Ənənəvi etiraz taktikası

Альтернатива

 

 
Ancaq diqqətli müşahidəçilər razılaşar ki, son iki ildə keçirilən etiraz aksiyalarında oxşar çatışmazlıqlar nəzərə çarpır. Bunları ümumiləşdirib şərti olaraq “ənənəvi” çatışmazlıqlar da adlandırmaq olar. 
 
Razılaşdırılmamış etiraz aksiyalarının çətinliyi 
 
”Sərbəst toplaşmaq azadlığı haqqında” qanun dinc toplantıların yerinin və vaxtının icra hakimiyyəti ilə razılaşdırılmasını nəzərdə tutur. Bu cür məhdudlaşdırıcı müddəa hakimiyyətə etiraz aksiyalarının qarşısını almağa siyasi bəhanələr yaradır. Nəticədə isə siyasi partiyalar və vətəndaş qrupları şəhərin mərkəzində razılaşdırılmamış aksiyalar təşkil etmək üçün dilemma qarşısında qalırlar: ya gülünc qadağalara məhəl qoymadan siyasi iradə nümayiş etdirmək, ya da qadağalara əsaslanıb gözlənilən sanksiyaların ağırlığı qarşısında yumşalmaq.  Bəlli olduğu kimi, ictimai-siyasi fəallar adətən birinci variantı, yəni,  siyasi iradə nümayiş etdirərək, razılaşdırılmamış aksiyalara üstünlük verirlər. Fəqət, bu iradə nümayişi davamlı olmur və razılaşdırılmamış alksiyaların sayı getdikcə azalır. 
 
Razılaşdırılmamış aksiyaların spesifik çətinlikləri var; polislər etirazçılarla vəhşicəsinə davaranır, aksiyalar dağıdılır, məhkəmələr isə fəal iştirakçıları ya həbs, ya da yüksək cərimələrlə cəzalandırır. Zamanla, razılaşdırılmamış aksiyalarda kütləvilik  və davamlılıq azalır, ruh düşgünlüyü başlayır.  
Razılaşdırlmamış aksiyalar səmərəlidirmi? 
 
Bakı sakinlərinin razılaşdırılmamış aksiyalara hazır olmadığını iddia etmək çətindir. Çünki, 12 yanvarda keçirilmiş yürüş son iki ildə Fəvarələr bağında keçirilən ən kütləvi aksiyalardan oldu. 
 
Ənənəvi olaraq aksiyalarda 200-300 ictimai fəal 3-4 qrupa bölünməklə meydana yürüş təşkil edir, polislərsə bu qrupları 10-15 dəqiqə ərzində “zərərsizləşdirir”. Baş verənləri etiraz aksiyası kimi həm piket, həm küçə yürüşü, həm də  etiraz marşı adlandırmaq olar; ancaq yaşanan aksiya bunların heç biri deyil, sadəcə etirazdır. 
 
İctimai-siyasi proseslərə yeni qoşulan şəxslər üçün bu cür olaylar maraqlı və cəlbedici hadisə sayıla bilər Xüsusən də fəal gənclər üçün bu etirazlar inqilabi romantikanın tərkib hissədir. Ancaq yaşı 30-dan yuxarı fəallar belə “ənənəvi” aksiyaları ölkənin çox nüfuzlu və sosial tabanlı partiyalarının timsalında illər öncə şahidi olublar... 
 
Aksiyalar hazırda qarşısına qoyduğu məqsədlərlə bağlı hökumətin siyasi iradəsinə də təsir etmir, kütləvi saxlanmalar, polisin insanlara bədən xəsarəti siyasi proseslərə qoşulmaq istəyənləri də razılaşdırılmamış aksiyalardan çəkindirir; əksəriyyət özünü zərərçəkən, döyülən kimi görmək istəmir... 
Razılaşdırılmamış etiraz mədəniyyətinin yaradılması 
 
İcazəsiz etiraz aksiyalarının getdikcə demokratik gəncliyin sarsılmasına nədən olmaması üçün “razılaşdırılmamış etiraz mədəniyyəti”nin yaradılmasına diqqət yetirməliyik. İndiki aksiyalarla yanaşı çeşidli problemlər üzrə vətəndaş dirənişini formalaşdırmaq əzmində olan kompleks tədbirlərə üstünlük verilməlidir. Bu baxımdan daha çox qorxu mühitini sarsıtmağa, az itkilərlə keçirilən və vətəndaş dirənişini təmin edən planlar vasitəsilə kütləvi etiraz mədəniyyəti formalaşmalıdır: 
 
Təşkilatlanma: Quba və İsmayıllıda baş verən aksiyalar vətəndaşların lokal səviyyədə təşkilatlanmaq imkanlarının öyrənmək üçün test oldu. Bəlli oldu ki, miqyasından və xarakterindən asılı olmayaraq, istənilən sosial narazılığın sürətli və planlı təşkilatlanması üçün örnəklər çatışmır. Örnəkləri isə sadə vətəndaşlar deyil, hazırda ictimai-siyasi proseslərdə fəal olan şəxslər yarada, sonradan bunun nümunələrini ölkə boyu yaya bilərlər. 
 
Məlumdur ki, futbolda yarışan hər bir komandanın oyun üçün 11 nəfərlik heyəti, onlardan üçünü isə ehtiyat oyunçularla əvəzləmək imkanı olur. Ancaq futbol təkcə 18 nəfərlik iki komandanın yarışı deyil. Bu texniki heyətin, məşqçilər, həkimlər, jurnalistlər, nəhayət tamaşaçıların qoşulduğu yarışdır. 
Etiraz aksiyasını təşkil edən qrupun mübarizəsi də futbol yarışı kimi nizam-intizamı və planlılığı sevir. Bu prosesdə aksiyaların qətnaməsi, şüarları, hüquqi yardım qərargahı (qaynar xətt), müşahidəçiləri, vəkilləri, çeşidli funkisyalar üzrə koordinatorları, sözçüləri öncədən bəlli olmalıdır. Vacib məsələlərdən biri də Belarusda olduğu kimi aksiya iştirakçılarının öncədən qəbul etdiyi davranış qaydalarının olmasıdır; burada polisin təhqirinə cavab vermək ya susmaq, polisin qəddarlığına müqavimət yaxud müdafiə olunmaq, saxlanılarkın veriləsi ifadə ilə bağlı tövsiyyələr yer almalıdır.  
 
Az resursla etiraz: Etiraz təkcə kütləvi toplantılar vasitəsilə deyil, kiçik qruplar və fərdi qaydada da ifadə oluna bilər. Tutaq ki, 5-10 nəfər şəxs hazırladığı etiraz vərəqəsini çoxaladaraq ictimai nəqliyyatda paylayır və yaxud ucadan sərnişinlərə oxuyur; belə aksiyada az sayda şəxsin iştirakı saxlanılanların da sayına təsir edir. 
 
Etiraz yaradıcılığı: Çağdaş dünyada etiraz aksiyalarının təşkili yaradıcılıq prosesi kimi nəzərdən keçirilir.  Bu proses teatral səciyyə daşıdıqda mədəni-ədəbi hadisəyə çevrilə və auditoriyasını genişləndirə bilir. Etiraz yaradıcılığına musiqi qruplarının sosial-siyasi məzmunlu mahnıları, karikaturalar, posterlər, radio və televizya çarxları, ritmik şüarlar daxildir. 
 
Küçə-yürüşləri və nümayişlər: Sovet İttifaqında yaşayanlara bəlli olduğu kimi, hər il 1 May və 7  Noyabrda keçirilən nümayişlər ümmumittifaq tədbirinə çevrilirdi. Bu, böyüklər üçün partiya öhdəliyi, yeniyetmələr və gənclər üçün bayram sayılırdı. Bəs ilin hansı günü Azərbaycan demokratları üçün ümummilli etiraz səviyyəsində keçirilir? Belə bir tədbir yoxdur. Əksinə, bizdə yalnız iqtidarı və müxalifəti bir araya gətirən milli matəm günləri var. 
 
İctimai məlumatlandırma: Aksiyaların tələblərı bəzən kənardan keçən Bakı sakinlərinə də qaranlıq qalır. Çünki, aksiyanın keçirildiyi məkanda olan müşahidəçilər etiraz barədə qaçhaqaçda olan etirazçılardan cavab ala bilmirlər. Əslində etirazla bağlı müxtəlif dillərdə məlumat vərəqələri paylamaq ictimai məlumatlanmaya dəstək verə bilər. 
 
Anar Məmmədli 
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade