Günah keçisi

Сеймур БАЙДЖАН

 

Bu söhbətin həqiqətə nə qədər uyğun olduğunu bilmirəm. Ümumiyyətlə, mən böyük siyasət haqda danışmağı sevmirəm. Gülməli vəziyyətə düşməkdən qorxuram. Adi adamlar böyük siyasətdən, kəşfiyyat orqanlarandan danışanda bir az gülməyim gəlir və Stendalın "Qırmızı və Qara" romanından bir yeri xatırlayıram. Bir ovçu ovunu yaralayır. Ovçu yaralı ovun ardınca qaçır. Qaçanda ağır çəkmələri ilə bir qarışqa yuvasını dağıdır. Ovçu yuvanın dağılmasından xəbərsizdi. Ovu tutmaq hayındadı. Qarışqalar isə oturub bu qəfil bəlanın hardan gəldiyi haqda uzun-uzadı düşünürlər.

Bu yaxınlarda ərəb əsilli yəhudi yazıçısı (yaxud yəhudi əsilli ərəb yazıçısı. Müəyyən etmək bir az çətindi) Əli Amirinin "Günah keçisi" adlı bir romanını oxudum. Roman çox asan oxunur. Dili çox dinamikdi. Çox asanlıqla oxunan bu romanda bir çox mətləblərə toxunulur. Deməli, dünyanın hər yerindən yəhudilər yığışır İsrailə. Onlar bir-birilərinin dilini bilmirlər. Hər biri tamam başqa bir mədəniyyəti daşıyır. Lagerlər düzəldilir və bu lagerlərdə avropalı yəhudilər Asiyadan gəlmiş yəhudilərə mədəniyyət öyrədirlər. Məsələn, Fransadan gəlmiş yəhudi İraqdan gəlmiş yəhudiyə davranış qaydalarını öyrədir. Akademik musiqi dərsi keçir. Geyimlərini dəyişdirir. Əlbəttə, bütün bunlar asanlıqla baş vermir. Mühafizəkar valideynlər öz uşaqlarını lagerə vermək istəmirlər. Onlar düşünürlər ki, avropalı yəhudilər onların uşaqlarını pozur və onları əxlaqsızlığa vadar edirlər. Burda din xadimləri ilə mədəniyyət ötürücüləri arasında münaqişə baş verir. Lagerlərdə yəhudi adət-ənənələrinə, dinə qarşı incə bir mübarizə başlayır. Onlar tarlalarda çalışırlar, kitab oxuyurlar, bir-birlərinə kitab verirlər, akademik musiqi ilə tanış olurlar. Əlbəttə, romanda yazılanların hamısını burda təkrarlaya bilmirəm.

Əli Amiri Bağdadda anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə İsrailə köçüb. Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. Roman boyunca biz onun Bağdadla bağlı xatirələrini də oxuyuruq. "Günah keçisi" romanı müəllifin avtobioqrafik əsəridi. Bu roman dünyanın bir çox dillərinə tərcümə olunmuş və ekranlaşdırılmışdır. Filminə baxmamışam, amma ən yaxın zamanda baxmaq fikrindəyəm.

Romanda şərq və qərb dünyagörüşünün ziddiyyətli məqamları, mədəniyyətlərin kəskin toqquşması çox böyük ustalıqla, rahat ifadə olunub. "Günah keçisi" romanı bir çox mükafatlara layiq görülüb, məktəb proqramlarına daxil edilib. Üstəlik, "Günah keçisi" romanı bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Bu romanı əldə etmək və oxumaq şiddətlə tövsiyyə olunur. Təsəvvür edin, Polşadan gəlmiş kimyaçı bir yəhudi tövlə təmizləyir, peyin kürüyür, tarlalara peyin daşıyır. Həm də Asiyadan gəlmiş yəhudilərə dərs deyir. Özü də pulsuz. Lagerdə yəhudi adət-ənənələrinə, dinə qarşı mübarizənin aparılması bir çox yəhudilərin qəzəbinə səbəb olur. Bəziləri öz övladlarını lagerdən alıb evə aparırlar. Hətta bəzi yəhudilər qızlarla oğlanların bir yerdə oxumasını qəbul edə bilmirlər. Övladlarının şortik geyinməsini dindən dönmək kimi qələmə verirlər. Avropa yəhudiləri isə dəyişikliyin vacib olduğunu daima vurğulayırlar və bu yöndə mübarizə aparırlar.

Qərəz, mason söhbəti eləməkdən həzz alanlar zəhmət çəkib romanı tapıb oxusunlar və bilsinlər ki, kimlə davaya giriblər. Bilsinlər ki, bədənə bomba bağlayıb özünü və ətrafdakıları məhv etməkdən savayı min cür mübarizə vasitəsi var. Kitab, məktəb, kino, teatr, konkret mədəniyyət. Mədəniyyət elə bir silahdır ki, onun qarşısında heç bir qoruma vasitəsi tab gətirə bilmir.

İndi gürcülər öz ədəbiyyatlarını tanıtmaq üçün tərcümələrə dövlət səviyyəsində pul xərcləyirlər. Nəticəsi var artıq. İki-üç ildən sonra Avropada, dünyada qarşımıza tanınmış gürcü yazıçısı çıxanda başlayacaqlar qeybət etməyə. Guya xristianlar bir-birilərini dəstəkləyir. Boş söhbətdi. Siz hər gün bir çaynik çaya verdiyiniz pulu ildə bir dəfə kitab almağa vermək istəmirsiniz, buna xristianlar nə etsin? Bir başdaşına xərclədiyiniz pulun yarısını övladınızın təhsilinə xərcləməyə canınız çıxır. Nə vaxt övladlarınızı başınıza yığıb teatra getdiniz? Nə vaxt kitab mağazasına apardınız övladlarınızı? Şadlıq evinə girib atılıb-düşməkdən, mahnı üstündə dava salmaqdan başınız açılmır. Kitabı zibil qutusuna atırsınız. Kitabı zibil qutusuna atan xalqı tarix asanlıqla zibil qutusuna atar. Bu boyda Bakı şəhərində beş-altı kitab mağazası var.

Türkiyə əhalisi kitab oxuma baxımından Afrika ölkələri ilə bir sıradadı. Türkiyədə altı adama ildə bir kitab düşür. Yaponiyada isə bir adam ilə 20 roman oxuyur. Yaponiyada yaşayan gənc dostumuz Şaiq bəy (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) məşhur rejissor Takeşi Kitanonun müsahibəsini dilimizə çevirmişdi. Həmin müsahibədə məşhur rejissor deyir ki, mən çantamda kitab gəzdirəndə özümü daha rahat və güvənli hiss edirəm. Sonra da deyir ki, fəaliyyətsiz insanı ölü insan sayıram. Bəli, insan hər bir şəraitdə, hər bir yaş dövründə fəaliyyət göstərə, ətrafdakılara, dünyaya, bəşəriyyətə fayda verə bilər.

Dünən gənc və perspektivli yazar Cavad Ramazanov (Allah ondan həm bu dünyada, həm də o dünyada razı olsun) bizi daha bir acınacaqlı statistika ilə tanış etdi. Deməli, ərəb ölkələrində aparılan araşdırma nəticəsində məlum olub ki, orta statistik bir ərəb ildə cəmi altı səhifə kitab oxuyur. Əlbəttə, ildə altı səhifə kitab oxuyan cümlə ərəblər bir ovuc yəhudinin əlində aciz qalacaq. Başqa cür ola bilməz. Qərəz, mədəniyyət olduqca güclü silahdı. Vay bu silahın gücünü anlamayanların halına! Ona görə böyük Hüseyn Cavid mədəniyyət deyib hayqırırdı. Diqqətlə oxuyun. Bu misralar çox dəqiq və peyğəmbərcəsinə yazılmış misralardı. Bir balaca düşünmək qabiliyyəti olan adam Hüseyn Cavidin bu misralarından öz hesabını götürər.

Türk ordusu daim basaraq ölkələr almış,
Ən sonra siyasətdə basılmış da bunalmış.
İdrakı sönük başçıların qəfləti ancaq
Etmiş, edəcək milləti həp əldə oyuncaq.
Turana qılıncdan daha kəskin ulu qüvvət,
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Seymur Baycan

Reytinq qəzeti

Kultura.az | Developed by Samir Yahyazade