post-title

“Fyodr Mixayloviç Dostoyevskinin ölümündən sonra”

Dostoyevskinin həyat yoldaşı Anna Qriqoryevnanın gündəliyindən bir parça

 

L. N. Tolstoyla söhbət

Həyatım boyu mənə yalnız bir dəfə qraf  Lev Nikolay Tolstoyu görmək və söhbət etmək xoşbəxtliyi nəsib olub. Söhbətimiz Fyodr Mixayloviç haqqında olmuşdu və məhz buna görə mən bu görüşü xatirələrimə əlavə etməyi lazım bildim.

Qrafinya Sofiya Andreyevna Tolstoy ilə mən 1885-ci ildə, Peterburqa səfərlərinin birində, məndən mətbəə ilə bağlı məsləhət istəməyə gəldiyi zaman tanış olmuşdum. Qrafinya izah etdi ki, həyat yoldaşının hekayələri indiyədək Moskvada, kitabsatan Salayev tərəfindən çap olunurdu və buna görə ona kifayət qədər ciddi məbləğ ödəyirlər (əgər səhv etmirəmsə 25 min rubl). Qrafinya tanışlarından eşidəndə ki, mən öz həyat yoldaşımın yazılarını özüm çap edirəm, qərara gəldi ki, qraf  L. N. Tolstoyun yazılarını nəşr emək üçün o da cəhd göstərsin və kitab çapının incəliklərini öyrənmək üçün mənimlə tanış olsun. Qrafinya məndə kifayət qədər xoş təəssürat yaratdı və mən onunla tam səmimi olaraq öz “nəşriyyat sirlərimi” bölüşdüm. Çap etdiyimiz nümunələr, verdiyimiz elanlar, səhvlərə yol verməmək üçün hansı metodlardan istifadə etdiyim haqqında danışdım. Mövzu bir qədər geniş olduğundan, qrafinya görüşmək üçün bir neçə dəfə bizə gəlmiş və bir neçə dəfə də mən onun bacısı T. A. Kuzminskayagilə getməli olmuşdum.

Xoşbəxtlikdən mənim “nəşriyyat sirlərim” Sofiya Andreyevnaya çox faydalı oldu: çap olunan nəşrlər uğurla dərc olunur və böyük gəlir gətirirdi. Bundan sonra, təqribən iyirmi il ərzində qrafinya özü boyük uğurla qraf  L. N. Tolstoyun yazılarını çap etdi.

Bizim tez-tez baş tutan görüşlərimiz, söhbətlərimiz bir-birimizi yaxından tanımağa imkan yaratdı. Biz qısa zamanda dostlaşdıq və əmin oldum ki, o öz həyat yoldaşının həqiqətən də qoruyucu mələyidir. Qrafinya Peterburqa gələndə tez-tez bizə gələrdi, mən də öz növbəmdə Moskvaya gedərkən mütləq ona baş çəkərdim. Hətta bir dəfə mən onu və ailəsini “Fyodr Mixayloviç Dostoyevskinin xatirə muzeyi”nin pəncərələrindən mərhum İmperator III Aleksandrın cəsədinin Arxangelsk kilsəsinə gətirilməsi mərasiminə baxmağa dəvət etdim.

Mən Moskvaya çox vaxt ya yazda (“muzeyimi” ziyarət etməyə), ya da payızda-Krımdan qayıdandan sonra gedirdim və məhz bu vaxtlar qrafinyanı ziyarət edə bilirdim. Bütün bu ziyarətlərdə qraf Lev Nikolayeviç evdə olmurdu: erkən yazda və payızda Yasnaya Polyanaya gedirdi. Lakin bir dəfə qışda Moskvaya gedərkən eşitdim ki, Lev Nikolayeviç Mosvada, evindədi. Lakin xəstə olduğundan heç kimi qəbul etmir. Mənimlə bir qədər söhbət etdikdən sonra qrafinya həyat yoldaşının yanına qalxdı və mən onun ailəsi ilə söhbət etməyə qaldım. Təqribən on dəqiqədən sonra qrafinya aşağı endi və söylədiki qraf eşidib ki,  mən aşağıdayam və mənimlə görüşmək istəyir. Lakin o məni xəbətdar etdi ki, qrafın xəstəliyi ilə bağlı qaraciyərində ağrıları var, zəifləyib və yaxşı olardı ki, söhbətimiz bir qədər qısa olsun. Biz onunla təmiz moskvasayağı keçidlərlə evdən evə keçdik və mən yol boyu hiss elədim ki, mənim qrafla söhbətləşməyə getməyimdən qrafinya o qədər də məmnun deyil. Öz poetik əsərləri ilə məni daim valeh etmiş dahi yazıçı ilə görüşü çox arzu etsəm də, içimdə qəribə bir qorxu hissi var idi. Mənə elə gəlirdi ki, mən ona xoş olmayan təsir bağışlaya bilərəm, bunu isə heç istəməzdim.

Biz böyük lakin tavanı alçaq otağa daxil olduq. Lev Nikolayeviç divanda əyləşmişdi, əynində  bütün portretlərdən tanıdığımız məşhur boz sviteri var idi. O, məni sevinərək salamlayanda içimdəki bütün həyəcan bir anın içində yox oldu.

- Çox təəccüblüdür, bizim yazıçılarımızın həyat yoldaşları necədə özlərinə oxşayırlar.
- Məgər mən Fyodr Mixayloviçə çox oxşayıram?
- Oxşarlıq son dərəcədədir! Mən Dostoyevskinin həyat yoldaşını məhz bu cür də təsəvvür edirdim!

Əlbəttə, mənimlə həyat yoldaşım arasında zərrə qədər də oxşarlıq yox idi, lakin Tolstoy bilirdi ki, bu yalanı söyləməklə mənə böyük sevinc bəxş edəcək. Qısa müddət ərzində ona  qarşı adi doğmalıq və yaxınlıq hissi duydum.
Lev Nikolayeviç məni yanındakı kresloya oturmağımı buyurdu, sinəsinə qoyduğu balaca yastığı (içində isti kül və ya isti yulaf olan) göstərərək sağlamlığından şikayət etdi. Bir neçə dəqiqə susduqduqdan sonra dedim:

- Lev Nikolayeviç, sizinlə  görüşməyi mən çoxdan arzu edirdim. Həyat yoldaşımın ölümü ilə bağlı Staxova yazdığınız məktub üçün sizə təşəkkür etmək istəyirdim. Staxov o məktubu mənə verib və mən onu qiymətli əşya kimi saxlamışam.
- Mən səmimi olaraq nə hiss etmişəm, onu da yazmışam - Qraf söylədi - Mən həmişə təəssüf hissi keçirmişəm ki, yoldaşınızla heç vaxt görüşməmişəm.
- Bir bilsəydiniz o özü nə qədər heyfslənirdi. Həm də görüşmək üçün imkan da var idi, siz Solyanıy Qorodokda Vladimir Solovyovun mühazirəsində olan zaman görüşmək olardı. Yadımdadır ki, hətta Fyodr Mixayloviç Straxovu danlamışdı ki, nəyə görə o, sizin  mühazirədə olduğunuzu ona deməyib. “Danışmağa imkan olmasa da heç olmasa ona kənardan baxardım” deyirdi.
- Nə danışırsınız? Həyat yoldaşınız da həmin mühazirədə idi? Bəs nəyə görə Nikolay Nikolayeviç bu haqda heç nə deməyib? Çox təəssüf! Dostoyevski mənim üçün çox əziz adam idi,  bəlkə də  o, yeganə insan idi ki, ona çoxlu sayda sual vermək istərdim və bəlkə də o yeganə insan olardı ki, bu suallarıma cavab verə bilərdi.

Qrafinya içəri daxil oldu, onun xəbərdarlığını yadıma salıb qalxmaq istədim, lakin qraf məni saxladı.
- Qalxmayın, bir az da qalın. Danışın mənə sizin həyat yoldaşınız necə adam idi? Sizin yadınızda, xatirənizdə necə qalıb?

Fyodr Mixayloviçin adını çəkəndə qrafın səmimiyyət dolu səsi mənə çox təsir etdi.

- Mənim sevimli həyat yoldaşım - mən heyrətamiz şəkildə danışmağa başladım - ideal insan təəssüratı yaradırdı. İnsanlığa xas olan bütün yüksək mənəvi, ruhi xüsusiyyətlər onda cəmlənmişdi. O heç kimə bənzəməyən tərzdə genişürəkli, şəfqətli, ədalətli, təmənna güdməyən, alicənab, mədəni bir insan idi. Onun qərəzliyi, heç kimə satılmayan səmimiliyi ona çoxlu düşmən qazandırmışdı. Elə bir insan yoxdur ki, mənim həyat yoldaşımın yanından məsləhət eşitməmiş, səxavət görməmiş, yardım almamış getsin. Əlbəttə ki, o məşğul olanda, özünü pis hiss edəndə, bir qədər sərt görünürdü, lakin o görəndə ki, yanına gələn insanın həqiqətən köməyə ehtiyacı var, onun sərtliyi xeyirxahlıqla əvəz olunurdu. Bir görsəydiniz o öz sərtliyini və ciddiyyətini əvəzləmək üçün nə qədər məlahət göstərirdi. Bilirsiniz Lev Nikolayeviç, hər bir insan öz gerçək üzünü, xasiyyətini, gündəlik həyatındakı, ailəsinidəki davranışlarında göstərir və mən əminliklə deyə bilərəm ki, bu alicənab insanın on dörd ildə etdiyi bütün əməlləri mənim xoş təəccübümə səbəb olub, baxmayaraq ki, bəzən o əməllərinin bizə ziyan verə biləcəyini bilirdi.
- Mən də onun haqqında həmişə bu cür düşünmüşəm - Lev Nikolayeviç dərindən düşünərək söylədi - Dostoyevski mənim xəyalımda ürəyində səmimi xristianlıq hissi olan bir insan kimi canlanıb.

Qrafinya yenə otağa daxil oldu və mən ayağa qalxıb sevimli yazıçımın mənə uzatdığı əlini möhkəm sıxaraq, mənə bəxş etdiyi heyranlıq hissi altında otağı tərk etdim. Bəli, o insanların ürəyini fəth edə bilirdi!

Kimsəsiz Moskva küçələri ilə evə dönərkən xoş təəssürat altında idim və özümə söz verdim ki, bir də heç zaman Lev Nikolayeviçi görməyim, baxmayaraq ki, bu görüşdən sonra qrafinya dəfələrlə məni Yasnaya Polyanaya qonaq çağırmışdı, amma mən öz sözümü tutaraq sevimli yazıçımla görüşmədim. Çox qorxurdum ki, birdən növbəti dəfə Lev Nikolayeviçi görəndə o xəstə, halsız olar və mən onda başqa bir adam görmüş olaram. Bununla da içimdə saxladığım heyranlıq hissimi itirə bilərəm. Taleyin bizə nadir hallarda yaşatdığı bu cür qiymətli hissləri nəyə görə itirim axı?

Tərcümə etdi: Leyla

Kultura.az

 

 

Yuxarı