post-title

"Azərbaycanlı islamı"

Anamın əmisi 40 il əyyaşlıq elədi, içib yolda, arxda yatırdı, qonum-qonşu gətirirdi evə. 40 ildən sonra başladı mollalığa, 96 yaşında öldü, o zamana kimi ölülərin, xəstələrin üzərində dua oxudu, Allahı rəhmət etdirməyə, sağaltmağa "məcbur etdi". Camaatın vecinə də olmadı ki, bu adamın damarından qan əvəzinə, spirt axır. Əksinə, o adamın əyyaşları - köhnə badə yoldaşlarını qınamasına normal baxırdılar.

 

İndi vəziyyətimiz daha da aşkar ikiüzlülük qazanıb, qısa desək, sırtıqlaşıb. Azərbaycandan həccə gedən təyyarələrin geriyə - satmaq üçün torba-torba təsbeh, on litrlərlə zəm-zəm suyu daşımasına ərəblər də öyrəşib. Nəticədə savab qazanmaq üçün onlarla yol dura-dura, dəfələrlə həccə gedənlərin sayı get-gedə artır. Məktəbləri uçuq-sökük, "Qaynata-fond"un ümidinə qalan ölkənin, xaricdə təhsil almaq üçün "kafirlər"dən pul dilənən tələbələrin ölkəsinin varlıları hələ 2012-ci ildə qadınlarına seçki hüququ verən Səudiyyə ərəblərini yedirtməklə, onlardan aldıqlarını öz ölkəsindəki avam dindarlara satıb, biznes qurmaqla məşğuldur.

İnsanlar özlərini o qədər günahkar hiss edirlər ki, mütəmadi ibadət etməli olurlar. Məsələn, priton işlədən də ibadət edir, spirtli içkilər istehsal edən də, rüşvət alan da ibadət edir, ziyarətlərdən pul qazanıb villa, maşın alan da.

Bakıda "28 may" metrostansiyası tərəfdə bir çay evi vardı. İçəridə spirtli içki içmək, spirtli içki ilə ora daxil olmaq qadağan idi, çünki oranı işlədən adam namaz qılırdı, dindardı. Amma bu mömin qardaşın ən böyük zövqlərindən biri spirtli içkidən arındırdığı bu məkanda qəlyanı çaxırla çəkməkdi. Bakıda indi onlarla şadlıq evi var ki, spirtli içki vermirlər, amma toy sahibinin araq gətirməsinə bir şey demirlər. Məsuliyyəti öz üzərlərindən atmaq üçün inandıqları ən yüksək varlığı da "aldatmaq"dan çəkinmirlər.

Başqa misal deyim: mən məhkəmədə işləyəndə bir xanım gəlmişdi hansısa işi ilə bağlı. Çadralı (indi belə örtünənlərə daha çox "hicablı" deyilir) idi. Tez-tez "mənim qızlarım" ifadəsini işlədir, məhkəməyə ödəyəcəyi puldan danışanda "qızları"nın adını daha çox çəkirdi. Dedi, "Həccə də getmişəm, yenə də gedəcəm, Allah qoysa". Sonra iş yoldaşımdan soruşdum ki, bu "mənim qızlarım" kimdir. Məlum oldu ki, bu xanım Dubaya aparılan insan alveri qurbanlarındandır. Sonra orda özünü tutub və başlayıb özü insan alveri etməyə. İndi çadralanıb günahlarını təmizləyir, bir tərəfdən də "qızları"nı işlədərək, təmizlənməli olan günahlarını yazmağa davam edir.

Bu hallar həddən artıq çoxdur. O qədərdir ki, bunları istisnaya aid edib, "əsl islam bu deyil" demək olmur. İslam bu olmaya bilər, amma bizimkilərin islamı məhz budur. Donuz piyi olmadan hazırlanması mümkün olmayan, sümüklü ətin kiloqramı 10 manat olan ölkədə kilosu 5 manata olan "halal" sosiska, kolbasa satan din"dar"ların əhatəsindəyik.

"Azərbaycanlıların islamı"nın kulminasiyasına aid bir misal da deyim, söhbəti bağlayaq. Bir dostum danışıb ki, onun əvvəllər işlədiyi bir hüquq-mühafizə orqanında hacı rəis var imiş. Polkovnik-leytenant olan bu adam 2 dəfə həccə gedib, müşk-ənbər istifadə edirmiş, lakin şöbəsində də rüşvəti, "katyol"a işləməyi öz qaydasında imiş. Hər gün də namazını qılarmış. Bir dəfə rəis namazda olarkən, bir vətəndaş gəlib şöbəyə. İşini həll etmək üçün artıq neçənci dəfədir gəlirmiş, əvvəlki səfərlərində "qiyməti" danışıblar rəislə. Rəis namazda olduğundan vətəndaşı rəis müavini qəbul edir. Müavin vətəndaşın təklifini rəisə çatdırmaq üçün gəlir onun otağının qapısına, qapını yavaşca aralayır, səsini qısıb əli ilə "1" göstərərək, pıçıltıyla deyir: "Rəis, o günkü gəlib. Min gətirib. Alım?" Rəis isə həmin iş üçün yalnız 2 minə razılaşdığını gösətərmək üçün səcdəyə gedə-gedə, dilində ərəbcə duaları ucadan deyərək, əli ilə bir neçə dəfə "2" göstərib.

Bu, tipik "azərbaycanlı islamı"dır. Əgər siz başqa cür dua edirsinizsə, (inanıram ki, aramızda saf dindarlar minlərlədir), siz "azərbaycanlı müsəlman" deyilsiniz. Həm azərbaycanlısınız, həm də müsəlman, amma "azərbaycanlı müsəlman" deyilsiniz.

Zaur Qurbanlı

Kultura.az

Yuxarı