Seymur Baycan: “Belə getsə İlham Əliyevə səs verəcəm” – MÜSAHİBƏ

Интервью

 

- Seymur bəy, işləriniz necə gedir?

- Bizim bu vaxta qədər kütləyə xitab etmək imkanımız olmayıb. Qəzetləri çox məhdud dairə oxuyub. Zatən oxuyub təsirlənənlər də bizim sıralardadır. Onları ən pasionar qüvvə hesab etmək olar. Bundan əlavə bizi televiziyaya çox az hallarda buraxıblar. Şəxsən mənim özümü televiziyaya dəvət edəndə iki-üç müğənni, sirk ustası, dizayner və bir dənə də guya xalaxətrin qalmasın söz adamı çağırıblar. Orada da beş dəqiqə içərisində adama elə sual verirlər ki, bu suallara bəşəriyyətin ən dahi adamları min ildə cavab verə bilmirlər. Buna görə, televiziyadan gələn dəvətləri qəbul etmirəm. Orada adamı təlxək vəziyyətinə qoymaq istəyirlər. Bizim ilk dəfə olaraq sosial şəbəkələr vasitəsilə kütləylə ünsiyyətimiz yaranmağa başladı. Çox yaxşı haldır ki, ölkənin pasionar qüvvələri özünə sosial şəbəkələrdə yer etdi və bundan sonra kütlə oraya axışmağa başladı. Deməli biz nə etməliyik? Həmin bu sosial şəbəkələrə axışan insanları fikirlərlə qarşılamalıyıq. Mənim 5-6 il bundan qabaq yazdığım yazılar oxucularını hələ təzə tapır. 5 il bundan öncə yazdığım yazını düzəliş edib yenidən dərc edəndə, yazı həmin dövrdəkindən 20-30 dəfə daha çox reaksiya doğurur. Buna görə indi sosial şəbəkəyə axışan kütləyə hesablanmış yazılar yazıram. Hekayələr də yazıram. 12-15 hekayə yazmaq nəzərdə tutmuşam. Deyim ki, hekayə ədəbiyyatın ən ağır janrıdır. Çünki romanda bir fəsildə deyə bilmədiyin sözü növbəti fəsildə deyə bilirsən. Hekayənin isə belə bir lüksü yoxdur. Hər dəfə yeni hekayəyə köklənmək vaxt və hazırlıq tələb edir. Hekayə ya qəbul olunur, ya da olunmur, ya tutur, ya da tutmur. Romanı bir dəfə başlayıb, bir dəfə bitirirsənsə, hekayəni hər dəfə başlayıb, hər dəfə də bitirmək məcburiyyətində qalırsan. Bu da vaxt tələb edir. İşin 30 faizini görmüşəm. Bugünlərdə yenə rayonlardan birinə gedib yazmağa davam edəcəm. Hekayələri kitab formasında çap edəcəm.

- Kitab nə vaxt işıq üzü görəcək?

- Mart ayının sonları artıq kitab satışda olacaq.

- Bir az əvvələ getmək istəyirəm. Çoxlarının beynində belə bir fikir formalaşıb ki, Seymur Baycan, Əli Əkbər, Günel Mövlud, Aqşin Yenisey və.s eyni çevrənin, onların təbiri ilə desək bir “kruqun” yazarlarıdır. Belə fikirlər də səslənir ki, Seymur Baycan və bu “kruqda” olan yazıçılar tanınmışların bostanına daş ata-ata bir az da məşhurlaşdılar. Yeri gəlmişkən bu deyimə əsaslansaq siz yazıçı Anarın bostanını daşqalaq etmisiniz. Ümumiyyətlə bu fikirlərlə razısınızmı ki, Seymur Baycan tanınmışları tənqid edərək daha çox tanındı?

- Bizə bu illər ərzində müxtəlif adlar qoyulub. “Gənc yazarlar” deyirlər. Halbuki mənim 37 yaşım var. Bizə “posmodernistlər”, “iki minincilər”, “Alatorançılar”, “Ayoçular” də deyirlər. Yəni bir çox suallar ona görə yaranır ki, bu cür fikirləşənlər bizdən ya prosesin ortasında, ya da indi xəbər tutmağa başlayıblar. Biz o vaxt təzə yazmağa başlayanda şəxsən mənimlə birgə mitinqə çıxan insanlar bizim yazılarımızı qəbul etmirdilər və daha çox düşüncə baxımından köhnə nəslin yanında idilər. Biz də özümüzü sübut etməkdən ötəri bir-birimizi şiddətli dərəcədə dəstəklədik. Məclislərin birində baş redaktorlardan biri mənə dedi ki, bəsdir də cığallıq etdin, artıq bu yaşa gəlib çatmısan, müdrik yazılar yazmaq, ağıllanmaq vaxtındır.

- Hansı baş redaktor dedi?

- Rəşad Məcid dedi. Mən dedim ki, Rəşad müəllim, doğurdan fikirləşirsiniz ki, insan on il cığallıq edə bilər? Düşünmürsüz ki, bu mənim həyat fəlsəfəmdir? Məsələn, mənə deyəndə ki, bəsdir Anar haqqında bu qədər yazdın. Deyirəm ki, mənə bu sözü niyə deyirsiz, gedin Anara deyin bəsdir də 24 il burda oturdun, bu qədər sözü özünə dedizdirdin. Dövlət büdcəsindən – bizim verdiyimiz vergi ilə maliyyələşir bu təşkilat. Və bu adam da 24 ildir ki, orda oturub, Yazıçılar Birliyini də öz ovqatına, istəyinə uyğun idarə edir, atasının və özünün əsərlərini təbliğat maşınına çevirir. Bu insanlar gedib bunları ona irad tutmaq əvəzinə gəlib, Anara qarşı mübarizə aparan insana deyirlər ki, bəsdir də onun haqqında yazdın. Elə götürək bizim müxalifət düşərgəsini. Bir tərəfdən monarxiyaya qarşı mübarizə aparırlar, bir tərəfdən də bir təşkilatda monarxiya sistemi qurmuş insanı dəstəkləyirlər. Bunlar sanki özləri özlərini təkzib edirlər. Onları haradasa başa düşmək olar. Çünki bu insanların çoxu keçmişdə ilişib qalıblar, bir dəstəsi bunlara inanıb kitablarını oxuyublar. Bir qisim insanın heç bir vətəndaş mövqeyi yoxdur. Onlar da öz köləliklərini əsaslandırmaqdan ötəri başqasını ruhdan salmağa, başqasının mübarizəsinin gərəksiz olduğunu deməyə çalışırlar. Onlar Anarı dəstəkləməyə məcburdular. Çünki Anar kölələrin ziyalısıdır. Anar həcv yazıb özünü biabır edəndə mən xeyli insanın təəssüf hissi keçirtməyinin şahidi oldum. Çünki onların ziyalısı məğlub olmuşdu. Biz illərdir deyirdik ki, bunlar atalarının hesabına ədəbiyyata gəlmiş insanlardı, bunlar həyatın ağır tərəfini görməyiblər, həmişə rahat yaşayıblar. Bu adamların əsərlərini də ruslarla, yəhudilər normal qaydaya salıblar. Müstəqillik dövründə də bu adamlar çox zay şeylər yazdılar. Məsələn Əkrəm Əylisli də Elçin də çox zəif yazdı. Anarın yazdığı o həcv isə biabırçılıq idi. Ümumiyyətlə özünə hörmət edən beşinci sinif şagirdi o həcvin altına öz imzasını qoymağa utanardı. Artıq o yəhudilərlə ruslar yoxdur ki, bunların yazdıqlarını, hekayələrin, ssenarilərin düzəltsinlər. Əksinə insan yaşlaşanda onun həyat təcrübəsi artır, yaxşı yazmalıdır. Bizdə isə tərsinə oldu. Müstəqillik dövründə bu insanlar heç nə yaza bilmədilər. Həmçinin mən tək Anardan yazmamışam. Müxtəlif mövzulardan yazmışam. Proseslərə öz yazılarıyla ən çox adam cəlb edən ölkədə 3-4 adam varsa onlardan biri mənəm. Bu özünü tərifləmək kimi çıxmasın. Don Kixotun belə bir sözü var: Deyir ki, özünü tərifləmək yaxşı iş kimi sayılmasa da bunu məndən yaxşı heç kim bacarmır. (gülür)

-   Anardan söz düşdü, Qan Turalı yadıma düşdü. Bu yaxınlarda Qan Turalı Anardan müsahibə almışdı, bildiyim qədərilə sizin də narazılığınız olmuşdu…

-  Gedib müsahibə almaq olar. Mən özüm vaxtilə hər tip insandan müsahibə almışam. Məsələni Qan Turalının da üzərində qoymaq istəmirəm. Reallıq özünü göstərir. Bir vaxtlar ölkənin ən oxunaqlı yazarından olan Qan Turalı hamını qoyub qarşısına danlayırdı, mübarizənin necə aparılması haqqında yazılar yazırdı və qələminin də kəsəri vardı. Ancaq bu gün onun baş verən proseslərə demək olar ki, təsir imkanları yox dərəcəsindədir. Çünki Qan Turalının qələmi həqiqətin gücündən məhrum olubdu. Yəni o onun gücü deyildi ki, balaca boyu və yüngül çəkisi ilə bu qədər tutarlı şeylər yaza bilsin. İstedadlı insandır, savadlı insandır, münasibətimiz olub, bir yerdə olmuşuq. Amma mən təəssüf edirəm. Kim nə edirsə özünə edir. Yəni insan yaxşılıq da edirsə özünə edir, pislik də edirsə özünə edir. Yəni o uşaq deyil, öz faciəsini çox yaxşı başa düşür. Mənim üçün onu yerə yıxıb başını yazıyla kəsmək su içmək qədər asandır. Sadəcə mən bunu eləmək istəmirəm. Turalı mən pulgir insan hesab eləmirəm. Ya Turala 500 manatlıq qonaqlıq verdin, ya da bir stəkan çay içib, adama bir “paçka” siqaret çəkdin, eyni şeydir. Çünki yaxından tanıyıram. Mənim hələ də qarşımda sual var: Niyə belə oldu? Bir tərəfdən də mən özüm məsuliyyət hissi keçirirəm. Çünki Turalın tanınmasında və cəmiyyətə təqdim olunmasında az-çox mənim də rolum olub. Dəfələrlə yazısında yazıb ki, mən vaxtilə Seymurun yazıların oxuyub müəyyən mənada təsirlənmişəm. Bu mənada onun hərəkətlərindən doğan suallar mənə də ünvanlanır. Amma mən belə başa düşürəm ki, Tural şantaj olunub. Bəlkə də mən özüm-özümə təsəlli verirəm, bəlkə də mən onu daha yüksək qiymətləndirirəm ki, yox, belə şey ola bilməzdi. Amma düşünürəm ki, burada hardasa şantaj elementləri var. Ölkəmizdə çox insanlar şantaj olunub. Bizim sadəcə bilinənlərdən xəbərimiz var. Bilinməyənlər, sakitcə kənara çəkilənlər var ki, onlar şantajın nəticəsidir. Bir dənə məqam da var. Əvvəllər bir insanı müxalifət düşərgəsindən alanda həmin insanı məcbur edirdilər ki, hakimiyyəti tərifləsin, müxalifəti isə söysün. İndi insanları çağırırlar, ayda 2-3 minin verirlər. Deyirlər get nə bizi təriflə, nə də o gəldiyin düşərgəni söy. Sadəcə yox ol. Proseslərə baxsanız görərsiniz ki, bir çox insanlar qəflətən yoxa çıxır. Bunlar həmin o layihənin tərkib hissəsidir. Deyirlər toyuna get, yasına get, amma mətbuatda görünmə.

-  Çoxları bunu deyir. Niyə yazılarınızda İlham Əliyevin adını çəkə bilmirsiniz?

-  Vaxtilə çox sərt yazılar yazmışam. Mövqeyim də daima ortada olubdur. Ölkədə siyasi müxalifətdə olmaq asandır. Düzdür bunun da çox çətinlikləri var: Yəni qarşı tərəf çox güclüdür, ifşa mexanizmi var, güc mexanizmi var, büdcə təşkilatları bunların əlindədir, adamın qohum əqrabasını qaldırırlar sənin üstünə. Görürsən ki, nəinki ailəylə, hətta bütöv bir nəsilnən üz-üzə qalırsan. Çünki bu hakimiyyət 500-600 manat maaşla bütöv bir nəsli əsir götürməyə müvəffəq olubdur. Hər birimizin hardasa ilişdiyi, hardasa çəkindiyi bir məqam var. Amma bir şey var ki, siyasi müxalifətə mənsub olanda adam özünü hər hansı bir düşərgədə hiss edir. Yəni sənin yanında öz həkimin, öz müəllimin var. Arxa kimi silahdaşların, əqidə yoldaşların var. Mədəniyyət müxalifətində olmaq isə siyasi müxalifətdə olmaqdan qat-qat çətindir. Çünki bizim insanlara başa salmaq olmur ki, bu hakimiyyəti saxlayan dayaqlar var və biz bu hakimiyyəti laxlatmaqdan ötəri həmin dayaqları məhv etməliyik. Amma siyasi müxalifətdə olan insanlar o dayaqları özləri üçün dəyər hesab edirlər. Misal üçün bir faktı deyim. Ənnağı Hacıbəyli mənim çox hörmət etdiyim bir insandır, əqidəli, savadlı bir insandır. Öz yaşıdlarından fərqli olaraq bir çox yeniliklərə beyni açıq insandır. Amma yadımdadır Zamin (Zamin Hacını nəzərdə tutur-E.B) bir dəfə muğam haqqında yazı yazmışdı. Ənnağı müəllim “Azadlıq” qəzetində Zaminə cavab yazmışdı ki, nə olsun ki, bu muğamı hakimiyyət dəstəkləyir, muğam ustalarını hakimiyyət nə iləsə təmin edir, amma bu bizim musiqimizdir, gözəldir… İndi mən bir şey demək istəyirəm. İqtidar da meyxana deyir, müxalifət də. İqtidar da muğam deyir, müxalifət də. Onlar da 60-cılar nəsli deyir, bunlar da. Anar, Elçin, nə bilim Əkrəm deyirlər. Yəni bunların arasında mədəniyyət baxımından elə bir fikir ayrılığı yoxdur. Heç vaxt ola bilməz ki, muğam ustaları – Arif Babayev, Mənsum İbrahimov AZTV-ni, şöhrət ordenin, bağ evlərin qoysun kənara, gəlib bizim düşərgədə bizi dəstəkləsin. Bu insanlar prezidentə padşah deyən insanlardır. Bunlar özlərini sarayda hiss edirlər. Bu filosof, yazıçı, rəssam deyil ki, sən ondan ciddi mənada vətəndaş mövqeyi tələb edəsən. Yəni heç vaxt o insanlar bizim yanımızda ola bilməzlər… İlham Əliyevin səhv etmirəmsə 2006-cı ildə xarici mediaya verdiyi müsahibəsini Zahir Əzəmət tərcümə edib “Alma” qəzetində vermişdi. Təəssüf ki, çox az adam Zahirin nə demək istədiyini, hara vurduğunu başa düşdü. İlham Əliyev demişdi ki, Azərbaycan xalqının mentaliteti bizim onları idarə etməyimizi asanlaşdırır. Bizə deyirlər mentalitet nədir? Mentalitet bizim atalar sözlərimizdir: “Ağa deyir sür dərəyə, sür dərəyə”, “Palaza bürün, elnən sürün”, “Allahsız yerdə otur, böyüksüz yerdə oturma”. Yəni o mentalitet ki, bizim həqiqi vətəndaş kimi yaşamağımıza mane olursa, o mentalitetlə biz öz haqq hesabımızı çəkməliyik, heç nədən qorxmadan. Təəssüf ki, müxalif düşərgədə olanların bir çoxu bizim yazıları başa düşmürlər və bizi düşmən kimi görürlər. O mənada bizim işimiz çətin olur. Tutaq ki, mən gedib “Azadlıq” və “Müsavat” qəzetlərində oturub hər hansı bir narazı notlu yazılar yazsam problem olmayacaq. Normal qonorar da verəcəklər. Amma mən artıq həmin qəzetlərdə dindən yazı yazanda, muğamdan yazı yazanda, 60-cılardan yazı yazanda və yaxud mentalitetdən yazı yazanda problem yaranır. Və onda mən belə bir vəziyyətə düşürəm, daha çox çeviklik nümayiş etdirmək məcburiyyətində qalıram. Bir yazını “Reytinq”də yazıram, o biri yazını “Qafqazinfo” saytında yazıram, bir yazını başqa bir saytda yazıram. Belə də ki, mən “Azadlıq” qəzetində yazırdım. Məni ora rəhbərlik səviyyəsində dəvət etmişdilər. Mən də getdim, yazılar da yazdım orada. Qənimət Zahid həbsdən çıxandan sonra mənim yazımı qəzetə vermədi. Əli bəy də bircə dəfə də maraqlanmadı ki, bu adam axı burda yazırdı, bu adam necə oldu? Bu ölkədə neçə dənə Seymur Baycan var ki, bunlar onun birin çox asanlıqla itirirlər? Mən bilsəm ki, 100 dənə var, deyərəm ki, mən getdim, 99 dənə yerimdə qaldı. Yoxdur axı. Siyasi partiya lideri nəinki qəzetdə ona yaxın olan bir insanın yoxa çıxmasını bilməlidir, hətta əyalət qəzetlərində yazan insanların varlığından xəbərdar olmalıdır. Əgər həqiqətən də hakimiyyətə gəlmək istəyirlərsə. Hər bir insanın nədən yazdığını, necə düşündüyünü, kimin yazısının nə qədər oxunduğunu, kimin yazısının hansı təbəqəyə daha çox işlədiyindən xəbəri olmalıdır.

-  İlham Əliyevlə bağlı hissəni bitirək, müxalifətə qayıdarıq. Deyirlər yazılarınızda İlham Əliyevin adını çəkə bilmirsiniz.

-  Suala birbaşa cavab verim ki, mən həqiqətən də bu günləri İlham Əliyevin adını yazılarımda çəkməyə qorxuram.

-  Qorxursuz?

-  Bəli, qorxuram. Bunu açıq etiraf edirəm. Mən heç vaxt özüm hazır olmadığım prosesə, bir işə başqalarını təhrik etməmişəm və yəqin ki, çalışacam bundan sonra da təhrik etməyim. Mən o şeyləri yazıram, o şeyləri insanlardan tələb edirəm ki, onu artıq özüm dəyişmişəm və dəyişməkdəyəm. Mən nə deyirəm, deyirəm geyimimizi dəyişək, bir az rəngli geyinək, bir az zövqlü geyinək. Mən deyirəm gündə bir dəfə çaya verdiyimiz pulu ildə bir dəfə kitaba verək. Bu şeyləri yazıram ki, onlara özüm hazıram. Amma mən insanlara bu rejim, ifşa, çıxağın meydana, çəkəyin, çevirəyin deyib, sonra da özüm meydana çıxmayım, onda mən o insanların gözünə dik baxa bilmərəm. Bu mənada mən hazır olduğum imtahana girirəm. Hazır olmadığım imtahana girib özümü biabır eləmək istəmirəm. Tutaq ki, məni həbs etsələr, (təbii ki, məni həbs etməyə heç bir əsas yoxdur, bir lüzum görmürəm) məndən böyük bir qəhrəmanlıq zad gözləməsinlər – hansısa ciddi bir çıxış, filan… Mən öz əfv ərizəmi yazıb, çölə çıxmağa çalışacağam. Özü də elə bir yaltaq, mədhiyyələrlə zəngin əfv ərizəsi yazacam ki, hələ elə bir əfv ərizəsini ölkə tarixində yazan olmayıb. (gülür) Yəni heç kim o mənada mənnən qəhrəmanlıq gözləməsin. Arif Hacılı kimi asıb, kəsib, danışıb türməyə girib “Darıxıram” şeiri yazmaq istəmirəm. Müxalif düşərgədə döyüşməyə, həbsdə yatmağa yeganə adam onu hesab edirdim. Məlum oldu ki, bu da elə heç nə həbsdə yatmağa hazırdı, nə də ki, meydanlara. Girdi “Darıxıram” şeiri yazdı. Düzdür, ola bilər ki, insandır, darıxıb, hissləri var. Amma bugünkü gündə hakimiyyətə gəlməyə iddialı bir müxalifət partiyasının liderinin türmədə “Darıxıram” şeiri yazmağa mənəvi haqqı yoxdur. Bu haqqı biz ona tanımırıq.

-  2013-cü il prezident seçkilərinə kimə səs vermək istəyərsiniz?

-  Belə getsə İlham Əliyevə səs verəcəm. Çünki seçkidən sonra qonşulardan, qohumlardan, ömründə bir dəfə kitab oxumayan adamlardan “gördün” sözü eşitməkdən yorulmuşam.

-  Keçək müxalifətə

Ardı var…

Elmin Bədəlov

Elitar.info

Kultura.az | Developed by Samir Yahyazade