post-title

Oğru dünyasına maraq

Mən ac adamdan çox qorxuram. Xüsusilə, onun uşağı acdırsa...

 

Təxminən yeddi-səkkiz il əvvəl idi. Bakının mərkəzindəki kitab pasajı hələ yığışdırılmamışdı. Universiteti təzəcə qurtarmışdım, yolum mərkəzə düşəndə, pulum olanda kitab alır, olmayanda sadəcə baxır, götürüb vərəqləyirdim. Pis vaxtlar idi, supu ovcumuzda qızdırıb içirdik.

O vaxtlar demək olar ki, bütün kitab dükanlarında ən gözəgəlimli yerdə oğru dünyasının avtoritetləri, məşhur şəxslərin həyatları barədə kitablar qoyulurdu. Məsələn, «Qanun» nəşriyyatı Zerkolo Klara, Sanka Zver, Lotu Bəxtiyar və s. kimi oğu dünyasında məşhur olan adamların həyat və fəaliyyətlərini geniş əks etlirən kitablar seriyası buraxırdı.
Bu kitabların dəhşətli dərəcədə populyarlığı vardı. Kitab oxuyan da, oxumayan da oğru dünyası ilə tanış olmaq, bu dünyanın qanunlarını, özəlliklərini bilmək istəyirdi.

Bir-iki il sonra «Qanun» nəşriyyatının sahibi Şahbaz Xuduoğlu ilə tanış oldum. Şahbaz bəy kitablar, onların reytinqi barədə olduqca maraqlı şeylər danışdı. Dedi ki, nəşriyyatın ən çox sata bildiyi kitablar oğru dünyasından olan seriyaya aid olanlardır. Sonra dedi ki, bir elmi seriya da buraxıb nəşriyyat. Amma seriyadan heç yüz kitab da sata bilməyiblər. Axırda hirslənib, kitabları doğrayıblar.
Əlbəttə, bir naşiri nəşr etdirdiyi kitabları doğratdırmaq həddinə gətirən ölkə dəhşətli ölkədir. Amma vaxtımız az, mövzumuz isə geniş və çoxşaxəlidir. Mən Azərbaycanda oğru dünyasına olan marağın köklərindən danışmaq istəyirdim. Ömründə ikicə kitab oxuyan adamın oxuduğu kitabların ikisi də məsələn, Lotu Bəxtiyarın həyat və yaradıcılığına aid olursa, ya da türmə həyatından, kriminal olaylardan bəhs edən «Lənət qapısı», «Zindan», «Brilliant işi» və daha nə bilim nə tipində əsər olursa, bu, nədən xəbər verir?

Səbəb o qədər də mürəkkəb deyil. Şou-beznesdəki mavilərin, sponsor hesabına məşhurlaşan əli mikrofonlu fahişələrin əlində avaragor qalmış, onların nazı ilə oynamağa məcbur klipmeyker mafiyadan, oğru dünyasından klip çəkəcək, baş rolda da özü oynayacaq. Hər gün iş yerində müdiri, rəisi, direktoru tərəfindən təhqir olunan, başını qaldırıb cavab qaytarmağa ürək eləmyən, qazanacağı beş manatı düşünməyə məcbur olan adamın arzusu təbii ki, özünü Lotu Bəxtiyara, Sanka Zverə oxşatmaq olacaq. Atasının hesabına yaşayan, buna görə də onun dediyi ilə hesablaşmağa məcbur qalan, axşam 22-00-da evə gəlməli olan gəncin arzuları təbii ki, mafiya, oğru dünyasının hüdudlarını aşmayacaq.
Axı bu insanlar elm, kitab sınağına çəkilmirlər. Onları elmlə, kitabla bağlı söhbətlərdə sındırmırlar. Onlar hisslə, qürürla, mənliklə bağlı söhbətlərdə sınır, uduzurlar. Çörək sınağına çəkilən, qüruru tapdalanan, bütün günü ailəsini dolandırmaq barədə fikirləşən adam incəsənət, ali dəyərlər, humanizm kimi nazlı-duzlu şeylər barədə düşünə bilməz.

Rejissor İnyarittunun «Byutiful» filminin qəhrəmanlarınan biri deyir:
- Mən ac adamdan qorxuram. Xüssilə onun uşağı acdırsa...
İncəsənət, elm, ədəbiyyat özü, uşağı ac, ya da aclıq təhlükəsində olan adamların yemi deyil.

Günel Mövlud

Simsar.az

Yuxarı