post-title

Azərbaycanı gözləyən qaranlıq gələcək

Taylandda yerləşən və 1993-cü ildə yanğın nəticəsinə məhv olan "Kader" "Toy Fabric"-də (“Kader” Oyuncaq fabriki) baş vermiş ən böyük yanğınlardan biri kimi tarixdə qalıb. Rəsmi rəqəmlərə görə, yanğında 188 nəfər ölüb, 469 nəfər isə yaralanıb, amma qeyri-rəsmi rəqəmlərdə itki daha çox göstərilir.

 

Bu fabrikdə işləyənlərin çoxu uşaqlar (12-13 yaş), yeniyetmələr və gənc qadınlar olub. Gün ərzində onlar 17-18 saat işləyir, daha doğrusu işlədilirmiş. Yanğından sonra aparılan (ictimai və beynəlxalq təzyiqdən sonra) araşdırma nəticəsində məlum olub ki, fabrikin binası çox keyfiyyətsiz və yanğına davamsız tikilib. İşçilərin işdən qaçmaması üçün isə nəzarətçilər əsas giriş qapılarını bağlayırmış. Əksər insanlar yanğından canlarını qurtarmaq üçün özlərini 4 mərtəbəli fabrikin binasından aşağı atırmış.

Bu məlumatı yazmaqda məqsədim nədir?

Bu məlumatı oxuduqca gözümdə Azərbaycanın post-neft erası canlanmağa başladı. Bizlər hələ ki, neftin gətirdiyi göydəndüşmə pulla birtəhər dolanırıq. Bizdə fabrik və zavodlar isə demək olar ki, yoxdur. Amma neft bitəndən sonra bizdə məcburən nə isə qurmağa məcbur olacağıq, yəni fabrik və zavod tikməli və ya kiminsə bunu tikməsi üçün ölkəyə çağırmalı, daha doğrusu yalvarmalı olacağıq. Post-neft erasından sonra da ticarətlə məşğul olub, pul qazana biləcəklərini düşünənlər ciddi yanılırlar. Əgər bir ölkə məhsul istehsal etmirsə və ya az istehsal edirsə, onun ticarət dövriyyəsi həm daxildə, həm də xaricdə azalır. Və siz beləcə piştaxtaların arxasında müştəri gözləyə-gözləyə mallarınızın necə məhv olduğunu ürəkağrısı ilə izləməli olursunuz.

Çıxış yolumuz varmı? Var

Biz nəsə (nələrsə) istehsal etməliyik. Elə bilirsiniz, nəsə istehsal etmək asandır? Hər hansı bir məhsulu istehsal etmək üçün:

1. Kapital,
2. Texnologiya,
3. Bu texnologiyanı idarə edə bilən işçi qüvvəsi,
4. İstehsal olunmuş məhsulun paylaşdırılmasıyla məşğul ola bilən savadlı işçilər,
5. Dünyada baş verən iqtisadi prosesləri anlayan mütəxəssislər,
6. Mülkiyyət toxunulmazlığı və daha nələr, nələr lazımdır.

Yuxarıda sadaladıqlarımın arasında bizdə hələ ki, yalnız birinci və üçüncü var: kapital və insan resursu (amma insan resursu sırf intellekt tələb etməyən sənaye sahələrinin yaradılmasına yararlıdır). Pis olan odur ki, neft bitdikdən sonra kapital da tezliklə yoxa çıxacaq. Kapitalı haradan tapacağıq? Xaricdən?!
Elə bilirsiniz, investisiya qoyan kapitalist bizim doqquz iqlim qurşağımıza vurulduğu və ya vurulacağı üçün gəlib bura kapital qoyacaq?

Qayıdaq Taylanda və görək, iqtisadi möcüzəyə imza atmış “əjdaha” nələrin bahasına bunu edə bilib.

Tayland iqtisadi möcüzə yaratmış ölkələrdən biridir. Amma nələrin bahasına? 1987-ci ildə sənayedə baş vermiş qəzalar və xəstəliklər nəticəsində bu ölkədə xəsarət alanların sayı 37.000 min nəfər, 1992-ci ildə 150.000 min nəfər, 1994-cü ildə isə 200.000 min nəfər olub.

Rəqəmlər bizə nəyi deyir? Rəqəmlər bizə onu deyir ki, Tayland öz iqtisadi möcüzəsini yaratmaq üçün “Kader” "Toy Fabric" kimi müəssisələrin yanğınlarında xəsarət almış insanlarının haqqını və hüququnu görməzdən gəlib, susmağa məcbur olub. Bilirsiniz niyə? Ona görə ki, onlar investoru ölkədən qaçırtmaq istəməyiblər. Çünki indiki dünyada azad kapitalın sizin cərimələrinizə dözəcək halı yoxdur. Azad kapital ucuz işçi və yüksək gəlir hədəfindədir. Onun heç bir mənəvi prinsipləri yoxdur, çünki bu, bir sistemdir, insan deyil. Onun sosial yükləmələrdən, işçilərin sığortalanmasından xoşu gəlmir. Taylandın Sənaye naziri olmuş Sanan Kachorprasart-ın dedikləri: “Əgər biz onları cəzalandırsaq, bura kim investisiya qoyacaq?”.

Hazırda Tayland vəhşi kapitalizm etapını keçmiş və kifayət qədər varlanmış ölkələrdən biridir. Onlar yavaş-yavaş öz sənayelərini yaradaraq, xarici kapitalın vəhşi tələblərindən az da olsa canlarını qurtarıblar. Biz isə neftin gətirdiyi pul sayəsində bu keçidi yaşaya bilmədik, çox istərdim ki, heç yaşamayaq da. Bunun üçün neft pulundan ağıllı istifadə etmək lazım idi. Biz isə ağılsız olduq. Neft isə getdikcə azalır. Neft azaldıqca, gələn gəlirlər azalır, gələn gəlirlər azaldıqca, sosial rifah aşağı düşür. Və biz beləcə, yavaş-yavaş kasıblayırıq. Tarixi fürsəti fövtə verdiyimiz üçün elə tarixin özü bizi bağışlamayacaq.

P.S. “Atvyorka” ilə pul qazanan siyasi hakimiyyətdən yaxşı nə isə gözləmək sizcə dəlilik deyil?

Emin Aslan

Kultura.az

Yuxarı