Turgenevin qeyri-ənənəvi məhəbbət macəraları

Литература

 

 

Turgenev haqqında maraqlı məlumatlar:

İvan Sergeyeviç Turgenev maraqlı xasiyyətləri ilə yadda qalan yazıçılardandır. Nə qədər qəribə olsa da, o,  özünü “ən böyük baş”lı insan hesab edirdi. Həqiqətən, yazıçının beyni 2000 qram həcmində idi. Bu isə, adi insanın beynindən qat-qat böyükdür.

Turgenev gənclik illərindən, müəyyən yaş dövrünə kimi yaddaşsızlıqdan əziyyət çəkirdi. Buna görə də, onu  “fikirsiz gənc” adlandırırdılar. Bəzən o, öz tanışlarını evinə qonaq çağırır, səhəri gün isə dəvətini yaddan çıxardırdı. Əlbəttə, tanışlar bundan çox əsəbiləşir və narazı qalırdılar. Bu səhvi düzəltmək üçün Turgenev onlardan üzr istəyir və yenidən dostlarını evinə dəvət edirdi. Evə gələn qonaqlar yenidən onu tapmırdılar...
 
Belə hallar Turgenevin həyatında bir neçə dəfə baş vermişdi. Yazıçını bu qəribə xasiyyətinə görə, yumşaq şəkildə “uşaqcığaz” adlandırmaq olar.

Turgenevin qızıl düymələri olan göy rəngli frak geyimi, gur saçı, ağ jileti, rəngli qalstuku və kvadrat naxışlarla bəzənmiş şalvarı yazıçıya qəribə görkəm verirdi. O, tez-tez bu geyimdə gəzərdi.
Tələbəlik illərində Turgenev şübhəli tədbirlərin və böyük qonaqlıqların azarkeşinə çevrilmişdi. Almaniyada oxuduğu illərdə, onun əyləncəsinə xərclənən pulu, qohumları göndərirdi. Qohumlar pul göndərişini dayandıranda, Turgenev ağıllanmağa və bu işlərə son qoymağa başladı.

Onun incə səsi vardı, ancaq oxumaq istəmədiyindən bu işə girişmədi. Bu səbəbdən o, bircə notu belə öyrənmədi. Ancaq Turgenevin qarşısına çıxan ilk qadının mahnı oxumaqda tayı-bərabəri yox idi... İndi həmin qadının kim olduğuna diqqət yetirək...

Kimlik:
Polina Parisdə, ispan aristokratlarının ailəsində anadan olub. Onun anası, Xaokina Siçes bir zamanlar Madrid səhnələrində tamaşalara çıxırdı. O illər qadın bir ulduz kimi parlamışdı. Atası Manuel Qarsiya da, xanımı kimi teatrda çalışıb,  Parisdə səhnələşdiriləcək operalar bəstələyib. Polinanın böyük bacısı Mariya Felista Milibran öz bacarığı sayəsində, Avropa və Amerikanın teatr səhnələrində uğurla iştirak edirdi.

Polina musiqi isteadadı ilə doğulmuşdu. Onun qabiliyyəti yalnız bununla bitmirdi. Deyilənə görə, o, dörd dildə (fransız, ispan, italyan, ingilis) sərbəst bilirdi.

Daha sonra rus və alman dillərini mənimsəməyə başlayan Polina, yunan və latın dillərini də öyrənməyi qarşısına məqsəd qoymuşdu.

Qadının çox gözəl səsi vardı, buna musiqi dilində: “metso-soprona” (soprano ilə kontralto arasındakı səs)-deyirlər.

Polina ilk dəfə 1836-cı ildə Parisdə, “Renessans” teatrında səhnəyə çıxdı. O, həmin gün ariya (operada orkestrlə bərabər ifa edilən tək mahnı) oxudu. Çıxış yaxşı qarşılanmışdı. Ona görə də, Polinanı Londondakı teatr səhnəsinə dəvət etdilər. Getdikcə onun istedadı taınmağa və üzə çıxmağa başladı...

Evlilik:
Məşhur yazıçılar, tənqidçilər Polina haqqında tərifli məqalələr yazmağa başlayır. Bu yazılar Polinanı məşhurlaşdırır. O, artıq böyük sənət adamları tərəfindən idarə olunur, ciddi, peşekar məşqlərə qatılırdı.

Polina 1840-cı ildə, məşhur fransız yazıçısı Jorj Sandla tanış olur. Bu tanışlıq böyük bir dostluğa çevrilir. Jorj Sand “Konsuella” romanında Polina Qarsiyanın obrazını yaradır.

Yazıçı, şair Alfred de Müsse Polinaya evlənmək təklif edən zaman, Jorj Sand da bu məsələ ilə bağlı fikrini bildirir. İspan qızı üçün yazıçının düşüncəsi önəmli idi. Jorj Sand bu təklifə qarşı çıxanda, Polina şair Alfredlə evlənməyə razı olmur. Daha sonra da, Polinaya evlənmək təklifləri gəlir. Bu dəfə Lui Viadro qıza elçi düşür. Jorj Sand  yeni istəkliyə mane olmur və beləliklə, Polina təklifi qəbul edir. Qeyd etmək lazımdır ki, jurnalist, ədəbiyyatşünas olan Lui Viadro, Polinadan nə az, nə çox düz 20 yaş böyük idi...

Adlı-sanlı ovçu, pis şair. Turgenevlə tanışlıq:

Bal ayında Lui Viadro ilə Polina İtaliyaya yollandılar. İtaliyada Polinanın oxumağı yaxşı qarşılanmır, mətbuatda qadını istedadsızlıqda günahlandıran məqalələr çap olunur. Ancaq bunlara əhəmiyyət verməyən Polina, Peterburqa yollanır. Həmin gün səhnəyə çıxan qadın, öz istedadını ortaya qoyur.

Peterburqda Polinanı səhnədə görən, onun səsini eşidən gənc şair Turgenev tezliklə müğənniyə məftun olur.  Polina Viadronun populyarlığı, ona bütün Rusiya intellektualları ilə tanışlıq imkanı verəcəkdi. Ona görə də, musiqisevlərlərin və kübar cəmiyyət üzvlərinin birlikdə olacağı bir axşam qonaqlığı təşkil edilir. Turgenev də bu ziyafətdə iştirak edir və Polinaya ilk baxışdan vurulur.

Polina ilk dəfə Turgenevin evində olanda, yazıçının adi insanlardan fərqli olduğunu hiss etdi. Bu görüşdən xeyli keçəndən sonra, Polina yazmışdır: “Onu mənə belə təqdim etdilər: “Bu gənc rus mülkədarı, adlı-sanlı ovçu və pis şairdir”.

Bu vaxtlar Turgenevin 25, Viadronun isə 22 yaşı vardı. Polina özü də bilmədən yazıçının qəlbində taxt qurmuşdu. Ancaq qadın da ona qarşı laqeyd deyildi. Artıq iki yaradıcı insanın arasında, aydın bir birgəlik yaranmağa başlayırdı. Onlar sirlərini utanıb-çəkinmədən biri-birinə açır, sanki tövbə qapısının qaşısında durulur, paklaşırdılar...

Polina Turgenevin əsərini ilk dəfə, əlyazmadan oxumağa nail olur. Qadın yazıçının qələmə aldıqlarını oxuyanda vəcdə gəlir. Polina onun yazacağı əsərlərin ilk oxucusuna çevrilir.

“Lənətə gəlmiş qaraçı!”

Hə, yaddan çıxmamış qeyd edək: Axı ortada Lui də var, Polinanın əri. Bəli, o da özünə görə, istedadı olan ədəbiyyatşünasdır. Polinanı sevir, onu hər şeydən üstün tutur. İndi araya Turgenev girib. Yazıçı ilk baxışdan qadını sevib, ona məftun olub. Lakin o, bunu Luinin yanında bildirmir. Onların güclü dostluq əlaqələri var. Yazıçı xəyanət etmək istəmir. Bununla yanaşı, hər ikisi həvəskar ovçulardır.

1844-cü ildə Lui Vyanaya gedir, Polina isə Rusiyada qalmağı seçir. Polina buraları, öz doğma vətəni hesab edirdi. Yazda Lui Polina ilə bərabər, Moskvaya yola düşür. Orada onları Turgenev qarşılayır. Yazıçı ər-arvada Kremli gəzməyi təklif edir. Onlar razılaşırlar. Gəzintidən sonra Turgenev, Viadroları öz evinə aparmağı qərara alır. Nahardan sonra Polina Viadro mahnı oxumaq üçün kandara çıxır. Turgenevin anası İvan Sergeyeviça V.P. Turgeneva qadının səsini eşidir. Oğlunu səsləyir və ona belə deyir: “Lənətə gəlmiş qaraçı yaxşı oxuyur!”

Deyilənə görə, Polinanın ata nəsli qaraçı tayfasından idi.

Gizli sevgi ortaya çıxır...

Mayda Viadrolar Parisə yola düşür. Bir az keçdikdən sonra, Turgenev də Fransanın paytaxtına yollanır. Ər-arvad Parisin kənarında bir yerdə məskən salmışdılar. Polina ilə görüşmək üçün, Turgenev tələsik onların yanına getməli olur.

Ər-arvad Luiza adlı bir qızı övladlığa götürmüşdü. Lakin uşaqda göy-öskürək xəstəliyi yaranmışdı. Onu bu halda görən Polina qəribə vəziyyətə düşür, güclü stress keçirir. Yaşadığı bu ağır hallara görə, qadın artıq səhnəyə çıxıb mahnı oxuya bilməyəcəkdi. Ona görə də, ər-arvad tezliklə Rusiyaya qayıdır. Onlar düşünürlər ki, bəlkə doğma olan bu yerlərdə qadının sağlamlığını bərpa etmək olar. Həqiqətən Rusiyanın havası Polinaya düşür: qadın getdikcə yaxşılaşmağa başlayır...

Polina ilə Turgenevin sürətlə inkişaf edən dostluq əlaqələri, məhz bu dövrlərdə alovlanmışdı. Bu məqamlar yazıçın məktublarında da öz əksini tapıb. Turgenevin ilk məktubuna cavab verməyəndə, yazıçı qadının onu sevmədiyini düşünür. Ancaq bu belə deyildi. Qadın sadəcə olaraq, xəttinin pis olmağından yaxşı cümlələr qura bilməyəcəyindən ehtiyatlanmışdı. Ona görə də, məktubu diqqətlə yazmağa girişmişdi. Cavab geciksə də, Turgenevin ürəyincə oldu. O, anladı ki, qadın onu sevmək üçün gizli savaşa qoşula bilər.  Onların məktubları ürəklərində gizlənən sevgini aşkarlamağa imkan verir.

“Anam məni məhv etdi...”

1850-ci ilin ortalarında Turgenev Polinaya görə, Rusiyadan getmək qərarını alır. Anası oğlunu möhkəm danlayır, “Lənətə gəlmiş qaraçı”-ya ağzından çıxanı deyir, qadına göz-görəsi paxıllıq edirdi.
Turgenevin Polinadan ayrılmağını tələb edən anası, oğlunun evə qayıtmağını istəyirdi. Lakin Turgenev qərarında qəti idi. V.P Turgenevna hər şeyi, oğlunun yaradıcılığını dəyərsiz bir şey kimi qəbul edir, onun vətəndən kənarda yaşaması üçün pul yığırdı.

Anası ilə arası heç cür düzəlmirdi. Turgenev ona olub-bitəni başa salmaq üçün dəridən-qabıqdan çıxırdı. Nəhayət, yazıçı nikahdankənar doğulan uşağının Viadro ailəsində tərbiyə almasına razı olur. Belə olduqda, anası baş-beynini aparmayacaqdı. Həm də, bu ən yaxşı seçim idi. Həmin illərdə Turgenevin anası ölür. Yazıçı bu ölümü çox ağır qarşılayır. Polinaya məktublarında anası haqqında belə yazmışdı: “Anam son dəqiqələrində belə, mənim barəmdə düşünmədi, məni anlamadı. Ona görə də, (demək utanc olsa da) həm məni, həm də qardaşımı məhv etdi.”

Xəyanət və kədər...

1852-53-cü illərdə Polina Viadro Peterburqa, səhnədə çıxış etməyə gəlir. Turgenev ümidlə qadını gözləyirdi. Yazıçı bu vaxtlar Polinanın səhhətindən ciddi narahatlıq keçirirdi. Ancaq Turgenev Peterburqa gedə bilməzdi, çünki hökumət onu, Qoqolun ölümü ilə bağlı yazdığı, “Rus məlumatları” qəzetində çap olunan kəskin məqaləsinə görə sürgünə yollamışdı. Buna görə də yazıçı, Polinanı Spasska dəvət edir, ancaq başı səhnələrə, mahnı oxumağa qarışan müğənninin buna heç cür imkanı olmur. Yazda isə, xanım Viadro Mosvaya gəlir, Turgenev bu fürsəti qaçırmamaq üçün saxta pasportla onu qarşılamağa çıxır. Onlar Moskvada 10 gün birlikdə qalırlar.

Bu on gündən sonra Turgenev, Polinaya bir məktub göndərir. Məktubu oxuyan qadın dəhşətə gəlir: Turgenev şəxsi həyatını yoluna qoymağı düşünürdü. Yazıçı məktubda, uzaq qohumu Olqa Aleksandrovnaya vurulduğunu, ona olan sevgisini bildirirdi. Sən demə, Turgenev hər gün onların evində olurmuş. Bu qız da,  çox  məlahətli səsə malik, musiqiçi qadının qızı idi. 18 yaşına qədəm qoyan bu qız Turgenevin ağlını başından almışdı...

Bir gün Turgenev, qızla yaxın əlaqələrdən sonra ona evlilik təklifi etməyi qərara alır. Ancaq təəssüf ki, hər şey qərar almaqla başa gəlmir. Qəfil yaranan bu birgəlik, çox keçmədən ip kimi üzülür. Onlar ayrılırlar və bu ayrılıq Olqa üçün böyük bir zərbə olur: O, möhkəm xəstələnir. Daha sonra, başqa bir kişiyə ərə gedir və icdivacdan bir neçə il sonra vəfat edir. Uşaqları anasız qalır. Keçirdiyi bu dəhşətli anlar, Olqanın ölümü Turgenevə çox pis təsir edir və ömür boyu o anları kədərlə xatırlayır.

Polina ərindən ayrılmaq istəyir:

Polina ilə Luinin evliliyi ilk vaxtlar yaxşı gedirdi. Polina ərini sevirdi. Onlar birlikdə səfərlər edir, şəhərləri gəzir, xoşbəxt anlar yaşayırdılar. Ancaq aradan illər keçəndə, vəziyyət tamamilə dəyişdi. Jorj Sand bir gün onlara qonaq gələndə, Polinanın üzündəki ifadədən artıq, içindəki sevginin tükəndiyi gördü.

Luinin davranışları, istedadı, hər şeyi Polina ilə ziddiyyət təşkil edirdi. Bunu Polinanın özü Jorj Sanda etiraf etmişdi və qadın artıq Luidən ayrılmaq fikrindəydi.

Turgenev xasiyyəti tutmayan qadınla necə birlikdə yaşadı?

1856-cı ildə Turgenev, təkrar doğma vətəndən getməli olur. Krım müharibəsi başladığı üçün, xarici pasport almaq elə də asan deyildi. Rusiya müharibədə olduğu üçün, Fransaya gedən yol rus sərnişinləri üçün bağlıydı... Turgenev birbaşa Almaniyaya yollanır. Burada yenidən Polina ilə qarşılaşan Turgenev yayın axırına, payızın bir hissəsinə qədər Kurtavneldə qalmağı və qadınla olan birgəliyini, biri-birilərinə olan sevgini yenidən bərpa etməyi qərara alır. Burası doğru idi ki, bu dövr onlar üçün çox ağır keçdi.

Axı qadın təzəcə ərindən ayrılmışdı. Qəfildən başqa bir kişinin həyatında peyda olması, Polinanı çətin vəziyyətdə qoymuşdu.

Turgenev bu müddət ərzində anladı ki, onun sevgisi digərlərindən fərqlənir. Yazıçı həqiqətən onu şübhələndirəcək, titrədəcək, hirsləndirəcək, ümidsizliyə yuvarlayacaq, bir sözlə, əzab verəcək qadını axtarırdı. Turgenev Polinanı təmənnasız, var gücü ilə sevirdi. Polina da hökmlü, istiqanlı, həmçinin fəxr ediləsi qadındı. Sağlam düşüncəli insan olduğu üçün, yazıçının ona olan marağını qarşılıqsız buraxmır, hislərini gizlətmirdi. Ancaq hər şey bir tərəfə, qadın Turgenevlə əlaqəsində müəyyən məsafə qoyurdu. Bax elə bu, Turgenevi sonsuz əzabların qucağına atırdı.

Bu, şübhəsizdir ki, sevgi yalnız bədənlərin birgəliyi deyil. Həm də, iki həyatın, iki ruhun birləşməsidir. Xasiyyətləri ziddiyyət təşkil etdiyindən, Turgenevlə Polina biri-birindən uzaq dururdu. Lakin onlar uzun müddət birlikdə yaşadılar...

“Ölsəm qəbrimin üstünə gəlmə...”

Turgenevin məktubları fransız dilinə tərcümə olunub, çap edilmişdi. Nəşr edilmək üçün göndərilən məktubları Polinanın özü seçmişdi, hətta ixtisarları belə qadın özü etmişdi. Məktublarda onların sevgi macəralarından, dostluq əlaqələrindən söz açılırdı. Bütöv halda, ixtisarlar olmadan məktubların çapı yalnız Polina Viadronun ölümündən sonra gerçəkləşmişdi. Məktubların çoxu, alman dilində nəşr edilmişdi. Bunu mütləq demək lazımdır ki, Lui – Polinanın əri, Turgenevin yazdığı məktubları oxuyurdu, bunu yazıçının özü də bilirdi, ancaq qəribə olan bir şey var: Lui almanca bir kəlmə belə bilmirdi.

Turgenev məktublarının birində yazırdı: “İcazə verin, sizin ayaqlarınızı ehtirasla öpüm. Hansı ki, o ayaqlar mənim bütün ruhumda dolaşır... Sizi bütün qəlbimlə öpürəm və həmişəlik dostunuza çevrilirəm...”

Turgenev bir başqa məktubunda isə kədərlə yazırdı: “Bir gün əlimdə olan hər şey məhv olub gedəcəksə, yeganə dostum, mənim böyük əzabla sevdiyim qadın, sən həmişə mənimlə birlikdə yaşayacaqsan! Ancaq səndən bir xahişim var: ölsəm qəbrimin üstünə gəlmə...Orada sənin edəcəyin heç bir şey yoxdur...” Viadroya yazılmış bu məktub, yazıçının son nəfəsində qadına çatmışdı...

Ayxan Ayvaz

Publika.az

Kultura.az | Developed by Samir Yahyazade