Bəxtiyar Hidayət: "500-dən çox qəzeti olan bir ölkədə hələ də çap olunmaq problemi var"

Интервью

 

Dissident şair Bəxtiyar Hidayətlə müsahibə
 
   -  Bəxtiyar ümumiyyətlə sənin kitabını oxuyandan sonra mən insan cəsarətinin heç bir şəxsi marağa söykənməyən, tam saf halda necə parlaq göründüyünə şahid oldum. Təəssüf ki, Rafiq Tağıdan sonra qürubda belə parlaq cəsarət nümünəsi hələ də görünməmişdi. Düşünmürsənmi ki, belə çətin dövrdə əksər yazarlar kimi başını saxlamaq və öz həyatının qeydinə qalmaq yaxşı olar? Ümumiyyətlə səni belə cəsarətə həvəsləndirən böyük eşq və bir yandan da susmağa imkan verməyən böyük ağrı nədir?
 
  - Yalnız cəsarətlə ədəbiyyat yaratmaq olmaz. Bax biz tərəfdə mal-qara oğruları var ki, gedib Ermənistandan sürü-sürü mal-qara gətirirlər. Hətta ermənilər az qala onların ucbatından hər tövlənin qarşısına bir polisi növbətçi qoyur. O gənclərin cəsarəti hara mənim cəsarətim hara. Eyni zamanda mənim yazdıqlarımdan da cəsarətli yazanlar nə qədər istəsən var qəzetlərdə, jurnallarda. Sadəcə şair kimi cəsarətli yazmaq az-az adama nəsib olur. Yenə də deyirəm şair kimi. Yoxsa götür iqtidarı yıx sürü, içində də poeziyaya aid heç nə olmasın. Bu da şeir deyil. Əsas odur ki şeir olsun. 
 
Qaldı ki susmaq məsələsinə, axı necə susasan? Bax qardaşım, nə vaxtsa bir statistik məlumatla rastlaşmışdım, demək Qarabağ müharibəsində ermənilər bizə təxminən bir milyard maddi zərər vurublar. İndi gəl gör bu məmurlar nə qədər zərər vurublar bizə. Elə bu yaxınlarda 48 milyard məsələsi gündəmi zəbt elədi. Belə-belə gizli milyardlar üst-üstə bəlkə də 100 milyardı ötüb keçər. İndi gör erməni ziyankardı ya bu sərvət oğruları. Buna da necə susmaq olar, onda gərək ələ qələm almayasan. “Gülərgeyt” hadisəsindən sonra mənə elə gəlir ki, Ana Vətən əslində Qaynana Vətəndi.
 
Mən niyə şeir yazdığımı izah edə bilmədiyim kimi, sən dediyin ağrının necə bir ağrı olduğunu da izah edə bilmirəm. Sadəcə onu deyə bilərəm, mənim də gücüm buna çatır. Bu lap yanan meşəyə dimdiyində su daşıyan qaranquşun hərəkətinə bənzəsə də belədi. Mən də bunu bacarıram.
 
  - Bizə bir qədər yeni çapdan çıxan və heç iki gün satışda qalmasına icazə verilməyən “Ağ Qaranlıqlar” şeirlər kitabından danış. Axı kənardan çox güclü görünən bir höküməti, əyalətdə yaşayan bir şairin sevgi şeirlərindən bu qədər qorxudan səbəb nədir?
 
  - Bizə ağ kimi sırınan qaranlıqların bədii, satirik bir dillə ifşasıdı bu kitab. Düz qeyd edirsən, burda sevgi şeirində siyasət, təcnisdə satira, dodaqdəyməzdə sarkazm, qoşmada günün acı həqiqətləri və sair var. İlk dəfədir bunlar belə bir şeylə rastlaşıblar. Buna görə də qıcıqlanırlar. Həzm eləyə bilmirlər. Axı bunlar öyrənib 80 yaşlı şaircik sevgi şeirində şirin ləblərdən danışsın. Ordan bunlara təhlükə yoxdu. Amma birdən görəndə ki, Bəxtiyar sevgi şeirində deyir:
 
Mən Elçibəyin vaxtında düşmənə güllə atdım
Heydərin vaxtında qəpiyə güllə atdım
İlhamın vaxtında qolumu sındırdılar
Qolum boynumdan asılı
Boynum dar ağacı oldu qoluma
Özüm də sınmış qol kimiyəm
Gəl asılım boynundan
Sağalım, bərpa olum
Və sən də məndən asılarsan
Gəl özümüzü bərpa edək
Gəl!
 
Bax burda əlbəttə cırnayacaqlar, qorxacaqlar. Top-tüfəngə əl-atacaqlar.
 
  - Sənin şeirlərində mən ilk dəfə sevgi və siyasətin, ehtiras və siyasi fırıldaqların, qadın və ibtidai təfəkkürlü siyasətçilərin eyni müstəvidə təsvir olunduğunu gördüm. Gənclərimizin kütləvi olaraq ideoloji təhlükəsiz sevgi və ayrılıq mövzusunda yazması səncə şeirin əsl simasıdırmı? Səncə şeir cəmiyyətdə nəyisə dəyişdirməlidir, yoxsa o sadəcə uzaqda olan əlçatmaz sevgiliyə qarşı intim hisslərin ifadəsi rolunu oynamalıdır?
 
  - Sadəcə intim hisslərin xəyali ifadəsi olan şeirlər Freydin dediyi kimi “poetik zarıltılardır”. Şeirin masturbasiyasıdır. Sevinirəm ki kitabımı yaxşı analiz edirsən. Doğrudan da mənim şeirlərimdə ehtiras siyasi fırıldaqlardan yüksəkdədi. Bir pornostar siyasətin bütün çirkablarına batmış yüzlərlə fırıldaqçıdan daha təmiz göstərilib. Mən bilmirəm şeir cəmiyyətdə nəyi dəyişə bilər. Və söhbət mənim şeirlərimdən gedirsə, görürsünüz ki, satış faciəvi dərəcədə aşağıdır. Şeir də insan kimidir. Necə ki, deyim var - cəmiyyəti dəyişmək istəyirsənsə əvvəl özünü dəyiş, bax elə də cəmiyyəti dəyişmək istəyən şeirin əvvəlcə özü dəyişməlidi. 
 
  - Son dövrlər ölkədə kulis.az, publika.az kimi azad şəkildə ədəbiyyatı və mədəniyyəti təbliğ edən saytları ortaya çıxıb və Azərbaycanın yeni dövründə ilk dəfə olaraq yazarlara qonorar verirlər. Bildiyimə görə sən də bir müddət o saytlarda yazıbsan. Necə düşünürsən, yazıçıların maddi təminatını yaxşılaşdıran belə saytlar ölkədə ədəbiyyatın inkişafına necə təsir edir?
 
  - Çox təssüf ki o saytlar azad deyil. Orda istədiyini yaza bilməzsən. Orda böyük bir dinin üstünə gedə bilərsən, amma kiçik bir məmurun üstünə getməyə icazə yoxdu. Bəli, bir müddət o saytlarda yazmışam. Ümumiyyətlə, bizdə əsas faciələrin biri də odur ki, istedadlılar istedadsızların əlinə baxmalıdır, onların zövqünün senzurasından keçməlidir. Kulis.az-da bir müddət yazdım. Az-çox qonorar da aldım. Bir də gördüm yazım dərc olunmadı. Qan Turalıya nə qədər zəng etdim dəstəyi qaldırmadı. Başqa bir nömrədən zəng edən kimi cavab verdi amma. Soruşdum ki nə məsələdi, dedi, bəs sənin yazında “donuz” sözü var, “dinə zərərdir, zərər”. Buna görə də verə bilmərik. Dedim mən yazını dəyərlər.org-a göndərməmişəm axı. Bura kulis.az-dı yoxsa dəyərlər.org? Amma sonra özləri donuz haqda iri bir məqalə verdilər saytda. Təzədən belə yerdə yazmağa dəyərmi? Mən gördüm burda donuzun başını ha bəzə xonçaya qoy, yenə sürüşüb düşəcək.
 
Publika.az-da isə mədəniyyətlə bağlı yazılar yazırdım. Təsəvvür edin, o boyda redaksiyada bir nəfər tapılmır qonorarı götürüb rayona göndərməyə. Daha kontur da qalmadı dostlarla danışmaqdan. Sonda da baxırsan ki, dediklərini verməyiblər və israrla pulunu tələb edəndə də xoşlarına gəlmir. Bəhanələr gətirirlər ki, bəs o layihə qeyri-müəyyən vaxta qədər dayanıb. Bilirəm, hardasa kitabımla tanış olublar və üstümdən xətt çəkiblər. Amma vaxt gələcək onların adının üstündən xətt çəkiləcək, mənim də adımın altından xətt çəkiləcək.
 
Mən əsgərlikdə bir müddət Balakən rayonunun Poştbinə kəndində olmuşam. Camış fermasında yerləşirdi hərbi hissəmizin binası. Amma fermaların çoxu boş idi. Bir gün boş fermalardan birinə avar çobanları öz sürülərini gətirdilər. Diqqətimi qoca təkələr çəkdi. Üstündən kəskin iy gələn qoca təkələr. Bu təkələr bir yaşını keçdikdən sonra axtalanırlar. Və bu axta təkələr sürünün önündə gedirlər. O təkələrin buynuzları çox qəribə idi. Normalda belə buynuz olmamalıdı təkələrdə. Spiralvari, gülşəkilli, dairəvi buynuzlar. Bunun necə olduğunu soruşdum. Sən demə beləymiş: isti təndir çörəyi ilə bu buynuzları hansı formaya istəyirsən sala bilərsənmiş.
 
Bax indi bir-iki istisna olmaqla ümumən mətbuatda da, siyasətdə də vəziyyət belədi. Çörəyin hər şəklə saldığı, mənəvi cəhətdən axtalanmış adamlar o təkələr kimi irəlidə gedir. Və nə qədər ki belədi bizlərin çap olunmağa daimi bir yeri olmayacaq. Buna görə də 500-dən çox qəzeti olan bəlkə bundan da çox saytı olan bir ölkədə hələ də çap olunmaq problemi var. 
 
  - Səninlə söhbətlərimizdə tez-tez həbsxana həyatı haqqında danışmışıq. Hətta sən demisən ki: “Ədəbiyyat adamı üçün həbsxana cənnət kimidir”. Necə düşünürsən, “polis qorxusuyla öpüşməyi” dərd etmək əvəzinə, "polis qorxusuyla yazmağı” dərd etmək daha lazımlı deyilmi? Səncə insanları doğruları söyləməkdən çəkindirən o həbsxana həyatı doğurdanmı belə dəhşətli və dözülməzdir? İnsanların beynindəki həbsxana təsəvvürləri ilə, gerçək həbsxana arasında nə kimi fərqlər ar?
 
  - İnsan tək olsa, Küçük İsgəndər demiş - intihar edərkən başqalarını yaralamasa, həbsxana həqiqətən də yazar üçün cənnətdi. Hamamı var, az-çox yeməyi var, gününü yatmaqla yox oxumaqla, yazmaqla keçir. Ora qorxulu yer deyil. Bəlkə də qorxu özü həbsxanaya düşmək istəmir deyə ora qorxulu yer deyil. Bayırda adi bir polis çavuşuna deyə bilmədiyini orda rəisə də deyə bilərsən. Qaldı öpüşmək məsələsinə. Əslində bizdə bu sahə üzrə ixtisaslaşmış polislər var. Elə rayonda da, sevişmək istəyən cütlükləri tutub ailə ilə, vəzifə ilə şantaj eləmək. Bu isə ən əxlaqsız bir çörəkqazanma üsuludur. Bu haqda bir hekayəm var “Rombşəkilli yarpaqlar”. Orda göstərmişəm ki bu tip polislərin çörək ağaclarının yarpağı əslində romb şəklindədir.
 
Bir də o var ki Ramiz Rövşən deyir “gedək biz olmayan yerə”. Polisin öpüşməyə mane olduğunu bilən aşiq də sevgilisinə deyə bilər, “gedək polis olmayan yerə”. Yəni cəmiyyətin əsas problemi öpüşmək deyil. Burda bir ANS-çilik var. Xırda problemləri qabartmaq, qaz yoxdu, kanalizasiya partlayıb, filan yerdə də filan bələdiyyə düzgün işləmir. Axı balıq başdan iylənir. Bacar başdakılara bir söz de.
 
İndi səni inandırım, insanların beynində həbsxana elə də dəhşətli təsəvvürlərlə ifadə olunmur. Ona görə ki bu yaramaz rejim o qədər insanı həbs edib ki, daha o kimsə qalmayıb  dostu, qohumu, qardaşı, və yaxud da qonşusu həbsxanada olmasın. Və buna görə də cəmiyyət yetərincə məlumatlıdı. Və hətta balans həbsxananın xeyrinədir, orda bir söz var: deyirlər - kimi çöldə itirirsən, gəlib içəridə tapırsan. İndi insanlarımız qəhrəmanlıq göstərmək üçün həbsxanaya düşməyə daha çox meyllidirlər. Buna görədir ki, toyda oynamaq üstündə adam öldürür. Və bir də haqq-ədalət tapmayan insanlar elə bilirlər orda haqq-ədalət yoxdur. Amma belə deyil, orda çölə nisbətən haqq-ədalət var. Daha tam deyil bu haqq-ədalət.
 
  - Ümumən, əyalətdən baxanda ədəbi proses necə görünür?
 
  - Bu proses dostbazlıq, qrupbazlıq şəklində görünür. Uzaqdan yaxşı kimi görünənlər də elə uzaqdan yaxşı görünür. Azacıq proseslərə yaxın olanda görürsən ki, bəs vəziyyət heç də yaxşı deyilmiş.
 
  - Azərbaycanda sovet dövründə ədəbiyyat əyalətlçiliyin əsirinə çevrilmişdi. Əvvəllər Qazax ədəbi məktəbi ədəbi prosesdə aparıcı sayılırdı, artıq bu məktəb demək olar ki iflasa uğrayıb. Artıq Qazax tərəflərdən istedadlı bir şairin çıxması az qala heyrətlə qarşılanır. Sən necə düşünürsən, torpağın şair yetişdirməsi məntiqlidirmi?
 
  - Əslində Qazaxda olan kolorit, dil zənginliyi, saz sevgisi, söz sevgisi ədəbiyyata gəldiyində ədəbiyyatımız qazanır, nəinki itirir. Qazaxda bu gün də xeyli sayda istedadlar var. Sadəcə AYB Qazax zona filialında bu istedadlar məhv olurlar. Ha çalışırsan ki, bu bataqlıqdan onları çıxarasan xeyri yoxdu. Yenə oturub Vətən mövzusunda guppuldadacaqlar. İnan bu gənclər əgər bu filiala deyil, vaxtında AYO-ya üz tutsaydılar indi söz sahibi idilər. Mən yalnız Hikmət Carçılını “buksirə qoşub” çıxara bildim o bataqlıqdan. Və məncə ədəbiyyatımıza bir şair qazandıra bildim.
 
Qazaxda çox istedadlı el şairləri olub və indi də var. Məsələn Şair Qulu, Həvəskar, Allahverdi Atəş. Bu şəxslərin hər biri Fikrət Qocadan min dəfə yaxşı şairdi. Buna görə də mən iflasdan danışmazdım. Sadəcə vəziyyət belədir ki ədəbiyyatın vəzifəcə yuxarı pillələrində vaxtilə qazaxlılar çoxluq təşkil edib. İndi də “ədəbiyyat nazirliyində” qazaxlı yoxdu. Səni inandırım bu gün lap o vəzifələrdə mənim yerlilərim olsaydı da AYB-yə üz tutmazdım. Yəni bu kimlərinsə iflasıdı, ümumi bir bölgənin iflası deyil, ədəbiyyatın iflası deyil. Bu gün Vaqif Nəsib varkən hansı iflasdan danışmaq olar. Şaiq Vəli varkən hansı iflasdan danışmaq olar? Sadəcə bayaq dediyim “üstlərindən kəskin iy gələn, çörəyin hər formaya saldığı, axtalanmış ədəbi təkələr” öndədi deyə kimlərsə görünmür.
 
Bir də o var ki biz tərəfdə vəziyyət Orxan Pamukun “Qar” romanındakı kimidir. Hamı şeir yazır, amma təzə qəzet iyinə həsrətdilər, heç kim dərc olunmur. Çünki dərc olunmağa layiq də deyillər. Hətta “Ulduz”, “Azərbaycan” kimi jurnallar da bunları öz səhifələrində görmək istəmir. Bizimkilər də elə bilirlər qazaxlıdırlar deyə anadan şair doğulublar. Qısası bizdə şeir yazan həddən artıq çoxdu. Azacıq şeirdən başı çıxan adam da bu şeirləri hardasa görüb lağ edir ki, bəs bu nə şeirdi. Amma axı yaxşı yazanlar da var. Yaxınlarda Hikmət Carçılını görəcəklər. Torpağın şair yetişdirməsi isə belə də, bu işdə torpağın da payı var. Hələ suyun da, havanın da. Qazax tərəfdə daim dini basqı az olub. Buna görə də saz inkişaf edib, söz inkişaf edib, Vaqif çıxıb ortaya. 
 
  - Azad Yazarlar Ocağının sıralarında təmsil olunmursan, ancaq demək olar ki, elə əsl azad yazar sənsən. 2000-ci illərdə yeganə azad ədəbi təşkilat kimi yaranan və çoxlu sayda itkilər verən bu ədəbi təşkilatın fəaliyyətini necə qiymətləndirirsən?
 
  - Bu təşkilat mənim ədəbi həyatımda da böyük rol oynayıb. Ədəbiyayta baxışımı dəyişib bu təşkilat. Amma burda indi nə baş verir, nə baş vermir mən bilmirəm. Bildiyim odur ki, söz üçün çalışan yoxdur. Hərə öz karyerasını qurmaq üçün çalışır. Artıq adı qalıb təşkilatın. Necə deyərlər-igid ölər adı qalar.
 
  - Səncə ədəbi prosesdəki əsas problem nədir? AYB sədri olsaydın ilk görəcəyin işlər nələr olardı?
 
  - Məncə bu suala cavab vermişəm. AYB sədri olmazdım heç vaxt. Çünki bu təşkilatda birlik deyilən şey yoxdu. İnsan üzünün ikiliyi, üçlüyü, hətta minliyi var. Əlimdə belə bir səlahiyyət olsaydı AYB binasını satılığa çıxarardım. Pulunu da gözəl yazarlarımızın dünyaya çıxması üçün xərcləyərdim. O bina çox bahalı binadı.
 
  - Ən çox bəyəndiyin və bəyənmədiyin şairlər kimlərdir?
 
  - Ən çox bəyəndiyim şair Əli  Kərimdir. Hətta deyərdim təcnis yazmağımda da onun misilsiz rolu var. Bir də  klassiklərimiz - Qurbani, Abbas, Xəstə Qasım, Vaqif, Şəmkirli Hüseyn, Varxiyanlı Məhəmməd,  dəllək Murad, Ələsgər, Alı. Şaiq Vəli, Murad Köhnəqala, Elnur Aslanbəyli, Şərif Ağayar, Cavidan, Məhəmməd Ləvayi... Sevmədiyim şairlər çoxdur, Bəxtiyar Vahabzadəni nə qədər elədim sevə bilmədim. Eləcə də Ramiz Rövşən, Zəlimxan, Fikrət Qoca.
 
Xalq Xəlil Rzanı nə qədər böyük şair bilsə də əslində Akif Səməd ondan çox böyük şairdi. Xalq Məmməd Arazı nə qədər böyük şair bilsə də, Şaiq Vəlin ondan çox böyük şairdi. Xalq Əli Vəliyevdən xəbərdardı, Əli və Ninodan xəbərdar deyil. Buna görə də əsl şairlərin, əsl yazıçıların halına acımaq lazımdır.
 
Söhbətləşdi: Namiq Hüseynli
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade