Əkrəm Əylislinin o romanı Azərbaycanın xeyrinədir...

Альтернатива

 

 
Yazıçıya üstünlüyündən qüsur düzəldənlər onun vətəndaş mövqeyini hədəfə alıblar
 
Saytların birində romandan parçaları rus, digərində isə dilimizə tərcümə edərək yerləşdiriblər. Romandan verilən bu parça psevdomillətçiləri özündən çıxara bilər: “Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de - işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək... Deyirəm ki, onlara, döyməyin, bu adam erməni deyil, bizim adamdı, öz xalqımızın oğludur, millətin qürurudur, vicdanıdır. Kimdi qulaq asan? Mənə heç adımı deməyə imkan vermədilər. Böyrümə elə təpik vurdular, az qaldı elə orda ölüm. Bax bura, doktor, sağ böyrümə. Indiyə kimi dəhşətli göynədir”.
Əsərin rus variantından tərcümədə ciddi qüsurlar var. Məsələn, “sukin sın” sözü “gədə” kimi tərcümə olunub. Bunda da məqsəd yazıçıya qarşı qəzəbi artırmaqdır...
 
Əslində əsərin ən çox mübahisə doğuran bu hissəsində Əkrəm müəllim bizim əleyhimizə heç nə deməyib. Bəli, yerazların (bizimkilərin) bəziləri Bakıdan erməniləri qovmaq və öldürməklə qürur duyublar və bu hadisələrdə onların çoxluq təşkil etməsini düşünməkdə təəccüblü heç nə yoxdur. Çünki ermənilər də bizi öldürürdülər. Ermənilər azərbaycanlıları öldürüb yandıranda hansı sənətin sahibi olduqlarını soruşmurdular. Heçÿsənəd də tələb etmirdilər.ÿErmənistanda azərbaycanlıları diri-diri basdıranların əksəriyyəti xaricdən, Dağlıq Qarabağdan və Bakıdan qaçan ermənilər idilər. Ermənilər bunu hətta dərsliklərinə salır və bu hadisələrdən filmlər də çəkiblər. Həmin vaxtlar Bakıda və başqa bölgələrdə adekvat addım atanların əksəriyyəti bunları gözləri ilə görən yerazlar idilər. Əkrəm müəllim bunu düz yazıb. Yazıçı göstərib ki, baxın, təsir əks təsiri yaradır. Yazıçı səbəbi sadə və ustalıqla göstərir. 
 
Bu, bir bədii əsərdir, müəllif reallıqda olanları şişirdə, daha sərt miqyasda verə bilər, çünki onun ali məqsədi var. Əsərdə bu məqsəd bizim xalq üçün doğrudan da alidir: deyir ki, ay ermənilər, sizi kimsə yox etmək istəməyib, siz öldürdüyünüz, qovduğunuz insanlar da sizi öldürüb. Səbəbi özünüzdə də axtarın. Burada Azərbaycan xalqına xidmətdən danışmaq olar. Yəni Azərbaycan xalqı beynəlmiləl və sülhsevər xalqdır, ancaq ermənilərin divan tutduğu insanlar öz qisaslarını alıblar ki, bu da təbii və gözlənilən haldır. Bu izaha görə Əkrəm müəllimə təşəkkür etməliyik.
 
Yazıçının işi həmişə siyasətçilərin işindən fərqlənir və onun gələcək sülhə platforma hazırlamasında qəbahət nə var? O sizə nəyisə güzəştə getməyi təklif etmir ki! O deyir ki, hətta qalib də gəlsəniz sülhə ehtiyac yaranacaq. Siyasətçilər, konkret olaraq dövlət başçısı isə sülh danışıqlarını elə indidən aparırlar, həm də qarşılıqlı yaxınlaşmalar modeli ilə. Polad Bülbüloğlunun ermənilərin xeyrinə işləyən “xalq diplomatiyası” (həm də “tost diplomatiyası”) nə tez yaddan çıxdı. Onları niyə Vətən xaini çıxarmırsınız bəs?!
 
Daha bir məqam var. Bu gün Ermənistanda “Ermənistan Azərbaycan torpaqlarını işğal edib” deyən, “Xocalıya görə üzr istəyək” söyləyən və nəticədə daş-qalaq edilən insanlar var. Siz elə bilirsiniz ki, onlar Azərbaycan naminə belə edir? Yox, ilk olaraq Ermənistanın xoş gələcəyi üçün bunu edirlər həmin insanlar. Ölkəsini, xalqını həqiqətə və gələcək sülhə hazırlayan insanlar əsl vətənpərvərlərdir.    
 
O ki qaldı “yeraz” kəlməsinə, artıq bu kəlmə zarafata çevrilib, bu adla indi də qürurlananların sayı çoxdur. Qərbi azərbaycanlıların əksəriyyəti indi də bir-birlərini “yeraz” deyə çağırırlar. Hətta “yeraz” sözü “özümüzünkü” sözünün sinoniminə çevrilib. Əkrəmi sevməyənlər bundan narahat olmasınlar. Insanlar bu sözdə qəbahət görsələr, işlətməzlər. 
 
Tarix təkrarlanır. Vaxtilə bir çox ağzıgöyçəklər Ziya Bünyadovu “yeraz” anlayışını ictimai dövriyyəyə gətirdiyi üçün qınayırdılar. Amma anlamırdılar ki, akademikin “Poçemu Sumqait” məqaləsinə 20-dən çox erməni akademiki cavab verə bilməmişdi. Hər şeyə nadancasına yanaşmağın vaxtı, deyəsən, hələ ötməyib. 
 
Yazıçının sərbəst fikir söyləməsinə, sonsuz sayda metafora işlətməsinə,ÿədəbi priyomlardan istifadə etməsinə müəyyən dövrlər qadağa qoyulub. Amma bütün hallarda böyük yazıçı və onun əsəri qələbə çalıb. Əkrəm Əylislinin bütün əsərlərinin analitik (motiv, topos, fabula, ritorik fiqurlar, leytmotivlər, ) və sintetik şərhi (üslub, janr, kompozisiya) həmin əsərlərin xeyrinədir. Əkrəm bəyin “Drujba narodov” jurnalında çap olunmuş romanından verilən parçalar yazıçı Elçin, Aqil Abbas və Çingiz Əloğlunun bütün əsərlərindən üstün sayılmalıdır. Çünki bunu millətini hədsiz dərəcədə sevən və bu gün doğru vətəndaş mövqeyi olan ustad bir yazıçı yaradıb. 
 
Orxan Pamuk nümunəsi göz önündədir. Mübahisəli məsələlərlə bağlı yazıçının şəxsi mövqeyi onu həmvətənləri arasında ziddiyyətli şəxsiyyətəÿçevirib. Bəziləri onun vətəndaşlıq mətanətinə heyran olur, digərləri onu vətən xaini hesab edirlər. 2005-ci ldə türk hökuməti onu Isveçrənin “Das maqazin” jurnalına verdiyi müsahibəsində işlətdiyi bir cümləyə görə məhkəməyə verdi: “Türkiyədə bir milyon erməni və üç yüz min kürd öldürülmüşdür. Bu haqda heç kim danışmır və mənə bu haqda danışmağa görə nifrət edirlər”. Bu məhkəmə Pamuku heç bizim mitinqlərdə saxlanılanlara kəsilmiş cərimənin məbləği qədər də cərimələmədi. Biz türklərdən daha çox millətçiyik? Bəzi savadsızlar və onun yaradıcılığı ilə tanış olmayanlar Pamukun məhz bu sözlərdən sonra Nobel mükafatına layiq görülməsindən danışmağa başladılar.ÿBelə sözlərə görə Nobel verilsəydi, Azərbaycandan hər il 30-40 namizəd ortaya çıxa bilərdi. Pamuk bu sözlərə qədər Nobelə layiq bir neçə əsərini artıq yazmışdı. 
 
Türkiyədən fərqli olaraq, bizdə hökumət yazıçını məhkəməyə verməyəcək, ancaq onun milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq məfkurəsinə qarşı “çıxmasını” əsas götürüb, əlaltılarına ona qarşı hədyanlar deməyə tapşırıqlar verəcəklər. Amma sonda Əkrəm Əylisli qalib gələcək.
 
Etibar Əliyev
Fəlsəfə doktoru, Nobel mükafatçılarının tədqiqatçısı
Azadlıq qəzeti
Kultura.az | Developed by Samir Yahyazade