimi gözəl anlayarlar. Çox ibrətamiz hekayədir. Ziyarət mövzusunda "İki qoca" hekayəsindən yaxşı nəsə ədəbiyyat nümunəsi yaratmaq çətin məsələdir.

XXX

Leninlə başladığım yazını Sabirlə bitirmək istəyirəm. Xahiş edirəm, son iki misranı diqqətlə oxuyun:

Dindirir əsr bizi, dinməyiriz
Atılan toplara diksinməyiriz
Əcnəbi seyrə balonlarla çıxır
Biz hələ avtomobil minməyiriz
Quş kimi göydə uçar yerdəkilər
Bizi gömmüş yerə minbərdəkilər.

Seymur Baycan

Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade