post-title

Sizin çürümüş dəyərləriniz

Bir oxucum var. Kifayət qədər mütaliəli, geniş dünyagörüşlü, yeniliklərə açıq, zəngin həyat təcrübəsi olan adamdır. Görüşlərimizin birində söhbət zamanı o, bir sual verdi:

 

- Bilirsən, adamlar sizə niyə nifrət edir? 
 
Ağzımı açmağa imkan vermədən, özü sualına cavab verdi: 
 
- Ona görə ki, onlar sizin yazdıqlarınızın doğru olduğunu bilirlər. İmanları bütöv deyil. Dəyərləri çürükdü. Özləri də dəyərlərinin çürük olduğunu bilirlər. Narahatdırlar. Sizin bu həqiqəti görməyiniz onları qəzəbləndirir. 
 
Şahvələd Çobanoğlu da bir dəfə mənə təxminən bu sözləri demişdi. Bir dəfə bəydən soruşdum: 
 
- Bəy, bu evi, maşını, imkanı olanlar bizdən nə istəyirlər? Tirajları tirajımızdan çox, adları adımızdan məşhur, televiziya, radio, bütün mətbuat da onların? 
 
Şahvələd bəy çox sərrast bir cavab verdi: 
 
- Onlar sizin azadlığınızı həzm edə bilmirlər. 
 
Bu iki söhbətdən sonra mən öz mövqeyimə daha da əmin oldum. Tutduğum yolun doğruluğuna daha ürəkdən inandım. Bəli, bugünki Azərbaycan həm də bizim mentalitetimizin məhsuludur. Bizim düşüncələrimizin, həyat tərzimizin məhsuludur. Bir çox insanlar ona görə qəzəblidirlər ki, bizim onların necə yaşamasından, rəis, müdir, direktor qarşısında necə yaltaqlanmasından, alçalmasından xəbərimiz var. Onlar ona görə qəzəblidirlər ki, biz bunları bilirik və yazırıq. İstəyirlər ki, onların yaltaqlanmasından heç kim xəbər tutmasın. 
 
Əlbəttə, üç-dörd azad yazara qarşı aqressiv münasibət göstərən, yazılarda hərif səhfi tapanda sevindiyindən orqazm keçirən, ətrafındakıları, baş verənləri görmədən, bütün günü dörd-beş yazarı təftiş edənlər ifşa olunmalıdırlar. Mən nə edim ki, siz ölü basdıra bilmirsiniz? Anasını-atasını acından öldürüb, yasında stola banan, "Kent" siqareti, min cür şirniyyat düzənlər əlbətə ki, bu yazını oxuyanda qəzəblənəcəklər. Min hoqqayla, oğurluqla, rüşvətlə pul qazanıb, Həccə gedənlər, yetim-yesirin malını yeyib, mağazada "halal" sosiska axtaranlar yazılarımı oxuyub qəzəblənirlərsə, deməli, sözlər və fikirlər hədəfə dəyibdir. 
 
Mən nə edim ki, siz sivil insan kimi ailə qura bilmirsiniz? Gəlin, nişanlı bir oğlanın çiyinlərində necə bir yük daşıdığını yüngülvari hesablayaq. 8 mart, qızın ad günü, qızın anasının, atasının, bacısının, qardaşının və digər yaxın qohumlarının ad günləri, Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı, Yeni il, Sevgililər günü. İki ailə bir-birinin imkanını nəzərə almadan vəhşicəsinə yükləyir və istismar edirlər. Bu ailə başına otuz nəfər yığıb o biri ailəyə qonaq gedir, o biri ailə başına qırx nəfər yığıb bunlara qonaq gəlir, aralarından iki nəfər ağıllı adam çıxıb, bir-biriləri ilə dil tapmırlar ki, biz niyə bir-birimizi soyuruq? Gəlin, əl-ələ verək, bu iki yetimə balaca bir yuva quraq. 
 
Toydan sonra başlayırlar borc ödəməyə. Bax, budur azərbaycanlıların fəxr elədiyi ailə modeli. İnamsızlıq, özünü olduğundan yüz dəfə varlı göstərmək, bir-birilərini aldatmaq. Üstəlik, bunlar hələ başqalarını da bəyənmirlər. Hətta əllərinə imkan düşəndə başqalarının onların inkişafına mane olduğunu iddia edirlər. Guya xristianlar bunları inkişaf etməyə qoymayıblar. Xristianlar inkişaf etməyə qoymasaydı, Yaponiya da inkişaf etməzdi. Boş söhbətdi. Öz tənbəlliklərinə, geridəqalmışlıqlarına haqq qazandırmaq istəyirlər. Ona görə Azərbaycanda indi mason söhbəti dəbdədir. Mason söhbətin edən adamlar reallığı görməyən, görsə də, realığı həzm etmək istəməyən adamlardır. Əgər siz namusu, qeyrəti bir-iki damcı qanda axtarırsınızsa, burda nə mən günahkaram, nə də masonlar. Ələlxüsus da, müasir tibb bakirəlik anlayışını tamam məsxərəyə qoyubdur. Qızlar var, sevgililərinin hər ad günündə mırta onlara bakirəlik hədiyyə edirlər. Bu necə ailədir ki, toya az qalmış gəlinin üzərində nəzarət qoyulur ki, birdən gedib, özünü "qaydaya salar". Budur, sizin bəh-bəhlə danışdığınız ailə? Siz özünüz də dəyərlərinizin çürük olduğunu yaxşı başa düşürsünüz. İçinizdəki xılt bunu etiraf etməyə və həqiqi sivil dəyərləri mənimsəməyə imkan vermir. 
 
Həyatınız daşa, quma, taxtaya pul xərcləməkdən ibarətdir. Tikirsiniz, sökürsünüz, yenə tikir, yenə sökürsünüz. Axırda da, elə bir şey alınır ki, evdən başqa hər şeyə oxşayır. Həyətinizin içi tərtəmiz, qapınızın ağzı zibilxanadır. Əlbəttə, bütün bunlar, uca hasarlarınız mahiyyətinizdən xəbər verir. İbtidai hislərlə yaşayırsınız. Bəyəm həyat təkcə yatmaqdan, yeməkdən, toyda atlanıb-düşməkdən, işıqforda qırmızı işıqda keçməkdən, küçədə anqırmaqdan, bahalı mobil telefonlardan ibarətdir? 
 
Güclü adamlar öz keçmişlərinə ironik yanaşmağı, öz keçmişlərinə gülməyi bacarırlar. Səhvlərini etiraf edirlər. Azərbaycanlıların böyük əksəriyyəti öz keçmişlərini müqəddəsləşdirməklə məşğuldur. Despot, əzazil, məişət diktatoru olan atalarını müqəddəs varlıq kimi xarakterizə edirlər. 
 
İndi də təzə bir ənənə yaranıb. Azərbaycanlılar nəinki öz keçmişlərinin, hətta Şərqin də qeyrətini çəkməyə başlayıblar. Bəli, yeddi il əvvəl yazdığım cümləni bir daha təkrarlayıram: Şərq ədəbiyyatı, izamisi, Füzulisi, Əlişir Ќəvaisi, Firdovsi, Sədisi, Hafizi, bütün ozanları, aşıqları ilə birlikdə Çexovun "Altı nömrəli palata" əsərinə dəyməz. Hə, nə var ki, burda? Sözdü, deyirəm də! Guya siz bu qədər kitab, ədəbiyyat, məktəb, yazıçı dərdi çəkən, bunlara qarşı həssas adamlarsınız ki, bu cümləyə dözə bilmədiniz? 
 
Bu cümləyə dözə bilməyən adamlar, Misir Mərdanovun təhsil naziri olmasına gərək on il əvvəldən dözməyəydi. Bu cümləyə dözməyənlər Bakıda beş-altı kitab mağazasının qalmasını qeyrətinə sığışdırmazdı. Deməli, sizin hansısa keçmişdə yaşamış, yaratmış şairin, fikir adamının təəssübünü çəkməyiniz saxtadır. Çünki Üzeyir Hacıbəyovun adı konservatoriyadan göütürüləndə, konservatoriyanın üç-dörd tələbəsindən və üç-dörd yazardan başqa heç kim səsini çıxarmadı. İnanıram ki, Üzeyir Hacıbəyovun heykəli də konservatoriyanın qarşısından götürülsəydi, özünü keçmiş təəssübkeşi kimi göstərən adamların yenə də səsi çıxmayacaqdı. Üç-dörd yazara qarşı aqressiya nümayiş etdirən adamlar öz köləliklərinin fərqindədirlər. Və köləliklərinin fərqində olduqlarına görə, azad düşünən insanlara qarşı qəzəblidirlər. 
 
Yoldaşlar, mümkünsə, öz aqressiyanızı lazımi ünvanlara yönəldin. Mən sizin uşaqlarınızdan əsgərlikdə kontur pulu almıram. Təhsil sisteminizi mən pis günə qoymamışam. Səhiyyənizin bərbad gündə olmasının günahkarı mən və dostlarım deyillər. 
 
Gəlin, sizə bir əhvalat danışım. Deməli, biz bir Azərbaycan kəndində üçtərəfli görüş keçirirdik. Tədbirdə ermənilər, gürcü və azərbaycanlı sənət adamları iştirak edirdilər. Görüş ona görə kənddə keçirilirdi ki, iştirakçılar oteldə deyil, evlərdə yaşasın və xeyir yerli camaata qalsın. Donorlar şərti belə qoymuşdu. Həm də adamlar yazıçı, şair, rejissor, aktyor görsünlər. İcma inkişaf eləsin. Tədbir keçirdiyimiz zaman qəfildən bir qardaş peyda oldu. Ermənilərlə bir tədbirdə iştirak etdiyimizə görə bizi vətənə xəyanətdə ittiham etdi. Sonra da özünün millətçi, bozqurdçu, atatürkçü olduğunu dedi. Onun neçə kitab oxuduğunu soruşdum. Cavabı bu oldu ki, yüzlərlə kitab oxumuşam. Üç kitabın adını çəkməsini istədim. Bircə kitabın da adını çəkə bilmədi. Sonra dedi ki, kitabın söhbətə nə dəxli var? 
 
Qərəz, axşam düşdü. Tədbir iştirakçılarını evlərə paylamağa başladılar. Qardaş eşitdi ki, hər adama görə təşkilatçılar ev sahibinə əlli dollar pul ödəyirlər. O da evə aparmaq üçün adam istədi. Ona iki erməni verdilər. Günorta bizi vətənə xəyanətdə ittiham edən "millətçi", "atatürkçü", "bozqurdçu" qardaş quzu kimi sakitcə erməniləri evinə apardı. 
 
Məlum oldu ki, bu qardaşın vətənpərvərliyinin, millətçiliyinin, bozqurdçuluğunun, atatürkçülüyünün qiyməti çox da baha deyilmiş. Cəmisi əlli dollar imiş. Ümumiyyətlə, azərbaycanlılar deyəndə ki, filan cümlədən əsəbiləşdim, filan yazı məni qəzəbləndirdi, şəxsən mənim gülməyim gəlir. Onlar özləri də bilmədən, özlərini ifşa edirlər. On doqquz ildi ki, mövcud hakimiyyətin bütün hoqqalarına dözən, buna əsəbiləşməyən, qəzəblənməyən adamların hər hansı bir yazıdan əsəbləşməsi, qəzəblənməsi, konkret ikiüzlülük və saxtakarlıqdır.
 
Bu qədər! 
 
Di gedin!
 
Seymur Baycan
Kultura.Az
Yuxarı