Əylislinin Sənətkar Çağırışı

Альтернатива

 

 
Millətçi hökümətlərin və onların buyruq qulu olan “ziyalılarının” yaratdığı tabuları və manipulasiya olunmuş tarix dərslərini sındırıb, bir anlığına olsa belə, özünü başqa tərəfin yerinə qoymaq böyük cəsarət tələb edir. Buna görə Əylisli hörmətə layiqdir. Lakin əvəzində, ötən həftədən bəri hökümət tərəfindən dəstəklənən amansız təqiblərə məruz qalmışdır. 
 
Əsərdə isə təqib olunan və qətlə yetirilən azərbaycanlılar deyil, ermənilərdir. Ortodoks Azərbaycan tarix elmindən fərqli olaraq, ermənilər az qala anadangəlmə “faşist,” Rus imperializminin qulu olan çağırılmamış qonaq kimi deyil, insan kimi təsvir olunmuşdur. Bu insanlar, tarixin məngənəsində, etnik bölgünün hər iki tərəfində dəhşətli işlərin hamının başına hamı tərəfindən gətirildiyi bir dövrdə yaşayan, qorxmuş və kövrək insanlardır. Əylisli Qafqazın əsas patologiyasını düzgün olaraq “selektiv yaddaş” kimi müəyyən edir və bununla da, regionun bütün nifrət hekayələrinin əsasında olan mühüm qaydanı pozur. “Başqalarının əzablarına göz yum, ələxsus bu əzabların səbəbi özünsənsə. Ancaq öz məşəqqətinə yan, ələxsus onun səbəbkarı başqalarıdırsa.”
 
Əylisliyə reaksiya qəzəb tüğyanı olmuşdur. Prezident Əliyevin Yeni Azərbaycan Partiyasının gənclik qolunun üzvləri təşkil etdikləri mitinqdə müəllifi “erməni” olmaqda günahlandırmış və ölkədən “rədd olmasını” tələb etmişlər. Azərbaycanın parlamenti - Milli Məclis ilin ilk sessiyasını əsərin müzakirəsi ilə açmış və hökümətyönlü millət vəkilləri “erməni” epitetini yenə də təhqir kimi işlətmişlər. Bir deputat hətta Əylislidən DNK analizindən keçməsini tələb edib ki, bəlkə bu üsulla onun vətənpərvər düşüncəsini əngəlləyən “ermeni genləri” aşkar olunsun. Qorxmadan və çəkinmədən, Əylisli, bu cənablardan Dağlıq Qarabağın erməni əhalisini idarə etmək istəklərinin bu etnik qrupa qarşı açıq-aşkar nifrətləri ilə necə uzlaşdığını soruşub. 
 
Lakin,daha da vacibi, onun erməni həmkarlarına etdiyi çağırışdır. Əylisli, erməni tərəfindən açıq-aydın alacağını bildiyi alqışı istəmir. İstədiyi - Xocalı faciəsi və yaxud Ermənistanın Azərbaycanlı azlığının 20-ci əsrin müxtəlif illərində zorla qovulmasında ermənilərin də öz vicdanını eyni dərəcədə imtahana və müayinəyə çəkməsidir.
 
Əfsuslar olsun ki, bu çağırış məhz bu həftə - müstəqillikdən sonra Ermənistanın ən böyük büdcəli (7 milyon ABŞ dolları), “milli qəhrəman” Garegin Njde haqqında çəkilən filmin premyera həftəsi baş verib. İlk erməni respublikasının (1918-1920) hərbi lideri olmaqla bərabər, Njde 1930-cu illərdə “Tseğakron”(millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratmış və Ermənistanı Stalinin Sovet İttifaqından azad etmək üçün Hitlerin ermeni legionunun qurulmasında aktiv iştrak etmişdir. Bu faktlar filmdə ya göstərilmir, ya da ölkənın millətçi tarixçiləri və siyasətçiləri tərəfindən təmizə çıxarılır. Filmin premyerası və Əylislinin hərəkəti arasındakı təzad barizdir: bir xalqın ziyalısı sənətindən cəmiyyətindəki həqiqətləri sorğulamaq və tənqid etmək üçün istifadə etdiyi halda, erməni sənətkərları açıq- aşkar irqçi qrupla bağlı bir şəxsi tərənnüm etmək üçün öz elitasına sənəti istismar etməyə icazə verdilər. (Njdenin və onun cəfəng “ideologiyasının” ölkəni idarə edən Respublika Partiyası tərəfindən qəbul və tərənnüm edilməsi vəziyyəti daha da pisləşdirir: sanki daha layiqli tarixi şəxsiyyətlərin sırasından seçə bilməzdilər.)
 
Erməni intellektuallarının, azərbaycanlı həmkarın Cənubi Qafqazın bütün cəmiyyətlərinin bəlası olan selektiv yaddaş baryerini sındırmasına, sadəcə çiyinlərini çəkməklə yetinmələri və heç nə olmamış kimi davranmaları çox acınacaqlı olardı. Ermənilərin yaddaşı da digərləri kimi selektivdir və xüsusən azərbaycanlıların və türklərin eyniləşdirilməsi ilə səciyyəvidir. Bu yaddaş heç bir əsası olmayan bir qorxu üzərində qurulub – sanki Azərbaycanlılara qarşı törədilən vəhşiliklərin etiraf edilməsi hər hansı bir şəkildə 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən erməni soyqırımının tarixi həqiqətini və mənəvi iyrəncliyini sarsıdacaq. Erməni tərəfinin düzgün cavabı, 1918-ci ildə Bakıdakı Mart hadisələri, 1918-1920-ci və 1988-1990-cı illərdə Azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması və 1992-ci ildə Xocalı faciəsi kimi tarixi epizodların səmimi qiymətləndirilməsi olardı.
 
Bunu etməklə hər iki cəmiyyətin ziyalıları və sənətkarları müstəqillikdən bəri itaətlə qulluq etdikləri millətçi hekayələrdən əl çəkə bilərdilər. Azərbaycan və Ermənistan avtoritar və patriarxal cəmiyyətlərdir. Bu cəmiyyətlərin millətçiləri öz xalqlarına qaşıq-qaşıq yalanları yedizdirməklə, nizam-intizamı güclü tabularla qorumaqla, ən pis halda isə hədə-qorxu və fiziki gücə əl atmaqla çiçəkləniblər. Əylisli öz tərəfindəki yalanlara ilk gülləni atmışdır. İndi baxaq ki, onun erməni həmkarları bu əlcəyi qaldırıb, öz düşüncələrini idarə edən eyni tabuları sorğulaya, tənqid edə, dəlib-deşə biləcəklərmi? Əlbəttə, əgər onlar güc və konformizm dilini tənqidsiz tutuquşu kimi təkrar etməni yeganə vəzifələri kimi görmürlərsə
(Son xəbərlərə görə, Prezident Əliyevin imzaladığı sərəncama əsasən Əylisli “Xalq Yazıçısı adından məhrum edilmişdir.)
 
Kevork Oskanian
Uestminster Universitetinin (Westminster University) Siyasət və Beynəlxalq Münasibətlər Fakultəsinin müəllimi
http://kovkaz.blogspot.com/2013/02/aylislis-artful-challenge.html
 
Tərcümə: Maqa
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade