Bakı-Tiflis qatarı

Сеймур БАЙДЖАН

 

 
Bunu bir neçə dəfə yazmışam, bir daha təkrar yazmaqda günah görürəm. Mən, altıncı sinfə qədər elə bilmişəm ki, rus dilində canavara "Nu poqadi" deyirlər. Hətta bu mövzuda məclislərin birində tost da demişəm. Yanımda əyləşən gənc və perspektvili şair Aqşin Yenisey tost söylədikdən sonra məndən soruşdu: "Bəs, canavara rus dilində nə deyirlər?" Mən öz avamlığıma gülürdüm, sən demə, Aqşin məndən də betər gündəymiş. O, hələ də elə bilirmiş ki, canvara rus dilində "Nu poqadi" deyirlər. Lap sonralar qəribə bir fakt ortaya çıxdı. Sən demə, rus dilini bilməyən adamların çoxu elə bilirmişlər ki, canavar rus dilində "Nu poqadi" deməkdir. 
 
Qayıdaq kupeyə, Bakı-Tiflis qatarına. Dördüncü sərnişin yoxdur. Kupedə üç nəfərik. Yol ünsiyyət vasitəsidir. Həmən söhbətə başladıq. Bir-birimizə su, meyvə təklif etdik. Suallar verdik, bir-birimizə. Məlum oldu ki, bu qadın və gənc ana-baladırlar. Tiflisdə yaşayırlar. Mənim isə Tiflis azərbaycanlılarına xüsusi rəğbətim var. Onlar çox doğmadırlar. Lütfən diqqətlə oxuyun, Tiflis azərbaycanlılarına. Qatıb-qarışdırmayın. Söhbət yalnız Tiflis şəhərində doğulub, Tiflisdə böyüyən azərbaycanlılardan gedir. Onlar nəsə tamam başqa insanlardı. Onları görəndə sevinir və ünsiyyətə can atıram. Kifayət qədər şəhər mədəniyyətini əxz etmiş insanlardır. Danışıqları da çox şirindir. 
 
Məlum oldu ki, bu qadının Bakıda bir rəfiqəsi yaşayır. Rəfiqənin qızı qadının oğluyla yaşıddırlar. Ana öz oğlunu da götürüb rəfiqəsigilə qonaq gəlib ki, qızla oğlanı tanış etsinlər. İki rəfiqə onların ulduzlarını toqquşdurmaq qərarına gəliblər. Onu da başa düşdüm ki, qız tərəf bir az imkanlı ailədir. Oğlan əgər qızı alsa, ona nəsə şərait yaratmaq perspektivi var, gələcəkdə. Bir sözlə, "Qorio ata" romanında Rastinyakın dediyi kimi "Gözlə Paris, gəlirəm".
 
Gəncə baxdım, ona yazığım gəldi. O bədbəxt, onu hansı keşməkeşlərin, faciələrin, hansı uçurumların gözlədiyini bilmirdi. O, həyatı ilə domino oynayırdı. O, öz əlləri ilə kəndiri boynuna dolamışdı. O, öz əlləri ilə şiddətli zəhər düzəltməyə hazırlaşırdı. O, özü-özünə dərin bir quyu qazırdı. Gözümün qarşısında bir insan həyatı məhv olurdu. Düzdür, ədəbiyyatın insanı xilas etmək, insanı tərbiyə etmək adlı bir missiyası yoxdur, amma mən yazar olaraq, bir gəncin həyatının məhv olmasına laqeyd qala bilməzdim. Heç olmasa, onu xilas etməyə cəhd göstərməliydim. Jurnalistikanın ən vacib sualı qarşımda dayanmışdı. Dənizdə batan adamı xilas etmək lazımdır, yoxsa onun boğulmasını seyr edib, sonra bu haqda yazmaq? 
 
Həqiqətən də gəncə baxanda ürəyim ağrıdı. Axı, o, hardan biləydi ki, onu necə dəhşətli bəlalar, tikanlı məftillər, səngərlər gözləyir. Gənc bunları bilə bilməzdi. Mən ona vəziyyəti başa salmaq üçün fürsət axtarırdım. Şəraiti bizə siqaret yaratdı. Hər ikimiz siqaret çəkmək üçün kupedən çıxdıq. Qadının yanında açıq danışmaq yaxşı alınmazdı, kupedən çıxanda isə nə istəsən, demək olardı. Açıldım, nə açıldım. Bütün təcrübəmi, bütün oxuduqlarımı və eşitdiklərimi tökdüm ortaya. "Tükəzban" adlı silsilə yazılarda nələri yazmışdımsa, hamısını gəncə dedim. Hətta qəzet səhifələrinə çıxardılası mümkün olmayan fikirləri belə. Hiss etdim ki, yaxşı alınır. Ümumiyyətlə, bu mövzuda danışanda natiqlik qabiliyyətim pik nöqtəyə çatır. Gənc ağzını ayırıb mənə qulaq asırdı. Doğrudan da Tiflisdə böyümüş bir gənc niyə həyatını Tükəzbanla məhv etməlidir? Məlum oldu ki, gənc həmin qızı heç bəyənməyib. Özünü ev qızı kimi göstərməyə çalışan qız, öz "taktikası"yla öz evini yıxıb. Qız özünü ifrat ağıllı, mərifətli, əxlaqlı, abırlı və başıaşağı göstərməklə gəncdə heç bir maraq oyada bilməyib. Gənc başa düşüb ki, belə ev qızın Tiflisdə adam arasına çıxartmaq olmaz. Mümkün deyil. Adama ən azı gülərlər. Gənc Bakıda da yaşamaq istəmir. Deməli, yenə də şəhər mədəniyyəti öz sözünü deyir. Qızı ora apara bilməzsən, özün isə burda yaşamaq istəmirsən. Kifayət qədər açıq söhbətdir. Yüzlərlə insan bu ağır söhbətin qarşısında aciz vəziyyətdə qalıb. 
 
Biz kupeyə qayıtdıq. Gəncin əhvalı dəyişmişdi. Qəti qərar vermiş adama oxşayırdı. Nisbətən öz məqsədimə nail olmuşdum. Söhbətə qadın özü şərait yaratdı. Yolda adama hər cür sual vermək olar. Ailə vəziyyətimi soruşdu. Dedim subayam. 
- Niyə? 
Bu sual mənim əlimə qılınc alıb sağa-sola vurmağıma bəs idi. Başladım, nə başladım. Ağzıma gələni dedim. Qadın o qədər də müqavimət göstərmədi. Görünür, o da özlüyündə bu icdivacın gəncə, oğluna xoşbəxtlik gətirməyəcəyini başa düşübmüş. Sadəcə, qərarını qətiləşdirməyə azca təkan lazım imiş. Nə azca. Mən bu mövzuda çox səxavətliyəm, aza qane olmaram. Onları necə bir bədbəxtlik gözlədiyini, necə dəhşətlərlə qarşılaşacaqlarını obrazlı danışdım. Sitatlar gətirdim. Hadisələr nəql etdim. Tiflisdə böyüyən qadın məni yaxşı başa düşdü. Beləliklə, mən bir insanı bədbəxtlikdən, qram-qram ölməkdən xilas etdim. O, öz əliylə boynuna kəndir keçirmişdi, mən kəndiri doğradım. O, əlində zəhər dolu şüşə tutmuşdu. Mən zəhər dolu şüşəni onun əlindən alıb yerə çırpdım. Amma yəqin ki, adam ömrünün sonuna qədər ona necə yaxşılıq etdiyimi bilməyəcək. Hardan bilsin? Görməyib. "Min bir gecə" nağıllarında deyildiyi kimi "Gözünün ucuyla görənlər, ibrət dərsi götürərlər". 
 
Seymur Baycan
Reytinq qəzeti

 

Kultura.az | Developed by Samir Yahyazade