İranın Bəhai dini azlığı

Альтернатива

 

 
Bəhai Birliyi qadın və kişi hüquq bərabərliyi, dünyanın təbii sərvətləri üzərində beynəlxalq nəzarətin qoyulması, vahid qlobal təhsil sistemi, Ümumdünya Sülhü və kollektiv təhlükəsizliyin qurulması, Bəşəriyyətin və Dinlərin Birliyi, Dünya Vətəndaşlığı, Beynəlxalq dilin qəbulu və planetimizdə yeni beynəlxalq münasibətlərin yaradılması ideyalarını təbliğ edir.
 
İran Bəhai dininin vətəni olmasına baxmayaraq, ölkə vətəndaşları – bəhailər indiki siyasi rejimi tərəfindən ciddi şəkildə təqib olunurlar. Bəhailərin gündəlik həyatı dövlət tərəfindən qəbul edilmiş “hüquqi sənədlər” əsasında çərçivəyə salınıbdır: bəhailər  ali təhsil, yaşa görə təqaüd almaq, dövlət idarələrində işləmək  hüququndan məhrumdurlar; bəhai uşaqlarına məktəblərdə müsəlman uşaqları ilə bir parta arxasında oturmağa icazə verilmir (onlar rəsmən nəcis hesab olunur). Bu günlərdə Bəhai İcmasının BMT-dəki baş nümayəndəsi Bani Doqal jurnalistlərə açıqlamasında deyibdir: «İranda bəhailərin ən zəif zümrəsi sayılan məktəbli uşaqlar və yeniyetmələr ibtidai və orta məktəblərdə açıq-aşkar təhqir edilirlər. Bəzi hallarda azyaşlı məktəbliləri tənbeh etmək üçün onların gözlərini bağlayıb döyürlər. Məktəblərdə azyaşlı bəhai şagirdlərini məcbur edirlər ki, öz dini mənsubiyyətlərini bildirsinlər. Uşaqlar  bəhai olduqlarını bildirdikdən sonra onlara hədə-qorxu gəlirlər. Məktəb məsulları bəzən şagirdlərdən tələb edirlər ki, onlar yenidən islama qayıtsınlar». 
 
Son 30 ildə İranda İslam Respublikası qurulandan bəri bəhai əqidəsinə görə 200 nəfərdən çox insan edam edilmişdir. Minlərlə insan isə heç bir rəsmi ittiham olmadan, aylarla, illərlə həbsxanalarda qalmalı olurlar.
 
İndiki iqtidar hakimiyyətə gəldikdən dərhal sonra Bəhai icmasının 9 nəfərdən ibarət inzibati rəhbərliyi həbs edilmişdir. Onların taleyi barədə bu gün də heç bir məlumat yoxdur. Onları əvəz edən digər 8 nəfər isə dərhal həbs olunaraq edam olunmuşdular.
 
(şəkil. İran Bəhai dini icmasının hazırda həbs olan yeddi nəfərdən ibarət Ali İdarə Heyəti (Yaran))
 
Bu cür şiddətli təqib və zülm dalğası Bəhai dini icmasına qarşı ölkədə indi də davam etməkdədir. Belə ki, 2008-ci il may ayında yenə də Bəhai icmasının işlərini idarə edən yeddi nəfər (xanım Fariba Kamalabadi, cənab Camaləddin Xancani, cənab Əfif Nəimi, cənab Səid Rzayi, cənab Behruz Təvəkküli, cənab Vahid Tizfəhm, xanım Məhvəş Sabiti) həbs edilərək Tehranda işgəncə mexanizmləri ilə məşhur olan Evin həbsxanasına salınmışlar. Saxta ittihamlar arasında onların “İslam Respublikası əleyhinə təbliğat” kimi əsassız ittiham da yer tutur.
 
Bəhai liderlər qrupunun həbs olunması 30 ildir davam edən Bəhai icması əleyhinə başladılmış təqib kampaniyasının kontekstində baş vermişdir. Bu kampaniyaya aşağıdakı tədbirlər daxildir: 
 
bəhai siyahılarınınn xüsusi dövlət orqanlarına paylanması və onların fəaliyyətlərinin nəzarət altında saxlanması; 
bəhai evlərinə edilən reydlər və şəxsi əmlakın müsadirəsi; 
həbs olunan bəhailərin sayınını kəskin şəkildə artması; 
informasiya vasitələrində bəhailər əleyhinə təbliğat aparmaqla onlara qarşı nifrət oyadılması; 
bəhailərin evlərinə və mülklərinə mütəşəkkil hücumlar edilməsi; 
bəhai qəbirstanlıqlarının və Müqəddəs Yerlərinin dağıdılması; 
bəhailərin ali təhsil almaqdan məhrum edilmələri və uşaqların  məktəbdə müəllimlər tərəfindən təhqir edilməsi; 
bir sıra biznes sahələrinin bəhailər üçün qadağan edilməsi; bəhailərə banklardan kreditlər verilməsinin qadağan edilməsi; 
evlərini bəhailərə kirayə verən insanlara bəhailəri evdən çıxarmaq üçün təzyiqlər edilməsi; 
bəhailərlə ünsiyyət edən müsəlmanların hədələnməsi.
 
Bütün bunlar İran bəhailərinin müntəzəm olaraq məruz qaldıqları təqiblərin ancaq bir neçə formasıdır.
 
İranın hakim dairələrinin “Bəhai məsələsi” adı altında qəbul etdikləri 1991-ci il tarixli məxfi Memorandum Bəhai İcmasını tamamilə məhv etmək strategiyasının əsas istiqamətlərini müəyyən edir. Ali Rəhbər Əli Xamneyinin imzaladığı bu sənəd bəhailərin təhsil almalarına və qazanc yeri əldə etmələrinə bir sıra məhdudiyyətlər qoyulmasına çağırır ki, bu da Bəha icmasının boğulması və məhv olması məqsədi daşıyır.Yuxarıda sadalananlar göstərir ki, hökumətin məxfi planı  gerçəkləşdirilməkdədir.
 
Azər Cəfərov
Bəhai Dini icmasının sədri
Kultura.az | Developed by Samir Yahyazade