Biz hara gedirik?

Литература

 

 
Bir dəfə təhsil aldığım universitetlə bağlı yazmışam. Universitetdəki problemlər, səbəbləri və s. Yazıda çox kiçik də olsa tələbələrə yer ayırdım. Çünki o yazı sırf təhsil aldığım universitetlə bağlı idi. Bu yazıda isə ümumilikdə tələbələr haqqında yazacam. Ümumilikdə, Azərbaycandakı universitetlərdə təhsil alan tələbə gənclərimiz haqda. Şəxsi fikirlərimi, faktları, gördüyüm iyrənclikləri, tələbələrin qorxaqlığını, kölə xislətləri, səbəblərini. Bir sözlə möhkəm durun. 
 
Azərbaycanda statistikaya əsasən tələbə adını qazanmaq hər 5 nəfərdən birinə qismət olur. Yəni bu bir növ dividentdi. Tələbə adını qazanmaq çox çətin olmasa da asan da deyil. Tələbə olmaq üçün keçirilən imtahanlar, test sistemi, orta məktəblərdə təhsilin bərbad halda olması və s. kimi səbəblərdən tələbə adını qazanmaq Azərbaycanda çox ciddi uğur sayılır, nəsil-kök arasında nüfuz qazandırır. Başda ailələr olmaqla heç kim sonrası ilə, tələbənin universitetdə nə işlər gördüyü ilə maraqlanmır. Bu heç kimə lazım olmur. Ata-ananı artıq ancaq diplom maraqlandırır. O diplom ki qızının cehizi, övladının elçilik "kozeri"dir. 
 
11 il boyunca məktəbdə bərbad sistem tərəfindən məhv edilən, boğulan, “o olmaz, bu olmaz” tipində sərt sistem tərəfindən yetişdirilən gənc-şagirdlər universitetə girəndə 4 il boyunca azadlıq qazandığını düşünür. Təsəvvür edin ki, zooparkda doğulan bir ayını 18 il böyüdürsünüz, sonradan onu aparıb tayqaya buraxırsınız. Alınacaq effekt çox fəlakətli olar. Necə ki, hal-hazırda azərbaycanlı tələbələr o gündədilər. İbtidai sinifdə bütün uşaqlığı, individuallığı əlindən alınan, kütlənin bir üzvü olması üçün hər şey edilən oğlan uşağı böyüyür, yeniyetməliyi seksual aclıq içərisində keçir, vəhşiləşir, 6-cı sinifdən etibarən "vor", "təsbeh", "məhlə", "mentalitet" söhbətlərinin həvəskarına çevrilir, az-çox oxuyurdusa, onun da daşını birdəfəlik atır. Qız uşağı daha bərbad şəkildə böyüdülür. Hər şeyi - azadlığı, insanlığı əlindən alınır, ikinci sort insan münasibəti görür, ailə daxilində belə çox sərt qadağalarla rastlaşır. 10-11-ci siniflər gəlir, repetiror, əzbərçilik və doğrü-düzgün dünya görüşü olmayan orta-statistik Azərbaycan gənci tələbə adını qazanır. Və bütün fəlakətlər burdan başlayır.
 
Orta məktəbdə normal bazanın yaradılmaması, tələbələrin beyinlərinin 2 il boyunca repetitor hazırlıqlarında həddən artıq yüklənməsi nəticəsində I kursda tələbələrin 90%-i oxumur. Ardı isə corab söküyü kimi gəlir. Sistemin qurbanı olan tələbə ailə basqısından qismən qurtulmağın verdiyi rahatlıq içərisində özünü azad, azadlığını qazanmış sayır. Halbuki bu azadlıq formal azadlıqdı və mahiyyətcə həbsxanada məhkumlara verilən həbsxanadaxili gəzinti azadlığından çox az fərqlənir. Mental basqılar, ailə və cəmiyyət basqılarının kölələşdirdiyi gənc, heç nəyin fərqinə varmadan universitetə gəlib-gedir. Bu sadəcə gəlib-getməkdi. Oxumaq, təhsil filan tələbələrin vecinə də olmur. Yalnız qiymət və sonda diplom ala bilmə ehtirası. Bir də sifətdən bəyəndikləri qızla, oğlanla münasibətlər qurub gələcək həyat yoldaşı tapma istəkləri. Boş vaxtlarda ya dərslərdən qaçıb çayxana, domino, playstation kimi yüngül əyləncələr. Arada bir gəzintilər. Vəssalam. Ya da çox düşük, səviyyəsiz, normal müzakirəni və debatı qadağan edən, senzuralarla dolu “debat-debat” oyunları. Fikir verdinizsə, yazdıqlarım arasında faydalı tədbirlərdə iştirak, ya kitabla bağlı heç nə yoxdu. Çünki orta-statistik tələbənin həyatında bunlardan ibarətdir. O, kitab oxumur. O, faydalı, özünə gələcəkdə xeyir verəcək hansısa bir işlə məşğul olmur. Çünki tələbələrin böyük əksəriyyətinin beyninə şüuraltı da olsa, oxumaqnan bir şey olmayacağı, işləyəndə öyənəcəkləri və ən pisi universiteti bitirib diplom alandan sonra valideynləri (vəzifəli qohumları) tərəfindən işə düzəldiləcəkləri yeridilib. 
 
Keçən yazıda öz təhsil aldığım universitetdə və digər universitetlərdəki ümumi problemlər haqda yazmışam, təkrarçılıq etmək istəmirəm. Azərbaycanda universitetlərdə olan təhsil sistemi məktəbdəkindən də bərbaddı və tamamilə əzbərçi zehniyyətə əsaslanır. Müəllimlərin çoxunun normal nitqi yoxdu. Bu məsələyə qayıtmayaq.
 
Amma gəlin baxaq görək azərbaycanlı tələbə nə istəyir. Ona təhsil lazımdımı? Azərbaycanlı tələbə təhsil istəsəydi onu əldə edərdi. O təhsil istəmir. Diplom istəyir, qiymət istəyir. Universitet də verir. Azərbaycanda tələbələrin 90%-i dərs istəmir. Onlara universitet sadəcə qız tutmaq, ərə getməkçün tramplin kimi lazımdı.  Ümumiyyətlə, insaf naminə qeyd edim ki, təhsil nə qədər bərbad olur olsun, hal-hazırda bütün universitetlərdə oxuyan (əzbərçiləri bura aid etmirəm), normal mütaliəsi, təfəkkürü olan tələbələrin sayı son zamanlarda xeyli artıb. Əlbəttə, bunda son zamanlar kitab oxumağın kütləviləşməsinin və maariflənmənin roludu əsas olan. Təhsil nazirliyi səviyyəsində universitetlərə, tələbələrə göstərilən ögey münasibətin səbəbini bir yazıyla izah etmək mümkün deyil. Təhsil nazirliyinin ögey münasibətinə baxmayaraq aydın fikirli gənclərin, tələbələrin sayı sürətlə artır. Amma həmin tələbələr ümumi kütlənin cəmi 5-10%-ni təşkil edir. Yerdə qalansa təəssüf ki, savadsız, geridüşüncəli, mentalbeyin zombi gənclərdi. Bu cür geridəqalmışlığın günahı sistem, cəmiyyət qədər eyni zamanda özlərindədi. 
 
Dəhşətlisi odur ki, kitab oxuyana, elmə qiymət verən adama dəli, başdanxarab kimi baxırlar. Dünyada, hətta ən geridəqalmış ölkədə belə bir tendensiyanın mövcudluğuna inanmıram. Bu gün orta-statistik Azərbaycan gənci nəinki oxumur, hətta oxuyana pis baxır. İnanın ki bu pafos deyil. Şişirtmə də deyil. Yaşım çox olmasa da, bunları dərk edəcək qədər şüurum olduğunu düşünürəm. Təhsil, elm olmayanda məhlə söhbətləri, oğru aləmi söhbətlərinin olması təbiidi. İnanın ki, indi yazacağım uydurma deyil. Zərrə qədər də şişirtmirəm. Reallığı olduğu kimi yazıram: Bu gün Azərbaycanda beyinləri o dərəcədə zəhərlənən gənclər var ki, həbsxana xəyalları, türmə romantikası ilə yaşayırlar. Bu gün cibinə bıçaq qoyub ictimai nəqliyyata minən, şəhərə gəzintiyə çıxan minlərlə gənc var. Aralarında “qabağıma çıxana soxub gedim Bəxtiyarın, Hikmətin, Rövşənin diyarına” fikriynən yaşayanlar sizin təsəvvür etməyəcəyiniz qədər çoxdu. Və bütün bunların tək səbəbi var, o da təhsilin olmamasıdı. 
 
Bir insan ya kitab oxumalıdı, ya qeybət edib “vorzakon” olmalıdı. Bir insan ya elmin, müasirliyin içində olmalıdı ya da dinin, cəhalətin. Bu məsələlərdə seçim imkanı geniş deyil və iki yoldan biri seçilməlidi. Azərbaycan gəncliyi geriliyi seçir.  Azərbaycanda son zamanlar dinin, “vorzakon” söhbətlərinin  ayaq basması çox təhlükəli tendensiyadı və cəmiyyətin sekulyar təbəqəsi tərəfindən təəssüf ki, bu hadisəyə həssas yanaşılmır. 
 
Gələk digər bir problemə. Əsas problemə. Bu gün azərbaycanlı tələbənin özünü ifadə etmə bacarığı, hüququnu qoruma instinkti yoxdu. Uşaqlıqdan əlindən alınıb. Burda populistlik edib, ODTÜ-ni nümunə, presedent kimi göstərmək fikrim yoxdu. Bizim o səviyyəyə çatmağımıza ən azı bir neçə on illik var. Söhbət ondan gedir ki, bu gün azərbaycanlı tələbə heç ən adi hüququnu da qorumağı bacarmır. Onu səbəsiz yerə dərsdən çıxardan müəllimə etiraz edə bilmir. Qorxur. Diplomu itirməkdən. Yuxarda diplomun azərbaycanlı tələbə üçün nə qədər önəmli olduğunu yazmışdım. İndi bir daha təkrar edirəm. Tələbənin universitetlə bağlı bütün planı, istəyi diploma fokuslanıb. Onun azadlığı, gəncliyi, təhsili vecinə də deyil. Tələbə birliyindən isə söhbət gedə bilməz. Bir dəfə bir müəllim dərsdə tələbələrlə pis davrandı. Və mən buna etiraz olaraq getdim qapının ağzında durdum, müəllimin sözünü kəsərək bütün tələbə yoldaşlarımı dərsdən çıxmağa çağırdım. 2-3 nəfərdən başqa heç kim çıxmadı. Qorxdular. İtirəcəyi tək şey 1 qaib olan adamların diplomu itirməkdən necə qorxduğunu artıq siz düşünün. Bu kimi onlarla hadisələr yaşamışam, yüzlərləsini eşitmişəm. Və ən pis təsir edəni də odur ki, etiraz edə bilməyən adamlar sonradan gedib kişilikdən, mentalitetdən, vor aləmindən danışırlar. 
 
Azərbaycanlı tələbə oxumur, etiraz etmir. Ona öz bədbəxtliyini deyən adama düşmən gözüylə baxır. Hansısa birləşmədən söhbət belə gedə bilməz.  Haqqını tapdala, təhsil vermə, susacaq. Adi bir müzakirə zamanı dinə qarşı bir fikir söylə (elmi sübutun olsa belə) təsəvvür etməyəcəyin şəkildə mütəşəkkil, təşkilatlanmış bir şəkildə üstünə gələcəklər. Adamlar din uğrunda apardıqları mübarizənin onda birini haqqları, təhsil uğrunda mübarizəyə həsr etsəydi indi mən bu yazını yazmazdım. 
 
Bizlərin etiraz etdiyi, bəyənmədiyimiz yaşlı nəsillə müqayisədə çox geridə qalmışıq. Onlar mükəmmələ yaxın Sovet təhsil sistemindən keçiblər, biz isə bərbad, iylənmiş Azərbaycan təhsil sistemindən. Onlar sekulyar ölkədə yaşayıblar. Biz isə İranın günü-gündən öz mollalarının sayını artırdığı cahil Azərbaycanda. Onlar normal maaş, təqaüd alıblar, biz isə yolpulu, siqaretpulu alırıq. Deyəcəyim odur ki, elə sistemnən çıxan insanların yaratdığı, qurduğu, bizlərə verdiyi dövlət, cəmiyyət budursa, əlitəsbehli, çeçenka saçlı, qabağına çıxana söz atan ərgənbeyinlilərin, tükəzbanların yaradacağı cəmiyyət bundan qat-qat bərbad olacaq. Artıq sırf bu mövzuda bir-neçə dəfə yazmışam.
 
Ay qardaşlar, bacılar. Cəmiyyətin, ölkənin gələcəyi olan gənclər məhvə gedir. Bəlkə siz fərqində deyilsiniz, amma bu artıq qarşısı alınmaz bir problemə çevrilməkdədi. Bunu durdurmalıyıq. Durdurmasaq bu adamlar - gələcəyin ailə sahibləri, ataları, anaları bədbəxt, cahil, savadsız bir nəsil yetişdirəcəklər. İndi az da olsa ümid var.
 
İlkin Rüstəmzadə
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade