post-title

Posmodernizm Azərbaycana gəlmədən getmək istəyir

Həmid Herisçinin ötən il "Yeni Müsavat" qəzetinə verdiyi müsahibə barədə

 

Eyvaz TAHA

Azərbaycanın müstəqillik dönəmində Həmid Herisçi  ədəbiyyatın aparıcı simalarından olub. Mən isə həmişə güman etəmişəm ki, iflasa uğramış Azərbaycan təfəkkürünü dirçəltməkdə o da ümid nöqtələrindən biri sayıla bilər. Lakin onun son yazıları göstərir ki, bu ümid puça çıxmaqdadır. Məsələ burasındadır ki, Həmid şou biznes mədəniyyətinə qarşı çıxaraq mütəfəkkir görkəmində çıxış edir, yaxşı da oxunur. Problem isə burdan başlanır. O, qarşı çıxdığı şou biznesin şərtləri içərisində düşünür, danışır. Bununla da arxa durmaq istədiyi təfəkkürün dayaqlarını məsuliyyətsizliklə sarsıdır. Başqa sözlə o, Azərbaycanda siyasət fəlsəfəsinin görkəmli simasına çevrilə bilərdi. Lakin konspiroloji baxışından dolayı təfəkkürə qarşı dayanır, ardı-arası kəsilmədən qınadığı şou biznes cəbhəsinə keçir.

Mən hələlik onun son kitabına toxunmuram, ötən ilki bir müsahibəsinə qayıdıram.  Çünki Həmidin düşüncəsini analiz etməkdə həmin müsahibə yığcam və yaxşı örnəkdir. Geniş yazılara toxunmağa burda nə macal var, nə də məqsədimi anlatmaqda onlara gərək. Sadəcə bu müsahibədə gedən mübahisəli məqamlar o qədər çoxdur ki, gətirəcəyim argumentlər oxucunu darıxdıra bilər. Belə bir darıxdırıcılığa yol verməyim deyə, arqumentlərimi yalnız Azərbaycan toplumunun təfəkküründə nöqsan sandığım məqamların kontekstində analiz edəcəyəm. Habelə ad təkrar olunmasın deyə "Həmid Herisçi" yerinə sadəcə "Yazar" sözünü qullanacağam.

1.

Yazar aydınlanmanın/maarifçiliyin suçunu onun düşməni olan postmodernizmin alnına yazır. Deyir ki, «postmodernizm süjet, tanrı, sir, mistikanı ləğv etdi, kənara itələdi.» Bu iddia gerçəkliyə qarşıdır. Burda səhv işlənmiş "süjet" sözü istisna olmaqla, bunları yoxa çıxarmaq modernlik  cərayanının sıçrayış mərhələsi (bəzilərinə görə başlanğıcı) olan maarifçiliyin işi idi. Postmodernizm isə açıq aşkar ona qarşı çıxdı. Bunu necə etdi?
Postmodernizm tam şəffaf, tam mexaniki bir dilin mövcudluğunu inkar etdi ki, qovulmuş mistikaya bir daha layiqli yer ayrılsın. Həmin cərəyana bağlı mütəfəkkirlərə görə, dili heç vaxt cadulardan, emosional özəlliklərdən, duruxmalardan, təhtal-idraki yanılmalardan təmizləmək mümkün deyil. Çünki Jak Lakan demişkən dilin quruluşunun bizim qaranlıq təhtəlşüurumuzun quruluşuna bənzəyişi vardır.

Postmodernizm modernliyin tənqidini "dil"dən başladı. Dili o qədər qabartdı ki, Vitgenşteynin köhnə iddiası özünü tam doğrultdu: fəlsəfə dilin çatlarında yaranır. Vitgenşteyn bunu pozitiv düşüncənin isbatında söyləmişsə də Derridanın mətn dünyasının açarına çevrildi. Derridada artıq xarici aləm öz imkanlarını tükətdi və insanın xarici almlə əlaqəsi yalnız dil dalanından mümkün oldu. Derrida ən sistemli əsəri kimi tanınan "Qrammatolji"də iki min beş yüz illik Qərb fəlsəfə gələnəyini tənqid atəşinə tutaraq "həqiqətin hazır olması"nı absurd sanır və "mənanın qaynağını axtarmaq" girişimini lüzumsuz görür. Belə bir qaynaq, belə bir sir ocağı yoxdur. Eyni halda təkid edir ki, qərb mədəniyyəti həmişə danışan varlığın fonlarında mənanın vasitəsizlik və aşkarlığını güman edib. Sonra bu fonosenterizmi rədd edir. Bunun birbaşa sonucu dilin sehirli dünyasında xəyal, mif, sir, illuziya və mistisizm kimi anlayışlara yenidən yer açılmaq idi. görünür Qərb logosenterizminin bircə dayağı var o da fonosenterizmdir. Lakin Yazar deyir ki: «fonosenterizm itir, loqosenterizm öz əvvəlki guconu bərpa edir bədii mətndə.» Aydındır, Yazar  "polifoniklik" sözünü "fonosenterizm"lə dəyişik salıb.
 
2.

Yazar örnək gətirdikdə və ya öz baxışını sübut etəməyə çalışıdıqda dəqiqlikdən yayınır. Nəticədə "Klassizm", "fonosenterizm" "ideologiya", "şüuraltı" və "konspirologiya" kimi terminləri necəgəldi işlədir. Bununla kifayətlənmir adamların da cəbhəsini dəyişir. Misal üçün, postmodern ədəbiyyatın nümayəndəsi Umberto Ekonu tam əksinə təqdim edir. Yazılarını quraşdırma yolu ilə hazırlayan üçüncü dördüncü dərəcəli Paolo Koelonu örnək gətirməkdən belə çəkinmir. Və ya bazar ədəbiyyatı nümayəndəsi Stiven Kinqi qəhrəman səviyyəsinə yüksəldir. O unudur ki, Koelo və Kinqə yalnız orijinalla marjinalın sınırlarını dağıtmış postmodern ədəbiyyatda yer ayıyraq olar, klassik ədəbiyyatda yox.

Müsahibədə dörd yazıçının adı çəkilir sonra bu cümələlərlə davam edir: «Onların əsərləri postmodernə sarsıdıcı cavabdır. Deyərdim ki, postmodernin müasir böhranı məhz onların yaradıcılığı sayəsində meydana gəlib. Bəli, bu müəlliflər sir-sehr fenomeni əsasında postmoderni darmadağın etdilər.» Birincisi, dediyim kimi Yazar adını çəkdiyi adamların mövqei barədə yanlış fikirdədir. İkincisi, postmodernizm üç cüt yalın hekayədən ibarət deyildi ki, onu dörd müəllif darmadağın etəsin. Postmodernizm güc-subyekt münasibətlərinin dekonstruksiyası idi; mənanı istehsal edən prosedura barədə təsəvvürlərin köklü dəyişməsi; dil-düşüncə ilgilərinin alt-üst olunması; həqiqət, məna və varlığın hazır sanılmasının yanlışlığı; sənaye sahəsində kütləvi istehsal sistemindən fərdi sistemə keçməsi; memarlıqda kibrit qutusuna bənzər binaları kompozitiv planlı tikintilərin əvəz etməsi, dəmir istehsalından elektron sənayesinə keçməsi; ədəbi əsərdə mənanın müəllifin beynindən mətən coğrafiyasına daşınaraq gecikməsi; mediada yazılı nəşrdən elektron çevrəyə keçməsi; Assoşeytedpress və Tas kimi kütləvi xəbər agentliklərinin yerini ANSpress kimi kiçik, çevik və yerli informasiya araclarının alması; dəmir tellərin yerini şəffaf sərhədlərin alması; "dövlət-millət", "sinif" və "kimlik" kimi sərt konsepsiyaların ya öləziməsi ya da diskursive mahiyyət qazanması; kütləvi qırğın silahlarının yerini müəyyən nöqətəni amaclayan pilotsuz təyyarələrin alması. Bu siyahini bir kitab qədər uzatmaq olar. Biz indi əkinçilik, modernizm və postmodernizm dalğaları içində yaşayırıq, hər üçünün təsiri altındayıq, danışqlarımız, yazılarımız, əxlaqi dəyrlərimiz və geyim tərzimiz bu üçünün qarışığından əmələ gəlmə bir şeydir.

Yazar bir dəfə başını fırlatsaydı görərdi ki, Robert Venturinin "mürəkkəb universallıq" adlandırdığı üslubla tikilən binalar hələ təzə-təzə bakıda dəbə minir. Amma təfəkkür bina deyil, ondan çox gec gələcək. Biz buna da bir yol taparıq. Məsələn: 80-ci illərin sonlarında dəbdən düşmüş modern-posmodern çəkişmələri sovetlər birliyinin fil qulağnda yatmış xalqımıza o qədər gec gəlib çatdı ki, promodern mərhələdən birbaşa postmodern-sonrası mərhələyə atlmaq istədik. Göz qırpımında indi onu da arxada qoymaq istərik. Mənə qalırsa bütün bunlara baxmayaraq biz hələ premodern mərhələsindəyik.  

3.

Yazar da daxil olmaqla, biz daha çox "premodern" mərhəl‎ədəyik. Bunun bir örnəyi həmin müsahibədədir: «[Hər bir] yazar təkəcə şüur aləmi ilə kifayətlənməyib həm də insan şüuraltısını da yaxşıca bilməlidir, ordakı rəmzləri, nışanları düzgün deşifrə etməlidir.» Bu cümələləri oxuduqdan sonra tam əmin olmaq olar ki, yazar Freydin kitablarının üzünü açmamış kimi davranır. Bunda heç bir eyb yoxdur, çünki heç birimizə elə bir icbar yoxdur ki, kiminsə əsərini oxuyaq ya oxumayaq. Ancaq cəsarət edib nəhəng bir nəzəriyyəyə barmaq uzatmaq istəyiriksə heç olmasa onun bacasından baxmalıyıq.

Freyd "təhtəlşüur-fövqəlşüur"  nəzəriyyəsi ilə inkişafı gecikmiş psixologiyanı "premodern" mərhələdən "haymodern" mərhələyə daşıdı. O zamanacan ego bütöv güman edilirdi. Ən pisi də bu illuziya nəticəsində insan zənn edirdi ki, özünü şəffaf şüşənin arxasından baxar kimi tanıyır.

Amma Freyd bizi ikiyə bölüb, "təhətəlşüur" məsələsi vücudumuzun qaranlıq bölgəsidir, dedi. Vücudumuz buzdağına bənzəiyr, onun 10-dan bir hissəsi, yəni fövqəlidrak, sudan çöldədir, 9 həssəsi isə, yəni təhtəlidrak, suyun altında. Bütün bunlara baxmayaraq, Yazar asanlıqla başqa yazarlara əmr edir ki, şüuraltılarını bilməlidirlər, o da yaxşsından. Yəqin sayın yazarlarımız da baxa-baxa qalırlar ki, bu Həmid bəy nə böyük qəhrəmandır ki, şüuraltısını cilovlayıb özüylə gəzədirir, bizsə heç bilmirik bu mırdar hara qaçıb itib.
 
4.

Müsahibədə başqa mübahisəli məsələ ideologiya terminidir: «Biz ədəbiyyata... postmodern ideologiyasını gətirdik.»

İdeologiyanin televiziya aparıcılarının səsləndirdiyi formada işəlnəməsi bizi heyrətləndirməyə bilməz: "milli ideologiya" kimi qondarma söz birləşəməsinə bənzəyən bir ifadə. Məsələ orasındadır ki, universallığı car çəkən modernlikdən baş qaldırmış bütövlşədirici ideologiyalara qarşı yarandı postmodernizm. İdeologiya dünyanı iki xeyr-şər cəbhəsinə bölür. İkili bir vəziyyət yaradaraq bizlə onlar, inqilabla əks-inqilab arasında Berlin divarı çəkir. Xeyr düşərgəsi tam işığa qərq olur, şər düşərgəsi isə tam qaranlığa. Ancaq postmodernizm hər iki düşərgənin içində muzaikialara bənzəyən bir vəziyyət olduğunu vurğulayır, düşərgələr isə aydın cizgilərlə bir-birindən ayrılmır. Marjinalla orjinalın sərhədləri pozulur.

Postmodernizm müəyyən bir ideologiya deyil, modernliyi kəskin tənqidlərlə qarşı qarşıya qoymuş qeyri-sistematik və çoxşaxəli düşüncə, araşdırma və yaradıcılıq tərzidir. Fəlsəfədə, memarlıqda, musiqidə, ədəbiyyatda və siyasətdə ənənəvi ideologiya mərhələsini arxada qoymaq. "Ənənəvi" deyirəm, çünki Slavoy Jijekin ideologiya barəsindəki yeni axtarışları bizi ayrı bir mərhələyə daşıyır.

5.

Müsahibədə yanlış fikirlər tükənmək bilmir: «postmodern, janr olaraq, ideologiyaların əleyhinə hazırlanmış bir nəzəriyyə ulub... Vaxtı ilə kommunizmin əleyhinə işələdilib.»

Postmodernizm bayaq ideologiya idi, birdən-birə dönüb janr olur, sonra da həmin janr göz qırpımında nəzəriyyəyə çevrilir. Bəşərin son iki yüz illik hayatında ədəbiyyat, elm və təfəkkür sahəsində böyük önəmə malik "janr, nəzəriyyə və ideologiya" kimi fərqli terminlərə beləcə məzəli yanaşmaq dalğası sonrakı sətirlərdə də səngimək bilmir. Yuxarıdakı cümlədə gerçəkliklərə obyektiv yanaşma imkanını konspiroloji baxış korlayır: bu baxışın təmsilçisi isə həmin ibarətdəki "hazırlanmış" sözüdür. Kimsə təfəkkür tarixinə hazırlanmış bir fitnə kimi baxırsa daha onun nə mənitiqə ehtiyacı var, nə də prosesləri və fenomenləri öyərnmək üçün alimanə əzablar çəkəməyə. O yerində uturduğu halda alimdir, dünyanın altını da bilir, üstünü də. Başı da sirlərdən heç ayılmır.

Mövcud nəzəriyyələr üst-üstə qalanmış problemlərin çözümündə aciz qaldıqda elmi və fikri inqilablar baş verir. Ötən əsrin altmışnıcı illərində Qərb mədəniyyətində baş vermiş böyük fikri dəyişikliklər bunun aydın bəlgəsidir. Postmodernizm totalitar rəjimlərin hökəməranlıq manifesti olan faşizm ideologiyasina və sömürgəçilik təfəkkürünə qarşı bir reaksiya idi. Başlıca məsələ bu idi: üç yüz illik rasionalizmin içindən faşizm necə baş qaldırdı? İlkin cavab Teodor Adorno və Maks Horkhaymerdən gəldisə dəqiq analizlər postmodernizmə aid idi. Cavab universallıqlarda, tamçılıqlarda idi. Çünki tamçı düşüncəli insan ortaçağın papaları kimi özünü kainatın göbəyində görürdü, tam haqlı.

Postmodernizm əsasən dil ərsəsində Dekart subyekitinin dekonstruksiyası ilə başlandı. Başlıca qayəsi isə nasizm, stalinizm və faşizmdə özünü doğrultmuş bağırğan subyekti susdurmaq idi. Cəryanın qəhrəmanları isə solçu mütəffəkirlər idi. Bu hazrlanmış bir proyekt deyildi, fikri prosess idi. Hər bir ictimai-tarixi gedişə süi-qəsd nəzəriyyəsi gözü ilə baxanlar bu paradoksu onudurlar: hər şey hazırlanırsa bəs onları kim hazırlayır. Başqa sözlə, hər bir düşüncə, fenomen, olay və ya tarixi gediş hazırlanırsa, buna işarə edən cümlənin özü də hazırlanmışdır.
 
6.

Müsahibənin birinci sualından Yazar sirlərə qapılır. Müxbir soruşur «haralardasınız?» Cavab eşidir «Nizamının “sırlər xəzinəsi”ndə. Sirli-sehirli hikəmət aləmində.» Müxbirin işarəsinə rəğmən cavabın poetikliyə dəxli yoxdur. "Əyləncə"nın  şərtlərinə uyğundur.

Bu sirlər xəzinəsi nədir ki, yazar deyir onda oturub? Məncə burda ciddilik yoxdur, sir sözü demirəm romantik vurğunluq üzündən söylənib, əslındə oxucunu marqlandırmaq üçün vaxtaşırı dilə gəlir, bəlkə də qurxutmaq üçün. Yoxsa Nizami düşüncəsi ilə onun o qədər də əlaqəsi yoxdur.

Sözümün sübutu olaraq yazarın da əməkdaşlıq etdiyi Cahan dərgisində yazdığım bir məqalənin kiçik bölümünə işarə edirəm. Nizami keçmiş aləmin, daha doğrusu, müsəlman şərqin ab-havasında düşünürdü. İrfan, iki teologiya cərayanının (Əşərilik  və mötəzilə kimi) rasionalist və anti-rasionalist qolları, İbn Sinanın başçılıq etdiyi peripatetik fəlsəfə və Söhrəvərdinin başçılıq etədiyi işraq fəlsəfəsi müsəlman şərqin fikir axımlarını təşkil edirdilər. Bu axımlar bir məsələdə birləşirdilər: insanın tanrının təcllagahı olan təbiətə uyğunlaşmasında.

Şərq adamı, necə deyərlər, təbiət vurğunudur, çünki bütün aləmı tanrının təzahürü sayır. Tanrı da öz yaratdıqlarını sevir və onun bu sevgisi varlığın bütün səviyyələrində özünü göstərir. Bu düşüncə tərzinin sonucu olaraq Şərqdə Qərb anlamında elm meydana gəlmədi. Bir halda ki, dünya tanrının bağış və sevgisinin təzahür yeridir, təbiəti ruhsuz bir şey kimi araşdırmaq və ona istehlakçı gözü ilə baxmaq olmaz. Qərbdə təbiəti dərk etəmiin başlıca dürtüsü onu dəyişdirmək olsa da, Şərqdə insan hayatı dünyaya sevəgi ilə qızınır və anlam qazanır. Bu yanaşma durduqca insanın təbiət qarşısında heyəranlığı azalmır, ona quvuşmaq və qarışmaq istəyi bir an da sönükmək bilmir. Orta şərq mədəniyyətəndə aləmlə sevişmək və kainatın müqədədəsləndirilməsi təbiətin ilahilşdirilməsinə gətirib çıxarmasa da, islam sivilizasiyasının çiçəklənmə dönəmində belə təbiətə müdaxilə anlayışı toplumda kəskin marağa səbəb olmadı.


Amma çağdaş insan bu oyğunlaşmaya özgə olaraq dünyanı dəyişdirməyə çalışır. Yazar (hər bir çağdaş insan kimi əməldə bu ikinci düşərgədə dayanır. Ancaq klassik mətnləri tələsik vəraqlayarkən gözü sir sözünə sataşdıqda ötəri də olsa bizim aləm yadından çıxır.

 
7.

Müsahibədə bir haşiyə var- facebook. Veriln cavabda facebook ortamı gözlənilməz şəkildə mədh olunur, sonra da bu həkimanə tapıntı dilə gəlir: "bu gün facebookda olmayan, ictimai hayatda da yoxdur."

Digər sualların cavabı ilə bir yerdə gəlməsəydi verilən cavabdan bir təhər yan keçmək olardı. Ancaq müsahibənin davamında subyekt barədə söyələnilən fikirlər ziddiyyətli bir mövqeyi ortaya qoyur. Yazar sonrakı cavabda bar-bar bağıran subyekti yenidən diriltmək istəyir. Amma onudur ki, internetin virtual aləmi subyekt baxımından tam postmodern bir duzaqdır- qırxyamaq mənliyin dolaşdığı çevrə. Başqa sözlə, orda subyekt Freydin söylədiyi "ölüm dürtüsü" ilə özünü parçalayır. Bircə "mən" neçə neçə "qırıq mənlər"ə çevrilir. Bunun üçün agressiv subyektin onurğa sümüyü və düşünən beyni olan ənənəvi "kimlik" anlaıyışı dağılır.

Doğrudur, internet insanın böyük kəşfidir, ictimai şəbəkələrin rolunu Misir inqilabı və 12 yanvar etiraz akisyası kimi hadisələrdə danmaq olmaz. İnternet "zaman məsafəsi" və "məkan uçurumu" anlayışlarını bayağı bir məsələyə çevirdi. Bundan daha önmlisi insanlara sırınmış informasiya qadağalarını götürdü; dil, din və düşüncə azadlığını gətirdi. Avtaritarizmin istehsal etdiyi kimlikləri parçaladı, başqa səslərə danışmaq imkanı qazandırdı. Amma internetin mənfi cəhətləri də az deyil. Yeni solun kəskin tənqidinə məruz qəlmış bu cəhətlərdən biri subyektin vırtual ortamda parçalanmasıdır.

Bunun üçün bu fenomenlə qarşılaşdıqda birdən-birə Şeyx Nəsrullh kimi subyekt diritəlmə marağını buraxıb, dəridən qabıqdan çıxmağa dəyməz. İnternet tam postmodern fenomendir: mərkəzsiz çevrə, mərkəzçil bir diskursun olmadığı bir ortam. 

 
9.

«Mən postmoderndə ilişib qalmadım. Dünya dəyişir, postmodern təfəkkür arxivə gedir... Biz ədəbiyyata yeni  nəzəriyyələr, ideyalar, kreativ üslublar, postmodern ideologiyasını gətirdik. Təəssüf ki, ədəbi proses elə bunda da ilişib qaldı... daha mən postmodernist deyiləm.»

"Daha mən postmodern deyiləm" sozündə "mən postmodern idim" iddiası var. Məsələnin ikinci tərəfi qismən doğrudur, amma mən yalnız məsələnin doğru olmayan cəhətinə bir az geniş toxunmaq istəyirəm. Və belə bir iddianı irəli sürürəm: Yazarın şeirlərində heç vaxt postmodernizmin şərtləri gerçəkləşəməyib. Bunda heç bir qəbahət yoxdur, çünki sənət bu ölçü ilə ölçülmür. Onun misralarında güclü bir "mən" çıxış edib, bilməyərəkdən Dekart kimi aləm və adəmə anlam bağışlamaq istəyib. Bu yönəliş onun bədii nəsrində də baş verib. "Nekroloq"da "Dəli Kür"də və "Əli. Nino.Bakı"da bütöv bir mən var, bütün dalaşqanlıqları, məzlumluqları və tamçılığı ilə.
Bu ad qoymalar, biznes dünyasında geyimlər üçün müəyyən rəngi qabartmağa bənzəyir. Bunun üçün yazarın sürəkli dəyişməsi barədə mən Seymur Baycanla razılaşmıram. "Cahan"da çap olunmuş və bir çox indiki şeirlərin ilkin mühərrikinə çevrilmiş 17 şeirindən tutəmuş indiyiə qədər o eyni yolu gedir. Bunda heç bir irad yoxdur. O inkişaf xəttində irəli gedir. Məsələ yalnış ad qoymalardadır. Bu da Azərbaycana məxsusdur, amallarla gerçəkliklər arasındakı geniş uçurumdan qaynaqlanır. İstər Əhməd Şah Məsud görkəmində dolansın, istər samuraylar, istərsə də Dərviş Məstəli Şah, təfəkkürünün özəyi eynidir, obyektivlikdən uzaqlıq, kanspirologiyaya vurğunluq və nəhayət bəlli olmayan sirlərə heyranlıq. Halbuki əksər hallarda fenomenlərin arxasında qəribə bir sir yoxdur, başqa fenomenlər var. Çox vaxt sir görkəmində görünən qaraltılar dilin çatlarından baş qaldırır.

Bunu danmaq olmaz ki, bəşər olaraq bildiklərimizin miqdarı bilmədiyimiz məchulların qarşısında heçdir. Amma bu, insan adlı varlığın zehni sınırları ilə bağlıdır. Belə ki, kimsənin toplumun dışında oturub bilmədiyimiz məchullara sahib çıxmaq imkanı yoxdur, bunlar qəzetlərin fal səhifəsinə aiddir. Biz dil, toplum və mədəniyyət zindanında gəlişirik, bilgi dairəmizi çoxaldalarq daha insanlaşırıq, bəzən geri qayıdır, bəzən irəli gedirik.

Gümanımca Yazar hər yeniliyə nifrət edir. Modernizm və postmodernizmi tələsik qatlayıb cibinə qoymaqla polifoniklik mərhələsindən logosenterizmə keçmək istəyir amma keçə bilmir. Çünki logosenterizim üç böyük qavramın yükünü bir yerdə daşıyır: fikir, məntiq və dil. Və Yazar bunların üçündən də vaz keçir. O əslində logosa qayıtmır mitosa qayıdır. Bəşər nəhəng tarixi zəhmətlər, irəliləyişlər və qurabanlıqlar hesabına sirlərin qaynaşdığı təbiətdən yaxasını qurtardı, logos dönəminə keçdi, ildırım, zəlzələ, qasırğa, quyruqlu ulduz kimi qorxunc fenomenlərin analiz sirrini tapdı. İndi isə Yzar bütün kainatı sirlərlə dolu qorxunc simada görmək arzusuna düşüb. Ən pisi də odur ki, sir baxımından ilkin toplumlardakı insanlar onun kimi fikirləşirdilər. Konspirlogiya isə bəşərin mitos mərhələsinin ideologiyasıdır. Bəşər o mərhələdə aləmı tanımadığı üçün onu sirlərlə dulu güman edir, münəccimlərə, kahinlərə, taləyə, qismətə inanır, tanrıların mümkün sui-qəsd planlarından əsim-əsim əsirdi.

İndi Yazar hardan elə bir uzaq keçmişə qayıtmaq fikirinə düşüb? Bir cavab bu ola bilər ki, o, uzaq keçmişə deyil, mitoson modern dünyada formasını dəyişmiş şəkildə canladığı mərhələyə qayıdır: Sovet dönəminə. Sovet ideologiyasında dilə qəribə bir mifo-epik ruh üfürməklə ətraf gerçəkliyə məntiqi baxış imkanını korladılar. Kospirologiya baxışlı güc strukturları bunu qəsdən etdilər ki, Stalini kürsüyə qaldırmış subyekt, yəni işçi sinifi, reallıqları öyərnməkdə aciz qalsın və rəhbərin ağzından çıxan cəfəngiyat gerçəkliklərin yerini alsın. Dil irtibati funksiyasını itirərək dövlət, azadlıq, ədalət, düşəmən, xalq, demokratiya, partiya, haqq, zülm və elm kimi terminlər bəzən ziddiyyətli mənalarla dolub daşdı.

Bütün totalitar rejimlərdə təfəkkür imkanını yoxa çıxarmaq üçün dildə beləcə mühəndislik aparılır. Bundan sonra dildəki işarələr daha reallıqlara dəlalt etmir, istəniln əsrarəngiz mənaları daşıyır. Sovet dönəmində, xüsusiylə Lenindən sonra, logos korlanmaqla mitos stalinizmin axır-zaman düşüncə tərzində dirçəldi. Gerçəkləşməmiş sosializm , "elm mənəm" dedi. Bu iddianın hövlnak sonucları varıdı. Bonunla da elm ideologiyadan, alimin əxlaqi baxışından, bəlkə də onun partiyaya uzaqlıq və yaxınlığından asılı oldu. Bonunla da, mitos dönəmində olduğu kimi konspirologiya dünyanı tanıma metoduna çevrildi. Bütün aləmi sui-qəsd bürüdü. Hər yerdə düşmən, vətən xaini və qaragüruh axtarışına çıxdılar. Konspiroloji baxışlı Sovet məmurları daxil və xaricdə daima düşmən axtarışında idi. Parlaq gələcəyin yollarına tikan səpən gizli əllərin axtarışında. Bütün siyasət, iqtisad, və mədəniyyət bu tanınmaz düşmənin adı altında yeni yeni anlam qazanırdı. Əlbətə bu uzun çəkməyəcəkdi, get-gedə ideologiya kəsrdən düşərək həmin emosiyaların küllüyündə yalançı mədhiyyələr qalacaqdı və ya qatı nifərtlər. Məncə Yazar hələ də o dönəmin nostalgiyasını özüylə daşıyır. Baxmayaraq ki, nostalgiyanın durğunluq qurxusunu yenilik örtüyünə bürüməyə çalışır.
Uzağa getməyək. Azərbaycan cəmiyyəti Qarabağ məsələsində Sovet təfəkkürünə qayıdaraq öz çiynində olan məsuliyyətin böyük qismindən boyun qaçırdı.

10.

Bir daha konpirologiyaya qayıdaq. Bu çatışmazlıqların əksəriyyəti ətraf gerçəkliyə konspiroloji baxışdan irəli gəlir. Azərbaycan toplumunda konspiroloji baxış yayğındır. Bu isə təfəkkür baxımından bir növə geri qalmışlığın göstəricisidir. Bu baxışın özəyi budur: bütün hadisələr, fenomenlər, düşüncələr və əsərlər planlaşdırılmış şəkildə baş verir və ya yaranır. Üstəlik bu iddianın məğzində hər şeyin arxasında bir şər qüvvənin gizləndiyi gümanını sezmək olar. Başqa sözlə, bəzilrinin gümanınca, bəşər almində hərnə baş verirsə, düşüncələrin, istəklərin və əməllərin çarpışmasından törənməkdənsə, sərvət və qüdrət sahiblərinin qurğularının sonucudur. Sankı düşmən quvvlərinin fitnə-fəsadları olmasa nə ictimai çəkişmələr baş verər, nə də yoxsulluq kimi acı faktlar ədalətsizliyə gətirib çıxara bilməzdi. Bu gümana dayanaraq ictimai gedişləri açıqlamağa çalışdığımız zaman, "konspirologiya" ortaya çıxır. Konspirologiya illuziyası təfəkkürün boşluğunda baş verir. Şayiə də belədir. Necə ki, düzgün xəbərləşəmə mexanizmi olmayan yerdə və ya bilgi qıtlığında şayiə yayılır. Rasional düşüncə olmadığı təqədirdə qeyri-adi və qeyri-məntiqi məlumatlara inam artır və həqiqətə varmağa kəsə yollar axtarılır.

Ola bilsın Yazarın bu baxşının formalaşmasında mənim "konspirologiya: nəzəri köklər və pratik nəticələr"  başlıqlı kıtabım rol oynamışdır. Çünki biz bu haqda vaxtaşırı geniş söhbət aparmışıq, amma mənim kıtabımın məzəmunu İranda güc strukturlarının konspiroloji baxışını analiz edir və ona qarşı çıxır: bütün daxili uğursuzluqları xarici düşəmənin boynuna yıxmaq. Amma Yazar tam əks istiqamətdə sui-qəsdə əsaslanan yanaşma tərzini müqəddəsləşdirməyə çalışır. Belə ki, bəzən fikirləşirəm o bəlkə bilərəkdən başqa bir qavramı bonunla dəyişik salıb? Və yaxşı diqqət edəndə onun sözlərində bu zənni gücləndirən məqamlar görürəm. O, konspirologiyadan danışırkən macəra romanlarını nəzərdə tutduğu anlaşılır. «Özümü konspiroloji estetikada yazan bir müəllif bilirəm» cümləsi ilə qarşılaşdıqda anlayırsan ki, o konspiralogiyanı bədii nəsrdəki komplikasiya, konflikt  suspense  kimi məfhumlarla dəyişik salıb. Belə olduqda Agata Kristi ki, ən böyük konspiroloqdur. Yerinə düşmüş terminləri götürüb başqa bir mənada işlətmək xüsusi dilə yaxınlaşmaq deyilmi?

Son sözüm: konsprilogiya ne estetika ilə metod anlamında ilgilidir, nə də ətraf  gerçəkliyi öryənmə yoludur, onda heç tarixi hərəkətə gətirmək qabiliyyəti də yoxdur.  Tarixin mühərriki "sui-qəsd" deyil, "problem"dir.
____________________________________________________


1. Həmid Herisçi ilə 90-ci illərdən tanış və yaxın dostuq. Rəhmətlik Qafar müəllimin cansıxıcı ölümündən bir saat öncə və bir saat sonra başının üstündə olmuşam. Və Həmidlə birlikdə Lökbatan qəbiristanlığında o dəyərli alim və mücahidi torpağa tapşırmışıq. Habelə, Cahan jurnalının fikri dayaqlarından olan Həmid bir çoxlarıyla müqayisədə tarixi taleyimizə təfəkkür prizmasından baxmaq istəyib. Buna görə məndə elə bir nostalji his var ki, həmişə onun haqqında tənqidi bir yazının ərsəyə gəlməsinə mane olub. Lakin son vaxtlar onun bir neçə müsahibəsi və bir kitabı bu məsələni mənim üçün qaçılmaz edib. Burda iki səbəbə görə kəskin dillə onu tənqid etmək istəyirəm: birincisi, konspiroloji yanaşma tərzindən dolayı; ikincisi Azərbaycan mədəniyyətində ona verdiyim əhəmiyyətə görə.

2. 13.03.2012 tarixində Yeni Müsavat qəzetinin saytında getmiş "Həmid Herisçidən iddialı və qeyri-adi müsahibə" başlıqlı yazını nəzərdə tuturam. Http://www.Musavat.Com/new/%C3%96lk%C9%99/119754-H%C6%8FM%C4%B0D_HER%C4%B0S%C3%87%C4%B0D%C6%8FN_%C4%B0DD%C4%B0ALI_V%C6%8F_QEYR%C4%B0-AD%C4%B0_M%C3%9CSAH%C4%B0B%C6%8F
 
3. Dəqiq olmasa da bu termini "modernite"nin qarşılığı olaraq işlədirəm. Bunun mənası "modernizm"dən fərqlənir.
 
4. Nəzəriyyənin birinci banisi Freyd olmasa da onun şərhində öz elmi formasını tapmışdır.
 
5. Qeyri-dəqiq danışmağa haqqım çatsaydı deyərdim "əyləncə" şou biznesin ideologiyasıdır.
 
6. Əşəriliyi tam antı-rasionalist adlandırmaq bir az mübahisəlidir. Çünki onlar irəli sürdükləri suallarla peripatetik fəlsəfəni çıxılmaz yolda qoydular. Məhəmməd Qəzzalı o qədər kəskin sübutlarla bu fəlsəfəyə qarşı çıxdı ki, bu cərəyan İslam dünyasında ilkin təravətlə bir daha baş qaldıra bilmədi. Ancaq məsələni dəqiqləşdirmənin yeri bura deyil.
 
7. Postmarksistlər Sovet sosializmini ideal sosializmdən ayırmaq üçün bu termindən yararlanırlar.
 
8. Konspirologiyadan çox danışmaq olar, çox da danışmalyıq, amma yaxın gələcəkdə bu haqda iki məqaləmin işıq üzü görəcəyini nəzərə alaraq burda qısaca ona toxunmuşam.
 
9. Bu kitab 2000-ci ildə Tehranda işıq üzü görmüşdü. Farsca yazılmış kitabı vaxtilə islahatçılara bağlı "Camiy-i iraniyan" nəşriyyatı buraxmışdır. Həmin nəşriyyatın müdirləri indi ya həbsxanaladadırlar (İsa Səhərxiz) və ya sürgün hayatı yaşayırlar (məşəhur feminist təbrizli Məhbubə Abasquluzadə.) Kitabın ikinci çapına icazə almaq mümkün olmadı.
 
10. Complication, düyün vurma, qarmaqarışqlıq.
 
11. Conflict, münaqişə.
 
12. Təşvişə salaraq asılı saxlama.

Kultura.az

Yuxarı