post-title

Polisin ürəyinə mərhəmət toxumu səpmək istəyənlər

Avtobusda, metroda polisin qalxıb qadına yer verməsini çox görmüşəm. Doğrusu, ürəkbulandıran mənzərədir. Necə olur, polis metroda qalxıb yer verdiyi qadını mitinqdə, piketdə saçından tutub sürüyür, söyür, təpikləyir. Polis mitinqə çıxan qadınlar haqda heç də yaxşı şeylər düşünmür. Bizim dəyərlərimizin necə çürük olduğu, hər bir "yaxşı" görünən hərəkətin reklama hesablandığı ortaya çıxır.

 

 
Lap Moyemin "Ay və qara şahı" (Ola bilsin "Teatr" romanında) əsərindəki kimi. Ədabaz bir rəssamı guya adamların fikri maraqlandırmır. O, guya özü üçün rəsm çəkir. Əsərlərinə baxan adamların fikirləri onun üçün əhəmiyyətsizdir. Bir gün rəssamı adaya atırlar. O, adada heç nə çəkmir. Çünki adada rəssamdan başqa heç kim yox idi. Metroda qadına yer verən polis ətrafındakı adamlar üçün ayağa qalxır. 
 
İllərlə Azərbaycan müxalifəti polisi ələ almaqla, polisə qarmaq atmaqla məşğul oldu. Guya polis özü də bezib, onu zorla mitinqə çıxardırlar. Boş sözdür. Mitinqə zorla çıxan polis adama yüngülvari bir zərbə vurub, işini yola verər. Mən onların sifətini görmüşəm. Onlar heç də işini zorla yerinə yetirənlərə oxşamırlar. Polislərin böyük çoxluğu mülki həyatın heç bir sahəsində özünə yer tapa bilməyən adamlardır. Ona görə polislər işini itirməmək üçün hər bir qəddarlığa hazırdılar. Mitinqə çıxmış adamları polislərə göstərib deyirlər: "Əgər bu adamlar hakimiyyətə gəlsə, siz işsiz qalacaqsız. Qırın, bu kafirləri". 
 
"Babək" filmində ərəb qoşunlarının sərkərdəsi xürrəmiləri göstərib deyir: "Qırın, bu kafirləri. Qanları halaldır". Beləcə, həyatın heç bir sahəsində uğur qazana bilməyən polis, işini itirmək qorxusundan daha da qəzəblənərək, mitinqə çıxanları qırır, söyür, təhqir edir, işindən zövq alır. Qəribədir, bütün bu qəddarlıqlar polisə qarşı nifrət oyatmır. Polis müqəddəsdir. Polisin hər bir hərəkəti cəmiyyətimiz tərəfindən zərurət kimi qəbul edilir və əsla ikrah doğurmur. Bizlərdən heç birimiz polisdə çalışan qohumumuzu, tanışımızı, qonşumuzu boykot edə bilmirik. Bizim düşüncəmizə görə, polisin peşəsi onun xarakterini formalaşdırır. Nəhayət, polisin də balası var. Üstəlik, polislər həm də dindardılar. Onlar oruc tutur, ibadət edirlər. Əgər siz iftar zamanı şəhərin mərkəzində yerləşən "Əriştə" kafesinə getsəniz, yarım stəkan qaynadılmış suyu asta-asta içib, üstündən xurma yeyən polisləri görə bilərsiz. Heç də təsadüfi deyil ki, Həcc ziyarətinə gedənlərin çoxu polisdə çalışanlar, prokurorluq, məhkəmə işçiləridir. Rütbənin üstünə bir Hacı titulu əlavə etmək heç kimə mane olmur. Əksinə, iki qorxu əlaməti birləşərək ətrafdakı adamlarda xüsusi hörmət hissi oyadır. 
 
Polis həm də ağsaqqaldır. Polis toyda, yasda hər cür diqqət və qayğıyla əhatə olunur. Polis həm də təbiəti, şeiriyyəti sevir. Ölkəmizdə xeyli polis şairlər var ki, mütəmadi olaraq biz onların vətənə, anaya, ataya, sevgiyə həsr olunmuş şeirlərinə rast gələ bilərik. Üstəlik onlar da ölkənin tanınmış aktyorları, şairləri, yazıçıları ilə oturmağı, yeyib-içməyi, ədəbiyyat, mənəviyyat söhbəti etməyi, Nizamidən, Füzulidən, Sədi Şirazidən və digər şərq şairlərindən ibrətamiz şeirlər deməyi sevirlər.  
 
Demokratik düşərgənin nümayəndələri, ölkədə dəyişiklik etmək istəyən insanlar illərdir polislərə müraciət edirlər. Guya polislər də mövcud vəziyyətdən əziyyət çəkirlər. Guya onlar da hakimiyyətdən narazıdırlar. Guya mitinqlərə çıxanların sayı bir az çox olsa, polislər xalqın tərəfinə keçəcək. Belə nağılları 15 ildir eşidirik. 
 
Bir daha təkrar etməyə məcburuq, mülki həyatda özünə yer, peşə tapa bilməyən adamları polisə yığıblar. Ona görə də polislər işlərini itirmək qorxusu altında mitinqə çıxmış adamları böyük həvəslə təhqir edir, döyür və müxtəlif üsullarla öz rəislərinin rəğbətini qazanmağa çalışırlar. Polisi ələ almaq, onların ürəyinə mərhəmət toxumu səpmək qeyri-mümkündür. Polis işini itirməmək üçün hər bir əmri yerinə yetirməyə hazırdır. Polis həqiqətən öz qəddarlığından həzz alan bir sistemdir. Deməkratik düşərgənin nümayəndələri bu illər ərzində polisi ələ almaq əvəzinə, onu ifşa etsəydilər, daha yaxşı olardı. 
 
Lenin yazırdi: Biz jandarmiyanın mənəviyyatla, kilsəylə bütün əlaqələrini kəsməliyik və jandarmiya bizim qarşımızda öz hüquqlarını müdafiə edən insanları qəddarcasına cəzalandıran, zorakı vasitələrə üstünlük verən bir məxluq kimi dayanmalıdır. 
 
Bizim düşərgənin insanları da bu fikirlərə əsaslanaraq hərəkət etməlidirlər. Polisin dinlə, mentalitetlə, toyla, yasla, bütün əlaqələri kəsilməli və polis bizim qarşımızda mitinqdə qoca kişini, yaşlı qadını döyən bir məxluq kimi dayanmalıdır. Mitinqdə qadını saçından tutub sürüyən polis elə həmin günü hansısa şadlıq evində ana segahı sifariş edir. Üstəlik, anaların sağlığına yüz qram araq içir. Üstəlik, bir az da özünü kədərlənən kimi göstərir. Üstəlik, mitinqdə öz hüquqlarını müdafiə etməyə çıxmış insanları həzz ala-ala döyəndən, təhqir edib məhləyə qayıdandan sonra asanlıqla "yaxşı oğlan"a çevrilir. Ona görə də özünü əsla günahkar hiss etmir. Və düşünür ki, onun etdiyi zorakılıq zərurətdən doğur. Çexovun təbirincə desəm, "bütün zorakılıqların zərurət kimi qəbul edildiyi yerdə, ədalət haqqında düşünmək gülüncdür". Məhz buna görə də polis kütləvi olaraq hər yerdə - toyda, yasda, avtobusda ictimai qınağa məruz qalmalıdır. Polis hiss etməlidir ki, insanların yumşaq ifadə etsək açıq-aşkar ondan xoşu gəlmir. 
 
Əgər polis rüşvət alıb ziyarətə gedir, hacı, məşhədi olursa, namaz qılırsa, oruc tutursa, toyda, yasda başa keçirilirsə, məhəllədə asanlıqla yaxşı oğlana çevrilirsə, di gəl, onu yoldan çıxar görüm, necə çıxarırsan... 
 
Seymur Baycan
Kultura.az
Yuxarı