post-title

Şeyx Nəsrullah və Kefli İsgəndər

Ziyalını sıradan çıxarmağın iki klassik forması var. Birincisi, onu titulla, ordenlə, öləndə Fəxri Xiyabanda basdırılmağı vəd eləməklə, təqaüdlə, oğlunu səfir göndərməklə satın alırsan. Belə olduqda ziyalı susmağa məcbur olur. Həqiqətin gücünü itirir. Sözünün kəsəri azalır. Şərə xidmət edir. Getdikcə mənəvi böhran daha da dərinləşir, o, yaltağa və məddaha çevrilir. Onun ritorikası dəyişir. Sonda olur mövcud gücün tamadası. Zəiflərin yox, güclülərin yanında dayanır. Güclülərin süfrəsindən pay gözləyir.

 

İnsanın bütün günahları bağışlanıla bilər, amma insanın öz ruhuna qarşı etdiyi xəyanətin bağışlanılması böyük sual altındadı. İncildə belə yazılıb. Əlbəttə, əgər həmin insanda günah hissi varsa. Bizim ölkədə xeyli adamlar ruhlarına xəyanət etməklə "Şöhrət" ordeni, təqaüd və ev aldılar. Oğlanlarını səfir göndərdilər. Amma bu insanlar bir tikə çörəyi rahat yeyə bilmirlər. Hər an ürəkləri səksəkədədir. Ki, bu dəqiqə kimsə onun ruhuna xəyanət etməsini üzünə vuracaq. Mən belə adamları məclislərdə görmüşəm. Bir balaca müşahidə qabiliyyəti lazımdır ki, onların nə qədər əziyyət çəkdiyini hiss edəsən. Onlar ruhən ölüblər və nə itirdikllərinin fərqindədirlər. O insanda ki günah hissi yoxdu, onlardan heç danışmağa dəyməz. Çünki onlarla hər hansı bir vəhşi heyvan arasında fərq yoxdu.

İkincisi, sözünü deyən, həqiqətləri görən adamın avara, "alkaş" obrazını yaradıb tam zərərsizləşdirirsən. Yaxud elə şərait yaradırsan ki, o, çıxış yolunu içməkdə görür. Onun avara obrazını yaratmaqla sözünün kəsərini azaldırlar. Xalqın arasında, xalqın yanında olan ziyalını yormaq və onu gücdən salmaq üçün axmaq mövzularla onu əsəbləşdirirlər. Onun dediyi sözü yox, hansısa davranışını müzakirə mövzusuna çevirirlər. Belə olduqda, ziyalı bədbinləşir, adamlardan küsür. Xalqla ziyalı arasında konflikt yaradılır. Xalq öz ziyalısına nifrət etməyə başlayır, ziyalı isə bu xalq üçün əziyyət çəkməyin mənasız olduğunu düşünməyə məcbur olur.


Xaqani Has "Gündəlik Azərbaycan" qəzetində təxminən bu mövzuda bir yazı yazmışdı. Yazının adı yadımda deyil, amma yazıdan bir cümlə dəqiq yadımdadı. Belə idi: "Bu hakimiyyət bizə yalnız bir azadlığı tanıyıb. Bir-birimizi didmək azadlığı".

Məhz, ikinci formadan istifadə nəticəsində xalq öz ziyalısını dəstəkləmək, onu qorumaq əvəzinə ziyalının sıradan çıxması, dəli olması, xəstələnməsi, cır-cındır, bit-birə içində gəzməsi üçün əlindən gələni edir. Onun yazdıqlarını yox, davranışlarını müzakirə edirlər. Geyiminə, yerişinə sataşırlar. Onlar deyirlər: "Özünə ev ala bilməyən adam bizə nə gün ağlayacaq? Belə ağıllısansa niyə sənin maşının, evin, bağ evin, bahalı mobil telefonun yoxdur?"

Nadir Qafarzadə verilişlərin birində aparıcının "Kitab oxuyursan?" sualına belə cavab vermişdi: "Niyə oxumalıyam, gedək mənim də "xolodelnik"imə baxaq, kitab oxuyanın da".

Bax, kitab adamının, düşünən insanın, ziyalının gözdən salınması budur. Səni gətirib bir müğənninin gülüş obyektinə çevirirlər. Sən hətta ən yaxınlarına belə kim olduğunu, hansı yola xidmət etdiyini başa sala bilmirsən.

Bir dəfə evdə oturmuşduq. ATV kanalında aparıcı Zaur danışırdı. Anam dedi ki, kaş adamın belə oğlu ola. Dörd kitabın, onlarla məqalənin müəllifinin, onlarla seminarın, konfransın iştirakçısının yanında oturduğunu, kimi doğduğunu özü də başa düşməyən o qadına heç nə demədim. Ağzımı yormadım, çünki mənim anam da bu xalqın nümayəndəsidir. Mən ondan növbəti dəfə "Əşşi, belə ağıllısansa niyə çöllərdə qalmısan",- sözün eşitmək istəmədim.

Hədəfə alınmış şəxsə uyğun olaraq Azərbaycanda hər iki formadan geniş istifadə olunub. Bu iki forma nəticə göstərməyəndə isə hədəfə alınmış ziyalını sürgün ediblər, güllələyiblər. Böyük Mirzə Cəlil "Ölülər" əsərində satılmış və gözdən salınmış ziyalı problemini çox incəliklə göstərib. "Ölülər" əsərinin qəhramanı İskəndər "sən niyə içirsən?" sualına belə cavab verir:

"Sən də mənim kimi oxusaydın, araq küplərinin dibində yatardın".
İsgəndər oxumuşdu. Savadı vardı. Xalqın niyə bu günə düşdüyünü, kimlər tərəfindən aldadıldığını başa düşürdü. Ancaq o, aktiv mübarizə apara bilmirdi. Çünki hər kəs tərəfindən "iqnora" qoyulmuşdu. Hətta evin qulluqçusu Zeynəb də İsgəndəri adam yerinə qoymurdu. İsgəndərin günahı həm də onda idi ki, o, Şeyx Nəsrullahın ölü diriltməyinə, ölü dirildəcəyinə inanmırdı.

Şeyx Nəsrullah guya ölüləri diriltmək üçün şəhərə varid olanda ziyalıları, oxumuş adamları xəbər alır. Şeyx Nəsrullahın qorxusu yalnız elmli adamlardandır. Qalanları hər an diz çökməyə hazırdır, onları aldatmaq asandır. Şəhərin oxumuş adamları teleqrafçı Heydər bəy, dilmanc Əli bəy Şeyx Nəsrullahın ölü dirildəcəyinə şəkk gətirmir. İnanırlar. Aha, deməli, teleqrafçı Heydər bəy, dilmanc Əli bəy zərərsiz intilgentdirlər. Şeyx Nəsrullah büsbütün arxayın olmaq, öz çirkin əməllərini tam arxayın həyata keçirmək üçün bir daha oxumuş adam xəbər alır. Xalq deyir ki, biri də var, Kefli İsgəndər, amma avaranın, sərxoşun biridir, onu it yerinə qoyan yoxdur. İsgəndərin xalq arasında statusunun, hörmətinin nə yerdə olduğuna böyük Mirzə Cəlil Şeyx Nəsrullahla Şeyx Əhmədin dialoqunda bir daha toxunur.

- Şeyx Əhməd, bu İsgəndərdən heç gözüm su içmir.
- Heç narahat olma. Onu buralarda heç adam yerinə qoyan yoxdur. Sən damağını pozma, işində ol.

xxx

Asif Atanın "Ölülər" əsərinə yanaşması tamam başqa idi. Asif Atanın yanaşmasına görə, teleqrafçı Heydər bəy, dilmanc Əli bəy də Şeyx Nəsrullahın ölü diriltməsinə inanmırdılar, onlar sadəcə, öz şəxsi mənfəətlərini güdərək, Şeyx Nəsrullahın ölü diriltməsinə özlərini inanırmış kimi göstərirdilər. Bəli, Heydər ağa, Əli bəy kimi oxumuşlar "Şöhrət" ordeni, bağ evi, təqaüd, deputat mandatı almaq, övladlarını səfir göndərmək, öləndə Fəxri Xiyabanda basdırılmaq üçüni Şeyx Nəsrullahla konfliktə girmədilər. Şeyx Nəsrullahın qarşısında diz çökdülər. Yaltaqlandılar. Oxuduqları kitablara xəyanət etdilər. Nəinki xəyanət etdilər, bir vaxtlar oxuduqları kitabları, yiyələndikləri savadı şərin güclənməsinə, xalqın daha da zəlil günə qalmasına sərf etdilər. Onlar bilirdilər ki, Şeyx Nəsrullah ölü diriltməyə gəlməyib. Onlar bilirdilər ki, Şeyx Nəsrullah hər gün bir körpə qızı yatağına salmaq üçün gəlib. Əgər onlar Şeyx Nəsrullahın ölü dirildəcəyinə inanırdılarsa, bəs o zaman niyə övladlarını əsgərliyə buraxmırlar? Niyə xəstələnəndə xaricə müalicə olunmağa gedirlər? Deməli, onlar orduya inanmırlar. Deməli, səhiyyənin inkişafı haqda yazılan məqalələrin, göstərilən süjetlərin nağıl olduğunu bilirlər. Heydər ağa, Əli bəy kimi ziyalılar bizi öpüşlə satdılar. Bildiyiniz kimi, Yəhuda İsa peyğəmbəri əsgərlərə nişan vermək üçün yaxınlaşıb İsa peyğəmbəri öpür. Əsgərlər İsa peyğəmbəri tutanda İsa peyğəmbər Yəhudaya deyir: "Sən məni öpüşlə satdın".


Bəli, xanımlar və cənablar, Heydər ağa, Əli bəy kimi ziyalılar "Şöhrət" ordeni, bağ evi, deputat mandatı almaq, oğlanlarını səfir göndərmək üçün nəinki özlərini, özləri ilə bərabər oxuduqları kitabları, bizim həssas nöqtələrimizi, bizim dəyərlərimizi də satışa çıxartdılar. Onlar Mirzə Cəlil, Üzeyir bəy, Sabir haqqında ağızdolusu danışırlar, Mirzə Cəlil, Üzeyir bəy, Sabir haqqında məqalələr, kitablar yazırlar, amma Mirzə Cəlilin, Sabirin oyatmaq istədiyi xalqın güzəranını görmək istəmirlər. Xalqı görməmək üçün gözlərini yumublar.

Sabirin yubleyi ilə bağlı Sabir parkında tədbir keçirilirdi. Çıxış etmək üçün söz bir professora verildi. Adam mikrofonun arxasına keçən kimi dedi: "Əgər Sabir sağ olsaydı, ölkəmizdəki inkişafı görüb, ürəyi fəxrlə dolardı".
Mən bu səzləri eşidəndə məcbur olub bir siqret yandırdım. Bəli, onlar Folknerdən, Kafkadan, Borxesdən danışır, kəpənəyin uçuşundan ilham alır, çiçək görəndə ürəkləri guya fərəhlə dolur, amma insanı gərmək istəmirlər. İki üzlüdürlər. Axtalanıblar. Yalançıdırlar. Onların poeziyası da, nəsri də yalandı. Çünki insanı görməyən, heç vaxt kəpənəyi, çiçəyi görə bilməz. Ruhlarını şeytana satmış adamların kəpənəyin uçuşundan, yağışdan, çiçəkdən şeir yazması nə qədər iyrənc və murdar görünür.

XXX

Diktafonu qoy Azərbaycan ziyalısının qarşısına, sənə nədən deyirsən danışsın. 37-ci il repressiya qurbanlarından (Əkrəm Əylisli), Mirzə Cəlildən (Anar), Abşeronun ağ və qara şanısından (Elçin), Cavad xandan, Hindarxına şəhər statusu verilməsindən, yaralı Arazdan, Dəli Kürdən, Təbriz həsrətindən, xaç yürüşlərindən, Nobel mükafatından, "Molla Nəsrəddin" jurnalından, akvariumdan, okean balıqlarından, Qız qalasından, keçmiş və gələcəkdən danışmaq Heydər ağa, Əli bəy kimi ruhunu şeytana satmış ziyalılar üçün ilham mənbəyidir. Elə ki, siz söhbəti günümüzə, indiki zamana fırlatsanız, onlar susacaqlar. İndiki zaman sanki, Azərbaycan ziyalısının bic övladıdır. İndiki zamanın Azərbaycan ziyalısının timsalında soyadı və atasının adı yoxdur.

Seymur Baycan

Yuxarı