post-title

Alçaldılmış və təhqir olunmuşlar

Öz köləliyini əsaslandırmaq üçün mübarizə aparan adamlara böhtan atmaq, mübarizənin mənasızlığını göstərməyə cəhd etmək əclaflıq, murdarlıq, şərəfsizlikdir. İncildə yaxşı bir söhbət var. Təxminən yadımda belə qalıb. Həvarilərindən biri gəlir İsa peyğəmbərin yanına və deyir: bir adam gördük, o özünü Sənin kimi aparıb, adamların qarşısında Sənin kimi çıxış edirdi. Biz ona deyəndə ki, gəl dalımızca, gəlmədi.

 

 
İsa peyğəmbər deyir: ona toxunmayın. Kim ki sizə qarşı çıxmır, sizin tərəfdarınızdı. 
 
Bəli, bu gün Azərbaycanda elə adamlar var ki, onlar müəyyən səbəblərdən vətəndaş mövqelərini açıq şəkildə ortaya qoya bilmirlər. Bu adamlar öz mövqelərini ortaya qoya bilməsələr də, mübarizə aparan adamlara şər də atmırlar. Min bir yolla, min bir vasitə ilə prosesə öz tövhələrini verirlər. Qəzet və kitab alır, sosial şəbəkələrdə yazı paylaşırlar. Bu adamlar bizim tərəfdarlarımızdı. Onlara eşq olsun! 
 
Amma bu gün Azərbaycanda xeyli adam var ki, onlar öz köləliklərini əsaslandırmaq üçün mübarizə aparan insanlara şər atır, mübarizənin mənasızlığını sübut etməyə cəhd göstərir, bədbinlik aşılayırlar. Bir çoxları da özünü dahiliyə vurub, sanki ölkədə baş verən hadisələrin fövqündədirlər. Guya ölkədə baş verənlər kiçik hadisələrdir, onlar isə daha əhəmiyyətli işlərlə məşğuldurlar. Yerlə, göylə əlləşirlər. Kafkadan, Folknerdən, Borxesdən, ruhdan, ciddi sənətdən, ədəbiyyatdan danışırlar. Lenin belə adamlar haqqında yaxşı deyib. Tirajlamaq yerinə düşər. 
 
Lenin gözünün qarşısında baş verənləri görməyib, tarixi hadisələrin arxasında gizlənənləri, guya hadisələrin fövqündə dayanıb bəşəri dəyərlərlə alver edənləri "ədəbi gədalar" adlandırırdı. Bəli, ölkədəki ədalətsizliyi, iyrəncliyi, murdarlığı görməyib mövcud hakimiyyəti dəstəkləyənlər, həqiqətlə deputat mandatı arasında çabalayanlar, Təbriz, Borçalı, Dərbənd dərdinə guya "göz yaşı" tökənlər, sərkərdələr haqqında romanlar yazanlar, yazıçı deyillər, ədəbi gədalardır. 
 
Bir çoxları vətəndaş mövqeyi sərgiləməsə də, gündəmdə qalmaq istəyir. Gözünün qarşısında baş verənləri görməyib Somalidən, Fələstindən, Borçalıdan, Təbrizdən, Dərbənddən ağızdolusu danışırlar. Belələri zərərsiz mövzulardan danışmaqla özləri özlərinə fərd olduqlarını, vətəndaş olduqlarını sübut etmək istəyirlər. 
 
Bir çoxları isə dostum Yalçın İslamzadənin təbirincə desəm, özünü turist kimi aparır. Guya ölkədə baş verənlərin bunlara dəxli yoxdur. Əlbəttə, biz belələrini ifşa etməliyik. Göstərməliyik ki, onların ruhi vəziyyətindən xəbərimiz var. 
 
"Bir tikə zəhər" adlı yazımda bu adamların necə yaşadıqlarına bir balaca toxunmuşdum. Rəis, direktor, müdir qarşısında "quyruq bulayaraq" bir tikə zəhər üçün min cür təlxəklik edənlər, üç-dörd müstəqilliyini saxlamış yazarın yazılarına şərhlər yazanda şirə, pələngə, bəzən də çaqqala dönürlər. Amma oğurlanan milyonları, sökülən evləri, orduda, təhsildə baş verənləri görmürlər, yazılarda lupa ilə hərif səhvi axtarırlar. Hərif səhvi tapanda isə çaqqal kimi sevinirlər. Biz belə adamları alçaldılmış və təhqir olunmuşlar adlandıra bilərik. Onlar alçaldıqlarının fərqindədirlər. Onlar bilirlər ki, yaltaqlıq, təlxəklik edirlər. Min minnətlə bir tikə zəhər qazanıb özləri kimi yaltaq və kölə övladlar böyüdürlər. Üstəlik, bu prosesə "ağıllı, mərifətli övlad böyüdürəm", - adını da qoymaq istəyirlər. Əslində isə onlar belə deməlidirlər - mən yaltaqlıq, təlxəklik edərək, rəisin, müdirin, direktorun, bir sözlə, rəhbərliyin qarşısında göbək rəqsi oynayaraq, bir tikə zəhər qazanıb, özüm kimi yaltaq, kölə, təlxək böyütməkdəyəm. 
 
Qərəz, əgər vətəndaş mövqeyi göstərə bilmirsinizsə, heç olmasa, özünüzdə bir az təpər tapıb dilinizi və əlinizi münasib yerinizə qoyun. İndiki vəziyyətdə görə biləcəyiniz ən böyük iş bu olardı.
 
Seymur Baycan
Reytinq qəzeti
 
Yuxarı