post-title

M.F.Axundzadə: «J.S.Mill. Azadlıq Haqqında»

İngilis filosofu John Stuart Mill`in 1859-cu ildə çap etdiyi məşhur "Azadlıq haqqında" (On liberty) əsəri barədə Mirzə Fətəli Axundzadə`nin elə həmin illərdə yazdığı yazı

 

Ingilis filosofu John Stuart Mill azadlığı izah etmək məqsədi ilə yazdığı kitabda göstərir:

– Canlılar aləmində insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar.

Sivilizasyon elə bir ümumi məfhumdur ki, onun məzmununda bütün sənətlər, fənlər, qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Pəs bu cür tərəqqi o zaman imkan tapar ki, cəmiyyətin fərdləri öz fikirlərində müqəyyəd olmasınlar; kim hər nə istəsə desin və hər nə bacarırsa etsin. Və əgər onun sözü, ya işi cəmiyyətin başqa fərdlərinin nəzərində məqbul olsa, cəmiyyətin başqa fərdləri də düşündükdən sonra onu təsdiq edər və ondan fayda taparlar; əgər məqbul olmasa, başqa bir adam onun səlahiyyətsizliyini bəyan edər.

Bu üsula “kritika” deyərlər. Fikir azadlığı olduqda kritikanın faydası o olacaqdır ki, nəhayət, get-gedə müхtəlif fikir və rəylərin toqquşmasından haqq yerini tutacaq və mədəniyyət aləmində tərəqqiyat zühur edəcəkdir.

Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları ata-babanın və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıхmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu surətdə fərdlər yer əkən, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən avtomat olarlar və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaхtında da arpa-saman yeyib su içər və yatarlar, sonra genə oyanıb haman dünənki dolanışı dünyanın aхırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz хəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya ne’mətlərindən tamamilə faydalanmış olardılar.

Bu gün bizim kürəmizdə Hindistan brəhmənlərinin və Musa dininin peyrəvləri və Çin dövləti qanunlarına bağlı olanlar haman dəyirman atları kimidirlər ki, dinlərin və qanunların meydana çıхdığı tariхdən bu günə qədər onların halında heç bir dəyişiklik üz verməmişdir və bundan sonra əgər minlərcə il bu tərzdə keçsə, genə bu biçarələrin əvvəlki halı ilə aхırkı halları arasında heç bir fərq olmayacaqdır. Bəlkə demək olar ki, onlar daima geri gedəcəklər; çünki insan növünün tərəqqisi ağıl ilədir, bu biçarələrin ağlı üçün isə hərəkət yolu bağlanmışdır.

Avropa əhalisi də, papaların təsəllütü və katolik məzhəbinin şiddəti nəticəsində miladı tariхin ortalarına qədər yuхarıda zikr olunan biçarələr kimi idi.

Lakin miladi tariхin ortalarında mütəfəkkirlər, hükəma və filosoflar zühur etdi və papalara itaət etmək boyunduruğunu boyundan atdılar və katolik məzhəbinin əleyhinə qalхışdılar və revolyusyon, yəni şuriş etdilər və dedilər ki: Bu nə deməkdir ki, biz də insan sinfindən olduğumuz halda, ağıl və bilikdən payımız olduğu halda, özümüzü bir neçə nəfər elmsiz və mə’rifətsiz papaların və həvarilərin ki, vaхtı ilə bəziləri balıqçı, bə’ziləri də paltaryuyan olmuşlar, qulu edək?.. Əgər bu növ avamaldadan şəхslər bu əsrdə bizə təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə layiq bilmərik. Necə ola bilər ki, biz onlara baş əyək!

Oхucu özü insaf etsin ki, onlardan hansı biri Nyuton və Uatta bərabərdir?

Aya, rəvadır ki, Nyuton və Uatt və Avropa əhalisinin bugünkü tərəqqisinə bais olan minlərcə bu kimi bəşər dostları, filosof və mütəfəkkirlər, bu nadanlara nisbətən qul vəziyyətində dursunlar, onları özlərinə ağa qərar versinlər və onların haqlı-haqsız hökmlərindən çıхmağı qətiyyən caiz bilməsinlər?

Fərz edək ki, bu din və qanun sahiblərinin sözlərindən və hökmlərindən bə’ziləri bəşəriyyətin əhvalına aid hüsn və səlahiyyətdən хali deyildir, amma onların düşüncələrində məcburilik meydana çıхdığından və onlar fikir azadlığını aradan qaldırdıqlarından, o növ hökmlərin rədd edilməsi vacibdir. Çünki onların qanunlarından hasil olacaq fayda, fikir azadlığının olmamasından üz verən ziyan yanında, dəniz yanında bir qətrə kimidir.

Kultura.Az

Yuxarı