Mən niyə ziyalıya çevrilə bilmirəm?

Сеймур БАЙДЖАН

 

Azərbaycan xalqının ziyalısı Rüstəm Behrudi, Anar Rzayev, Elçin Əfəndiyev, Alim Qasımov, Aşıq Ədalət, Rəfael Hüseynov kimi adamlardır. Əgər sən Rüstəm Behrudi kimi türkçülükdən, dar ağacından danışıb, axırda “pol ağacı” satmağı bacarmasan, əsla bu xalq sənə ziyalı deməyəcək. Əgər sən “Yaxşı padşahın nağılı” adlı bir axmaq hekayə yazıb, özün pis padşaha nökər olmasan, min rola girib, yüz cürə yaltaqlıq, min cürə təlxəklik, iki min dəfə intellektual mədhiyyə yazmasan, əsla bu xalq sənə ziyalı deməyəcək. Əgər sən Elçin Əfəndiyev kimi vəzifədən sui-istifadə edib öz əsərlərinlə Azərbaycan teatrlarının səhnəsini işğal etməsən Azərbaycan xalqı sənə əsla ziyalı deməyəcək. Əgər sən Alim Qasımov kimi özünü dərvişliyə, divanəliyə vurub, amma öz haqq-hesabını dəqiqliklə bilməsən və

 Əzizim Azərbaycanda
Təmir gedir Azərbaycanda
Soruşdum bu nə həngamədir?
Dedilər, Rastropoviç gəlir!

 misralarının üstündə muğam oxumasan Azərbaycan xalqı əsla sənə ziyalı deməyəcək. Əgər sən  türkçülükdən, Turandan, Borçalıdan, Təbrizdən, Dərbənddən danışıb, amma orduda alçaldılan, bitin, birənin içində batan əsgərləri görməsən, Azərbaycan xalqı sənə əsla ziyalı deməyəcək. Əgər sən bütün həyat və yaradıcılığını Fəxri Xiyabanda basdırılmağa hesablamasan, intellektual mədhiyyə janrında yazılar yazmasan, “Şöhrət” ordeni almasan, oğlun polisdə, gömrükdə, Fövqəladə Hallar Nazirliyində işləməsə, qara “Cip”də gəzməsən bu xalq sənə əsla ziyalı deməyəcək. Mən bunların heç birini edə bilmədim. Gömrükdə işləyəcək oğlum yoxdu. Avtobusa minirəm. Kirayədə yaşayıram. “Şöhrət” ordeni almamışam. Geyimim fərqlidir. Azərbaycanlılar kimi yaşamıram. Muğama, saza, meyxanya nifrət edirəm. Bacardığım qədər toya getmirəm. Toy kasetinə baxıb özümə arvad axtarmıram. Namus, vicdan, şərəf anlayşını toy gecəsi ağ mələfənin üstünə düşən iki-üç damcı qanla ölçmürəm. Kitaba, elmə, məktəbə inanıram. Mənim üçün məktəb məsciddən daha müqəddəs yerdir. Xəstəyə saxta dərman yazıb, sonra həcc ziyarətinə gedib, hacı olmamışam. İl boyu, işçini təhqir edib, maaşını kəsib, sonra bir qoyun kəsib hər işçiyə bir kilo ət paylamaqla özümü cənnətə bilet almış müqəddəs kimi aparmamışam. Yetim-yesirin malını yeyib, sonra müqəddəs məkanlara ziyarətə gedib, dini titullar almamışam. Rəhbərlik tərəfindən gündə beş dəfə təhqir olunub, sonra saytlara girib, axmaq-axmaq şərhlər yazmaqla özümü ovundurmuram.

Fikir vermisinizsə Azərbaycan xalqı məddahlığı özlərinin həyat fəlsəfəsinə, yaltaqlığı peşəyə çevirmiş şairlərə, aşıqlara, yazıçılara qarşı necə tolerant münasibət sərgiləyir. Əksər adamlar deyirlər ki, filankəs çox yaxşı şairdir, istedadlı adamdır, yaxşı danışır, amma heyf ki, bir az yaltaqdır…

Nə qədər ki, sən boğaza qədər bataqlığa batmamısan, heç kim sənin istedadını görməyəcək. Yalnız sən onlara bənzəyəndən sonra ziyalı adını qazana bilərsən. Onlar özlərinə oxşayanı sevirlər. Onlar üçün yeni nəfəs, yeni adam düşməndir. Buyur, oxşa onlara, ol sevimli. Nə qədər ki, sən onlara bənzəməyəcəksən, o vaxta qədər ziyalı kimi qəbul olunmayacaqsan. Ona görə ki, əhalinin böyük hissəsi təhqir olunduğunu bilir. Onlar təhqir olunduqlarının fərqindədirlər. Məhz buna görə bu kölələrə təmiz qalmağa çalışanlar yox, boğaza qədər çirkaba batmışlar lazımdır. Ki istədiyi zaman yaradıcılığına qiymət versin, istədiyi zaman üzünə qayıdıb desin ki, sən də çox atlanıb-düşmə, filan vaxtı yaltaqlıq edib “Şöhrət” ordeni aldın, filan vaxtı yaltaqlıq edib xalq yazıçısı adi aldın, oğlun filan nazirlikdə işləyir. Köləliyinin fərqində olan adamlara, özünün təhqir olunduğunu bilənlərə reputasiyası zədəli və ləkəli yazıçılar, şairlər lazımdı.

 Bəs ümumilikdə xalq nə istəyir? 

 Xalq istəyir ki, sən yalan danışasan. Bir balaca normal, sivil yazıçı həyatı yaşamaq istəyirsən, xalq küsür, deyir belə ləzzət elemir. Sən gərək kostyum geyinib, qalstuk taxasan, ən azı qəlyan çəkəsən. Ya da cırıq şalvarda, bitin, birənin içində, pırtlaşıq saçla gəzəsən. Küçədə sakitcə getdiyin yerdə qəflətən qışqırıb dombalaq aşasan. Ki, desinlər – filankəs yazıçıdı, onlarda belə dəliliklər olur. Yaradıcılıq haqqında gərək nağıllar danışasan, yaradıcı prosesi tamam sirli bir prosesə çevirəsən. Məsələn, gecənin yarısı qəflətən kimsə məni oyatdı, ayağa qalxıb iki hekayə yazdım… Bu kimi axmaq söhbətlər danışmasan senin yazıçılığın böyük çoxluğa ləzzət eləməyəcək. Nə qədər adam mənlə görüşəndən sonra dilxor olub. Görünür onlar məndən meymunluq gözləyirmişlər. Mən isə sakitcə yeməyimi yeyib, çayımı içmişəm. Günahım onları aldatmamaqdı. Xalq şəxsən məni yalan danışmağa məcbur edir. Deyir ki, yalandan muğamın dünyanın ən gözəl musiqisi olduğunu tutuquşu kimi dayanmadan  təkrar edim. O zaman ağzıma bir parça qənd ata bilərlər. Azərbaycan mətbəxinin dünyada tayı bərabəri olmadığını hər əlinə düşən tribunada deməlisən. Azərbaycanın füsunkar təbiəti, doqquz iqlim qurşağı, ən qədim xalq, ən humanist xalq, füsunkar xalçalarımız mövzusunda nağıllar danışmalısan. Xalq da bu nağıllara qulaq asıb feyzyab olmalıdır. Və bu nağıllardan “kayf” tutub sənin qarşına bir tikə ət atmalıdır… Hələlik vəziyyət belədir, sonralar necə olacaq, bilmirəm.

Seymur Baycan

Elitar.Az

Kultura.az | Developed by Samir Yahyazade