Azərbaycan Yazıçısının Əhdi

Литература

 

1. Azərbaycan Yazıçısı adı şərəf və ləyaqət simvoludur.

2. O istər özünün, istərsə təmsil olunduğu ictimai təşkilatın, siyasi qüvvələr tərəfindən alətə çevrilməsi ilə barışmazdır.

3. Azərbaycan yazıçısı hakimiyyətdə olan və olmayan hər hansı bir siyasi partiyanın nökəri və qulluqçusu deyildir, bundan sonra o bir daha heç bir zaman dövlətdən təltif almaq naminə həqiqətə göz yummayacaqdır, həqiqət təhlükəli olsa belə onu söyləməkdən çəkinməyəcəkdir.

4. Azərbaycan yazıçısının tərəfi xalqın tərəfidir, o, xalqın iradəsi əleyhinə olan hər hansı bir fəaliyyətə qarşı barışmazdır, öz yaradıcılığında böyük, ümummilli hədəflərə müraciət etməkdədir.

5. Azərbaycan yazıçısı ziddiyyətli bir ölkədə yaşadığını unutmur, verilmiş zamandan maksimum istifadə edir, öz üzərində işləməkdən yorulmur, dünya yazıçılarının təcrübəsindən öyrənməkdə qəbahətli heç nə görmür, ənənəyə qapılıb qalmır, erudisiyasını daim genişləndirir.

6. Özünü dünya vətəndaşı hesab edir, yazıçı adını yüksək tutur, sağlam həyat tərzi keçirir və öz fəaliyyətinin son məqsədi olaraq milli ədəbiyyatımızın dünya ədəbi prosesinə, dünya beyninə qovuşması missiyasını daşıyır.

7. Azərbaycan yazıçısı qəbahətli sovet yazıçısı təcrübəsindən hakimiyyətə yarınaraq söhrət zirvələrində ucalmaqdan birmərrə imtina edir, ədəbiyyatın “dövlət aparatının təkərciyi və vintciyi” rolunu birdəfəlik olaraq tarixin girdabına yuvarladır, yazıçı bağımsızlığını və müstəqil iradəsini başlıca həyat prinsipinə çevirir.

8. Azərbaycan yazıçısı 35 milyonluq bir nüfuza xitab etdiyini unutmur, qazanılmış dövlət müstəqilliyinin qanlar bahasına meydana gəldiyini bir an belə gözardı etmir, ona öz adından danışmaq səlahiyyəti vermiş milyonların arzu və istəklərini öz əsərlərində təcəssüm etdirir, ədəbi və ictimai fəaliyyətində hər zaman yüksək ideallıq nümayiş etdirir.

9. Həqiqətə sədaqət onun yeganə fəaliyyət meyarıdır, bu sənədi imzalamaqla o, guya Xeyrin naminə Şərlə əməkdaşlığın mümkün olduğu xülyasına qarşı inamsızlığını ifadə edir.

10. Azərbaycan Respublikasında demokratiya və vətəndaş cəmiyyəti prinsipləri bugünki Avropa ölkələri səviyyəsinə çatmayana qədər o, özünün ictimaiyyətçi missiyasını dərk edir, sağlam yazıçı ailəsinin bir üzvü olaraq Azərbaycan xalqının yazıçı adına verdiyi yüksək qiyməti hər zaman öz üzərində hiss edir və tarixi məsuliyyət daşıyır.

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade