post-title

Tim Taler

Bir əsəri adətən ikinci dəfə oxumuram. Amma Qərbi Almaniya yazıçısı Ceyms Krüsün “Tim Taler, yaxud Satılmış gülüş” əsərini 9 dəfə oxumuşam. O qədər də geniş həcmli əsər deyil, sovet ədəbiyyatı onu povest adlandırırdı.

 

Əsərdə fantastik hadisələr də var, amma bu, fikrin çatdırılması üçün vacibdir. Povest bir oğlanın öz gülüşünü satması və sonra onu geri alması uğrunda mübarizəsi haqqındadır. Tim Taler gülüşünü dünyanın ən varlı və ən hiyləgər adamı baron Ç.Treçə satır, əvəzində bütün mərcləri udmaq qabiliyyəti alır. Daim ağlagəlməz sazişlərlə özünün maddi cəhətdən varlı olsa da, mənəvi cəhətdən miskin həyatını canlandırmağa çalışan baron bu dəfə balaca oğlanın içdən gələn uşaq gülüşünü alır.

Tim isə tezliklə anlayır ki, o, dünyada ən dəyərli bir şeyi satıb və əvəzində bu dəyərin qarşısında heç nə olan var-dövlət qazanıb. “Dünyanın ən varlı adamı olmaq”dan mərc gələn Tim təbii ki, bu mərci də digərləri kimi udur, belə ki, baron Çezar Treç özünü ölmüş, Timi özünə varis, qardaşı Çarlz Treçi də Timə qəyyum elan edir. Tim anlayır ki, bu adam hədsiz qüdrətə malikdir.
Əsərdə baron şeytanın rəmzi kimi təqdim olunur. Soyadını tərs oxuyanda rusca “şeytan” (“çert”) alınır. O, fantastik bacarıqlara – qısa müddətdə böyük məsafə qət etmək, kiminsə gülüşünü, gözünü müqavilə ilə almaq, bütün mərclərin udulması qayğısına qalmaq qabiliyyətlərinə malikdir. Onun şeytan olması fikri otel otağında Timin qabağında iblis kimi cadu sözlərini deməsi səhnəsində də oxucuya çatdırılır.

Əsər 2 cəbhənin mübarizəsi üzərində qurulub – bir tərəfdə, xeyir qüvvələr: Tim Taler adlı saf uşaq və onun məsələdən xəbərdar olmadan belə Timin qələbəsi uğrunda çalışan dostları, digər tərəfdə: baron Treç və onun hədsiz var-dövləti və fantastik şeytani qüdrəti. Timin gülüşünü satdığı sazişdə əsas müddəlardan biri də gizlilikdir. Tim sirri kiməsə açsa, gülüşünü ömürlük itirir. Buna görə də bu mübarizədə xeyir qüvvələr zəif görünür. Əksinə, Tim və dostlarının ən xırda addımlarından da xəbər tutan, hətta onların fikirlərini oxuya bilən baron tərəf isə müqayisəyəgəlməz dərəcədə güclü görünür. Amma xeyir qüvvələrin nə qədər zəif olsalar da, əbədi qalib olmaları əsərin sonuna yaxın aydın olur.

Tim yalnız saflığının, gülüş kimi mənəvi və insanı heyvandan fərqləndirən dəyərin qiymətini bilməklə və maddi sərvətin heç də hər şeyi həll etmədiyinə inanan dostlarının köməyi ilə qalib gəlir.

Əsər uşaqlar üçün yazılmış kimi görünə bilər, amma bəşəri dəyərləri təbliğ edir. Məsələn, kapitalizm povestin tənqid hədəflərindən biridir. Rəqabət iqtisadi, maddi inkişafı nə qədər stimullaşdırsa da, mənəvi keyfiyyətlərlə alver etmək mümkün deyil. İnsanlığın itirilməsi üzərində qurulan istənilən milyonlar krallığı məhvə məhkumdur.

Sonda Tim baronun bütün var-dövlətini ələ keçirmək imkanında olsa da, mərcə cəmi 1 quruşdan girir. Gülüşün simasında mənəvi keyfiyyətlərin yanında var-dövlətin nə qədər dəyərsiz olduğu bu son səhnədə daha açıq görsənir. Tim tək gülüşü üçün dünyanın ən varlı şirkətinin həlledici aksiyalarından asanlıqla və ən əsası – gülə-gülə imtina edir. Gülüş uğrunda mübarizə əslində ləyaqətli yaşamaq uğrunda mübarizədir.

Əsərdən öyrəniləsi çox şey var və bu qısa resenziya bunların hamısını əks etdirə bilməz. Əsəri oxumaqla əmin olmaq olar ki, insan ləyaqəti və gülüş daxil olmaqla bu ləyaqəti təmsil edən hər bir adi xüsusiyyət uğrunda mübarizə sonda qalibdir. Gülüş daxili azadlıqdır və gülüş uğrunda mübarizə məhz azadlıq uğrunda mübarizədir.

... Və əsər bizi azadlıq uğrunda mübarizənin istənilən şeytani qüdrət üzərində qələbəsinə inandırır.

Zaur Qurbanlı

Kultura.az

Yuxarı