Qarabağ atıyla demokratiya dalınca

Альтернатива

 

İlk hakimiyyətlər Qarabağın qurbanı olub. Ayaz Mütəllibov (Xocalı), Yaqub Məmmədov (Şuşa), Əbülfəz Elçibəy (Kəlbəcər) hakimiyyətlərinin sonu bundan başlayıb. Çünki o dövr müxalifətlərinin əsas şüarı “Qarabağ” idi. Əliyev hakimiyyəti daha ağır Qarabağ sınağına (Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) 1993-cü ilin avqust referendumu, oktyabr seçkisiylə, siyasi mübarizənin yönünü məharətlə “Qarabağ”dan “Demokratiya”ya yönləndirməklə tab gətirə bildi – demokratları elə demokratiya meydanında oyuna çəkdi.

Sonrakı illərdə konstitutsiyanın qəbulu, müxtəlif təyinatlı seçkilər, demokratiyaya yönəlik digər çoxsaylı hadisələr, bu hadisələr ərəfəsi və sonrası yaradılan şoular siyasi mübarizədə “Demokratiya!” şüarının yerini möhkəmlətdi. Yeni olaylar yeni şüarlar doğurdu. Mövsümi mövzu bolluğunda hər dəfə “Qarabağ” bir pillə geriyə atıldı. Elə “Gülərqeyt” adı ilə məşhurlaşan sonuncu olay indi “Qarabağ”dan on qat populyardı.

Beləcə, Qarabağ iqtidarın da, müxalifətin də, ən əsası xalqın da gündəliyində “cari məsələlər” bəndinə düşdü. Tək-tük mitinq-piketi nəzərə almasaq, uzaq 1994-cü ildə Bişkek protokoluna qarşı yürüşdən savayı Qarabağ uğrunda böyük siyasi etiraz hadisəsi xatırlamıram!

Məğlubiyyətlərin kökü bu tarixi xətadan, xalqın mübarizəsini təşkil edən siyasi qövmün demokratiya “tələsi”nə düşməsindən başladı. Niyə belə düşünürəm, izaha çalışım.

Realda olanla xəyalda təsəvvür edilən fərqli nəsnələrdi. Toplum üçün demokratiya nə qədər yayğın məfhumdusa, Qarabağ bir o qədər konkret anlayışdı, gördüyü Qarabağ nə qədər realdısa, təsəvvür elədiyi demokratiya bir o qədər xəyalidi. Bu mənada real xəyalla əvəzləndi. Konkret Qarabağ hədəfinin yerinə hələ tam dərk olunmayan demokratiya önə çəkildi. Elə bununla da xalqın mübarizəsi önündə gedən siyasi qüvvələr döyüşü “anlaşılmaz” demokratiya meydanına çəkən hakimiyyətin tələsinə düşdü, hələ də ordadı!

Demokratiyanın olub-olmamasını sübuta yetirməyə 20 il sərf olundu! Nəticədə nə Qarabağ var, nə də demokratiya!

Qarabağ hakimiyyətlərin qısnanıb sıxışdırıldığı zirzəmi küncüdüsə, demokratiya manevr üçün geniş meydandı. Müxalifət özü də bilmədən iqtidarı dar küncdən ucsuz-bucaqsız meydanlara çıxardı. Xirtdəyi buraxdı. Mütəllibov, Elçibəy hakimiyyətləri “Qarabağ küncündə” boğulub məhv olduğu halda Əliyevlər hakimiyyəti “demokratiya çöllüyündə” atını elədən belə, belədən eləyə çapdı.

Böyük yola xırda cığırlar aparır! 2003-cü ilin prezident seçkisindən sonra “Demokratiya!” şüarıyla getdiyi seçkidə elə demokratik dünyanın əliylə məğlub etdirilən siyasi liderlə söhbətdə demişdim ki, qərargahı Qarabağa (Bərdəyə) köçürüb böyük Qarabağ davasına başlamaq bir şansdı. Yeni mübarizə üçün enerji mənbəyi Qarabağdı. Ritorik səslənməsin deyə yaxın tariximizdən “hakimiyyət dalınca əyalətə gediş” nümunəsini yada salmışdım.

9 il sonra, 2013-cü il prezident seçkisi ərəfəsində yenə o fikirdəyəm ki, hakimiyyətin də, ona dəstək verən ölkələrin də Azərbaycanda zəif damarı demokratiya yox, Qarabağdı. Siyasi mübarizə “Qarabağ səhnəsinə” qaytarılarsa, bəlkə uğura ümid eləmək olar. Amma namizədliyə iddialı siyasi liderlər yenə Qarabağdan uzaq görünürlər: çıxışlarında, müsahibə və rəylərində Qarabağ tələbi ya yoxdu, ya da sonrakı yerlərdədi. Yenə hakimiyyətlə hakimiyyət yox, demokratiya davasındadılar, onda olmayanı onda axtarırlar. Balığı göydə, quşu dəryada axtaran kimi...

Sözümün canı, “Qarabağa yol demokratiyadan keçir” konsepsiyası keçmir. Bəlkə də sürtülüb nimdaşlaşmış “Qarabağ” mövzusu indi cəmiyyət üçün aktual deyil. Mənsə o fikirdəyəm ki, uğur Böyük Qarabağ Davası başlamaqdadı. Bu ölkəyə demokratiyanı “Qarabağ atı”yla gətirmək olar – yetər ki, yaxşı çaparımız olsun!


Vahid Qazi

10 dekabr 2012

http://vahidqazi.wordpress.com

Kultura.az | Developed by Samir Yahyazade